Bidət əhlinin Əhli Sünnəyə etdiyi dörd ittiham və onlara cavab

English

Bidət əhli həmişə Əhli Sünnədən olanları dəlilsiz olaraq öz batil fikirləri ilə ittiham etmişlər. Amma bir şeyi iddia edən dəlil gətirməli olduğu kimi, bidət əhli də ittiham etdikdə dəlil ilə ittiham etmələri lazım idi. Bidət əhlinin etdiyi ittihamların dəlili olmazsa, bu ittihamların heç birinə baxılmaz, çünki bu, ancaq batil fikirlərdən meydana gələn ittihamlardır. Belə boş ittihamlar nəinki adi insanlara, həmçinin peyğəmbərlərə edilmişdir.

Birinci ittiham: Əgər siz Allahın hökmü ilə hökm etməyən rəhbəri təkfir etmirsinizsə, o zaman siz Allahın hökmü ilə hökm etməməyin icazəli olduğunu görürsünüz.

Cavab: Bu, Əhli Sünnəyə yönəldilmiş ən böyük ittihamlardandır. Bir kəs Allahın hökmü ilə hökm etməməyin icazəli olduğunu sayarsa, Əhli Sünnə həmin kəsin ittifaq ilə kafir olduğunu etiqad edir. Yəni, etiqadında Allahın hökmü ilə hökm etməməyin icazəli olduğunu sayarsa, kafir olur. İttiham edənlərdən soruşuruq: Əsrin üç alimi olan şeyxlər - əl-Albani, İbn Bəzz və İbn əl-Useymin (Allah onlara rəhm etsin) – Allahın hökmü ilə hökm etməyən hakimin İbn Abbasın (Allah ondan razı olsun) və ümmətin digər alimlərinin də dediyi kimi dindən çıxartmayan asilik olduğunu deyir və onu kafir saymırlar. Siz hakimi təkfir etmədiklərinə görə onları da təkfir edirsiniz?

Əsrin üç böyük alimi Allahın hökmü ilə hökm verməməyin halal sayılmasını açıq-aşkar icazəli görəni kafir saymışlar. İttiham edənlər iki məsləni qarışdırmışlar. Birincisi, bu məsələni deyənin təkfir edilməsidir ki, onlar o əməli edənin bir-başa kafir saymışlar. İkincisi, bu əməli edənin günahkar sayılmasıdır. Yəni, Allahın hökmü ilə hökm etməmək əməl olaraq böyük günahdır. Bidət əhli isə bu əməlin böyük günah olmasına baxmayaraq, bu əməli edəni bir-başa təkfir edirlər. Bu isə sözsüz ki, səhvdir.

İkinci ittiham: Siz Allahın hökmü ilə hökm etməyən hakimi təkfir etməməklə, artıq təkfir qapısını bağlamış olursuz və bununla da iddia edirsiz ki, təkfir deyilən bir şey yoxdur. Təkfirin olmasını inkar edirsiniz.

Cavab: Müasirimiz olan üç alimin fətvalarına baxsanız, onların bəzi əməllərin və sözlərin küfr olmasını və həmin adamların kafir olduğunu dedikləri fətvaları var. Bu isə bu ittihamın batil olduğunu sübut edir. Həmçinin bu ittihamı edənlər iki məsələni qarışdırmışlar. Təkfir qapısının darlaşdırılmasını, təkfir edilməli olan şəxslərin olmasının inkar edilməsi ilə qarışdırmışlar. Alimlər hüccət qalxandan, şərtlər yerinə oturandan və manelər aradan gedəndən sonra müəyyən şəxsi təkfir etmişlər. Yoxsa, kimi gəldi əməli küfr olsa belə şərtsiz təkfir etməmişlər.

Üçüncü ittiham: Siz hakimi təkfir etmədiyinizə görə ona qarşı çıxmırsız və bununla da cihadı inkar edirsiniz.

Cavab: Bu sözü deyən öz batil iddiasını iki döğru olmayan əsas üzərində qurmuşdur.

Birincisi, o elə zənn edir ki, hər küfr edən kafir olur. Bu isə batildir. Küfr edən müsəlman üzərindən şərtlər etməyənə qədər kafir olmur. İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “Heç kəsə müsəlmanlardan xətaya düşəni hüccət qaldırılıb dəlil bəyan edilmədikcə təkfir etməsi icazəli deyil. Kimin İslamı yəqinliklə sabit olarsa, onun İslamı şəkk ilə aradan qalxmaz. Bu, yalnız hüccətin qaldırılması və şübhənin aradan getməsi ilə mümkündür”. (Məcmuul-Fətava, 12/466).

Təkfir etməyin şərtləri haqda bu keçiddən oxuyun: Təkfirin şərtləri

İkincisi, həmin şəxs hakimin küfr etməsini ona qarşı çıxmağı gərəktirdiyini hesab edir,  Bu sözü deyən yenə iki məsələni qarışdırmışdır. Bu isə cihadın şəri qaydalarla edilməsi ilə cihad ibadətinin olmasının inkar edilməsini ayıra bilməməsidir. Cihad ibadəti qaydalar üzərində qurulmadıqda, sadəcə döyüş, quldurluq, canilik, haqsız yerə qanları axıtmaqdan başqa bir şey deyil. Cihad yalnız şərtlər daxilində Allah üçün cihad sayılır. Bizi cihadın inkarında ittiham edən isə səhv etmiş və batil ittihama yol vermişdir. Əhli Sünnədən heç kim cihadı inkar edə bilməz, çünki cihad İslam dinində sabitdir, lakin bütün şəri məsələlər kimi cihad da şərtlər daxilində əsl cihad sayılır. Necə ki, digər məsələlərin də səhih olması üçün şərtləri var.

Dördüncü ittiham: Əhli Sünnəni murciəlikdə ittiham etmişlər. Təkfir və xavaric əhli təkfir edilməyən insanları təkfir etmədiklərinə görə Əhli Sünnədən olanları təkfir etmiş və belə demişlər: “Siz artıq murciə şübhələrinə daxil olmusunuz və siz Allahın hökmü ilə hökm verməyən hakimləri təkfir etmədiyinizə görə murciə olmusunuz”. Bu isə böyük bir yalan və batil ittihamdır. Bunu deyənlər Əhli Sünnə ilə murciələr arasında təkfir məsələsində olan fərqi bilmir. Bəzi zəlalət firqələrinin Əhli Sünnəyə müvafiq olmaları Əhli Sünnə uçun ayıb sayılmır. Murciələr də bəzi məsələlərdə Əhli Sünnəyə müvafiq olmuşlar. Lakin digər məsələlərdə müxalif olaraq bidət firqəsi olmuşlar. Elə bir azmış firqə yoxdur ki, onların bəzi fikirləri Əhli Sünnəyə müvafiq olmasın, lakin digər məsələdə olan müxalifliyi onları bidətçi etmişdir.