"Hz. Hüseyn və İbn əz-Zubeyr zalım rəhbərə qarşı çıxıblar" şübhəsi

Undefined

Şübhə olaraq deyirlər ki, "Hüseyn ibn Əlinin Yəzid ibn Müaviyəyə qarşı, Abdullah ibn əz-Zubeyrin Həccaca qarşı və İbn Əşəsin Həccaca və Abdul-Məlik ibn Mərvana qarşı çıxmışlar, deməli zalım rəhbərə qarşı çıxmaq olar"

Şübhəyə cavab: 
1. Biz ixtilaf anında Kitab və Sünnəyə qayıtmağa əmr olunmuşuq. Belə ki, Uca Allah buyurur: “Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə şəriətə uyğun şəkildə itaət edin. Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və Onun Elçisinə müraciət edin. Bu, sizin üçün daha xeyirli və nəticə etibarilə daha yaxşıdır” (ən-Nisa, 59). Müsəlman rəhbər zalım olsa, malını əlindən alsa, üsyankar birisi olsa belə ona qarşı çıxmağı qadağan edən və ona qulaq asıb itaət etmək haqda onlarla hədislər var.
 
2. Mütəşabih (aydın olmayan) olan bir şeyə tabe olub, muhkəm (aydın) olan bir şeyi tərk etmək özü fitnədir. Müsəlmanların üzərinə düşən vəzifə fitnə zamanı Quran və Sünnənin əmr etdiyi məsələnin muhkəm (aydın) olana qaytarılmasıdır. Muhkəm olan da budur ki, müsəlman rəhbərə qarşı çıxmaq olmaz. Nəinki fitnə zamanı, hətta əmin-amanlıq zamanı aydın olanı qoyub aydın olmayana tabe olmaq qəlbində xəstəlik olanların əlamətidir. Rəhbərə qarşı çıxmaq fərdi olaraq bəzi şəxslərin etdikləri əməllərə dayanır. Bunu dəlil kimi gətirmək bidət əhlinə xas olan xüsusiyyətlərdəndir. Uca Allah buyurur: “Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər” (Ali-İmran, 7). Ona görə Kitab və Sünnədə gələn sabit məlumatları hər hansısa fərdin fikirlərinə qaytarmaq – mütəşabihlərə tabe olmaqdır. Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu ayəni oxudu: “Kitabı sənə nazil edən Odur. O Ki­tabın bir qismi mə­nası aydın ayələrdir ki, bun­lar da Kitabın ana­sıdır. Digərləri isə mənası aydın olmayan ayə­lərdir. Qəlb­lə­rində əy­ri­lik olan­lar fitnə-fəsad törətmək və is­tə­dikləri kimi yozmaq məq­sə­dilə mənası aydın ol­mayanın ar­dınca düşərlər. Onun yozu­munu isə Allah­dan başqa heç kəs bil­məz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz on­lara iman gətir­dik, hamısı bi­zim Rəbbi­mizdən­dir”. Bunu isə ancaq ağıl sahib­ləri dərk edərlər”. Aişə deyir: “Peyğəmbər (sallallahu aleyhi və səlləm) (mənə) dedi: “Əgər mənası aydın ol­mayan (ayələrin) ar­dınca düşənləri görsən, (bil ki,) bun­lar Allahın (ayədə) adlan­dırdığı kimsələrdir, onlardan uzaq ol!” (əl-Bu­xari, 4547). Kim ki, zalım müsəlman rəhbərə çıxmağı qadağan edən aydın ayə və hədisləri tərk edərək, mənası aydın olmayan sözlərə, hərəkətlərə, əksər sələflərə müxalif olan çox az sayda gələn məlumatlara tabe olursa, məhz o şəxs Quranda Allahın və hədislərdə Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) qeyd etdiyi və müsəlmanları ondan çəkindirdiyi şəxsdir. İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Kim öz rəhbərinin xo­şagəlməz bir hərəkətini görsə, qoy (buna) səbir etsin. Çünki kim əmirin ita­ətindən bircə qarış kənara çıxıb (ölərsə), cahilliyət dövründə olduğu kimi öl­müş olar”. (əl-Buxari, 7053). Diqqət edin! Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) ona qarşı çıxmağı deyil, səbir etməyi nəsihət etdi. Rəhbərə qarşı çıxmağın qadağan edən ən əsas hədislərdən biri də Huzeyfə ibn Yəmənin (Allah ondan razı olsun) hədisidir. O, rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “Məndən sonra imamlar olacaqdır ki, nə mənim yolumu tutub getməyəcəklər, nə də ki, sünnəmə tabe olmayacaqlar. Onlar insan cismində qəlbləri şeytanların qəlbidir”. Huzeyfə (Allah ondan razı olsun) dedi: “Əgər buna yetişərəmsə, onda nə edim, ey Allahın Elçisi?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Əmirə qulaq as və itaət et, hətta belinə vurub, malını əlindən alsa belə, qulaq as və itaət et”. (Muslim, 3435, 4891).
 
3. Hüseyn ibn Əli və Abdullah ibn əz-Zubeyr (Allah onlardan razı olsun) ictihad edərək düz etdiklərini zənn edirdilər. Onlar günahı, asiliyi qəsd etməmişdilər. Onların təvili cahil xavariclərin səhabələrə (Osman ibn Əffana, Əli ibn Əbu Talibə) qrşı çıxması kimi deyil. Abdullah ibn Amr (Allah ondan razı olsun) rəvayət edir ki, Peğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur: “Əgər hakim ictihad edər və doğruya nail olarsa, ona iki əcr var. Əgər hakim ictihadında xəta edərsə, ona bir əcr var”. (əl-Buxari, 6805, 7352; Muslim, 3240, 4584). Bu səhabələr hədisdə keçən iki kişidən biri sayılırlar, çünki səhabələr adil və ictihad əhli olmuşlar.
 
4. Hüseynin (Allah ondan razı olsun) Kufəyə getməsi bir toplum insanın ona məktublar yazması idi. Onun qardaşı oğlu Muslim ibn Əqilə Hüseynin adından beyətlər olunmuşdu. Onun vasitəsilə göndərilən son məktublar içərisində bu da var idi: “Bismilləhir-Rahmənir-Rahim. Bu məktub Əli ibn Hüseynə onun tərəfdarları tərəfindən. İnsanlar səni gözləyirlər, onların səndən başqa birisinə qulaq asacaqları rəyləri yoxdur. Tez gəl və tələs!” Digər məktubda belə deyilirdi: “Bizim başçımız yoxdur. Bizim yanımıza gəl, ola bilər ki, Allah sənin vasitənlə bizi haqqın üzərində cəm edər”. Hüseyn ibn Əlinin zənni də bu idi ki, onların başçısı yoxdur və onlar Yezidin əmirliyini qəbul etməmişdilər. Məhz bu səbəbdən Hüseyn Kufəyə yola düşmüşdü.
 
5. Günümüzdə xavariclərin bunu dəlil gətirməsi batildir. Bütün səhabələr Hüseyn ibn Əli və Abdullah ibn əz-Zubeyri (Allah onlardan razı olsun) bu məsələdə inkar etmiş, onlara müxalif olmuş və onlarla razılaşmamışlar. Həmçinin, İbn Əşəslə də böyük səhabələr və tabiinlər razılaşmamışlar. Rəvayət edilir ki, Nafi demişdir: “Mədinə əhli Yezid ibn Müaviyəyə beyəti inkar etdikləri zaman İbn Ömər zövcələrini və uşaqlarını yığaraq dedi: “Mən Peyğəmbərdən (sallallahua aleyhi və səlləm) belə dediyini eşitdim: “Hər bir xain üçün Qiyamət günü bayraq qaldırılacaq”. Biz bu kişiyə (Yezid ibn Müaviyəyə) Allah və Onun Elçisinin beyəti üzərinə beyət etdik. Mən bu şeyin Allah və Onun Elçisinin (sallallahua aleyhi və səlləm) beyəti ilə beyət edilmiş adamdan vaz keçilməsindən daha böyük xəyanət bilmirəm. Kim bundan vaz keçər, ona döyüş elan edərsə, bu mənimlə onun arasında ayrılıq olar”. (əl-Buxari, 6578, 7111). İbn Teymiyyə (Allah ona rəhm etsin) demişdir: “Hüseynə İraq əhlindən çoxlu məktublar gəldikdə və Hüseyn Kufəyə getmək istədikdə, böyük səhabələr – İbn Ömər, İbn Abbas və digərləri ona getməməsini dedilər”. İbn Kəsir (Allah ona rəhm etsin) demişdir: “Abdullah ibn Ömər ibn əl-Xattab və əhli beytdən olanlar Yezidə etdikləri beyəti qətiyyən pozmadılar və o, hakimiyyətdə olduğu müddətdə ondan başqa heç kimə beyət etmədilər”. (əl-Bidayə vən-Nihayə, Mədinə əhlinin Yezidlə vuruşması). Həmçinin demişdir: “İnsanlar Hüseynin İraqa getməsini bildikləri zaman ona yazıqları gəldi və onu İraqa getməkdən çəkindirirdilər. Onun Məkkədə qalmasını tövsiyyə etdilər. Atasının və qardaşının başına gələnləri ona xatırlatdılar”. Abdullah ibn Abbas (Allah ondan razı olsun) ona deyirdi: “Hüseyn ibn Əli İraqa getməsi haqda mənimlə məşvərət etmişdi. Ona dedim: “Əgər insanlar məni qınamasaydı, əllərimi sənin başına keçirər və getməyinə izin verməzdim”. Həmçinin, Abdullah ibn Amr (Allah ondan razı olsun) çox təəssüf edərək deyirdi: “Hüseyn çox tələsdi. Bu, Allahın qədəridir. Əgər mən gəlib ona çatsaydım, onu getməyə qoymazdım. Mənimlə vuruşub mənə qalib gəlsəydi buraxardım”. Əbu Səid əl-Xudri və digər fəzilətli səhabələrdən də buna oxşar sözlər rəvayət edilir.
 
6. Bu fitnədə İbn əz-Zubeyrin Həccaca qarşı çıxmasında alimlər demişlər ki, bu onun fasiq olması ilə əlaqləli deyil. İmam ən-Nəvəvi (Allah ona rəhm etsin) Muslimin şərhində demişdir: “İbn əz-Zubeyrin ona (Həccaca) qarşı çıxması, onun zülmünə, fasiqliyinə və ya asiliyinə görə deyildi. İbn əz-Zubeyrin Həccaca qarşı çıxması, onun Allahın şəriətini dəyişdirməsi və zahirdə küfr etməsini görmələrinı görə idi. Bu da ona qarşı çıxmasında ictihadları idi”. (ən-Nəvəvi “Muslimin şərhi”, 4748 hədisin şərhi, 11/433).
 
7. Əvvəlki dönəm sələflərin bəziləri ictihadi olaraq zalım müsəlman rəhbərə qarşı çıxmağı icazəli görürdülər. Lakin, Hüseyn ibn Əli, Abdullah ibn əz-Zubeyr və İbn Əşəsin hadisəsindən sonra Əhli Sünnə rəhbərə qarşı çıxmağın icazəli olmamasında icma etmişdir. Yalnız rəhbər böyük küfr etdiyi və müəyyən şərtlər olduqdan sonra ona qarşı çıxmağı icazəli görmüşlər. Hər küfrə görə hakimə qarşı çıxmaq olmaz. Hüseyn və İbn əz-Zubeyrin hadisəsi isə Əhli Sünnədə icmadan əvvəl olan dönəmə aiddir. Bunları dəlil gətirən insanların icmadan xəbərləri yoxdur. İbn Həcər (Allah ona rəhm etsin) demişdir: “Sələflərdən bəziləri zalım rəhbərə qarşı qılıncla çıxmağı icazəli görürdülər. Bu, sələfin əvvəlki rəyidir. Lakin, rəhbərə qarşı çıxmağın haram olması və icma olması qərar tutdu, çünki rəhbərin zülmünün olmasının ona qarşı çıxıb ondan daha pis halın olmasından daha yaxşıdır”. (Hafiz İbn Həcər “Təhzib” 1/399. Həsən ibn Salihin tərcümeyi halı). İmam ən-Nəvəvi (Allah ona rəhm etsin) demişdir: “Qadi İyad deyir: “Bu ixtilaf – zalım rəhbərə qarşı çıxmaq rəyi əvvəlki rəy idi. Sonra isə rəhbərə qarşı çıxmağın icazəli olmaması icma oldu”. (ən-Nəvəvi “Muslimin şərhi”, 4748 hədisin şərhi, 11/433).
 
8. Hüseyn ibn Əli (Allah ondan razı olsun) Yezidə qarşı döyüşmək üçün getməmişdi, çünki döyüşə gedən ailəsi ilə birlikdə getməz. O, İraq əhlinə İraqın başçısının olmaması və ona göndərilən məktublara görə getmişdi. Hüseyn onu mühasirəyə alan qoşuna onu buraxmasını və ya Yezidin yanına getməsini demiş, lakin onun istəyini yerinə yetirməmiş və onu şəhid etmişdilər.
 
8. Xavariclərin rəhbərə qarşı çıxmaları əqidələrənin tələb etdiyi idi. Səhabələrin halları isə əqidələrində müsəlman rəhbərə qarşı çıxmağı halal görmədikləri halda şəxsi yanlış ictihadın nəticəsi idi.
 
Bu sözü “Zalım rəhbərə qarşı çıxmağın mənfəəti çoxdursa, ona qarşı çıxmaq olar. Zərəri çox olarsa, çıxmaq icazəli deyil”- sələflərdən heç kim deməyib.
 
Xülasə - rahbərə qarşı çıxmağın icazəli olmaması Quran, Sünnə və Əhli Sünnə vəl-Cəmaanın icması ilə sabitdir.
Həmçinin oxuyun: