Təkfir məsələsi barəsində şeyx əl-Albaninin söylədikləri

English

Həqiqətən şükür və tərif yalnız Allaha məxsusdur! Biz Ona həmd edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma və bizi doğru yola yönəltməyi diləyirik, nəfslərimizin şərindən və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq. Allah kimə hidayət verərsə, o, doğru yolda olar, kimi azdırarsa, onu doğru yola yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Şübhəsiz ki, təkfir məsələsi yalnız hakimlərə aid edilmir, əksinə, həm də onların tabeçiliyində olanlara (adi insanlara) da aid edilir. Ümumilikdə isə bu məsələ çox qədim və böyük bir fitnədir ki, bunun da əsası “Xavariclər” adı ilə tanınmış qədim İslam firqələrindən olan bir firqədən götürülmüşdür. Çox təəssüf ki, bəzi dəvətçilər və ya şövqə gələnlər Kitab və Sünnədən kənara çıxırlar. Amma bunu kitab və Sünnənin adı ilə edirlər. Bunun səbəbi də iki şeydən irəli gəlir:
Birinci: Elmin səthiliyi. İkinci – ən mühümü də elə budur: Onların şəriət qaydalarını öyrənməməkləri. O qaydalar ki, səhih İslam dəvətinin əsasını təşkil edir və bunlardan kənara çıxan hər bir şəxs Peyğəmbərin - sallallahu aleyhi və səlləm - bir çox hədislərdə tərifləmiş olduğu camaatdan sapan firqələrdən sayılır. Həmçinin, bu qaydaları Uca Rəbbimiz (Qurani Kərimdə) xatırlamış və onlardan kənara çıxan şəxsin Allaha və Onun Rəsuluna qarşı çıxmış olduğunu bəyan etmişdir. Uca Allah buyurur: “Hər kəs özünə doğru yol bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir” (ən-Nisa, 115). Elm əhlinə aydındır ki, Uca Allah heç də “Hər kəs özünə doğru yol bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa... onu üz tutduğu yola yönəldər” sözü ilə kifayətlənməmişdir. Əksinə, Uca Allah möminlərin yolundan qeyrisinə uymağı Peyğəmbərə - sallallahu aleyhi və səlləm - qarşı çıxmağa əlavə edərək belə demişdir: “Hər kəs özünə doğru yol bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir” (ən-Nisa, 115). Möminlərin yolu ilə getmək və ya getməmək həm mənfi, həm də müsbət tərəfdən çox mühüm bir məsələdir. Odur ki, kim möminlərin yolu ilə gedərsə, aləmlərin Rəbbi yanında nicat tapar, kim də möminlərin yoluna müxalif olarsa, Cəhənnəm ona yetər və ora necə də pis dönüş yeridir. Elə buradan da – həm keçmişdə, həm də müasir dövrdə – çoxlu sayda tayfalar yollarını azdılar. Çünki onlar möminlərin yoluna tabe olmamaqla kifayətlənib dayanmadılar, əksinə onlar bununla bərabər Kitab və Sünnənin təfsirində öz ağıllarına və şəhvətlərinə uydular. Sonra da bunun üzərinə çox təhlükəli bir nəticələr qurdular və beləliklə də sələfi salehin üzərində olduğu yoldan kənara çıxdılar. Ayənin “möminlərin yolundan başqa bir yolla getsə” hissəsini Peyğəmbər - sallallahu aleyhi və səlləm - bir çox hədislərdə açıq-aydın təsdiqləmişdir. Həmin hədislərin bəzilərini qeyd edəcəyik. Bu hədislər nəinki xüsusi müsəlmanlara, sadə müsəlmanlara da gizli deyil. Lakin bu hədislərdə gizli olan yeganə şey hədislərin Kitab və Sünnənin fəhmində möminlərin yoluna tabe olmağın zəruriliyinə, bunun vacibliyinə və təsdiqlənməsinə dəlalət etməsidir. Bu nöqtənin zəruriliyi və vacibliyi haqda xüsusi insanlar belə qafildirlər və buna çox fikir vermirlər. Xüsusən də təkfir camaatı adı ilə tanınanlar və ya özlərini cihada mənsub edən camaatların bəziləri. Həqiqətdə isə onlar (cihad camaatı deyil) təkfirin qalıqlarıdır. Ola bilsin ki, onların arasında saleh və ixlaslı olanları da olsun. Amma sahibinin Uca Allah dərgahında müvəffəqiyyət qazananlardan və nicat tapanlardan olmasına tək bu kifayət etmir. Odur ki, hər bir müsəlman mütləq özündə iki şeyi cəm etməlidir:
1. Niyyəti uca Allah üçün sidq ixlaslı etmək.
2. Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yoluna gözəl şəkildə tabe olmaq.
Deməli müsəlmanın ixlaslı olub bunun müqabilində Kitab və Sünnə ilə əməl etməsi və onlara dəvət etməsi onun üçün kifayət deyil. Bundan əlavə onun tutduğu mənhəc (yol) mütləq düz, salamat, sağlam və doğru olmalıdır. Bu isə yalnız bu ümmətin keçmiş nəslinin salehlərinin getdikləri yola tabe olmaqla tamamlanır. Bu dediklərimizi gücləndirən sabit və məşhur hədislərdən biri də yetmiş üç firqə hədisidir. Bu hədisdə Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: “Yəhudilər yetmiş bir firqəyə bölündülər, nəsranilər yetmiş iki firqəyə bölündülər, mənim ümmətim isə yetmiş üç firqəyə bölünəcək. Bunların birindən başqa hamısı Cəhənnəmdə olacaq”. Soruşdular ki, “Ey Allahın Elçisi o (Cəhənnəmdə olmayan firqə) kimlərdir?” O dedi: “Camaatdır”. Başqa bir rəvayətdə isə “Mənim və səhabələrimin yolunda olanlardır” deyilir. (ət-Tirmizi, 2641. əl-Albani səhih olduğunu bildirmişdir). Buradan görürük ki, Peyğəmbərin - sallallahu aleyhi və səlləm - cavabı öncə qeyd etdiyimiz “möminlərin yolundan başqa bir yolla getsə” ayəsi ilə üst-üstə düşür. Ayənin ümumiliyinə isə ilk öncə Peyğəmbərin r səhabələri daxildirlər. Peyğəmbər - sallallahu aleyhi və səlləm - “Mənim yolumda olanlardır” sözü ilə kifayətlənə bilərdi, hərçənd ki, bu söz Kitab və Sünnəni həqiqi başa düşən müsəlmana kifayət edir – lakin o, uca Allahın haqqını ödəyərək Onun (öncə qeyd etdiyimiz) ayəsini əməli olaraq tətbiq etdi (və hədisdə “... və səhabələrimin yolunda olanlardır” sözünü də dedi). Çünki o, “Möminlərə şəfqətli, rəhmlidir” (ət-Tövbə, 128) Peyğəmbərin - sallallahu aleyhi və səlləm - öz səhabələrinə və ardıcıllarına olan şəfqətinin və rəhminin kamilliyindəndir. Beləliklə, onlara nicat tapan firqənin əlamətini açıqlamışdır ki, onlar Peyğəmbərin - sallallahu aleyhi və səlləm - və ondan sonra gələn səhabələrinin yoluna tabe olanlardan olsunlar. Odur ki, bütün müsəlmanlar, xüsusən də dəvətçilər Kitab və Sünnəni düzgün başa düşmək üçün nəsx-mənsuxu, ərəb dilini və fəhm üçün tanınmış olan digər bu kimi başlıca səbəbləri öyrənməkdə passiv olmamalıdırlar. Əksinə onlar hər şeydən öncə mütləq Peyğəmbərin - sallallahu aleyhi və səlləm - səhabələrinin getdikləri yola dönməlidirlər, çünki səhabələr barəsində varid olan əsərlərdən və onların həyatlarından aydın olur ki, onlar uca Allaha ibadətdə ən ixlaslı və Kitab və Sünnədə bizdən daha elmli idilər. Bununla yanaşı onlar bir çox tərifəlayiq sifətlərə də malik idilər. Bu hədis faydasına və səmərəsinə görə tamamilə Raşidi xəlifələr hədisinə bənzəyir. “Sünən” kitablarında  olan bu hədisdə İrbar ibn Səriyə (Allah ondan razı olsun) rəvayət edir ki: “Peyğəmbər - sallallahu aleyhi və səlləm - bizə elə bir moizə etdi ki, ondan bütün qəlblər qorxuya düşdü və bütün gözlər yaşardı. Biz dedik: “Ey Allahın elçisi! Bu sanki vidalaşma moizəsidir, elə isə bizə vəsiyyət et!” Peyğəmbər - sallallahu aleyhi və səlləm - dedi: “Üzərinizdə həbəşi bir qul əmirlik etsə belə onu eşidib itaət etməyi sizə vəsiyyət edirəm. Həqiqətən, sizdən kim həyatda qalarsa, bir çox ixtilaflar görəcək. Odur ki, sizə mənim və məndən sonra gələn Raşidi xəlifələrin sünnəsindən yapışmağı buyururam. Ondan arxa dişlərinizlə yapışın...”. (ət-Tirmizi, 2686; Əbu Davud, 4607; İbn Macə, 43-44. əl-Albani həsən səhih olduğunu bildirmişdir). Bu hədisdə olan əsas məqam Peyğəmbərin - sallallahu aleyhi və səlləm - öncə verilən suala verdiyi cavabının mənasıdır. Belə ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - (bütün) səhabələri qarşısında öz ümmətini onun sünnəsindən yapışmağa sövq etmiş, sonra da bununla kifayətlənməyib demişdir: “... və məndən sonra gələn Raşidi xəlifələrin sünnəsindən yapışın”. Odur ki, öz əqidəmizi, ibadətimizi, əxlaqımızı və xasiyyətimizi dərk etmək istəyiriksə, daima bu əsas ətrafında danışmalıyıq. Həmçinin, müsəlman üçün zəruri olan bütün bu məsələlərin başa düşülməsi üçün də saleh sələflərin mənhəcinə qayıtmaq labüddür. Belə olan təqdirdə onun nicat tapan firqədən olması həyata keçir.

Əvvəldə qeyd etdiyimiz ayənin nəyə dəlalət etdiyinə, Raşidi xəlifələrin sünnəsi barədə olan hədisə və ümmətin firqələrə bölünməsi barədə olan hədisə diqqət yetirmədiklərinə görə həm qədim, həm də müasir firqələr elə buradan yollarını azdılar. Onlardan əvvəlkilərin Allahın Kitabından, Peyğəmbərin - sallallahu aleyhi və səlləm - sünnəsindən və saleh sələflərin mənhəcindən sapdıqları kimi onların da sapmaları çox təbii bir iş idi.

Haqq yolundan sapanlardan biri də keçmiş və müasir xavariclərdir. Həm keçmişdə, həm də indiki zamanda baş verən təkfir fitnəsinin əsli tək bir ayədir ki, daima onun ətrafında danışırlar. Bu da Uca Allahın “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir”. (əl-Maidə, 44) ayəsidir. Onlar bu ayəni onun dərin mənalarına varmadan götürür və doğru dürüst dərk etmədən də onu sitat gətirirlər. Biz isə bilirik ki, bu ayə təkrarlanmış və sonluğu da üç ləfzlə tamamlanaraq gəlmişdir. Ayələrin sonluqları belədir: “...məhz onlar kafirlərdir”, “...məhz onlar zalımlardır” (əl-Maidə, 45), “...məhz onlar fasiqlərdir” (əl-Maidə, 47). Bu üç ayədən yalnız birincisini, “...məhz onlar kafirlərdir” ləfzi ilə gələnini dəlil kimi götürənlərin tam avamlıqlarındandır ki, onlar ən azından “Küfr” ləfzi ilə gələn istər Qurandan, istər də Sünnədən olan bəzi şəri dəlilləri başa düşməmişlər. Beləliklə də onlar heç nəyə baxmadan ayənin dindən çıxma mənasını verdiyini və küfrə düşən şəxslə (müsəlmanla) İslam ümmətindən xaric olan yəhudilərdən, nəsranilərdən və digər ümmətlərdən olan müşriklər arasında heç bir fərqin olmadığını qəbul etmişlər. Əslində isə “küfr” ləfzi Kitab və Sünnədə daima onların ətrafında danışdıqları və bu təhlükəli və səhv fəhmə təhrik etdikləri mənanı vermir. Yalnız bir mənaya dəlalət etmədiyinə görə “kafirlərdir” ləfzi digər iki, “zalımlardır” və “fasiqlərdir” ləfzləri ilə eynidir. Əgər kimsə zalım və ya fasiq sifəti ilə vəsf olunmuşsa, bu onun hökmən öz dinindən dönməsinin gərəkli olduğunu göstərmir. Eləcə də kim kafir sifəti ilə vəsf olunsa, bu da (əvvəlki iki sifətlə) tamamilə eynidir. Bu bir ləfzin müxtəlif mənalarda gəlməsinə öncə ərəb dili, sonra isə ərəblərin (Qurani Kərimin) dilində gələn şəriət dəlalət edir. Elə bu səbəbdən də – istər hakimlər, istər də onların tabeçiliyində olanlar (adi insanlar) olsun – müsəlmanlar barəsində hökm çıxartmağa qatışan hər bir şəxsə, Kitab və Sünnə sahəsində geniş elmə məxsus olması və saleh sələflərin mənhəci üzərində olması vacibdir. Kitab və Sünnəni isə ərəb dilini və onun ədəbiyyatlarını doğru dürüst şəkildə dərk etmədən başa düşmək mümkün deyil. Odur ki, əgər ərəb dilini dərk etməkdə elm tələbəsində naqislik olarsa, bu naqisliyi doldurmaqda ona kömək edəcək şey onun özündən öncə yaşamış imamların, alimlərin, xüsusən də xeyirli olmaları barəsində şəhadət verilən o üç nəslin (səhabələrin, tabiinlərin və ətbau-tabiinlərin) fəhminə qayıtmasıdır. İndi isə “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir” ayəsinə qayıdaq. Ayədəki küfrdə nəzərdə tutulan şey nədir? Bu ümmətdən çıxmaq deməkdir, yoxsa başqa bir şeydir? Deyə bilərəm ki, bu ayəni başa düşmək üçün hökmən diqqətli olmaq lazımdır, çünki bu “əməli küfr” mənasını da verə bilər. Bu isə bəzi İslam hökmlərindən yalnız əməldə çıxmaqdır. Bu fəhmdə isə bizə təfsir elminin yeganə imamı olmasında – zəlalətə düşən firqələr istisna olmaqla – bütün müsəlmanların yekdil icma etdikləri, Quranın tərcümanı və ümmətin alimi sayılan Abdullah bin Abbas (Allah ondan razı olsun) kömək edə bilər. Sanki, o zaman İbn Abbasın (Allah ondan razı olsun) qulağına da tamamilə bizim bu gün eşitdiklərimiz çatmışdır ki, bəzi insanlar bu ayəni təfsilatsız olaraq ötəri başa düşürlər. Odur ki o, (ayədəki “küfr” sözü barəsində) belə demişdir: “Bu heç də sizin başa düşdüyünüz “küfr” deyil”; “Şübhəsiz ki bu, (insanı) İslam ümmətindən (dindən) çıxaran küfr deyildir”; “Bu küfrsüz küfrdür”.
Ola bilsin ki İbn Abbas (Allah ondan razı olsun) bu sözləri ilə möminlərin əmiri Əliyə (Allah ondan razı olsun) qarşı çıxan, sonra da bunun nəticəsi olaraq möminlərin qanlarını tökən və müşriklərə qarşı etmədiklərini müsəlmanlara qarşı edən xavaricləri qəsd edir. Odur ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Bu heç də onların dedikləri və ya güman etdikləri kimi deyil. Şübhəsiz ki bu küfrsüz küfrdür. Bu İbn Abbasın (Allah ondn razı olsun) ayənin təfsirində olan qısa və açıq-aydın cavabıdır ki, öncə qeyd etdiyim dəlillərdən də elə yalnız bu hökm başa düşülür. Şübhəsiz ki, “küfr” sözü Quran və hədislərdən olan bir çox başqa dəlillərdə də zikr olunmuşdur. Odur ki, “küfr” sözü bu dəlillərin hamısında heç də millətdən (dindən) çıxmaq mənasında gəlmir.

Bu qəbildən olan hədislərdən biri də əl-Buxari və Muslimdə gələn Abdullah bin Məsudun (Allah ondan razı olsun) rəvayət etdiyi məşhur hədisdir. İbn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - ona Allahın salavatı və salamı olsun - demişdir: “Müsəlmanı söymək fasiqlik, onunla vuruşmaq isə küfrdür”. Buradakı küfr günah mənasındadır. O günah ki, insanı itaətdən çıxardır. Lakin buna baxmayaraq açıqlamaqda insanların ən fəsahətlisi olan Peyğəmbər - salləllahu aleyhi və səlləm (müsəlmanları) hədələməkdə mübaliğə edərək belə dedi: “... onu öldürmək isə küfrdür”. Başqa bir tərəfdən, hədisin “Müsəlmanı söymək fasiqlikdir...” hissəsindəki “fasiqlikdir” sözünü “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar fasiqlərdir” ayəsində zikr olunan fasiqlik sözünün mənası kimi izah edə bilərikmi?  Bunun cavabı belədir; bu, insanı dindən çıxardan mənasını verən “küfr” sözünün sinonimi sayılan “fasiqlik” də ola bilər, həmçinin, insanı dindən çıxardan mənasını verməyən, yəni Quranın tərcümanı sayılan İbn Abbasın (Allah ondan razı olsun) dediyi kimi “Bu küfrsüz küfrdür” mənasını verən, “küfr” sözünün sinonimi sayılan “fasiqlik” də ola bilər. Bu hədis təsdiq edir ki, “küfr” sözü başqa mənada da ola bilər. Çünki uca Allah demişdir: “Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları barışdırın. Əgər onlardan biri digərinə qarşı təcavüz etsə, təcavüzkar dəstə ilə, o, Allahın əmrini yerinə yetirməyə qayıdanadək, vuruşun”. (əl-Hucurat, 9). Uca Allah bu ayədə haqlı olan mömin dəstəyə qarşı vuruşan təcavüzkar dəstəni zikr etmiş və bununla bərabər təcavüzkar dəstəyə küfr hökmünü verməmişdir. Hərçənd ki, hədisdə “... onunla vuruşmaq isə küfrdür” deyilir. Deməli, müsəlmanla vuruşmaq (bu əməli edəni) kafir etməyən küfrdür. Əvvəlki ayənin təfsirində İbn Abbas (Allah ondan razı olsun) elə tamamilə bu cür demişdir. Beləliklə, müsəlmanın müsəlmanla vuruşması təcavüzkarlıq, düşmənçilik günah və küfrdür. Lakin küfr dedikdə bu “əməli küfr” də ola bilər, “etiqadı küfr” də. Elə buradan da bu dəqiq təfsilat meydana çıxdı. O təfsilat ki, onun açıqlamasını İmam Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) mənimsəmiş və onu şərh etmişdir. Bu açıqlamanı ondan sonra onun sadiq tələbəsi olan İbn əl-Qeyyim əl-Cəuziyyə (Allah ona rəhm etsin) də mənimsəmişdir. Belə ki, küfrü bu cür qisimlərə ayırmaq məsələsində diqqətli olmaq və bunun ətrafında danışmaqda onların böyük xidməti var. Küfrü bu cür qisimlərə ayırmağın təməlini isə qısa və mənalı sözü ilə Quranın tərcümanı olan İbn Abbas (Allah ondan razı olsun) qoymuşdur. İbn Teymiyyə və onun tələbəsi və dostu olan İbn əl-Qeyyim əl-Cəuziyyə (Allah ona rəhm etsin) daima etiqadı küfr ilə əməli küfr arasında fərq qoymağın zəruriliyi ətrafında danışmışlar. Əgər bu fərq olmasa müsəlman olan şəxs özü də bilmədən onu müsəlman camaatından çıxardan bir fitnəyə düşər. O fitnə ki, ona keçmişdə xavariclər, indiki dövrdə isə onların bəzi quyruqları bu fitnəyə düşmüşlər.

Yekun söz odur ki, Peyğəmbərin - sallallahu aleyhi və səlləm - “... onunla vuruşmaq isə küfrdür” sözü qətiyyən (insanı) dindən çıxardan (küfr) mənasını vermir. Bu barədə isə hədislər həddən artıq çoxdur. Bu hədislərin hamısı öncə qeyd etdiyimiz ayəni başa düşməkdə öz zəif fəhmlərində durub dayanan və həmin ayənin təfsirinin “etiqadı küfr” olmasının vacibliyini görən xavariclər və onların quyruqları üçün qənaətbəxş dəlildir. Hal hazırda isə bizə öncə qeyd etdiyimiz hədis kifayət edər, çünki bu hədis müsəlmanın müsəlman qardaşı ilə vuruşmasının etiqadı küfr deyil, əməli küfr mənasında olmasına kəsərli dəlildir. Əgər biz təkfir camaatına – və ya onlardan törəyənlərə – və onların hakimlər – xüsusən də hakimlərin bayrağı altında yaşayıb onların hökmləri və vəzifələri altında çalışanlar – barəsində dedikləri küfr və riddəyə (dindən çıxıb mürtəd olmağa) qayıtsaq görərik ki, bütün bunlar onların iyrənc nəzəriyyələri üzərində qurulmuşdur. Bu iyrənc nəzəriyyənin özü də “Onlar günah işlər gördülər və buna görə də təkfir olunurlar” üzərində qurulmuşdur. Həmçinin, xatırlanması və hekayət olunması fayda verən əməllərdən biri də odur ki, mən təkfir camaatından olan bəzi insanlarla görüşdüm və sonra da Uca Allah onlara hidayət verdi. Mən onlara dedim: “Budur, siz bəzi hakimləri təkfir edirsiniz. Bəs məscidlərin imamlarını, xətiblərini, müəzzinlərini və xidmətçilərini nə üçün təkfir edirsiniz? Nə üçün məktəblərdə və digər yerlərdə şəriət elmi verən müəllimləri də təkfir edirsiniz?” Onlar belə dedilər: “Çünki, onlar Allahın nazil etdiyindən qeyrisi ilə hökm verən hakimlərin hökmünə razılıq göstərirlər”. Mən onlara dedim: “Əgər Allahın nazil etdiyindən qeyri hökmə olan bu razılıq qəlbi razılıqdırsa, onda “əməli küfr” “etiqadı küfrə” çevrilir. Şübhə də yoxdur ki, Allahın nazil etdiyindən qeyri hökmün müasir dövr üçün münasib olduğunu və Kitab və Sünnədə gələn şəriət hökmlərinin isə münasib olmadığını hesab edib onu etiqad edərək onunla hökm verən istənilən hakimin küfrü yalnız əməli küfr deyil, həm də etiqadı küfrdür. Kim də onun razılıq göstərdiyi və etiqad etdiyi ilə razılaşarsa, onun hökmündədir”. Bu yerdə Şeyx əl-Albani (Allah ona rəhm etsin) sözünə izahat verərək demişdir: “Bununla belə onlar bizə – batilcəsinə – əsrin murciələri ləqəbini verirlər". Daha sonra Şeyx əl-Albani (Allah ona rəhm etsin) buyurur: "Sonra mən onlara dedim: “Birincisi odur ki, siz kafir qərb (dövlətlərinin) qanunları ilə – və ya əksər qanunları ilə – hökm verən hər bir hakimin hökmünü verə bilmirsiniz. (Siz yalnız) “Allahın nazil etdiyindən qeyrisi ilə hökm vermək olarmı?!” deyə soruşulduğu zaman “Bu qanunlarla hökm vermək bu əsr üçün düzgün və yararlıdır, İslam qanunları ilə hökm vermək isə düzgün deyil!” cavabını verənlərin hökmünü verə bilərsiniz. Çünki onlar bu cür cavab versələr, şübhə yoxdur ki, əsl kafir olurlar. İndi isə tabeçilikdə olanlara keçək. Onların arasında alimlər, saleh insanlar və başqaları da var. Elə isə, sadəcə əhatə olunduqları hökmün altında yaşadıqlarına görə onların əleyhinə necə küfr hökmünü verirsiniz? Axı siz də onların əhatə olunduqları həmin hökmün altında yaşayırsınız. Amma siz elan edərək bildirirsiniz ki, onlar kafirdirlər, mürtəddirlər və Allahın nazil etdiyi ilə hökm vermək vacibdir. Sonra da özünüz üçün bəraət qazandıraraq deyirsiniz ki, “Şəriət hökmünə müxalif bir əməl edən kimi həmin adamın dərhal dindən çıxması hökmünü vermək heç də labüd deyil!” Sizdən qeyriləri də elə eynilə bu sözləri deyirlər. Amma siz onlara – haqsız olaraq – təkfir və riddə (dindən çıxmaq) hökmünü də əlavə edirsiniz. Onların xətalarını və azğınlıqlarını bəyan edən
məsələlərdən biri də odur ki, onlara belə deyilir: “Lə iləhə illəllah və Muhəmmədən rasulullah şəhadətini gətirən – ola bilsin, namaz da qılır – müsəlmana nə vaxt dindən çıxması hökmü verilir?” Bir dəfə kifayət edərmi? Yoxsa onun dindən çıxdığı elan olunmalıdır? Şübhəsiz ki, onlar nə bunun cavabını biləcəklər, nə də ki, düzgün yola yönələcəklər. Odur ki, onlara belə bir misal çəkmək zərurətindəyik. Məsələn: Bir qazı öz adəti və nizamı ilə daima şəriətlə hökm verir. Lakin o bir hökmdə yanılır və şəriətə müxalif bir hökm verir. Yəni, haqqı zalıma verib məzlumu öz haqqından məhrum edir. Şübhə yoxdur ki, həmin qazı (bu dəfə) Allahın nazil etdiyindən qeyrisi ilə hökm verdi. Məgər siz onun (insanı) dindən çıxardan küfrü etdiyini deyəcəksiniz? Əlbəttə ki, onlar deyəcəklər ki, “Xeyr (o insanı dindən çıxardan küfr etməmişdir). Çünki bu əməl ondan bir dəfə meydana gəldi”. Elə isə (biz onlara belə) deyirik: “Həmin hökm və ya başqa bir hökm meydana çıxsa və bu dəfə də həmin qazı şəriətə müxalif olsa (onda necə), o (insanı dindən çıxardan) küfr etmiş olurmu?” Sonra bu sualı onlara təkrarlayaraq deyirik ki, bəs üçüncü, dördüncü dəfə etsə necə? Siz nə vaxt həmin şəxsin (insanı dindən çıxardan) küfr etdiyini deyəcəksiniz?! Onlar heç vaxt həmin qazının şəriətə müxalif verdiyi hökmlərinin miqdarına hədd qoya bilməyəcəklər və bu səbəbdən də onu təkfir etməyəcəklər. Amma onlar tamamən bunun əksini deyə bilərlər. Yəni, bilinsə ki, həmin qazı birinci verdiyi hökmdə Allahın hökmündən qeyri hökmü halal sayaraq onu yaxşı hesab edir və şəriət hökmünü də pis hesab edir, onda həmin saat – hətta birinci dəfədən belə – ona dindən çıxmaq hökmünü vermək düzgün sayılır. Bunun da əksi belədir: “Əgər həmin qazının onlarla müxtəlif məsələlərdə şəriətə müxalif hökm verdiyini görsək və sonra da ondan soruşsaq ki, “nə üçün Uca Allahın nazil etdiyindən qeyrisi ilə hökm verirsən” və o da cavabında “özüm üçün qorxdum, yaxud rüşvətə görə belə etdim” deyərsə, bu birincidən daha pis sayılar. Amma bununla bərabər biz onun qəlbindəki – Allahın nazil etdiyi ilə hökm verməyi düzgün hesab etmədiyi – fikrini bilməyincə onun kafir olduğunu deyə bilmərik. Yalnız onun bu fikrini bildikdən sonra “onun küfrü (insanı) dindən çıxardan küfrdür və o kafirdir” deyə bilərik”. Yekun söz belədir: Mütləq bilmək lazımdır ki, fasiqlik və zülm kimi küfr də iki qismə bölünür:
1. İnsanı dindən çıxaran küfr, fasiqlik və zülm. Bunların hamısı qəlbdə halal hesab edilməyə qayıdır.
2. İnsanı dindən çıxarmayan küfr, fasiqlik və zülm. Bunlar isə əməldə halal hesab edilməyə qayıdır.
Odur ki, bütün günahlar – xüsusən də bu dövrdə yayılmış əməldə halal hesab edilən faiz, zina, sərxoşedici içki içmək və qeyriləri – əməli küfrdəndir. Elə buna görə də biz bəzi günahlara uğrayan günahkarları – həmin günahları edərək onları əməldə halal hesab edən kimi – təkfir edə bilmərik. Onların qəlblərindəki – Allahın və Onun Rəsulunun - sallallahu aleyhi və səlləm - haram etdiklərini etiqadla haram görməmək – fikirlərinin bizə yəqinliklə aşkar olması isə müstəsnadır. Əgər bilsək ki, onlar qəlbdə də bu cür müxalifdirlər, onda hökm verə bilərik ki, onlar (insanı) dindən çıxardan küfr etmişlər. Əgər onların qəlblərində olanı bilməsək onlara küfr hökmü verməyə bizim heç bir əsasımız yoxdur. Çünki, biz Peyğəmbərin - ona Allahın salavatı və səalamı olsun - “Bir kişi öz qardaşına “ey kafir”- deyərsə, bu o ikisindən birinə qayıdır” (əl-Buxari, 6104) sözündəki təhdidin altına düşməkdən qorxuruq. Bu cür mənada gələn hədislər lap çoxdur. Onlardan böyük mənaya dəlalət edən bir hədisi qeyd edək. Bu, (rəvayət) müşriklərdən biri ilə vuruşan səhabənin qissəsində gəlmişdir. Həmin müşrik müsəlman səhabənin qılıncının zərbəsi altında olduğunu gördükdə “Əşhədu ən lə iləhə illəllah” dedi. Lakin səhabə buna fikir verməyib müşriki öldürdü. Bu xəbər Peyğəmbərə - sallallahu aleyhi və səlləm - çatdıqda, o, etdiyi əmələ görə səhabəyə öz etirazını şiddətli şəkildə ifadə etdi. Səhabə isə (öz növbəsində) özünə bəraət qazandırdı ki, müşrik şəhadət kəlməsini yalnız ölümdən qorxduğu üçün demişdi. Peyğəmbərin - sallallahu aleyhi və səlləm - cavabı isə belə oldu: “Məgər sən onun qəlbini yarmışdın?!” (Muslim, 278, 287). Deməli etiqadı küfrün bir başa əməl ilə heç bir başlıca əlaqəsi yoxdur". Şeyx əl-Albani (Allah ona rəhm etsin) izah edərək demişdir: “Elə əməllər də var ki, onu edən şəxs birbaşa etiqadı küfr etmiş olur, çünki həmin əməl qətiyyətlə və yəqinliklə onu edən şəxsin küfrünü göstərir. Belə ki, bu hərəkət həmin şəxsin dilindəki küfrünü də ifadə edir. Məsələn: Qəsdən və bilərəkdən Quranı tapdalamaq”. Sonra o, sözünə davam edərək buyurur: "Onun ən böyük əlaqəsi yalnız qəlblədir. Biz də fasiqin, günahkarın, oğrunun, zinakarın, sələmlə məşğul olanın və bunlara bənzəyənlərin qəlblərində olanları bilə bilmərik. Biz yalnız onlar qəlblərində olanları dilləri ilə ifadə etdikdən sonra bunu bilərik. Onların əməllərinə gəlincə, onlar şəriətə əməldə müxalif olmuşlar. Odur ki, biz həmin şəxslərə “Sən müxalif oldun, sən fasiqlik etdin, sən günah etdin” deyirik. Amma onlara “Sən küfr etdin və öz dinindən çıxdın” demirik. O vaxta qədər ki, dindən çıxmalarına hökm vermək üçün Allah qarşısında əlimizdə bəhanə olan bir şey onlardan bizə aşkar olsun. Bundan sonra isə onlara İslamda hamıya bəlli olan bir hökm gəlir. Bu da Peyğəmbərin - sallallahu aleyhi və səlləm - “Kim dinini  dəyişərsə, onu öldürün” sözüdür. Sonra mən müsəlman hakimlərinin təkfiri ətrafında danışan həmin şəxslərə belə dedim – və belə deməkdə də davam edirəm: “Fərz edin ki, həmin hakimlər dindən çıxan kafirdirlər. Həmçinin fərzedin ki, onlardan daha yüksək (təbəqədə) olan bir hakim də var. Elə isə – bu halda – yüksək təbəqədə olan bu hakimə onlar barəsində hökm tətbiq etmək vacibdir. Əgər biz həmin hakimlərin dindən çıxan kafirlər olmasında – təsəvvür edin ki – sizinlə razılaşsaq, siz əməli tərəfdən nə fayda qazanacaqsınız?! Siz bununla nə edə biləcəksiniz?" Əgər onlar “dostluq və düşmənçilik” deyə cavab versələr, biz onlara belə deyirik: “Dostluq və düşmənçilik – həm qəlbi, həm də əməli baxımdan – dostluq və düşmənçilik münasibəti göstərməklə bağlıdır və bacarığa uyğun olur. Odur ki, dostluq və düşmənçiliyin olmasında təkfirin və dindən çıxmağın elan edilməsi şərt deyil. Əksinə, dostluq və düşmənçilik bidətçidə, asidə və zalımda da olur”. Sonra onlara belə deyirəm: “Budur kafirlər artıq müsəlman diyarlarından bir neçə yerləri işğal ediblər və biz də çox təəssüf ki, yəhudilərin Fələstini işğal etməsinə məruz qalmışıq. Yaxşı, nə qədər ki – təkbaşına – kafir zənn etdiyiniz həmin hakimlərə qarşısınız, biz və siz (indi) onlara qarşı nə edə bilərik?!"

Kaş ki, siz bu məsələni bir kənara qoyub, bünövrəsində müsəlman dövlətinin quruluşu duran bir nizam qurmağa başlayardınız. Bu isə Peyğəmbərin - sallallahu aleyhi və səlləm - sünnəsinə tabe olmaqla olur. O sünnə ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - öz səhabələrini onun üzərində tərbiyə etmiş və onları onun qayda qanunları və əsası üzərində yetişdirmişdir. Biz dəfələrlə xatırlayır və dəfələrlə təsdiqləyirik ki, İslam hökmünü qaytarmaq üçün hər bir müsəlman camaatı yalnız İslam diyarında deyil, əksinə bütün diyarlarda haqqa əməl etməlidir. Bu isə üz növbəsində Uca Allahın “Müşriklərin xoşuna gəlməsə də, İslam dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur” (əs-Saffət, 9) kəlamını yerinə yetirmək üçündür. Peyğəmbərin - sallallahu aleyhi və səlləm - müjdə verən bəzi hədislərində bu ayənin gələcəkdə həyata keçməsi rəvayət edilmişdir. Bu Quran ayəsini və İlahi vədi həyata keçirməyə imkan əldə etmək üçün müsəlmanlara açıq-aydın və parlaq bir yol lazımdır. Məgər həmin yol hakimlərə üsyan elan etməklə olur? O hakimlər ki, (təkfirçilər) onların dindən çıxardan küfr etdiklərini zənn edirlər. Sonra da onlar etdikləri bu səhv və yanlış zənnə baxmayaraq, heç bir şey edə bilmirlər.

Odur ki, (belə bir sual meydana çıxır); Ən düzgün mənhəc hansıdır? Ən doğru yol hansıdır? Şübhəsiz ki, ən düzgün yol Peyğəmbərin - sallallahu aleyhi və səlləm - hər dəfə barəsində danışdığı və hər xütbəsində səhabələrinə “ən xeyirli yol Muhəmmədin - sallallahu aleyhi və səlləm - yoludur” deyə xatırladığı yoldur. Elə isə bütün müsəlmanlara – xüsusən də İslam hökmünü qaytarmağa daha çox diqqət yetirənlərə – Peyğəmbərin - sallallahu aleyhi və səlləm - başladığı kimi başlamaq lazımdır. Bunu da biz qısa olaraq iki yüngül kəlmədə qeyd edirik: Saflaşdırma və tərbiyə. Çünki biz işləri-gücləri hakimləri təkfir etməkdən başqa bir şey olmayan həmin ifratçıların bilmədikləri – və ya bilmək istəmədikləri – sabit və qatı həqiqətləri bilirik. Onlar elə hey hakimləri təkfir etməkdə davam edirlər. Amma onlardan fitnə və fəlakətlərdən başqa heç nə törənmir! Bu son illərdə onların əlləri ilə törənilən Məkkə fitnəsindən başlayaraq Misir fitnəsinə qədər baş verənlər, nüfuzlu insanların öldürülməsi, lap axır zamanlarda isə Suriyada baş verənlər, sonra hal-hazırda Misirdə və Əlcəzairdə baş verənlər və nəhayət bu fitnə və bəlanın nəticəsi olaraq günahsız müsəlmanların qanlarının axıdılması və bir çox fəlakətlərin və müsibətlərin baş verməsi göz qabağındadır. Bütün bunların hamısı onların Kitab və Sünnəyə və ən əsası da Uca Allahın “Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir” (əl-Əhzab, 21) sözünə müxalif olmalarının nəticəsidir. Əgər biz iddia deyil, doğurdan da bir ölkədə Allahın hökmünü qurmaq istəyiriksə, hakimləri təkfir etməkdənmi başlamalıyıq - halbuki döyüşmək bir yana, onlarla heç üzbəüz görüşə bilmirik – yoxsa Peyğəmbərin - sallallahu aleyhi və səlləm - başladığından başlamalıyıq? Əlbəttə ki, cavab belədir: “Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir” (əl-Əhzab, 21). Bəs Allahın Elçisi - sallallahu aleyhi və səlləm - nədən başladı? Elmin qoxusunu iyləyən hər bir şəxs yəqin bilir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - dəvətə haqqı qəbul etməyə hazır olduqlarını güman etdiyi fərdi şəxslərdən başladı. Sonra da səhabələrdən onun dəvətini qəbul edənlər qəbul etdi. Bu isə Peyğəmbərin - sallallahu aleyhi və səlləm - həyatından bəllidir. Bundan sonra isə Məkkədə müsəlmanların başına gələn əzab-əziyyətlər və təzyiqlər baş verdi. Sonra da birinci və ikinci hicrət əmr olundu. Nəhayət Uca Allah İslam dinini Mədinə şəhərində gücləndirdi. Elə orada da vuruşmalar və qarşıdurmalar başladı. Bir tərəfdən kafirlərlə, digər tərəfdən (əl-Əhzab, 21) də yəhudilərlə baş verən döyüşlər başladı... və ilaxir.
Deməli, necə ki Peyğəmbər - sallallahu aleyhi və səlləm - başlamışdır, eləcə də biz insanlara həqiqi İslamı öyrətməyə başlamalıyıq. Lakin biz sadəcə insanları öyrətməklə kifayətlənməməliyik, çünki artıq İslam dininə ondan olmayan, onunla heç bir əlaqəsi olmayan və möhtəşəm İslam qəsrini dağıtmağa səbəb olan bir çox bidətlər və yeniliklər daxil olmuşdur. Elə ona görə də dəvətçilərin borcudur ki, (ilk növbədə) İslam dinini ona daxil olan bu cür şeylərdən saflaşdırmaqdan başlasınlar. Birinci əsas elə budur: Saflaşdırma! İkinci əsas da odur ki, bu saflaşdırmaya gənc və naşı müsəlmanın saflaşmış həmin İslam üzərində tərbiyələnməsi də əlavə olunmalıdır".

Əgər biz (yalnız) bir əsrdən bəri yaranan İslam camaatlarını, onların düşüncələrini və məşğuliyyətlərini öyrənsək görərik ki, "İslam hökuməti istəyirik" deyə hay-küy salıb qışqırdıqlarına baxmayaraq onların əksəriyyəti nə bir fayda qazanıb, nə də ki başqasına bir fayda veriblər ki, onu da xatırlayaq. (Onların əsaslandıqları) bu zəif dəlilin nəticəsi olaraq çoxlu sayda insanların qanları töküldü. Onların şəriətə müxalif olan uğursuz cəhdlərini (yenidən) təkrarlamaları bir yana, biz hələ onlardan Kitab və Sünnəyə müxalif olan (yeni-yeni) əqidələr və Kitab və Sünnə ilə ziddiyyət təşkil edən (yeni-yeni) əməllər də eşidirik. Sonda belə deyirəm: “Dəvətçilərdən birinin bir sözü var – istərdim ki, onun ardıcılları ona əməl etsinlər və onu həyata keçirsinlər: “Öz qəlbinizdə İslam dövləti qurun ki, torpağınızda da sizin üçün qurulsun”. Çünki müsəlmanın əqidəsi Kitab və Sünnəyə əsasən səhih olarsa, şübhəsiz ki, bunun vasitəsilə onun ibadəti, əxlaqı, xasiyyəti və sairə də düzələcəkdir. Amma çox təəssüf ki, bu gözəl sözə həmin insanlar əməl etmədilər və beləliklə "müsəlman dövləti qurmaq istəyirik" deyə qışqırmaqda davam etdilər. Lakin bu heç bir nəticə vermədi. Bu yerdə şair onlar barəsində yaxşı demişdir:

Nicat istəyirsən, amma onun yolu ilə getmirsən,
Şübhəsiz ki, gəmi də quruda getmir.

Yəqin ki, bütün bu qeyd etdiklərim hər bir insaflı şəxsə qane edər və hər bir sərbəst insana yetər.
Allah kömək olsun!"

“əd-Dəvə əs-Səudiyyə” jurnalı, № 1511, sentyabr, 1995. Hicri Cumədəl-Ulə 14116.

Müsəlman Alimlərinin Müasir Çağırışlara Cavabı” kitabı, 8 – ci fəsil: Təkfir Barəsində Olan Sualların Həlli