İmtahan etmək haqda alimlərin sözləri - birinci hissə

English
İmam Muhəmməd ibn Sirin (Allah ona rəhm etsin) (ölümü hicri 110) buyurur: “Bu elm sizin dininizdir, baxın dininizi kimdən götürürsünüz”. (Muslim, 26). Həmçinin buyurur: “Əvvəllər isnad (sənəd) soruşmazdılar. O zaman ki, fitnə düşdü, dedilər ki, “bizə kişilərinizin (elm və hədis öyrəndiyiniz kişilərin) adını deyin”. Əgər hədis əhli olsaydı, hədisini qəbul edərdilər. Bidət əhli olduqda isə qəbul etməzdilər”. (Muslim, 27).
 
Hədis əhli bidət əhlindən rəvayət etsələr də, şərtlər əsasında rəvayət etmişlər. Bu şərtlərdən:
Doğruluq;
Hafizlik;
Əminlik.
 
Lakin imtahan məsələsi onalra görə (imamlara görə) daim olmuşdur. Sünnə əhli ilə bidət əhlinin öyrənilməsi yalnız və yalnız insanların hallarını bilməklə olur.
 
Böyük alim Abdur-Rahmən ibn Yəhya əl-Muəllimi (Allah ona rəhm etsin) “İlmur-Ricəlu və Əhəmiyyətuhu” adlı kitabında cərh və tədildən danışarkən belə buyurur: “Sonra tabiinlərin davamçılarının və onlardan sonrakı vaxt gəldi. Bu zaman zəiflər, qafillər, yalançılar və dinsizlər çoxaldı. Bundan sonar alimlər ravilərin halını bəyan etməyə qalxdılar və saxta, sabit olmayan şeyləri bəyan etdilər. Dünyanın elə bir yeri olmadı ki, orada imamlar raviləri imtahan etməsinlər, hallarını araşdırıb rəvayətlərini yoxlamasınlar, hər hallarını izləyib hərəkətlərinə və sakit durmalarına fikir verməsinlər. Sonra isə onların halını və hökmünü insanlara bəyan etməsinlər”. (İlmur-Ricəlu və əhəmiyyətuhu, səh. 20).
 
Sonra İmam Abdur-Rahmən ibn Yəhya əl-Muəllimi (Allah ona rəhm etsin) “Tariqu İxtibərur-Ravət” adlı kitabında buyurur: “İmtahan etməyin yollarindan; Ravinin halına baxmaq, itaətdə mühafizəkar olmasını izləmək, asiliklərdən uzaq durmasına baxmaq və bilənlərdən onun haqqında soruşmaq”. (Tariqu İxtibərur-Ravət, səh. 22-24).
 
əl-Həsən ibn Saleh ibn Həyy (Allah ona rəhm etsin) buyurur: “Əgər bir kişidən nəsə götürüb yazmaq istəyərdiksə, o zaman onun haqqında soruşardıq. (O da) bizdən soruşardı ki6 “Məni evləndirəcəksiniz???” (əl-Xatib “əl-Kəfiyə” səh. 155).
 
Həmçinin sağ olan şeyxdən rəvayət etsəydi, o şeyxdən onun haqqında soruşulardı. Buna misal: Həsən ibn İmarə (Allah ona rəhm etsin) deyir: “Hakim mənə Yəhyə ibn Cəzzardan, o da Əlidən yeddi hədis rəvayət etdi. Hakimdən o ravi haqda soruşdum, dedi ki: “Mən onun haqqında heç nə eşitməmişəm”. (Tarixu Bağdad, 8/326).
 
Həmçinin dünyasını dəyişən şeyxdən rəvayət edərdisə, ravidən soruşardılar: “Nə zaman doğulmusan? Bu şeyxlə nə zaman və harada qarşılaşmısan?” Sonra onun dediyi ilə şeyxin vəfatını və olduğu yeri və tarixi tutuşdurardılar.
 
Buna misal: Ufeyr ibn Mədəndən (Allah ona rəhm etsin) rəvayət olunur ki, Ömər ibn Musa ibn Vuceyh Saleh ibn Mədəndən rəvayət edir: “Ufeyr dedi: “Ona (İmran ibn Musa) dedim ki, “(Xalid ibn Mədənlə) hansı ildə görüşmüsünüz?” Dedi ki: “Hicrətin 158-ci ilində Ərməniyə döyüşündə”. Ona dedim ki: “Allahdan qorx, ey Şeyx! Yalan danışma! Xalid hicrətin 154-cü ilində vəfat edib. Sənə isə əlavə olaraq deyim ki, o, Ərməniyə döyüşündə olmayıb”. (əd-Duafə, 3/191; əl-Mizan, 3/225).
 
Həmçinin misal olaraq: Əgər rəvayətçi dünyasını dəyişmiş şeyxlərdən rəvayət edərsə, onun rəvayətləri, həmin şeyxdən rəvayət edən daha etibarlı rəvayətçilərin rəvayətləri ilə uzlaşdırılar. Sonra baxılar ki, bu rəvayətçi onlar deməyən şeyi deyirmi və ya onlara müxalif nəsə gətiribmi və ya nəsə artırıb azaldıbmı? Baxarsan ki, onlar cərh edərkən belə deyərdilər: “Özündən (elmdə) güclülər demədiyini deyir; hədisində münkər şeylər var, xəta edir və müxalif olur”.
 
Əsvəd ibn Səlim (Allah ona rəhm etsin) (ölümü hicri 214) buyurur: “Abdullah ibn Mubarak öz zamanının imamı idi və onun arxası ilə gedirdilər. Sünnə üzərində ən sabit olan idi. Əgər görsən ki, bir insan İbn Mubaraka dil uzadır, onu İslamında ittiham et!” (Tarixu Bağdad, 10/168).
 
İmam Əhməd ibn Abdullah ibn Yunus (Allah ona rəhm etsin) (ölümü hicri 227) buyurur: “Mosul əhlini (yəni İraq əhlini – Mosul İraqda şəhərdir) Muafi ibn İmran ilə imtahan et. Əgər onu sevsələr, bil ki onlar sünnə əhlidir. Əgər ona dil uzatsalar, bil ki onlar bidət əhlidir. Necə ki Kufə camaatı Yəhyə ilə imtahan edilərdi”. (Şərh Usuli İtiqad Əhlis-Sunnə, 1/74).
 
İmam Nueym ibn Həmməd (Allah ona rəhm etsin) (ölümü hicri 227) buyurur: “Əgər Əhməd ibn Hənbəl haqqında hansısa İraqlını (pis) danışan görsən, onu dinində ittiham et! Əgər Xorasanlı birini İshaq ibn Rahaveyh haqqında danışan görsən, onu dinində ittiham et! Əgər Bəsrəli birini Vəhb ibn Cərir haqqında danışan görsən, onu dinində ittiham et!” (Tarixu Bağdad, 6/348-349; Siyər Aləmun-Nubələ, 11/381).
 
Yəhyə ibn Məin (Allah ona rəhm etsin) (ölümü hicri 233). Cəfər ibn Əbi ət-Tayalisi (Allah ona rəhm etsin) buyurur: “Eşitdim ki, Yəhyə ibn Məin deyir: “Əgər bir kişini Həmməd ibn Sələmə və İbn Abbasın dostu İkrimə haqqında danışan görsən, onu İslamında ittiham et!” (Şərh Usuli İtiqad Əhlis-Sunnə, 3/568).
 
Əli ibn əl-Mədini (Allah ona rəhm etsin) (ölümü hicri 234) buyurur: “Əgər bir kişini görsən ki, Əbu Hureyranı (Allah ondan razı olsun) sevir, ona dua edir və ona rəhmət diləyir, xeyirlərini yayır, bil ki o insan bidətdən uzaqdır. Əgər birini görsən ki, Ömər ibn Abdul-Azizi (Allah ona rəhm etsin) sevir və onun yaxşılıqlarını danışır və yayır, Allahın izni ilə həmin adamda xeyirlər olmasını ümid et! Əgər görsən ki, Bəsrəli bir kişi Əyyub əs-Səxtiyənini, İbn Aunu, Yunusu və ət-Teymini sevir, onları çox xatırlayır və onların ardı ilə gedir, onda xeyir olmasını ümid et! Həmçinin onlardan sonra gələn Həmməd ibn Sələmə, Muaz ibn Muaz, Vəhb ibn Cərir - həqiqətən də onlar bidət əhlinin imtahan yeri olmuşlar. Əgər Kufədən birini görsən ki, Talha ibn Musarrafa, İbn Əbcərə, İbn Hibban ət-Teymiyə, Malik ibn Muğaffələ, Sufyən ibn Səid əs-Sovriyə, Zeydə və onlardan sonra gələn Abdullah ibn İdrisə, Muhəmməd ibn Ubeydəyə, İbn Əbi Utbəyə və Muharibiyə etimad edir, onun üçün xeyir ümid et!” (Şərh Usuli İtiqad Əhlis-Sunnə, 1/170-17).