Mumeyyilər: “Hələbiçilik”

English

Bundan öncəki iki məqaləmizdə (Mümeyyilər kimlərdir və ya ixvanlığın yeni siması 1-ci hissə, 2-ci hissə) sərhədlərin silinməsi fitnəsinin tərəfdarlarının – mumeyyilik fitnəsinin meydana gəlməsi və bu ideologiyanın Adnan Arur və Əbul-Həsən Məribinin başçılığı altında təkamülü barədə danışdıq. Biz, onlara məxsus azğın qaydalarla tanış olduq və əmin olduq ki, onlar və tərəfdarları öz yeni meydana çıxmış qaydaları ilə həm xəvariclərdən, həm də digər firqələrdən ibarət olan şəxsləri müdafiə edir, onları sələfilərə məsləhət bilir, onları sələfilərin sıralarına daxil edir, beləliklə dolayı yolla sələfilər arasında xəvaricliyi və digər bidətləri təbliğ edirlər.

Bu məqalədə isə Allahın köməkliyi ilə biz, “sərhədlərin silinməsi” ideoloqlarının bu günə qədər də davam edən yeni və daha güclü fitnəsi ilə tanış olacağıq. Yeni “sərhədlərin silinməsi” ideologiyası, yaxud “ixvanlıq yeni simada” bir qədər şəklini dəyişib, təkmilləşib və “hələbiçilik” adı altında tanınmışdır. Bu yeni ideologiya dünyanın demək olar ki, bütün ölkələrində sələfilərin sıralarına fitnə salmağa nail olub. Şeyx Rabi ibn Hədi əl-Mədxali (Allah onu qorusun) Hələbi və onun tərəfdarlarının fitnəsi barədə danışdıqda demişdir: “Onlar “Müsəlman qardaşların” yolu ilə gedirlər, çünki onların mənhəci (yolu), ixvanların mənhəci kimi Sələfi mənhəcinin əleyhinə müharibə aparmaq üzərində qurulmuşdur. İxvanlar sələfilərin mənhəcinə zidd olan şərli prinsiplərə malikdirlər. Hələbi və onun təriqəti də Sələfi mənhəcinə zidd olan şərli prinsiplərə malikdir, lakin onların prinsipləri ixvanların prinsiplərindən də təhlükəlidir”. (“Umdətu əl-Bəni fi Raddi Təsılati və Zəlaləti Əli əl-Hələbi” səh. 32).

Həmçinin şeyx Rabi (Allah onu qorusun) “sərhədlərin silinməsi”(mumeyyilik) ideoloqlarının fitnəsini təsvir edərkən demişdir: “Bu fitnələrin liderləri, baniləri, təhrikçiləri və yayıcıları Sünnə ardıcılları olan bilikli insanlar tərəfindən ifşa edilmişdir. Bu fitnənin daşıyıcıları Adnan Arur, Əbul-Həsən əl-Məribi və Əli Həsən əl-Hələbi, həmçinin onların prinsiplərinin tərəfdarı olmaqla və onların qaydalarına əsaslanmaqla onların ardınca gedənlərdir”. (“Bəyan Mə Fi Nəsıhə İbrahim ər-Ruheyli min əl-Xələl və əl-İxləl”, səh. 10). 

Şeyx Rabi Hələbinin başçılığı altında mumeyyilər fitnəsinin Sələfi dəvətinə təsirini təsvir edərək deyir: “(Hələbinin) bu təriqəti neçə-neçə sələfi gəncləri korlayıb! Onların əqidəsini, mənhəcini və əxlaqını korlayıb!” (Umdətu əl-Bəni fi Raddi Təsılati və Zəlaləti Əli əl-Hələbi, səh. 33).

Şeyx Rabinin mumeyyilərin Sələfi dəvətinə qarşı olan dağıdıcı və zərərli fəaliyyətləri barədə yuxarıda qeyd olunan fikirləri və təsvirləri onu göstərir ki, onların bidətləri və zəlalətlərinə düşməmək və özünü müdafiə etmək üçün sərhədlərin silinməsi (mumeyyilik) ideologiyasının əsaslarını və prinsiplərini öyrənmək nə qədər mühümdür. Axı əgər şər və bidət yayılan zaman müsəlman onun mahiyyəti və təsviri haqqında məlumatlı olmazsa, özünün də xəbəri olmadan asanlıqla bu zəlalətə düşər və bidət tərəfdarlarından birinə çevrilə bilər. Fitnədən xilas olma yollarının təsvir olunduğu məşhur uzun hədisdə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhabəsi Huzeyfə ibn Yəmən (Allah ondan razı olsun) demişdir: “İnsanlar Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) xeyir barədə soruşardılar, mən isə mənə üz verəcəyindən qorxaraq ondan şər barəsində soruşardım”. (əl-Buxari, 3606).

Ərəb şairi öz məşhur şerində dediyi kimi:

“Şəri, şər etmək üçün öyrənmədim

Ondan qorunmaq üçün öyrəndim

Кim bilməsə şər nədir,

Ona düçar olacağı mütləqdir”.

Məhz bu səbəbdən İslam ümməti üçün narahatçılıq keçirən həqiqi Əhli Sünnə alimləri ümumi olaraq mumeyyilər, xüsusən də Hələbinin təhlükəli zəlalətləri və bidətlərini bəyan edərək rəddiyyələr vermiş, bunlardan çəkindirmiş və bu barədə yazılar qələmə almışlar.

Qarşınızdakı bu məqalə isə oxuculara sələfi alimlərinin və elm tələbələrinin bu şübhələrə qarşı rəddiyyə olaraq yazdıqları müxtəlif kitablarından və məqalələrindən götürülmüş  qısa bir məcmunu təqdim etmək cəhdindən başqa bir şey deyildir.

Bu məqalənin əsasını şeyx Rabinin Hələbi barəsində rəddiyyələrinin məcmusu olan “Umdətul-Bəni fi Raddi Təsılati və Zəlaləti Əli əl-Hələbi” adlı kitabı; həmçinin şeyx Raid Əli Tahirin, şeyxlər Rabi ibn Hadi əl-Mədxali və Muhamməd ibn Hadi əl-Mədxali (Allah onları qorusun) tərəfindən oxunub yoxlanılmış “əl-Bərahin əl-‘Ətidə Fi Kəşfi Əhvəl və Təsılət Əli əl-Hələbi əl-Cədidə” kitabı təşkil edir.