Rəhbərə qarşı çıxmağın acı sonluğuna aid tarixdən nümunə

English

Həccac ibn Yusufla İbn əl-Əşəs arasındakı ədavət

İnsanlar fitnələr, fitnələrin təhlükəsi və pis nəticələri haqda çox eşidirlər. Lakin, necə deyərlər məsəl çəkməklə danışıq daha aydın olar. İslam ümmətini vəlvələyə salan, Bənu Umeyyə xilafətini suquta endirəcək fitnələrdən biri də, hicrətin 81-ci ilində başlamışdır. İmam İbn əl-Kəsir (Allah ona rəhm etsin) buyurur: "Bu fitnənin səbəbi odur ki, Həccac İbn əl-Yusuf İbn əl-Əşəsə nifrət edir və o da bunu başa düşərək Həccac üçün pislik istəyir və onun malikanəsinin dağılmasını istəyirdi. Həccac İbn əl-Yusuf Xəlifə Abdul-Məlik İbn əl-Mərvanın İraq üzərində valisi idi. O Kufə, Bəsrə və digər şəhərlərdən camaatı toplayıb müsəlmanlara əziyyət verən, çox müsəlmanı qətlə yetirən o zamanki türklərin kafir kralına qarşı döyüşməyə qoşun hazırladı və Abdur-Rahmən İbn əl-Əşəsi qoşuna sərkərdə təyin etdi. Baxmayaraq ki, Həccac bilirdi ki, İbn əl-Əşəsin ondan xoşu gəlmir və hətta deyərdi: “Mən hər dəfə onu (yəni, İbn əl-Əşəsi) gördükdə onu öldürmək istəyirəm!” Bir gün İbn əl-Əşəs Həccacın yanına daxil olur və orada Amir əş-Şəbi adlı bir nəfər alim də var idi. Bu zaman Həccac deyir: “Sən bir onun yerişinə bax. Allaha and olsun ki, onun boynunu vurmaq istəyirəm!” Sonra Şəbi Həccacın dediyini İbn əl-Əşəsə xəbər verir və İbn əl-Əşəs də cavabında deyir: “Elə mən də, Allaha and olsun ki, ömrüm uzun olduqca onu malikanəsindən salmaq üçün çalışıram!”
İbn əl-Əşəs qoşuna başçılıq edərək düşmən torpaqlarına qədər hərəkət etdi və Ritbil adlı məmləkətə qədər irəlilədi, çox şəhərlər fəth etdi və bol-bol qənimət ələ keçirdi. Kafirləri əsir aldı və kafirlərin kralı Rutbil isə İbn əl-Əşəsin əlindən bir şəhərdən digərinə qaçaraq canını qurtarmağa çalışırdı. Sonra İbn əl-Əşəs gələn ilə qüvvə toplamaq və fəth etdiyi yerlərdə əminamanlığı təmin etmək üçün öz adamlarına döyüşü dayandırmağı əmr etdi. Həccac isə ona məktub yazıb döyüşü davam etdirməsini əmr edir, onu alçaldır, qorxaqlıqla və döyüş meydanından qaçmaqda ittiham edərək təhqir edirdi. İbn əl-Əşəs isə bundan bərk qəzəblənərək camaatı Həccaca qarşı üsyana çağırmağa başladı.

İbn əl-Əşəsin rəhbərə qarşı çıxması

İbn əl-Əşəsin atası tanınmış natiq bir şair idi və o insanlara belə bir çıxışla müraciət etdi: “Bizimlə Həccacın bu işdə bir nəfərin dediyi kimidir: “Köləni at üzərində daşı, ölsə ölər - qalsa sənin olar!” Həmçinin, siz də indi düşmənlərə qalib gəlsəniz Həccacın hakimiyyəti daha da möhkəmlənəcək, məğlub olsanız onda Həccaca düşmən olacaqsınız. İndi isə hamınız Allahın düşməni Həccacdan imtina edin. (Amma, o bu çıxışında xəlifədən imtina etməyi qeyd etmir!) Əmiriniz olan Abdur-Rahmən ibn əl-Əşəsə beyət edin! Mən sizə şahidlik verirəm ki, mən Həccacdan ilk imtina edənəm!” Bundan sonra hər yandan insanlar: “Allahın düşməni Həccacdan imtina etdik!” - deməyə başladılar. Həmin camaat Həccaca nifrət edirdilər. Sonra İbn əl-Əşəsə beyət etdilər, lakin xəlifədən imtina etdiklərini dilə gətirmirdilər. Elə bundan sonra hər şey dəyişdi və gözlənilməyən fitnələr başladı. İbn əl-Əşəs kafirlərə qarşı döyüşü tərk edib fitnəyə düşmüş qoşunu ilə Həccaca qarşı döyüşmək və İraqı onun əlindən almaq üçün oraya istiqamətləndi. Yolun yarısına çatanda qoşundakılar dedilər: “Bizim Həccacdan imtina etməyimiz Xəlifə Abdul-Məlik ibn Mərvandan imtina etməyimiz deməkdir”. Bundan sonra möminlərin əmiri Abdul-Məlik ibn Mərvanın xəlifəliyindən imtina etdilər və İbn əl-Əşəsə yenidən xəlifə kimi beyət etdilər. İbn əl-Əşəs də onlara Quran və Sünnənin icrasına, zəlalət əhlini tərk etmək və kafirlərə qarşı cihad etməyə söz verdi.

Alimlərin İbn əl-Əşəsə nəsihəti

Xəlifədən və ondan imtina edilmə xəbərlərini eşidən Həccac ibn Yusuf möminlərin əmiri Abdul-Məlik ibn Mərvana məktub yazaraq vəziyyəti xəbər verdi və kömək üçün ona əlavə olaraq təcili qoşun göndərməsini bildirirdi. Bunu eşidən xəlifə məsələyə çox əhəmiyyət verdi və bir çoxları islah etmək üçün bu işə qarışdılar. Muhəlləb adlı bir alim İbn əl-Əşəsə məktub yazdı və onu bu fitnəli işindən, xəlifəsinə qarşı üsyandan imtina etməyə çağıraraq buyurdu: “Ey İbn əl-Əşəs! Sən çox uzun bir yolçuluğa başlamısan. Gəl, Muhamməd Peyğəmbərin (salləllahu aleyhi və səlləm) ümməti ilə birlikdə ol! Allah xətrinə!!! Öz nəfsini həlak etməkdən, müsəlmanların qanını axıtmaqdan, camaatı parçalamaqdan, beyəti pozmaqdan əl çək! Əgər sən desən ki “Mən insanların mənə zərər toxundurmasından qorxuram!” – bil ki, Allah Ondan qorxmaq üçün daha layiqlidir! Sən bu işinlə qan tökmə, haramları halal etmə! Sənə salam olsun!” 

Xəlifənin müxaliflərlə döyüşü

Sonra möminlərin əmiri Abdul-Məlik camaatdan ayrılmış xəvarici yatırmaq üçün Həccaca kömək qoşununun hazırlığına başladı. İbn əl-Əşəsin ətrafını isə fitnəyə düşmüşlər hər tərəfdən əhatəyə almışdılar. Hətta deyilənə görə onun qoşununa 33000 süvari (atlı), 120000 piyada qoşulmuşdu. Sonra İbn əl-Əşəs Bəsrə şəhərinə daxil olaraq orada xütbə verdi və hamıya beyət etdiyini elan etdi. Camaat isə onun beyətini qəbul etdi. Hamı Xəlifə Abdul-Məlik ibn Mərvan və onun naibi Həccacdan imtina etdiyini bildirdi. Sonra İbn əl-Əşəs dedi: “Həccac heçnədir! Gəlin bizimlə gedək Abdul-Məlikə qarşı döyüşək”. Beləliklə, bütün Bəsrə camaatı, qoca və cavanlar, alimlər və qarilər hamı bir nəfər kimi İbn əl-Əşəsə beyət edərək Abdul-Məlik və Həccacdan imtina etdilər". İmam İbn əl-Kəsir (Allah ona rəhm etsin) buyurur: “Belə olduğu halda vəziyyət çox mürəkkəbləşdi və İbn əl-Əşəsin tərəfdarı həddindən artıq çoxaldı və müsəlmanların bir sözü parçalandı…”. Sonra xəlifə Abdul-Məlikin qoşunu ilə İbn əl-Əşəsin qoşunu qarşı-qarşıya gəldi. Beyətdən imtina edən qarilər dedilər: “Ey İnsanlar! Dininiz və dünyanız üçün vuruşun!” Böyük alimlərdən olan lakin İbn əl-Əşəsin fitnəsinə düşümüş Amir əş-Şəbi isə deyirdi: “Zəifləri alçaltdıqları və namazları gecikdirdikləri üçün onlara qarşı döyüşün!”
Sonra döyüş başladı hər gün çox sayda insan həlak olur, itki verilirdi. Hətta tanınmış insanların çoxu yaralandılar. Bu vəziyyət uzun müddət davam etdi. Sonra möminlərin əmiri İbn əl-Əşəsə belə bir məktub yazdı: “Əgər siz məndən Həccacı çıxarmaqla razı qalsanız mən onu çıxararam. Sizə verilənləri sizin üçün saxlayaram. İbn əl-Əşəs isə istədiyi vilayəti seçsin və həyatı boyu oranın əmiri olsun…”.
Bundan sonra İbn əl-Əşəs insanlara xitab edərək Xəlifənin onlara verdiyi vədi "Həccacı çıxarmağı və onlara verilənlərin saxlanılmasını" qəbul etməyi təklif etdi. Bunu eşidən insanlar hər tərəfdən etiraz edərək deyirdilər: “Allaha and olsun ki, xeyr! Biz bunu qəbul etmərik! Biz onlardan sayca daha çox və qüvvətliyik". Sonra yenidən möminlərin əmiri Abdul-Məlikdən imtina etdiklərini bir daha təkid etdilər”.
İbn əl-Əsir adlı tarixçinin dediyinə görə bundan sonra yenə 103 gün döyüş davam etdi. Xəlifənin qoşunu Həccacın sərkərdəliyi altında səbr edirdi. Həccacın döyüş meydanında təcrübəsi çox idi. O, beyətdən imtina edən qarilərə tərəf daha güclü zərbə endirməyi göstəriş verdi, çünki insanlar həmin qarilərin sözünü dinləyir, özlərinə örnək sayırdılar. Onlar da insanları döyüşə təhrik edirdilər.
Həccacın əmri ilə qoşun qarilərin olduğu tərəfə daha çox zərbələr endirir və onların çoxusunu qətlə yetirirdilər. Bundan sonra İbn əl-Əşəs və onunla olanlar məğlub olurlar. Çox uzun bir döyüşdən sonra Həccacın qoşunu onların ardınca düşərək onları öldürür və əsir alırdılar. İbn əl-Əşəs çox az bir adamla meydandan qaçdı. Həccac isə onun ardınca böyük bir qoşun göndərdi ki, onun adamlarını öldürsün və əsir alsınlar. İbn əl-Əşəs isə öz adamları ilə kafir Rutbilin ölkəsinə qaçdı. Rutbil isə müsəlmanlara tələ qurmaq üçün onu çox gözəl, təntənəli surətdə qarşıladı və ona çox hörmət bəslədi, aman verdi.
İbn əl-Əşəs nəsilləri kəsən böyük bir fitnə törətdikdən, tərəfdarlarının çoxusunun qətlindən və əsir düşməsindən sonra qaçdı. Əsirləri isə Həccac İbn Yusuf sonradan qətlə yetirdi. (İbn əl-Əşəsin) bəzi tərəfdarlar isə qaça bildilər. Onlardan biri də böyük alim Amir əş-Şəbidir. Həccac Amir əş-Şəbini gətirməyi əmr etdi. Onu gətirərək Həccacın yanına daxil etdilər. Amir əş-Şəbi dedi: “Mən ona əmirlərə verilən salam kimi salam verdim və dedim: "Ey Əmir! İnsanlar mənə əmr etdilər ki, sənə Allahın bildiyi həqiqətdən başqa bir şeylə üzrxahlıq edim. Allaha and olsun, bu məqamda haqdan başqa bir şey deyən deyiləm. Allaha and olsun ki, biz sənə qarşı asilik etmiş, üsyankar olmuşuq. Bu yolda var gücümüzü sərf etmişik. Buna baxmayaraq biz güclü və günahkar idik, təqvalı və günahsız olmamışıq. Artıq Allah səni bizim üzərimizdə qalib etdi. Əgər sən bizi cəzalandırsan bu bizim əmmələrimizin müqabilidir, bağışlasan bu da sənin mərhəmətindir. Bir sözlə biz sənin yanında təqsirkarıq!” Həccac əş-Şəbinin bu etirafını gördükdə dedi: “Ey Şəbi! Allaha and olsun ki, sən mənə üzümüzə gülüb qılıncından qanımız axan, sonra bizə qarşı heç bir şey etmədiyini deyən kimsələrdən daha əzizsən. Sən artıq bizim yanımızda əminsən, ey Şəbi!” Sonra Həccac dedi: “Ey Şəbi! Bizdən üz döndərəndən sonra insanlar sənə qarşı necə idilər?" - Şəbi fitnəyə baş qoşmadan əvvəl Həccac ona çox əl tuturdu. Şəbi camaatı tərk etdikdən sonrakı halını xatırlayaraq dedi: “Allah əmiri qorusun! Səndən üz çevirdikdən sonra gecələr yatmır, daim qorxu və kədər içində olurdum. Özümün əməlisaleh dostlarımı itirdim və əmirin əvəzini tapa bilmədim!” Həccac dedi: “Get ey Şəbi!” Şəbi də oradan əminamanlıqla çıxıb getdi.

Döyüşün fəsadları

Sonra Həccac İbn əl-Əşəsin adamlarını axtarmaqda davam edir və onları bir-bir qətlə yetirirdi. Hətta rəvayətlərə görə Həccac İbn əl-Əşəsin adamlarından 130000 nəfər öldürmüşdür. Onların arasında tanınmış adamlardan Muhamməd ibn Səəd ibn Əbi Vəqqas və başqa tanınmış şəxslər var idi. Öldürülənlər arasında ən son qətlə yetirilən Səid ibn Cubeyr olmuşdur. Allah ona rəhmət etsin!
İbn əl-Əşəsin fitnəsinə uyan bir çox alimlər də var idi və onlardan aşağıdakıları qeyd etmək olar: Müslim ibn Yəsar, Əbu əl-Cəvzəə, Əbul-Minhal ər-Riyahi, Malik ibn Dinar və Həsən əl-Bəsri. Allah onlara rəhmət etsin!
Həsən əl-Bəsrinin bu döyüşlərdə iştirak etməsinə səbəb o idi ki, (bəziləri) İbn əl-Əşəsə demişdilər: “Əgər istəyirsən ki, insanlar Cəməl döyüşündə Aişənin ətrafında döyüşdükləri kimi sənin də ətrafında döyüşsünlər, onda Həsən əl-Bəsrini də özünlə döyüşə apar”.
Həmçinin, İbn əl-Əşəslə birlikdə döyüşə çıxanlardan, Səid ibn Cubeyr, İbn Əbu Leyla əl-Fəqih, Talha ibn əl-Musarrif, Ata ibn əs-Səib və başqalarını qeyd etmək olar. Bizim sığınacağımız yalnız Allahdır.
Əyyub adlı alim deyir: "İbn əl-Əşəslə olan hər kəs cəzaya məhkum oldu. Cəzadan qurtulan hər kəs onu cəzadan qurtaran Allaha şükr edərdi".
Sonra Həccac ibn Yusuf İbn əl-Əşəsin sığınacaq tapdığı Türk padşahı Rutbilə məktub yazaraq dedi: “Özündən başqa ibadətə layiq haqq məbud olmayan Allaha and olsun! Əgər sən İbn əl-Əşəsi mənə göndərməsən sənin ölkənə yüz minlərlə elə bir ordu göndərəcəyəm ki, oranı xarabaya çevirsinlər. Həccacın bu vədinin həqiqət olduğunu gördükdə, o bəzi əmirlərlə bu haqda müşavirə etdi. Onlar da Həccaca İbn əl-Əşəsi təslim edərək ölkəsini bu təhlükədən sovuşdurmağı məsləhət gördülər. Belə olduğu halda Rutbil İbn əl-Əşəsə tələ quraraq onu və otuza yaxın qohum-əqrəbasını həbs edərək onları Həccaca yolladı. Onlar Rudxac deyilən bir yerə gəldikdə İbn əl-Əşəs əli dəmir qandallarla bağlanmış halda imkan tapıb bir evin damına çıxdı. Qaçmamaq üçün onunla birlikdə qandallanmış digər şəxs də onunla idi. Sonra İbn əl-Əşəs özünü və yanında qandallanmış digər adamı da həmin evin damından ataraq intihar etdi.
Sonra onları aparan elçi İbn əl-Əşəsə yaxınlaşıb onun başını kəsdi və digər adamları da qətlə yetirərək başlarını kəsib Həccaca göndərdilər. Həccac da İbn əl-Əşəsin başını İraqın hər tərəfində nümayiş etdirməyi əmr etdi. Bundan sonra onun başını möminlərin əmiri Abdul-Məlik ibn Mərvana göndərdi və Şamda da onun başını hər tərəfdə nümayiş etdirirdilər. O da İbn əl-Əşəsin başını Misirdə olan qardaşı Abdul-Azizə göndərdi. Orada da onun başını nümayiş etdirdilər, sonra isə orada dəfn etdilər.
İmam İbn əl-Kəsir (Allah ona rəhm etsin) deyir: “Mən İbn əl-Əşəsə beyət edənlərə çox təəccüb edirəm. Necə olur ki, onlar illərlə xəlifəlik etmiş Qüreyş əsilli xəlifəni tərk edərək Kind qəbiləsindən olan tanınmamış qeyri mötəbər bir adama beyət edirlər?! Elə bu yerdə xəta edildiyindən çox fitnələr törəndi və haqsız qanlar axıdıldı. “Biz Allahınıq və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!”
İbn əl-Əsir öz tarixində qeyd edir ki, ənsarlardan olan bir nəfər kişi Ömər İbn Abdul-Azizin yanına gəlib deyir: "Mən filankəsin və filankəsin oğluyam. Filan babam Bədr döyüşündə, filan babam Uhud döyüşündə şəhid olub…" və beləliklə öz keçmişinin gözəlliklərindən bəhs edirdi. Ömər İbn Abdul-Aziz isə onun yanında əyləşən bir nəfərə baxıb dedi: "Bax budur şücaət, yoxsa nahaq qan tökməklə üsyan etmək qoçaqlıq deyildir". (O bu sözləri ilə İbn əl-Əşəsin fitnəsini demək istəyirdi). 
(İbn Kəsir "əl-Bidayə vən-Nihayə" 9-cu cild 2-ci hissə, Abdur-Rahmən ibn əl-Əşəsin üsyanı, hicrətin 81-ci ili).
Əyyub əs-Sixtiyəni (Allah ona rəhm etsin) buyurur: "İbn əl-Əşəslə birlikdə hakimə qarşı üsyan edən qarilər belə deyirdilər: "Onlardan öldürülənlər arasında elə biri yox idi ki, geri dönməyi arzu etməsin. Sağ qalanlar arasında da elə biri yox idi ki, buna görə Allaha həmd edərək peşmançılıq keçirməsin". İbn əl-Əşəsin fitnəsinə düşmüş, lakin bu fitnədən öldürülməmiş çıxan Zubeyd ibn əl-Həris (Allah ona rəhm etsin) adlı alimə növbəti bir fitnədə hakimə qarşı çıxmaqda iştirak üçün dəvətlər gəldikdə belə buyurub bu fitnədən yan keçir: "Mən hakimə qarşı yalnız Peyğəmbərlə birlikdə çıxacağam! Lakin, Peyğəmbər artıq aramızda yoxdur!" (Yəni, heç vaxt hakimə qarşı çıxmayacağam). Həmçinin oxuyun: "Alimlər hakimin təkfirində ixtilaf ediblər" şübhəsi