İslamda bidət əhlini və başqalarını imtahan etməyin hökmü

English
Müəllif: Şeyx Rabi ibn Hədi əl-Mədxali (Allah onu qorusun)
 
Tərcümə: Mansur Cəlil
 
Mərhəmətli və Rəhimli Allahın adı ilə
 
Sual: İslamda hava (bidət) əhlini və başqalarını imtahan etməyin hökmü nədir?
 
Cavab: Həmd Allaha məxsusdur, Allahın xeyri, bərəkəti və salamı Onun Elçisinin, Əhli-Beytinin, səhabələrin və onun yoluna tabe olanların üzərinə olsun! Amma sonra, artıq bu mövzu (bidət əhlindən və başqalarından olan şəxslərin imtahanı) haqqında olan söhbətlər çoxalmışdır. Mən Quran, Sünnə və sələfi imamların sözlərinə isnad edərək bu məsələnin İslamda olan hökmünün bəyanını vacib gördüm. Bu işdə Sünnə (doğru yol) müsəlmanın bəsirət və dəlillər üzərində olmasıdır:
 
Birinci: Qurani-Kərimdən (dəlil)
 
Uca Allah belə buyurur:
 
“Ey iman gətirənlər! Mömin qadınlar sizin yanınıza mühacir kimi gəldikləri zaman onları imtahana çəkin. Allah onların imanını çox gözəl bilir (onları yoxlayıb bilmək sizə lazımdır). Əgər bunların (bu qadınların həqiqi) mömin olduqlarını bilsəniz, artıq onları kafirlərin yanına qaytarmayın. Nə bunlar (bu qadınlar) onlara (kafirlərə), nə də onlar bunlara halaldır. Onların (kafirlərin həmin qadınlara) xərclədiklərini (mehri) özlərinə qaytarıb verin. Bunların (bu qadınların) mehrlərini özlərinə verdiyiniz təqdirdə onlarla evlənməyinizdən sizə heç bir günah gəlməz. Kafir qadınları öz kəbininiz altında saxlamayın. (Həmin qadınlara) verdiyiniz mehri (onların ərə getdiyi kafirlərdən) istəyin. (Kafirlər də islamı qəbul edib möminlərlə evlənən qadınlara) sərf etdikləri mehri (sizdən) istəsinlər. Allahın hökmü budur. O sizin aranızda (belə) hökm edər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!” (Mumtəhənə, 10).
 
İkinci: Sünnədən (dəlil)
 
Amma sünnədən olan dəlildə Allah Elçisi (ona Allahın salavatı və salamı olsun) cariyəni imtahan etmiş və ona demişdir: “Allah haradadır?” O da cavab vermişdir: “Səmadadır”. Sonra Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ondan soruşdu: “Mən kiməm?” Cariyə dedi: “Sən Allahın Elçisisən”. Allah Elçisi (ona Allahın salavatı və salamı olsun) cariyənin ağası Muaviyə ibn Həkəm əl-Suləmiyə dedi: “Onu azad et! O, mömin qadındır”. (Muslim, 836, 1227).
 
Üçüncüsü: Şeyxul-İslam İbn Teymiyyənin (Allah ona rəhm etsin) imtahan haqda sözü
 
(İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “Həmçinin, rəvayət olunub ki, Əbu Hatim Hişam ibn Ubeydullah Muhəmməd ibn Həsən əl-Qadi ər-Rai bir kişini cəhmiyyəlik üstündə tutmuşdu. Bu kişi tövbə edir. Onu Hişam ibn Ubeydullahın yanına gətirirlər. Hişam onu qarşılayır və ona deyir: “Allaha həmd olsun ki, sən tövbə etmisən”. Laki Hişam onu imtahan edərək deyir: “Sən Allahın Ərşin üzərində və məxluqatdan ayrı olmasına şahidlik gətirirsən?” Məhbus deyir: “Mən Uca Allahın Ərşin üzərində olmasına şahidlik gətirirəm, lakin məxluqatdan ayrı olmasını bilmirəm”. Hişam ibn Ubeydullah deyir: “Onu zindana qaytarın, çünki o tövbə etməmişdir”. (Məcmuul-Fətava, 5/49; İctimai Cuyuşil-İsləmiyyə, səh. 300).
 
Şeyxul-İslam ibn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “Əgər bir insan bir mömin ilə dostluq etmək istəsə və ya bir mömini dost tutmaq istəsə və ya onun haqqında pis əməllər deyilsə ki “o, tövbə edib” və onun haqqında deyilən sözlər yalan və ya doğru olmasına baxmayaraq, o həmin (dost tutacağı şəxsi) yaxşı və pis, doğru və yalançı olmasını bilmək üçün imtahan edir. Həmçinin əgər kimisə başçı qoymaq istəsə, imtahan edir. Necə ki Ömər ibn Abdul-Azizin İbn Əbi Musanın halından xoşu gəlir. O, ona (İbn Əbu Musaya) xidmət edən oğlana əmr edir ki, İbn Əbi Musanı imtahan etsin”. (Xidmətçi) oğlan (İbn Əbi Musaya) deyir: “Sən mənim möminlərin əmri yanında nə qədər hörmətli olduğumu bilirsən. Əgər sənin başçı olmağına işarə etsəm, mənə nə qədər (pul) verərsən?” İbn Əbi Musa ona çoxlu mal xərcləyir (və ya xərcləməyə vəd verir). Möminlərin əmiri Ömər bu insanın vəli olmağa yaramadığını görür. Həmçinin alış-veriş də, uşaqların himayəyə götürülməsi və qulluqçuların alınması da belədir. Əgər onlar haqqında pis şeylər bilinsə, deyilsə və bir insan onu almaq istəsə, onu imtahan etməlidir, çünki çirkin iş görən (Lut qövmün əməlini edən) həddi aşan (zinakar) kimidir və tövbələri də birdir”. (Məcmuul-Fətava, 15/329-330).
 
İnsanların hallarını bilmək bəzən şahidlərlə, bəzən Cərh və Tədil ilə, bəzən də imtahanla olur. Bu kəlmələr haqq əhli ilə müharibə etməyən və batil əhli ilə dostluq etməyən kəslərə aiddir. Əgər belədirsə, onda batil və haqq əhli ilə müharibə edənlər, batil əhlini dost tutanlar necə?!
 
Kitab ve Sünnəni bilən saleh sələflər isə imtahan etməyi tərəzi və ölçü kimi – haqq və batili, etibarlı və yalançını, qafilləri və zəifləri ayıran ölçü etmişlər.