"Həzrəti Hüseynin Yezidə qarşı çıxması rəhbərə qarşı çıxmağa dəlildir" şübhəsi

English

Şübhə atırlar ki, "Həzrəti Hüseynin Yezidə qarşı çıxması rəhbərə qarşı çıxmağın dəlillərin biridir".

Şübhəyə cavab: 

Hüseyn ibn Əlinin (Allah ondan razı olsun) hadisəsi Yezid hamı tərəfindən rəhbər seçilməmiş baş vermişdir. Hüseyn Yezidə qarşı çıxmayıb. Kufə camaatı onu öz şəhərlərinə çağırırdılar. Ona görə də onun məqsədi Kufəyə getmək idi. Hətta onun Yezidə qarşı çıxmasını qəbul etsək də, bir səhabənin etdiyi dəlil deyil. Həmçinin, Hüseyn (Allah ondan razı olsun) iki dəfə bu fikrindən qayıtdı. Birincisi, əmisi oğlu Muslim ibn Əqilin xəbəri ona çatanda, ikincisi, də Kərbəlada. O, Yezidlə görüşmək istədi. Lakin, zalımcasına qətlə yetirildi. Bu hadisəni rəhbərə qarşı çıxmağın icaəli olmasına xavariclər və rafizilər dəlil kimi gətirirlər, çünki rafizilər hakimiyyə məsələsində xavaricdirlər. Əhli-Sünnə vəl-Cəmaanın icma etdiyi etiqada görə isə müsəlman rəhbər zalım olsa belə ona qarşı çıxmaq olmaz.

Yezidə beyət edilməsi və Hüseynin beyətdən imtina edib Məkkədən Kufəyə getməsi

Hicrətin altmışıncı ilində Yezidin xəlifəliyinə beyət edildi. Bu vaxt onun otuz dörd yaşı var idi. Mədinədə olan Hüseyn ibn Əli və Abdullah ibn Zubeyr ona beyət etmədilər.

İraqlıların Hüseynə məktublar göndərməsi

Yezidi və atası Müaviyənin xilafətini istəməyən, rəhbərlikdə yalnız Əlini və övladlarını görmək istəyən İraq camaatı Hüseynin Yezid ibn Müaviyəyə beyət etməməsini eşitdikdə Hüseyn ibn Əliyə məktublar yazdılar. Məktublarda deyilirdi: "Biz hamımız sənə beyət etmişik və səndən başqasını da istəmirik. Bizim boynumuzda Yezid üçün beyət yoxdur. Biz yalnız sənə beyət etmişik". Hüseyn ibn Əliyə gələn məktublar çoxaldı. Hətta məktubların sayı beş yüzü keçmişdi. Bütün məktublar Kufə camaatından gəlirdi. Onlar Hüseynin Kufəyə gəlməsini tələb edirdilər.

Hüseynin (Allah ondan razı olsun) Muslim ibn Əqili göndərməsi

Bütün bunlardan sonra Hüseyn ibn Əli əmisi oğlu Muslim ibn Əqil ibn Əbu Talibi bu məsələləri dəqiqləşdirmək və mahiyyətini anlamaq üçün Kufəyə göndərdi. Muslim ibn Əqil Kufəyə çatanda bu haqda camaatdan soruşmağa başladı və sonda camaatın doğrudan da Yezidi istəmədiklərinin şahidi oldu. Hamı Hüseyn ibn Əlini istəyirdi. Muslim ibn Əqil Hani ibn Urvənin evində qonaq qaldı. Camaat tək-tək, dəstə-dəstə gəlib Hüseynə beyət adı ilə Muslim ibn Əqilə beyət etdilər. Beləliklə hamının beyəti tamamlandı. Numan ibn Bəşir Kufənin Yezid ibn Müaviyə tərəfindən təyin edilmiş əmiri idi. O, Muslim ibn Əqilin Kufəyə gəlməsindən, Hüseynin adından camaatdan beyət almasından agah olduqda özünü sanki heç bir şeydən xəbəri yoxmuş kimi göstərdi və baş verənlərə əhəmiyyət vermədi. Onun yanında olan bəzi adamlar Şama gedib baş verən hadisələr haqda Yezidə xəbər verərək dedilər: "Camaat Muslim ibn Əqilə beyət edir, Numan ibn Bəşir isə bunun qeydinə qalmır".

Ubeydullah ibn Ziyadın Kufəyə əmir təyin edilməsi

Yezid Numan ibn Bəşirin vəzifəsindən azad edilməsi haqda əmr verdi və problemlərin həlli üçün Bəsrə şəhərinə əmirlik edən Ubeydullah ibn Ziyada Kufə əmirliyini verib, onu hər iki şəhərin rəhbəri etdi. Ubeydullah ibn Ziyad özünü tanıtdırmadan gecə ikən Kufəyə çatdı. Yolda qarşısına çıxan insanlara salam verdikdə, insanlar onun Hüseyn olduğunu və gecə vaxtı tanınmasın deyə gizlincə şəhərə daxil olduğunu zənn edib ona belə cavab verirdilər: "Ey Peyğəmbər qızının oğlu, sənə də Allahın salamı olsun!" Bunu görən Ubeydullah ibn Ziyad işin ciddiliyini və camaatın Hüseyn ibn Əlini gözlədiyini başa düşdü. Bundan sonra qəsrə daxil oldu və Məqəl adlı köləsini baş verənlər haqda bir xəbər gətirməyi və bu işə başçılıq edənlərin kimliyini öyrənməyi tapşırdı. Məqəl onlara özünün üç min dinarla Hims əyalətindən Hüseynə kömək etmək üçün gəldiyini dedi. O, soruşa-soruşa gəlib Hani ibn Urvanın evinə çatdı. Evə daxil olduqda orada Muslim ibn Əqili gördü və ona beyət edərək üç min dinarı ona verdi. Bundan sonra bir neçə gün ora gedib-gələrək baş verənləri tam dəqiqliyi ilə öyrəndi. Sonra Ubeydullah ibn Ziyadın yanına qayıdıb baş verənləri ona çatdırdı.

Hüseynin Məkkədən Kufəyə getməsi

Ara sakitləşdikdən və camaatın çox hissəsi Muslim ibn Əqilə beyət etdikdən sonra Muslim Hüseynə məktub yazaraq bildirdi: "Artıq Kufəyə gəlmək vaxtıdır. Hər şey hazırdır". Hüseyn (Allah ondan razı olsun) Tərviyə (həccin ilk) günü yola düşdü. Muslim ibn Əqilin nə etdiyindən xəbər tutan Ubeydullah ibn Ziyad Hani ibn Urvanın gətirilməsini istədi. Onu gətirdikdə Ubeydullah soruşdu: "Muslim ibn Əqil haradadır?" Hani ibn Urva dedi: "Bilmirəm". Ubeydullah öz köləsini çağırdı və Muslimə dedi: "Onu tanıyırsan?" Hani ibn Urva dedi: "Bəli" deyərək əlini dişləyib məsələnin (kölənin onlarla sövdələşməsinin) Ubeydullah ibn Ziyad tərəfindən bir tələ olduğunu başa düşdü. Ubeydullah dedi: "Muslim ibn Əqil haradadır?" Hani ibn Urva dedi: "Allaha and olsun, əgər ayağımın altında olsaydı, ayağımı qaldırmazdım". Bu sözdən sonra Ubeydullah onu vurdu və həbs edilməsini əmr etdi".

Kufə camaatının Muslim ibn Əqili tənha qoyması

Bu xəbər Muslim ibn Əqilə çatdıqda dörd min qoşunla Ubeydullah ibn Ziyadın qəsrini mühasirəyə aldı. Kufə camaatı da onun dəstəsinə qatılmışdı. O zaman Ubeydullahın ətrafında camaat arasında hörmətə malik insanlar var idi. Ubeydullah onlara böyük bəxşişlər vəd edib, Şam qoşunu ilə onları qorxudaraq dedi: "Camaatı Mülsim ibn Əqildən kənarlaşdırın!" Muslimin tərəfində dörd min nəfər var idi və onların şüarı "Biz ölümə hazırıq" sözləri idi.

Ubeydullahın təklif və hədələrindən sonra qəbilə başçıları və şan-şöhrətli insanlar camaatı Muslim ibn Əqildən yayındırmağa başladılar. Belə olan halda, ana öz övladını, qardaş qardaşını və qəbilə başçısı öz adamlarını Muslimin dəstəsindən ayırmağa başladı. Sonda Muslimlə birgə dörd min nəfərdən yalnız otuzu qaldı! Günəş batmadan öncə qalan adamlar da onu tərk etdilər və Muslim ibn Əqil tək qaldı. O, Kufə küçələrində gəzir və hara gedəcəyini bilmirdi. Muslim Kində qəbiləsindən olan bir qadının qapısını döydü və ondan su istədi. Bunu görən qadın təəccüblənərək soruşdu: "Sən kimsən?" O dedi: "Mən, Muslim ibn Əqiləm, Hüseynə Kufəyə gəlməsi haqda xəbər göndərmişəm, insanlar isə mənə xəyanət ediblər". Bunu eşidən qadın onu evinə daxil etdi və ona yemək-içmək verdi. Lakin qadının uşağı gedib Ubeydullah ibn Ziyada Muslim ibn Əqilin yerini xəbər verdi. Ubeydullah deyilən yerə yetmiş nəfərlik dəstə göndərdi. Onlar evi mühasirəyə aldılar. Muslim onlara müqavimət göstərirdi. Lakin onlar Muslimə aman verdikdən sonra Muslim təslim oldu. Onu Ubeydullah ibn Ziyad olan qəsrə apardılar. Muslim ora daxil olduqda Ubeydullah ondan bu üsyanın səbəbini soruşdu. Muslim dedi: "Bizim boynumuzda Hüseyn ibn Əli üçün beyət var". Ubeydullah dedi: "Mən səni öldürəcəm". Muslim dedi: "Qoy vəsiyyətimi edim". Ubeydullah dedi: "Yaxşı, vəsiyyətini et!" Muslim ətrafa baxdıqda Ömər ibn Səd ibn Əbu Vaqqası gördü və dedi: "Mənə ən yaxın olan sənsən. Gəl sənə vəsiyyət edim". Muslim onu evin bir küncünə çəkib dedi: "Hüseynə geri qayıtması haqda xəbər göndər!" İşin baş tutmaması və Kufə camaatının ona xəyanət etməsi xəbərini Hüseynə çatdırmaq üçün Ömər ibn Səd bir nəfəri onun yanına göndərdi.

Muslim bu məşhur sözlərini demişdi: "Ailən ilə geri qayıt! Kufə camaatı sənin gözünü bağlamasın! Onlar mənə də, sənə də yalan danışıblar. Yalançı adamın bir fikri olmaz".

Ərafa günü Muslim ibn Əqil qətlə yetirildi. Ondan bir gün öncə yəni, Tərviyə (həccin ilk) günü artıq Hüseyn Məkkədən çıxmışdı.

Səhabələrin Hüseynin (Allah onlardan razı olsun) Kufəyə getməsinə etirazları:

Bir çox səhabələr, o cümlədən Abdullah ibn Ömər, Abdullah ibn Abbas, Abdullah ibn Amr ibn əl-As, Əbu Səid əl-Xudri, Abdullah ibn əz-Zubeyr və qardaşı Məhəmməd ibn əl-Hənəfiyyə Hüseyn ibn Əlini Kufəyə getməkdən yayındırmağa çalışdılar. Onlar Hüseynin Kufəyə getmək istədiyini bildikdə onu bu işdən çəkindirmək istədilər. Onların bəzilərinin dedikləri:

1. Abdullah ibn Abbas; Hüseyn (Allah ondan razı olsun) Kufəyə getmək istəyəndə, o Hüseynə demişdir: "Əgər camaat səni və məni qınamasaydı, əlimlə sənin başından tutar, getməyə qoymazdım". (İbn Kəsir "əl-Bidayə vən-Nihayə" 8/ 161).

2. İbn Ömər (Allah ondan razı olsun); Şə`bi deyir ki, Hüseynin İraqa yola düşməsi xəbəri İbn Ömərə yetişdikdə İbn Ömər (Allah onlardan razı olsun)  Məkkədə idi. Miniyinə minib üç günlük yol qət etdikdən sonra Hüseynə (Allah ondan razı olsun) yetişdi və dedi: "Hara gedirsən?" Hüseyn dedi: "İraqa". Sonra o, İraq camaatından ona gələn beyət haqda məktubları çıxartdı və dedi: "Bu onların yazdıqları məktublar və etdikləri beyətlərdir". (İraq camaatı bu yazılarla onu aldatmışdılar). İbn Ömər dedi: "Sən onların yanına getmə!" Hüseyn isə getmək fikrində qəti idi. İbn Ömər dedi: "Mən sənə bir hədis danışacam. Cəbrail Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib ya dünyanı, ya da Axirəti seçməyi təklif etdi. O da dünyanı istəməyərək, axirəti seçdi. Sən də onun bir parçasısan. Allaha and olsun ki, sizin heç biriniz dünyaya (dünya malına) qalmayacaqsınız. Allah sizi bundan daha da xeyirli olan işə (Axirətə) yönəltmişdir". Bütün bunlara baxmayaraq, Hüseyn geri qayıtmağa razı olmadı. Abdullah ibn Ömər (Allah onlardan razı olsun) onu qucaqlayıb ağladı və dedi: "Mən səninlə ölən bir insan kimi vidalaşıram". (İbn Kəsir "əl-Bidayə vən-Nihayə" 8/ 162).

3. Abdullah ibn Zubeyr; O Hüseynə (Allah onlardan razı olsun) demişdir: "Hara gedirsən? Sən atanı öldürən və qardaşına xəsarət yetirən bir camaatın yanına gedirsən. Gəl sən ora getmə!" (İbn Kəsir "əl-Bidayə vən-Nihayə" 8/ 163). Hüseyn onun da sözünə qulaq asmayıb getmək qərarından dönmədi.

4. Əbu Səid əl-Xudri; O Hüseynə (Allah onlardan razı olsun) demişdir: "Ey Əbu Abdullah, mən sənə tövsiyə edirəm, sizə can yandırıram. Mən eşitmişəm ki, Kufəli tərəfdarlarınız sizə məktub yazıb sizi ora çağırırlar. Sən ora getmə! Mən sənin atanın Kufə haqda belə dediyini eşitmişəm: "Allaha and olsun, mən onlardan təngə gəlmişəm, onlara nifrət edirəm. Onlar özləri məni təngə gətirib, nifrət yaradıblar. Onlar heç vaxt vəfalı olmayıblar. Kim onlarla qələbə çalarsa, çürük bir ox qazanar. Allaha and olsun, onların xoş məramı, heç bir işə həvəsi və qılınc qarşısında dözümləri yoxdur". (İbn Kəsir "əl-Bidayə vən-Nihayə" 8/ 163).

5. Şair Firəzdəq: Hüseyn (Allah ondan razı olsun) İraqa gedərkən yolda Fərəzdəq adlı şairlə rastlaşdı və ona dedi: "Haradan belə?" Fərəzdəq dedi: "İraqdan gəlirəm". Hüseyn (Allah ondan razı olsun) dedi: "İraq camaatının vəziyyəti necədir?" Firəzdəq dedi: "Ürəkləri səninlə, amma qılıncları Bənu Umeyyə ilədir”. Hüseyn "Allah özü kömək olsun!" – deyib yoluna davam etdi"(İbn Kəsir "əl-Bidayə vən-Nihayə" 8/ 168).

Hüseynin “əl-Qadisiyyə”yə çatması

Ömər ibn Sədin göndərdiyi elçi vasitəsi ilə Muslim ibn Əqilin xəbəri Hüseynə çatdı. Hüseyn geri qayıtmaq haqda fikirləşdi və Muslim ibn Əqilin övladları ilə məsləhətləşdi. Lakin onlar dedilər: "Xeyr, Allaha and olsun biz atamızın qisasını almayınca geri qayıdan deyilik". Hüseyn də onların bu fikri ilə razılaşmalı oldu. Ubeydullah ibn Ziyad Hüseynin onlara tərəf gəlməsini eşitdikdə Hurr ibn Yezid ət-Təmiminin ilkin mərhələ olaraq min nəfərlik dəstəsi ilə onun qarşısına çıxmasını əmr etdi. O, Qadisiyyə yaxınlığında Hüseynlə (Allah ondan razı olsun) rastlaşdı. Hurr ibn Yezid ət-Təmimi ona dedi: "Ey Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qız nəvəsi, hara belə?" Hüseyn dedi: "İraqa!" Hurr ibn Yezid ət-Təmimi dedi: "Mən sənə geri qayıtmağı əmr edirəm. Qoy Allah məni səninlə sınağa çəkməsin. Ya gəldiyin yerə qayıt, ya da Yezidin yanına Şama get! Amma Kufəyə getmə!" Hüseyn deyilənlərə məhəl qoymadı və İraqa tərəf yoluna davam etdi. Hurr ibn Yezid ət-Təmimi isə onun qarşısını kəsib getməyinə mane olmağa çalışdı. Hüseyn ona dedi: "Anandan uzaq düşəsən, məndən uzaq dur!" Hurr ibn Yezid ət-Təmimi dedi: "Allaha and olsun, əgər bu sözləri başqa bir ərəb mənə desəydi, ondan və anasından intiqamımı alardım. Lakin nə deyim, sənin anan dünya qadınlarının xanımıdır".

Hüseynin Kərbəlaya çatması

Bu yerə çatanda Hüseyn geri qayıtmaq fikrinə düşdü. İlk göndərilən dəstənin qalan hissəsi gəlib çatdı. Onların sayı dörd min idi. Qoşuna rəhbərliyi Ömər ibn Səd edirdi. Hüseyn artıq Kərbəla adlanan yerə çatmışdı. Həmin yerə çatanda Hüseyn dedi: "Bura haradır?" Dedilər: "Kərbəla". Hüseyn dedi: "Kərb (kədər) və bəla (bəla)".

Ömər ibn Sədin qoşunu gəlib çatanda o Hüseynlə danışdı və onunla bərabər İraqa, Ubeydullah ibn Ziyadın yanına getməsini tələb etdi. Lakin, Hüseyn bu təklifdən imtina etdi. Hüseyn işin ciddi olduğunu gördükdə Ömər ibn Sədə dedi: "Mən sənə üç şeydən birini seçməyi təklif edirəm". Ömər ibn Səd dedi: "Təkliflərin hansıdır?" Hüseyn dedi: "Ya mənə icazə ver geri qayıdım, ya müsəlmanların döyüşdükləri cəbhələrin birinə gedim, ya da Şama Yezidin yanına gedib əlimi onun əli üzərinə qoyum (o, bununla beyət etməyi nəzərdə tuturdu)". Ömər ibn Səd dedi: "Bəli, sən Yezidə xəbər göndər, mən isə Ubeydullah ibn Ziyada xəbər göndərim. Görək məsələ necə olacaq?" Hüseyn Yezidə xəbər göndərmədi, Ömər ibn Səd isə Ubeydullah ibn Ziyada xəbər göndərdi. Elçi Ubeydullah ibn Ziyadın yanına gəlib Hüseynin bu üç şeydən birini seçmək təklifini ona çatdırdı. Ubeydullah deyilən təkliflərlə razılaşdı və dedi: "Qoy Hüseyn istədiyi təklifi seçsin". Ubeydullah ibn Ziyadın yanında Şəmər ibn Zil-Cövşən adlı bir nəfər var idi. O, Ubeydullahın ən yaxın adamlarından sayılırdı. Şəmər dedi: "Allaha and olsun, xeyr! Hüseyn mütləq sənin hakimiyyətinə tabe olmalıdır". Ubeydullah onun bu sözündən qürurlanıb dedi: "Bəli, Hüseyn ilk olaraq mənim hakimiyyətinə tabe olmalıdır (yəni, Hüseyn Kufəyə gəlməli və sonra mən özüm onu Şama, cəbhə xəttinə və ya Mədinə şəhərinə yollayaram)". Ubeydullah ibn Ziyad Şəmər ibn Zil-Cövşəni hadisə yerinə göndərdi və dedi: "Sən get və qoy Hüseyn Ömər ibn Sədin razılığı ilə mənim hökmümə tabe olsun. Əgər Ömər ibn Səd deyilən təkliflə razılaşmasa, o zaman onun yerinə rəhbər sən olursan!"

Ubeydullah ibn Ziyad Ömər ibn Sədin Rey əyalətinə getməsi üçün ona hazırlanmış dörd min nəfərlik qoşun vermiş və demişdi: "Hüseynin məsələsini həll et, sonra Rey əyalətinə get!" Ubeydullah ona bu yerin valiliyini vəd etmişdi. Şəmər ibn Zil-Cövşən Hüseyn ibn Əlinin, Hurr ibn Yezidin və Ömər ibn Sədin olduğu yerə gəldi. Hüseyn Ubeydullah ibn Ziyadın hakimiyyətinə tabe olmaq təklifini eşitdikdə, bundan imtina etdi və dedi: "Allaha and olsun, mən heç vaxt Ubeydullah ibn Ziyadın hökmünə tabe olmayacam".

Hüseyn Kufə qoşununu Allahın adı ilə xəbərdar edir

Hüseynin dəstəsi yetmiş iki süvaridən ibarət idi. Kufədən gələn dəstənin sayı isə beş min nəfər idi. Hər iki dəstə üz-üzə gəldikdə Hüseyn İbn Ziyadın qoşununa dedi: "Özünüzü mühakimə edin və düşünün! Sizə mənim kimi bir adamla döyüşmək yaraşarmı? Mən sizin Peyğəmbərinizin qızının oğluyam. Yer üzündə məndən başqa Peyğəmbərin qız nəvəsi yoxdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) qardaşım və mənim haqqımda demişdir: "Bunlar ikisi cənnət cavanlarının ağalarıdır". (ət-Tirmizi, 3768.).

Hüseyn qoşunu Ubeydullah ibn Ziyadın əmrini tərk edib onun dəstəsinə qatılmağa təşviq edirdi. Nəticədə otuz nəfər onun dəstəsinə qatıldı və onların arasında Ubeydullah ibn Ziyadın göndərdiyi ilk dəstənin sərkərdəsi Hurr ibn Yezid də var idi. Hurr ibn Yezidə dedilər: "Sən bizimlə qoşun rəhbəri kimi gəlmisən, indi isə Hüseynin dəstəsinə keçirsən?!" Hurr dedi: "Vay olsun sizə, Allaha and olsun, mən Cənnətlə Cəhənnəm arasında seçim edirəm. Allaha and olsun, məni doğrasalar da, yandırsalar da Cənnətdən imtina edən deyiləm".

Həftənin dördüncü günü Hüseyn həm özünün, həm də Ubeydullah ibn Ziyadın qoşununa namazda imamlıq edərək Zöhr və Əsr namazlarını qıldırdı. O, əvvəlcədən onlara demişdi ki, namazda bir nəfər bizdən bir nəfər də sizdən imam dayansın. Lakin hər iki tərəfin cavabı belə olmuşdu: "Biz sənin arxanda qılacağıq". Onlar Zöhr və Əsr namazlarını Hüseynin arxasında qıldılar. Məğrib vaxtı yaxınlaşdıqda bir göz yuxu vuran Hüseyn qılıncına söykənmiş halda dayanırdı və birdən qarşı tərəfin süvariləri ona tərəf gəldilər. Hüseyn dedi: "Bu nədir?" Dedilər: "Qarşı tərəfdir". Hüseyn dedi: "Onlar tərəfə gedin və baxın görün nə istəyirlər?" Hüseyn tərəfdən iyirmi nəfər atlı onların qarşısına çıxdı. Dəstə arasında Hüseynin qardaşı Abbas ibn Əli ibn Əbu Talib də var idi. Onlar qarşı tərəflə söhbət etdilər və istəklərini soruşdular. Onlar dedilər: "Ya, Hüseyn Ubeydullah ibn Ziyadın hökmünə tabe olmalıdır, ya da döyüş olacaqdır". Hüseynin adamları dedilər: "Biz gərək bu haqda Əbu Abdullahla məsləhətləşək"- deyib Hüseynin (Allah ondan razı olsun) yanına gəldilər və bu xəbəri ona çatdırdılar. Hüseyn dedi: "Onlara deyin ki, bu gecə bizə möhlət versinlər. Namaz qılım, sabah onlara bir söz deyərik. Mən Uca və Pak Rəbbim üçün namaz qılmağı çox xoşlayıram". Hüseyn və onunla olanlar o gecəni Allaha ibadət, dua və bağışlanma diləməklə keçirtdilər. Allah onlardan razı olsun!"

Taff döyüşü (Hicri 61-ci il):

Hüseyn (Allah ondan razı olsun) Ubeydullah ibn Ziyada təslim olmaqdan imtina etdikdən sonra, Cümə gününün səhəri iki tərəf arasında döyüş başladı. Tərəflərin qüvvələr nisbəti bərabər deyildi. Hüseynin tərafdarları malik olduqları qoşunla kifayət qədər dözüm göstərə bilməyəcəklərini anladılar. Buna görə də onların yeganə məqsədləri Hüseyn ibn Əlini (Allah ondan razı olsun) müdafiə edərək onunla bərabər şəhid olmaq oldu. Onlar Hüseyni (Allah ondan razı osun) müdafiə edərək bir-birinin ardınca ölürdülər. Beləliklə, Hüseyndən başqa onların hamısı öldülər. Allah onlardan razı olsun!

Bundan sonra Hüseyn (Allah ondan razı olsun) günün əksər hissəsini tənha qaldı. Heç kəs ona yaxınlaşmağa, onu öldürüb bu bəlaya düçar olmağa cürət etmirdi. Bu hal bir qədər davam etdi. Bir müddətdən sonra Şəmər ibn Zul-Cövşən irəli atılıb camaata dedi: "Vay sizin halınıza, analarınız sizi itirsin, onu mühasirəyə alın və öldürün!" Bundan sonra onlar Hüseyn ibn Əlini (Allah ondan razı olsun) mühasirəyə aldılar. Hüseyn əlində qılınc onların əhatəsində dövrə vurmağa başladı. Aslan şücaətli Hüseyn (Allah ondan razı olsun) hətta onlardan bir neçəsini öldürdü. Lakin yenə də, çoxluq şücaətə qalib gəlir. Şəmər ibn Zul-Cövşən haray çəkib dedi: "Vay sizin halınıza! Nə gözləyirsiniz? İrəli atılın, onu öldürün!" Onlar irəli atılıb Hüseyni (Allah ondan razı olsun) qətlə yetirdilər. Hüseynin (Allah ondan razı olsun) qətlini icra edən və başını kəsən Hüseyn ibn Sinan ən-Nəxai idi. Digər rəvayətdə isə onu öldürənin Şəmər ibn Zul-Cövşən olduğu bildirilir. Allah onun üzünü qara etsin!

Hüseyn qətlə yetirildikdən sonra onun başını Kufəyə Ubeydullah ibn Ziyadın yanına gətirdilər. Ziyad əlində olan çubuqla Hüseynin başına döyməyə başladı və çubuğu onun ağzına salıb dedi: "Bu idi gözəl danışan?!" Bu vaxt Ənəs ibn Malik (Allah ondan razı olsun) oturmuşdu. O, ayağa qalxıb dedi: "Allaha and olsun, sən çox pis iş görürsən. Sənin o çubuqla qurdaladığın ağzın yerindən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) öpdüyünü görmüşəm". (ət-Təbərani "Mucəmul Kəbir" 5107).

İbrahim ən-Nəxai (Allah ona rəhm etsin) dedi: "Əgər mən Hüseyni oldürən dəstədə iştirak edib sonra Cənnətə daxil olsaydım, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) üzünə baxmağa utanardım". (ət-Təbərani "Mucəmul Kəbir" 2829. Hədisin isnadı səhihdir).

Taff döyüşündə Hüseynlə (Allah ondan razı olsun) birlikdə qətlə yetirilən ailə üzvləri.

Hüseynlə bərabər onun ailəsinin çox üzvü qətlə yetirildi. Bu döyüşdə Hüseynlə yanaşı Əlinin (Allah ondan razı olsun) digər övladları: Cəfər, Abbas, Əbu Bəkr, Məhəmməd və Osman – qətlə yetirildi.

Hüseynin (Allah ondan razı olsun) qətlə yetirilən övladları isə bunlar idi: Əli əl-Əkbər (bu, Əli Zeynəl Abidin deyil), Əli əl-Əsğər və Abdullah.

Həsənin (Allah ondan razı olsun) bu döyüşdə öldürülən övladları aşağıdakılardır: Abdullah, Qasim və Əbu-Bəkr.

Əqilin (Allah ondan razı olsun) bu döyüşdə öldürülən övladları isə bunlardır: Cəfər, Abdullah, Abdur-Rahman və Abdullah ibn Muslim ibn Əqil. Muslim ibn Əqilin özü isə Kufədə qətlə yetirilmişdi.

Abdullah ibn Cəfərin bu döyüşdə öldürülən övladları bunlardır: Ovn və Məhəmməd. (Tarix Xəlifə ibn Xəyyat, 234).

Adları sadalanan on səkkiz nəfər qüvvələr nisbətinin bərabər olmadığı bir döyüşdə qətlə yetirilənlərdir. Onlar Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Əhli-Beytinin üzvləri idilər.

Hüseynin qətli haqqında əvvəlcədən deyilən sözlər:

Ummu Sələmənin belə dediyi rəvayət olunur: "Cəbrail Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanında idi. Hüseyn isə mənim qucağımdaydı. Hüseyn ağladı. Mən onu yerə qoydum. O, Peyğəmbərin yanına daxil olub ona yaxınlaşdı. Cəbrail dedi: "Ey Məhəmməd, onu sevirsənmi?" Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: "Bəli". Cəbrail dedi: "Ümmətin onu öldürəcəkdir. Əgər istəyirsənsə, onun öldürüldüyü yerin torpağından sənə göstərim". Cəbrayil həmin torpağı ona göstərdi. Həmin yer Kərbəla adlanırdı".(Fədailus Səhabə, 1391. Bu hədis məşhurdur, lakin Ummu Sələmədən nəql edilən bütün yolları etibarsızdır).

Ummu Sələmə deyir: "Hüseyn (Allah onlardan razı olsun) öldürülərkən cinlərin onun üçün ağı dediklərini eşitdim". (Fədailus Səhabə, 1373. Sənədi həsəndir).

Hüseyn (Allah ondan razı olsun) öldürülən vaxt səmadan qan yağması, divarlarda qan izlərinin görünməsi, hər daşı qaldırdıqda altından qan çıxması, kəsilən hər heyvanın qana çevrilməsi və sairə bu kimi rəvayətlər uydurmadır. Bu haqda heç bir mötəbər, hətta zəif rəvayət belə mövcud deyil. Bunlar insanları coşdurmaq üçün istifadə olunan yalanlardır.

Əbu Rəca əl-Ətarədinin belə dediyi rəvayət olunur: "Bizim Bəlhuceyndən olan bir qonşumuz var idi. O, Kufəyə gəlib demişdi: "Siz bu fasiq oğlu fasiq haqda nə fikirləşirsiniz? Allah onu öldürsün!" (O," fasiq oğlu fasiq"- deməklə, Hüseyn ibn Əlini nəzərdə tuturdu). Əbu Rəca əl-Ətarədi deyir ki, Allah səmadan iki ulduz atıb onun gözlərini kor etdi". (ət-Tabərani "Mucəmul-Kəbir" 2831. Sənədi səhihdir).

İbn Abbas (Allah ondan razı olsun) deyir: "Mən gündüz vaxtı yatarkən Peyğəmbəri (sallallahu aleyhi və səlləm) üst-başı torpaq və saçı pırtlaşıq halda yuxuda gördüm. Onunla içi qanla dolu bir qab var idi. Mən dedim: "Ey Allahın elçisi, bu nədir?" O dedi: "Bu, Hüseyn və onun dostlarının qanıdır. Mən bu günə qədər onu təqib edirəm". Hədisin rəvayətçisi Ammar deyir: "Biz İbn Abbasın (Allah ondan razı olsun) bu sözünü yadda saxladıq. Sonra Hüseynin (Allah ondan razı olsun) həmin gündə qətlə yetirildiyinin şahidi olduq". (Fədailus Səhabə, 1380. Sənədi səhihdir).