Böyük alim Şeyx Abdul-Aziz ibn Bəzin rəyi

English

Həmd Allaha məxsusdur. Allahın elçisinə, onun ailəsinə, səhabələrinə və onun yolu ilə gedənlərə
salam və xeyir dua olsun.

Hörmətli şeyximiz Muhəmməd Nasiruddin əl-Albaninin (Allah onu Cənnətə müvəffəq etsin) “Müsəlmanlar” qəzetində çap olunmuş “Allahın nazil etdiyindən eyrisi ilə hökm verəni təfsilatsız olaraq təkfir etmək olarmı?” sualını verən şəxsə verdiyi faydalı cavabı oxudum. Sonra da bunun çox qiymətli bir cavab olduğunu gördüm. O bu cavabda haqqa nail olmuş və möminlərin yolu ilə getmişdir. O açıqlamışdır ki, heç kəs Allahın nazil etdiyindən qeyrisi ilə hökm verən şəxsin bunu qəlbində də halal etdiyini bilməyincə əməlinə görə onu birbaşa təkfir etməməlidir. Şeyx əl-Albani buna həm İbn Abbasdan (Allah ondan razı olsun), həm də digər sələfi salehdən dəlillər gətirmişdir. Şübhəsiz ki, o bu cavabda qeyd etdiyi “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir”“Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar zalımlardır”, “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar fasiqlərdir” ayələrinin təfsiri doğrudur. Şeyx açıqlamışdır ki, böyük və kiçik olmaqla zülm və fasiqlik iki növ olduğu kimi küfr də iki növdür: Böyük və kiçik küfr. Beləliklə, kim Allahın nazil etdiyindən qeyrisi ilə hökm verməyi və ya zinanı, yaxud sələmi, yaxud da haram olmasında bütün müsəlmanların yekdil rəydə olduqları digər şeyləri halal görərsə, o böyük küfr, böyük zülm və böyük günah etmiş olur. Kim də bunları halal görmədən edərsə İbn Məsudun (Allah ondan razı olsu Peyğəmbərdən - sallallahu aleyhi və səlləm - rəvayət etdiyi “Müsəlmanı söymək fasiqlik, öldürmək isə küfrdür” (əl-Buxari, 48; Muslim, 64) hədisinə görə onun küfrü kiçik küfr, zülmü kiçik zülm və fasiqliyi da kiçik fasiqlik olur. Peyğəmbər - sallallahu aleyhi və səlləm - bu hədisdə kiçik fasiqliyi və kiçik küfrü nəzərdə tuturdu. Amma o insanları bu çirkin əməldən çəkindirmək üçün belə dedi. Peyğəmbərin - ona Allahın salavatı və salamı olsun - “İnsanlarda iki (xislət) vardır ki, bunların onlarda olması küfrdür: (Bu,) əsil-nəsə­bə tənə vurmaq və ölünün üstündə vay-şivən salıb ağlamaq” (Muslim, 67) və “Məndən sonra bir-birinizin boynunu vurmaqla kafir olmayın!” (əl-Buxari, 121; Muslim, 232) hədisləri də bunun mislindədir. Bu cür mənada olan hədislər çoxdur.
Odur ki, hər bir müsəlmana, xüsusən də elm əhlinə bütün məsələləri yəqin etmək (təsbit etmək), onlara Kitab və Sünnənin işığında və sələfi salehin yolu ilə hökm vermək və təfsilatsız olaraq hökmlər verən əksər insanların getdiyi təhlükəli yoldan çəkinmək lazımdır. Elm əhlinin də borcudur ki, Allaha olan dəvətdə təfsilatlı olmağa, İslamı insanlara Kitab və Sünnədən olan dəlillərlə açıqlamağa, onları İslam üzərində möhkəm dayanmağa (sədaqətli olmağa) həvəsləndirməyə, bu işdə məsləhətləşməyə və nəsihət verməyə və (insanları) İslam hökmlərinə müxalif olan bütün şeylərdən çəkindirməyə diqqət yetirsinlər. Bununla da onlar haqq yolunu açıqlamaqda, insanları ona yönəltməkdə və onları aşağıda qeyd edəcəyimiz ayə və hədislərə müxalif olan şeylərdən çəkindirməkdə həm Peyğəmbərin - sallallahu aleyhi və səlləm, həm onunraşidi xəlifələrinin, həm də (Allahın) razı qaldığı səhabələrinin yolu ilə getmiş olurlar. Uca Allah buyurur: “İnsanları Allaha tərəf çağıran, yaxşı iş görən və: “Həqiqətən, mən müsəlmanlardanam!”– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?” (Fussilət, 33); “De: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, mötəbər dəlillərə əsasən, insanları Allaha tərəf çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm” (Yusuf, 108); “İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır” (ən-Nəhl, 125).

Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: “Kim xeyrə yönəldərsə ona onu (həmin xeyri) edənin savabı qədər savab yazılır”(Muslim, 1893). “Kim doğru yola dəvət edərsə ona (həmin yola) tabe olanların savabı qədər savab yazılır. Bu (həmin yola tabe olanların) savablarından heç nə azaltmır. Kim də azğınlığa dəvət edərsə ona həmin yola) tabe olanların günahı qədər günah yazılır. Bu isə (həmin yola tabe olanların) günahından heç nə azaltmır”. (Muslim, 2674, 6980). Peyğəmbər - sallallahu aleyhi və səlləm - Əli bin Əbi Talibi (Allah ondan razı olsun) Xeybər yəhudilərinin üzərinə göndərdikdə ona demişdir: “(Öncə) onları İslama dəvət et və onlara Allahın onlar üzərində olan haqqını çatdır. Allaha and olsun ki, əgər Allah sənin vasitənlə bir kişiyə hidayət verərsə bu sənin üçün qırmızı dəvə karvanlarından daha xeyirlidir” (əl-Buxari, 3009; Muslim, 2406, 6376). 

Peyğəmbər - sallallahu aleyhi və səlləm - Məkkədə ikən on üç il insanları nəsihətlə, hikmətlə, səbirlə və gözəl bir üslubla Allahın təkliyinə və İslam dininə daxil olmağa çağırdı. Nəhayət uca Allah həm onun, həm də səhabələrinin əli ilə xoşbəxtliyi ilk qazananlara hidayət verdi. Sonra isə o, Mədinəyə hicrət etdi. Uca Allah kafirlərə qarşı qılıncla olan cihadı fərz edənə qədər Peyğəmbər - sallallahu aleyhi və səlləm - və onun səhabələri hikmətlə, gözəl öyüd-nəsihətlə, səbirlə və gözəl şəkildə mübahisə etməklə insanları Allaha dəvət etməkdə davam etdilər. (Uca Allah cihadı fərz etdikdənsonra isə) Peyğəmbər - sallallahu aleyhi və səlləm - və onun səhabələri y buna layiqincə (tam şəkildə) əməl etdilər. Uca Allah da onlara kömək etdi, qələbə qazandırdı və onlara gözəl bir aqibət nəsib etdi. Qiyamət gününə qədər onların yolu ilə gedib, onlara gözəl şəkildə tabe olanlara bu cür gözəl aqibət və qələbə nəsib olacaqdır.

Allahdan istəyirəm ki, həm bizi, həm də din qardaşlarımızı onlara gözəl şəkildə tabe olanlardan etsin və həm bizə, həm də Allaha dəvət edən qardaşlarımıza güclü dərrakə, saleh əməl və Allaha qovuşana qədər haqq üzərində səbir bəxş etsin. Həqiqətən o buna layiqdir və buna qadirdir. Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə, səhabələrinə və Din (Qiyamət) gününə qədər onların ardınca gedənlərə Allahın xeyir duası və salamı olsun!