Təkfir məsələsində hökmü kim verə bilər?

English

İbn Qeyyim (Allah ona rəhm etsin) deyir: "Allahın adından danışmaq və fətva vermək üçün insan elm və sadiqliklə vəsf olunmalıdır. Çatdıran çatdırdığını bilməli və bu məsələdə sadiq olmalıdır. Bununla yanaşı əxlaqı gözəl, sözlərində və əməllərində ədalətli olmalıdır. (Adil insan odur ki, böyük günahlara yol verməz və kiçik günahlarda israr etməz). Həmin insanın gizli halı ilə aşkarda olan halı yaxın olmalıdır. Əgər padşahların yanında onların adından imza çəkmək fəzilətli və dərəcəsi olan bir işdirsə, aləmlərin Rəbbi adından imza çəkmək necə bir dərəcədir?" (İləmul-Muvəkkiin, səh. 10).

İnsan halal və haram məsələsində danışırsa, Allahın adından danışmı. olur. Uca Allah buyurur: "Diliniz yalana vərdiş etdiyi üçün: Bu halaldır, o haramdır!"- deməyin. Çünki bununla Allaha iftira yaxmış olursunuz. Allaha iftira yaxanlar nicat tapmazlar". (ən-Nəhl, 116). Bu səbəbdən də insanın halal və haram barəsində danışması bu qədər şiddətlidir. Təkfir isə bundan daha da şiddətlidir, çünki insan imanın əslindən, sabitliyindən və qeyri sabitliyindən danışır. Halal və haramdan danışan isə imanın şöbələri haqqında danışır.

Təkfir məsələsində hökm vermək üzərində böyük əhkamlar qurulur. Təkfir edilən şəxsin müsəlman xanımı artıq onun üçün halal olmur və həmin qadına onun nigahı altında qalması haramdır. Uşaqları da onun himayəsində qalmaz, çünki müsəlman bir qadının kafir bir kişiyə ərə getməsi icazəli deyil. Küfr üzrə ölənə müsəlmanlara tətbiq edilən hökmlər tətbiq edilmir; cənazəsi yuyulmur, namazı qılınmır, müsəlman qəbristanlığında dəfn edilmir, ona miras hökmləri tətbiq edilmir və ona heç kim mirasçı olmur. Küfr üzrə ölən - Allah qorusun - Allahın, mələklərin və bütün insanların lənətinə və Cəhənnəmdə əbədiyyən qalmağa mübtəla olur, onun bağışlanması üçün dua edilmir. Həmçinin, vəliliyinin düşməsi (qızını evləndirə bilməz), kəsdiyinin haramlığı, ona qız verilmir və s. İnsanın təkfir məsələsində xətaya düşməsi, başqa məsələlərdə xətaya düşməsindən daha şiddətlidir. Bu xətanın üzərində qurulanlar digər xətaların üzərində qurulmur. Bunun fəsadları çox böyükdür. Buna görə də alimlər bu məsələdən şiddətli dərəcədə çəkindirmiş və bunu ən böyük zülm və azğınlıqdan saymışlar. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurmuşdur: "Hər hansı kişi öz qardaşına: "Ey kafir!" - deyərsə, bu söz onların ikisindən birinə qayıdar". (əl-Buxari, 6104; Muslim, 60). "Heç bir insan digərini fasiqlikdə və kafirlikdə ittiham etməsin, çünki onun dediyi kimi olmasa, bu söylədiyi özünə qayıdar" (əl-Buxari 6045; Muslim 61).

İbn Əbil-İzz əl-Hənəfi (Allah ona rəhm etsin) deyir: "Müəyyən bir şəxsə Allahın onu bağışlamayacağını, ona rəhm etməyəcəyini, onu əbədi Cəhənnəmdə saxlayacağını şahidlik etmək ən böyük azğınlıqdır, çünki bu, kafirin öləndən sonra olan hökmüdür". (Şərhut-Təhavi, səh. 436).

Nicat tapmaq istəyən hər bir müsəlman başqa br müsəlmana küfr və ya şirk hökmü çıxarmaqda tələsməməlidir. Avam insanlara və elm tələbələrinə müəyyən şəxsə və ya camaata hökm vermək haramdır. Həmçinin, elmi az olan hər bir müəslmana təkfir məsələlərinə aid olan məclislərdən çəkinməsi vacibdir. Çünki, elmi az olanların bu məsələlərdən danışmaları Allahın ayələrini ələ salmaqdır. Uca Allah buyurur: Ayələrimizi istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər Şeytan (bu qadağan əmrini) sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə bərabər oturma!” (əl-Ənam, 68).

Şeyx Abdul-Lətif ibn Abdur-Rahmən ibn Həsən ibn Muhəmməd ibn Abdul-Vahhab (Allah ona rəhm etsin) təkfirdə tələsən bəzi kəslərə yazdığı məktubunda, təkfirdə tələsən iki kişiyə etirazını bəyan edəndən sonra demişdir: “Bu iki kişiyə Şeyx Muhəmməd İbn Abdul-Vahhabın (Allah ona rəhm etsin) bu əqidədən və məzhəbdən uzaq olduğunu çatdırıb dedim: “Şeyx, yalnız alimlərin yekdilliklə (hansısa əməlin insanı islamdan çıxaran küfr olması haqqında) razılaşdıqları, məsələn, hüccət çatdıqdan və bu dəlillər tam dərk olunduqdan sonra böyük şirk etmək, Allahın ayələrinə, peyğəmbərlərinə və sair küfr etmək kimi əməllərə görə kiməsə kafir deyir...”. Sonra təkfirdə tələsənlərə xitab edərək belə deyir: “Sizin haqqınızda bizə, buna oxşar xəbərlər çatıb. Siz də bu fəslin məsələlərinə girişmisiniz (lağlağı edirsiniz). Çöldə yaşayan yad ərəblərin: “Allahdan qeyrisin hökmü ilə hökm vermək”, Allaha şərik qoşan zəlalət əhlinin: “Dost və düşmənçilik”, “Sülh bağlamaq və yazışmaq", “Malların sərf olunması”, “Hədiyyələr“ kimi və ya buna oxşar danışdığı elə məsələrə girşmisinz ki, bu haqda yalnız ağıl sahibi, Allahın başa düşməklə ruziləndirdiyi, hikmət və batili haqqdan ayıra bilən alimlər danışır. Bu haqda söz ümumi əsasları bilməyə dayanır. Bunları, təfsilatlarını bilməyən, üz çevrən kəsə bu və başqa fəsillər haqda danışmaq icazəli deyil. Çünki ümumi, mütləq sözün harda deyilişi, təfsilatı haqda bilməmək, xəta və qarışıqlığa səbəb olur. Uca Allahın dinini başa düşməmək zehinləri qarışdırır və onunla Quran və Sünnəni başa düşmək arasında maneə qoyur”. (“Durərus-Səniyyə” 1/467-469).

Şeyx Abdullah İbn Abdur-Rahmən Əbu Batin (Allah ona rəhm etsin) demişdir: “Bir sözlə nəfsinə nəsihət edən kəsə Allahdan elm və açıq aydın dəlili olmadan bu məsələ haqda danışmamağı vacibdir. Bir insan sadəcə başa düşdüyü, ağlının bunu yaxşı hesab etməsi səbəbi ilə kimisə İslam dairəsindən çıxarmasından çəkinməlidir... Həmçinin, əgər alimlər bir şeyin küfr olmasında ixtilaf ediblərsə və məsələdə Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) açıq aydın dəlil yoxdursa, dinə görə ehtiyat edib dayanmaq bu məsələyə girişməmək lazımdır. Şeytan əksər insanları bu məsələdə azdırıb. Bir qisim insanlar Quranın, Sünnənin və İcmanın bir şəxsin küfrünə dəlalət etdiyi halda onu İslam dairəsində saxlamaqla naqisliyə yol vermişlər. Digər qisim isə həddi aşaraq Quranın, Sünnənin və İcmanın bir şəxsin müsəlman olduğuna hökm verdiyi halda onu İslam dairəsindən çıxarmışlar. Təəccüb ediləsi odur ki, onlardan birindən təharət, alış-veriş və ya buna oxşar məsələlər haqqında soruşsan, sadəcə başa düşdüyü, ağlı bunu yaxşı hesab etdi deyə fətva verməz. Əksinə, alimlərin sözlərini axtarar, onların dediyi kimi fətva verər. Bəs elə isə bu əzəmətli bir işdə - dinin ən əzəmətli və ən təhlükəli məsələsində sadəcə başa düşməsinə, ağlının bunu yaxşı hesab etməsinə necə etmiad edə bilər?! Ah, İslam üçün müsibət olan bu iki tayfanın əlindən! Fitnə o iki bəladandır”. (“Durərus-Səniyyə” 10/374-375).

Aşağıda təkfir məsələsinə aid bir neçə fərqə baxaq:

1 - Əhli Sünnə vəl Cəməa əqidəsinə görə iman - qəlbin etiqadı, dilin sözü və əzaların əməlidir. İman Əhli Sünnəyə görə hissələrə bölünür, itaətlə artır və günahlarla azalır. 

2 - Əhli Sünnəyə müxalif olanların iman məsələsində xətasının mənbəyi nədir? Xəvariclər və murciyə əqidəsində olanlar deyir ki: İman hissələrə bölünməyən bir şeydir. Murciyə deyir: Əgər İmanın bir hissəsi sabit olubsa, hamısı sabitdir. Xəvariclər isə deyir: Əgər bir hissəsi getdisə, hamısı gedir. 

3 - Dəlilsiz təkfir etmək bu ümmətdə qədimdən qalma bir əməl və ilk yaranan bidətlərdəndir. Günahlara görə təkfir etməyi birinci ortaya xəvariclər, sonra isə rafizilər, sonra bu bidət yerdə qalan digər bidət əhlinə keçmişdir. Bu, bidət əhlinin zahiri əlamətlərinə çevrilmişdir. 

4 - Bu dövrdə isə təkfir məsələsi bəzi toplumlarda var. Onlar Sünnə üzərində böyüməmişlər. Bunun nəticəsi də bütün müasir İslam cəmiyyətlərini təkfir etmək, sui-qəsdlər, partlayışlar, günahsız müsəlmanların qanlarının tökülməsi yaranmışdır. 

5 – Kafir və münafiq arasında fərq nədir? Kafir küfrünü açıq-aydın söyləyir, münafiq isə gizlədir. Küfr və nifaq bir baxımdan fərqlidir, bir baxımdan da birdir. Qəlbdə isə hər ikisi də küfrü etiqad edirlər. 

6 - Dünyada kiçik küfr edənlərin hökmü nədir? Onların hökmü günah əhlinin hökmü kimidir. İslam dairəsindən çıxmırlar. Onlara müsəlman hökmü verilir. Axirətdə isə Allahın istəyi altındadırlar. İstəyər onları bağışlayar, istəsə də əzab verər. Lakin onlar əbədi Cəhənnəmdə qalmayacaqlar. 

7 - Əhli Sünnə böyük günah edən şəxs barəsində orta mövqedədir. 

8 -  Təkfir və Təsfiq etmək (fasiq adlandırmaq) şəri hökmlərdir. Ağla heç bir yer yoxdur. Kafir Allah və Onun Rəsulunun (sallallahu aleyhi və səlləm) kafir elan etdiyidir, fasiq də Allah və Onun Rəsulunun (sallallahu aleyhi və səlləm) fasiq elan etdiyidir. 

9 - Müəyyən şəxsi təkfir etmək üçün şərtlər var. Bu haqda yuxarıda qeyd edildi və geniş danışıldı. 

10 - Təkfir məsələsinə baxmaq yalnız dində alimlərə, qazılara aiddir. O, alimlər ki, Quran və Sünnədən şəri hökm çıxarmağa qadirdilər. Onlar bu hökmləri müəyyən şəxslərə yönəltməyi bilirlər.

Həmçinin oxuyun: