Mumeyyilər kimlərdir və ya ixvanlığın yeni siması

English

Rəhman və Rəhim olan Allahın adı ilə

Giriş

Müəyyən müddət öncə dərc olunmuş Sururilər və Qutbçular, yaxud sələfilik cildinə girmiş İxvanlar adlı məqaləmizdə biz “Müsəlman qardaşlar” partiyasının tərəfdarları simasında əksər müasir xəvariclərin müəyyən səbəblərdən özlərini həqiqi İslamın əsl davamçıları – sələfilər (Əhli-Sünnə) kimi qələmə vermələrini müzakirə etdik. Lakin biz əmin olduq ki, bu insanlar bütün müasir xəvariclərin ideoloji atası sayılan Seyyid Qutbun dirçəltdiyi və təfsilatı ilə şərh etdiyi əsas xəvaric fikirlərindən üz döndərməyiblər. Özlərini sələfi kimi qələmə vermələrinə və bir çox əqidə və fiqh məsələlərində sələfiliyə sadiqliklərini nümayiş etdirmələrinə baxmayaraq, onlar əksər müsəlman rəhbərlərin küfrdə ittiham edilməsi (təkfir), onlara qarşı çıxmağın (xürucun) icazəli olması, müsəlmanlar və müsəlman ölkələrinə münasibətdə terrorçuluğa və qan tökülməsinə çağırışdan başqa bir şey olmayan yalançı cihada çağırış kimi müasir xəvariclərin əsas prinsiplərinə sadiq qalıblar.

Xəvaric əl-Qaidə təşkilatının liderlərindən biri olan Əbu Qatədə əl-Filistini uşaqları və qadınları qətlə yetirmiş Əlcəzairli xəvariclərə haqq qazandıraraq demişdir: “Beləliklə, aydın olur ki, silahlı islam təşkilatlarının kafirləri qorxutmaq, məhbuslara və qardaşlara təzyiqi azaltmaları üçün onların uşaqlarını, qadınlarını qətlə yetirməsi faktı heç bir şübhə doğurmayan qanuni bir əməldir”. (Təhlis əl-İbaad min Vəhşiyəti Əbi Qatədə əd-Dəiy ilə Qatli ən-Nisvən və Fələzətil-Əkbəəd s. 263). 

Beləliklə, bütün dünya müsəlmanları arasında sələfiliyin sürətlə və hərtərəfli şəkildə yayılmasını fürsət bilən əksər ixvanlar sələfilik libası geyərək müsəlman rəhbərlər əleyhinə xəvaricsayağı çağırışlarını indi artıq “sələfiliyin” davamçıları kimi həyata keçirməyə başladılar, lakin, özlərini nə qədər pərdələməyə çalışsalar da, ideoloji liderləri olan Seyyid Qutbu həddən artıq mədh etmələri və ona qarşı duyduqları fanatikcəsinə sevgi onların hamısının ifşa olunması ilə nəticələndi. Onların böyük əksəriyyəti Seyyid Qutbu görkəmli alim hesab edir və onun İslam əqidəsi ilə əlaqəli bir çox əsas məsələlərə dair bidətçi fikirlərinə göz yumurlar. Lakin, maskalanmış ixvanlar özlərinin sələfi dəvəti və bütövlükdə müsəlmanlara münasibətdə fitnə-fəsadlarını və bəd niyyətlərini ifşa etmiş sələfi alimlərini aldatmağa nail olmadılar. İlk əvvəl müxtəlif təriqətlərin öyrənilməsi və təkzib (rədd) edilməsi üzrə mütəxəssis sələfi alimləri, daha sonra isə bütün nüfuzlu sələfi alimləri yekdilliklə sələfi libasına girmiş məşhur xəvaricləri ifşa etməyə və onlardan çəkindirməyə başladılar. Səudiyyə Ərəbistanı daxilində fəaliyyət göstərən Salman əl-Övdə, Səfər əl-Həvali və Muhamməd Sürur kimi məşhur qutbçular, sürurilər və onların bir çox ardıcılları böyük sələfi alimləri, həmçinin Səudiyyə Ərəbistanının keçmiş müftisi və Böyük Alimlər Şurası və Daimi Komitənin sədri İbn Bəz (Allah ona rəhmət etsin) tərəfindən ictimai şəkildə ifşa edildilər. Nəticə etibarilə, onların əksəriyyəti ya həbs edildilər, ya da təbliğat fəaliyyəti ilə məşğul olmaları qadağan edildi. Bununla bərabər, onların yeni ideoloji lideri Muhamməd Sürur qaçaraq Böyük Britaniyada sığınacaq tapmağa nail oldu və orada “əs-Sünnə” adlı yeni jurnalını nəşr etməklə öz xəvaric fikirlərini yaymağa davam etdi.

Beləliklə, ixvan-qutbçuların səbəb olduğu təhlükəni, onların maskalanmaq və özlərini sələfi kimi qələmə vermək bacarığını dərk edən sələfi alimləri və bütün dünyada təbliğat fəaliyyəti ilə məşğul olan sələfi dəvətçilər öz təbliğatlarında Əhli-Sünnənin bəzi əsas mənhəc və əqidə məsələlərinin şərh olunmasına xüsusi əhəmiyyət verməyə başladılar. Bu məsələlərin şərhi ixvan-qutbçuların xəvaric dəvətinin təkzib edilməsindən ibarət idi. Müsəlmanları xəvariclərin şərli ideologiyasından qorumaq üçün sələfi alimləri və elm tələbələri diqqəti müsəlmanın əsassız şəkildə küfrdə ittiham olunmasının (təkfir)  yolverilməzliyi, müsəlman rəhbərə tabe olmağın vacibliyi və onlara qarşı istənilən yollarla çıxmağın qadağan olunmasını (sözlər və əməllərlə xüruc), həmçinin həqiqi İslam cihadının şərtləri və qaydaları və s. kimi mövzulara yönəltməyə başladılar.

Beləliklə, Allahın lütfü sayəsində bir çox sıravi müsəlmanlar özlərini sələfi kimi qələmə verən ixvan-qutbçuların əsas zəlalətləri və xüsusiyyətləri ilə tanış oldular. Odur ki, Nəbil əl-Avadi, Muhamməd əl-Arifi, Abdul-Aziz Turayfi, Muhamməd Həssən, Yasir Burhami və bir çox digərləri kimi yeni nəsil təbliğatçı-qutbçular peyda olduqda, sıravi sələfilər Muhamməd Sürur, Salman əl-Övdə və Səfər əl-Həvalinin başçılığı altında törədilmiş birinci fitnə zamanı olduğu kimi çox çaş-baş qalmadılar, çünki əksər sələfilər indi sürurilərin xüsusiyyətləri ilə tanış idilər və bu təriqətin yeni təmsilçilərini asanlıqla tanıdılar. Belə görünürdü ki, ixvanlıq daha heç vaxt sələfilərin sıralarına nüfuz edə və sələfi dəvətinə zərər vura bilməyəcək. Ta ki, yeni fəsadçı liderlər yeni fitnə törədənə qədər…