Birinci sual

English
Birinci sual
 
 “Bəzi mumeyyilərə deyildikdə ki, “İxvanul-Muslimin”, “Təbliğ camaatı” ilə oturmayın”, onlar deyirlər ki, “bu mənhəc hörmətli şeyx İbn Bəzzin mənhəci olub. O, bütün insanlarla oturardı”. Şeyx İbn Bəzzin (Allah ona rəhm etsin) mənhəcinin belə olması doğrudurmu?”
 
Cavab
 
“Aləmlərin Rəbbi olan Allaha həmd olsun. Gözəl sonluq Allahdan qorxanlarındır. Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq ilah yoxdur, Onun şəriki də yoxdur. O, əməlisalehlərin dostudur. Həmçinin şəhadət gətirirəm ki, Muhəmməd Onun qulu və elçisi, Adəm övladının hamısının seyyididir. Allahın salavatı onun təmiz ailəsinin və səhabələrinin üzərinə olsun. Sonra, həqiqətən də bu sualın cavabı bizdən bəzi məsələlərin bəyanını tələb edir.
Birinci məsələ; hörmətli ata, imam, əsər üzərində olan böyük alim Şeyx Abdul-Aziz ibn Bəzz (Allah ona rəhm etsin) böyük imam və qüvvətli alim idi. Onun mənhəcdə böyük sabitliyi var idi. Onun mənhəcdə və şəri elmdə güclü olmasına, haqq üzərində möhkəm dayanmasına görə bir çox insanın yanında heybəti var idi. Əhli Sünnə ona hörmət edər və onu vüqarlı tutar, bidət əhli isə, onun heybətindən çəkinərdi.
İkinci məsələ; Biz onun hörmətli şeyx və haqq deməklə tanındığını bilirik. Onu Allah yolunda heç bir qınayanın qınağı qorxutmazdı. Haqla danışar və haqq uğrunda mübahisə edərdi.
(Şeyx İbn Bəzz (Allah ona rəhm etsin) əs-Səbuniyə rəddiyyəsində belə demişdir: “Əgər haqq əhli haqqın bəyanında sussa, xəta edənlər öz xətalarında davam edər və başqaları bu xətalarında onlara təqlid edərlər. Susanlar isə günah qazanarlar. Uca Allah Öz Kitabında onları qorxudaraq vəd etmişdir: “Kitabda insanlara bəyan etdiyimiz açıq-aydın dəlilləri və doğru yol göstərən ayələri nazil etdikdən sonra onları gizli saxlayanlara həm Allah lənət edir, həm də lənət edə bilənlər lənət oxuyurlar! Yalnız tövbə edənlər əməllərini islah edənlər və haqqı bəyan edənlər istisnadır. Mən onların tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, Rəhmliyəm!” (əl-Bəqərə, 159-160). Uca Allah alimlərdən və Kitab Əhlindən Kitabda olanları bəyan edib insanlardan gizlət­məməsi üçün əhd almışdır. Kitabında olanları gizlədənləri pisləmiş və bizi onlara tabe olmaqdan çəkindirmişdir. Əgər Əhli Sünnə  haqqın (Kitab və Sünnənin) bəyanında sakit dursa, bu zaman Kitab Əhlindən qəzəbə düçar olanlara (yəhudilərin) və azmışlara (nəsranilərə) oxşayarlar”. (İbn Bəzz “Məcmuul-Fətava” 3/72).
Üçüncü məsələ; Şeyx İbn Bəzz (Allah ona rəhm etsin) ilə oturanlar onun halını bilirdilər. Həqiqətən də o, insanların qarşısında bəzi müxaliflərin adlarını çəkmək ilə məşhur olmuşdur.
(Bununla İbn Bəzz (Allah ona rəhm etsin) müxaliflərə rədd etmiş və onlardan açıq-aşkar çəkindirmişdir. Buna misal: Məsələn, Səad əl-Fəqih, Muhəmməd əl-Məsari, Usamə bin Laden, Abdullah əl-Qasimi, Səddam Hüseyn, Abdullah əl-Həbəşi, Rəşad əl-Xəlifə, Ğuləm Əhməd Pərviz və başqaları”. (İbn Bəzz “Məcmuul-Fətava” 2/400; 3/268; 9/100, 128, 318; 18/250). 
Məsələn, “Ey filankəs, sakit dur! Sən fitnəkarsan”. Bəzi elm əhlinə “Bu doğru deyil, doğru olan budur”. Bununla insaflı olan kəsə şeyxin onlarla nəsihətsiz və şiddət göstərmədən oturmaması aydın olur. Bəzi insanlarla oturar, lakin onlardan seçilər, sünnəyə açıq şəkildə dəvət edirdi. Bu, onun həyatından bəllidir. Bununla “şeyx hər kəslə oturur, hər kəslə oturmaq onun mənhəcidir” sözünü başa düşmüş olursunuz və mütləq şəkildə belə deyil. Mən bu “hamı ilə oturmaq” sözü ilə tam razı deyiləm. Şeyx öndə gedən insan idi və hamı onunla oturmaq istəyirdi. İstər onun vətəni olan Səudiyyədə, istərsə də dünyanın başqa yerlərində olanlar onunla oturmaq, onun məclisində olmaq istəyirdilər. Ona görə də bu məclislərdə həmin insanların düzəlməsi üçün müəyyən siyasətin olması lazım idi. Digər bir tərəfdən şeyx böyük alimlər heyətində bəzi hərəkatlara qoşulanların adlarının rəhbərə çatdırılması barədə olan sənədlərə imza çəkmiş, onların bəzilərinin dərslərinin dayandırılması, bəzilərinin isə həbs olunmasına qərar vermişdir. Bununla bizə bəyan olur ki, şeyx sərtlik fayda verən zaman sərtlik göstərirdi. 
(Şeyx İbn Bəzz (Allah ona rəhm etsin) buyurur: “Kim bir bidət edərsə, onu tərk etmək vacibdir. Kim bir bidət edərsə - istər bu Əhli Beytdə olan hədd aşma, istər Fatimə haqda hədd aşma, istər səhabələr haqda hədd aşma olsun, onlar tərk edilir. Çünki, Əhli Beytdə hədd aşmaq, Allahdan başqa onlara ibadət etmək küfr və İslamdan çıxaran mürtədlikdir. Kim bir bidət edərsə, tərk olunar, dost tutulmaz, ona salam verilməz, müəllim olmağa və başqalarını öyrətməyə layiq olmaz. Onunla yaxın münasibət saxlamaq üçün əmin olmaq olmaz. Əgər kim bidət etməz, müsəlmanların içində olar və İslamı izhar edərsə - hədisdə gəldiyi kimi: “İs­lam (xis­lətlərindən) ən xeyirlisi hansı­dır?” Pey­ğəmbər (ona Allahın salavatı və salamı olsun) de­di: “Sənin, (ehtiyacı olana) ye­mək ye­dirt­mə­­yin, tanı­dığına və tanımadığına sa­lam verməyindir”. (Muslim, 160). Kim İslamı izhar edərsə, bizim müsəlman qardaşımı­zdır, ona salam veririk və onun salamını qaytarırıq. Kim şirk və bidət izhar edərsə, bizim (etiqad) qardaşımız deyil. Əgər şirk edərsə, qardaşımız deyil, çünki bu, küfrdür. Kim bidət edərsə, haqqa qayıdana qədər tərk olunar”. (İbn Bəzz “Məcmuul-Fətava” 28/48).
Mülayimlik fayda verən zaman mülayimlik edərdi. Burda bir məsələ var. Əgər alim ictihad edərək xəta etsə, onun xətası mənhəc kimi, insanların gedəcəyi yol kimi götürülməz. O, xətasına görə bir savab qazanır. O, sadəcə bunu bacarıb. Uca Allah bəndəsini daşıya bilməyəcəyi yük ilə yükləmir. Lakin onun xətasının mənhəc və din kimi götürülməsi doğru deyil. Əksinə, xəta xətadır, doğru isə doğrudur.  
İbn əl-Qeyyim (Allah ona rəhm etsin) buyurur: “Həqiqətən alim xəta edə bilər. Bu labüddür, çünki məsum deyil. Onun hər sözünün qəbul olunması icazəli deyil. Onun sözünün məsumun (yəni Peyğəmbərin – ona Allahın salavatı və salamı olsun) sözü ilə eyni məqama çatdırılması səhvdir. Təqlid əhlini yer üzərində olan (haqq olan) bütün alimlər qınamış və bunu haram saymışlar. Bu, təqlid bəlasının və fitnəsinin əslidır. Onlar alimi ayağının sürüşdüyü məsələdə təqlid edirlər. Bu təqlid məsələsində onların heç bir dəlili yoxdur. Onlar xətanı din kimi götürürlər. Bu belə də olmalıdır, çünki əllərində heç bir dəlil yoxdur. Allahın haram saydığını halal, halal saydığını haram sayırlar. Dindən olmayan şeyi dindən sayırlar. Ona görə də belə olmalıdır. Əgər onlar təqlid etdikləri insanın məsum olmamasını deyirlərsə, onda xətanın baş verməsi labüddür”. (İlamul-Muvakkiin, 2/132-133).
Həmin azğınlar və yalançılar Şeyxin (İbn Bəzzin - Allah ona rəhm etsin) açıq ürəkli, gözəl qəlbli olmasından, nəsihəti, mülayimliyi, hikməti və gözəl moizəni sevməsindən istifadə edərək onunla münasibətdə olmuşlar. Sonda isə onlar Şeyxlə oturaraq onun nüfuzunu aşağı salmaq istəmiş­lər. Onlar Şeyxi alçaltmaq istəmiş, Allah isə buna imkan verməmişdir. Əgər bu, şeyxin yoludursa, müctəhid alimdirsə, biz də bununla Allaha yaxınlaşırıqsa, onlarla mülayim olması onların haqqı qəbul etməsinə görə idi.
(Şeyx Ubeydin (Allah onu qorusun) bu məsələni gücləndirən sözlərdən İmam İbn Bəzzin (Allah ona rəhm etsin) sözüdür: “Əgər bidətçini tərk etmək və ondan uzaq durmaq məsələsində daha böyük şər yoxdursa, onda tərk etmək haqdır. Kim günah edərək onu elan edərsə, onu ən azı bir il tərk etmək lazımdır. Amma əgər tərk etmək onun islah olunmasına, bidətçiləri dəvət edib sünnəyə çağırmağa, dinin onların üzərinə vacib olacağı şeyləri onlara öyrətməyə və onlara hidayətin artırılmasına səbəb olacaqsa, onda tərk etməkdə tələsmək lazım deyil. Lakin yenə də onlara kafirlərə və günahkarlara edilən qəzəb kimi Allah üçün qəzəblənmək lazımdır”. (İbn Bəzz “Məcmuul-Fətava, 9/423).
Sonda onlar şeyxi nüfuzdan salmağa çalışdılar, lakin onların səyləri puç oldu.
Həqiqətən böyük alimlər bidət və yalan əhlinə qarşmaqdan, onlarla bir yerdə olmaqdan və susanlardan çəkindirmişlər. Səhabə­lərdən bizim dövrə qədər bu kimi şeylər belə olmuşdur. Mən sənə bəzi misallar çəkəcəyəm:
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Şeytanın yer üzündə ən xoşu gəlməyən və ən böyük düşməni mənəm”. Soruşdular: “Nəyə görə?” O dedi: “Bidətin harada çıxmasından asılı olmayaraq – istər məğribdə olsun, istərsə də, məşriqdə bir bidət zühur etsə, həmin bidəti mənim yanıma gətirdikdə, sünnə ilə cavab verib onu yox edirəm. Bu da şeytana dəhşətli təsir edir”. (əl-Lələkai “Şərh Usuli İtiqadi Əhlis-Sunnə” 1/61).
Rəvayət edilir ki, Musab ibn Sad (Allah ona rəhm etsin) demişdir: “(Öz azğınlıqları ilə) fitnəyə düşənlərlə oturma! Yoxsa səni iki şey ilə xətaya salacaq; ya o, səni yoldan çıxaracaq və sən onun ardı ilə gedəcəksən. Ya da ondan ayrılmamış sənə zərər verəcək”. (İbn Batta “əl-İbənətul-Kubra” 2/442).
Bundan da daha şiddətli olan söz Allah Elçisinin (ona Allahın salavatı və salamı olsun) sözüdür: “İnsan öz dostunun dinindədir. Hər kəs kiminlə dostluq etdiyinə diqqət etsin!” (Əbu Davud, 4833; ət-Tirmizi, 2378; Əhməd, 8417. əl-Albani həsən olduğunu bildirmişdir).
Ona görə bidət və nəfsinə uyanlarla oturan müxtəlif cür olur, hamısına bir gözlə baxmaq olmaz. Hamısının ayrıca hökmü var.
Birincisi: Mənhəcdə və elmdə qüvvətli olması ilə seçilən, heybətli olan və haqqı deyən bir imamdır. Belə kimsə onlara təsir etmək və onların şərlərini azaltmaq üçün oturandır. Necə ki, Şeyx İbn Bəzz (Allah ona rəhm etsin) belə edirdi. O, xalis sələfi idi və hizbilərin şübhələrini dəf edirdi.
İkincisi: Sələfi olub məsələlərdən xəbəri olmayan, mənhəc məsələlərini fərqləndirə bilməyən. O, haqqı və Sünnəni izhar edir və bidəti inkar edir, lakin məsələləri fərqləndirib ayırd edə bilmir. Ona görə, bütün firqələrlə oturur. Belə olduqda, biz ona nəsihət edərik və mülayim şəkildə başa salarıq ki, sənin oturduğun adamlarda problemlər var. Bu qisim insanları tərk etmək olmaz, əgər tərk etsək, gedib onlarla oturacaq.
Üçüncüsü: Mumeyyilik olan kəs hər kəslə oturur və hər kəsi doğru sayır. Şəkk yoxdur ki, bu sələf mənhəcinə təhlükədir. Ona haqq mənhəci xatırlamaq, nəsihət etmək və bu yolla haqqa müxalif olmasını bəyan etmək lazımdır. Əgər haqqı qəbul etsə, çox gözəl. Qəbul etməsə, onda kəramət yoxdur.
Dördüncüsü: Onlarla oturub-dururlar, onların saylarını çoxaldır­lar və sələflərə qarşı şiddətlidirlər. Bu, azğın hizbidir.
Beşincisi: O, sələfidir, lakin baxışı belədir ki, onlarla oturub haqqı ona bəyan etsin, onlara hüccəti çatdırsın. Necə ki, bəzi şeyxlərimiz belədirlər. Allah bizi və onları, sözdə və əməldə haqqa müvəffəq etsin. Bəzi azğın camaatları hüccəti çatdırmaq üçün onların öz minbərlərindən ziyarət edirlər. Mənə görə bu işdə müxalif olmaq daha yaxşıdır. Bizimlə onlar arasında bir qədər şiddət olmalıdır. Lakin onları tərk etmərik, nə qədər ki onlar bizimlədirlər və bizim sayımızı çoxaldırlar. Onlar müəyyən səbəblərə görə hizbilərin dəvətlərini qəbul edirlər, onların elmi dövriyyələrində iştirak edir və mühazirə verirlər. Biz onlardan xeyirli şeyxlər tanıyırıq ki, mənhəcdə və sələfilikdə güclüdürlər. Mənə görə, onlar hizbilərə müxalif olsalar, daha yaxşıdır. Çünki hizbilər onların ziyarətlərindən öz mənafeləri üçün istifadə edirlər.
 
Mumeyyi - "bir şey və ya mis, qızıl "məa" feilindəndir, bu da axmaq, ərimək deməkdir”. (Lisanul-Arabın, “mim yə ayn” fəsli, 8/334). “əl-Məiyə” atın kəkili olan yerə deyilir”. (Təcul-Urus, 22/223-224).əl-Qasim ibn Sələm (Allah ona rəhm etsin) demişdir: “Bir şey “məa” feilindəndirsə, o şey əriyər. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurur: “Mə­dinə əhlinə pislik etmək istəyən hər kəs, duz suda əridiyi kimi əriyəcək­dir”. (əl-Buxari, 1744, 1877). Bir gün İbn Məsuda (Allah ondan razı olsun) gümüşdən və qızıldan su qabı hədiyyə olunmuşdu. O da bir yerin qazılmasını və ora odunun tökülməsini əmr edir. Sonra bu su qabını ora qoyur və bu qablar da əriməyə başlayır. O, yanındakı qulluqçuya deyir ki, get Kufə əhlindən bunu bizə gətirəni çağır. Bir dəstə insan yanına gəldikdə, onlara deyir: “Bunu görürsüz?” Onlar deyirlər: “Bəli”. İbn Məsud deyir: “Biz dünyada bu verdiklərinizdən daha tez əriyən bir şey görmədik”. Sonra onu əritməyi əmr etdi. (Qızıl və gümüş qablar da) bir-birinə qarışdı və rəngləri dəyişdi”. İbn Ayiyyə “Muhərrar əl-Vaciz” 3/513). Bu şeyin bəyanı üç şeyi açıqlayır:
  1. Bu söz şəriətdə və lüğətdə varid olmuşdur.
  2. “Sələflər bu sözü Seyyid Qutubdan götürüblər“ sözünün batil olması ortaya çıxır.
  3. Dində dəyişkən olanlar və hara gəldi qarışanların mənhəci bu sözün üzərində qurulmuşdur.