Ümumi təkfirlə müəyyən şəxsi təkfir etmək arasındakı fərq nədədir?

English

Bəzi müsəlmanların  problemi, ümumi təkfiri düzgün başa düşməmələri və müəyyən təkfirlə ümumi təkfir arasında fərq qoymamalarıdır. Yəni “belə etmək küfrdür” deməklə “belə edən kafirdir” demək arasında, günahın özü ilə onu edən insan arasında fərq qoymamalarıdır. Yəni, ümumi dəlillərlə xüsusi dəlilləri bir birindən ayırmamaq bu problemlərə səbəb olur. 

İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: “Müəyyən şəxsə gəldikdə (onu) küfrdə ittiham etmək fərqlənə bilər. Hər xəta edən bidətçi və fasiq olmur, hər yolunu azan da kafir, fasiq və ya günahkar olmur”. (Minhəcus-Sunnə, 5/ 250). 

Başqa bir yerdə Şeyx (Allah ona rəhm etsin) buyurur:: “Quran və Sünnədə gələn özündə hədə daşıyan ayələr, alimlərin küfrdə, fasiqlikdə ittiham edən sözləri müəyyən şəxsə bir başa tətbiq edilmir. Bu müəyyən qaydalara riayət edildikdən sonra tətbiq edilir. Fərq etməz, bu istər dinin əsasında olsun, istərsə də şöbələrində olsun”. (Məcmuul-Fətava, 10/ 372; 35/ 165-166).

Həmçinin, Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “Mən onlara başa salmaq istəyirdim ki, sələf alimlərinin kimisə təkfir etmələri haqda onların gətirdikləri rəvayətlər həqiqətdir. Amma ümumi təkfir etməklə, müəyyən şəxsi təkfir etmək (yəni,  “filankəs kafirdir” demək) arasında fərq qoymaq vacibdir. Yəni “belə etmək küfrdür” deməklə, “belə edən kafirdir” demək arasinda fərq qoymaq vacibdir. Hər küfr edən kafir olmur. Hər nifaqı olan münafiq deyil”. (Məcmuul-Fətava, 3/ 229-231).

Bu qaydaya başqa misal da çəkmək olar. Məsələn: hədislərə isnad edərək, “bu əməli edənə Cənnət vacib oldu və ya bu əməl Cənnət əhlinin sifətlərindəndir” deməklə bu əməli edən insana “sən Cənnət əhlindən oldun” demək arasında fərq qoymaq lazımdır. O savabı edən insana “sən Cənnətliksən” deyə bilmədiyimiz kimi, o küfrü edən insana da “sən əbədi Cəhənnəmliksən” deyə bilmərik.

Dinimizdə əqidənin bünövrəsindən və böyük məsələlərdən sayılan hökmlərdən biri də məxsusi kiməsə etdiyi əmələ görə əzab vəd etməyin qadağan olunmasıdır. Təkfir etmək - əzab vəd etməkdir. Yəni, bir insanı təkfir etmək, onun Cəhənnəmdə olmasına hökm verməkdir. Kimsə hansısa bir ayəni və ya hədisi dəlil gətirib desə ki, “Uca Allah zinakarlara, faiz yeyənlərə və s. günah işləyənlərə əzab vəd edir. Mən də bu dəlillərin əsasında insanlara hökm verirəm”. Belə deyənə Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) bu cür cavab verir: “Qurani-Kərimdə əzab vəd etmək haqda olan ayələrə gəldikdə isə bu ayələr ümumi məna daşıyır. Məsələn, Uca Allah buyurur: "Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (Qiyamətdə) alovlu Cəhənnəmə girəcəklər" (ən-Nisa, 10). Bu və bu qəbildən olan digər ayələr buna misaldır. Bütün bu cür ayələr ümumi məna daşıyır. Ümumi hökmləri də hüccət qaldırılmamış müəyyən şəxslər üzərində tətbiq etmək olmaz”. (Məcmuul-Fətava, 3/ 229-231). Sonra İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “Bu ayələr alimlərin bu sözlərinə bənzəyir: “Kim belə edərsə, onun cəzası budur” və s. Sonra həmin günahkar adam, deyilən şiddətli bu əzabdan - ya etdiyi tövbə, ya günahlarını silən yaxşılıqlar, ya başına gələn müsibət, ya da qəbul edilən şəfaət və s. vastəsi ilə xilas ola bilər”. (Məcmuul-Fətava, 3/ 229-231).

Qurani-Kərimdə ümumi ayələr olduğu kimi, Sünnədə də ümumi hədislər, alimlərin rəylərində də ümumi fətvalar var. Məsələn, “kim Allahdan qeyrisindən kömək istəsə, kafir olar” və yaxud “namaz qılmayan kafirdir” kimi fətva nəql edən alimin digər fətvalarına baxmamış, cahilliyi üzürlü görməməsini iddia etmək düz deyil. Çünki, belə bir fətvanı hamı - üzür görən də görməyən də nəql edir. Çox vaxt alimlər istisnaları və üzürləri zikr etmirlər. Məsələn, heç kim belə bir fətvanın arxası ilə “ancaq məcburiyyətdən edilən küfr istisnadır” demir. Məgər bunu qeyd etməməsi, o deməkdir ki, həmin alim məcburiyyətdən edilən küfrü üzürlü saymır?! Alimlər işlətdikləri ümumi ifadələrin arxası ilə şərh vermək məcburiyyətində deyillər. Məs, hər hansı bir günahı zikr etdikdə “ancaq halal görərsə, kafir olar” ifadəsini işlətmək məcburiyyətində deyillər. Belə açıqlamalar və izahlar ancaq yalnış anlaşılmalar baş verdiyi zaman qeyd olunur.

Müəyyən bir alimin cahillik məsələlərində üzür görüb-görməməsini alimin fətvaları cəm olunduqdan sonra bilmək olar.

Zahirən ümumi təkfir kimi başa düşülən dəlillər qaynaq etibarilə üç yerə bölünür. Bu qisimləri zikr etmədən əvvəl bu dəlillərin nəyə görə təkfir adı şəklində rəvayət olunmasının hikmətinə toxunaq:

Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) demişdir: “Aişə - möminlərin anası Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruşdu: “Allah insanların gizlədiyi hər şeyi bilirmi?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) ona: "Bəli"- dedi". Bu da dəlalət edir ki, Aişə anamız bunu (Allahın hər şeydən xəbərdar olduğunu) bilmirdi və baxmayaraq ki, hüccət iqaməsindən sonra bu imanın əslindəndir (dolayısıyla inkarı küfrdür), Allahın insanların gizlədiyi hər şeyi bildiyini anlamadan öncə Aişə anamız kafir deyildi. Allahın hər şeyi bildiyini inkar etmək - Onun hər şeyə qadir olduğunu inkar etmək kimidir (məşhur kül hədisinə işarə edir). Bununla yanaşı Aişə anamız günaha qarşılıq (ikiqat) qınanmağa layiq kimsələrdən idi (Burda "Ey Peyğəmbərin zövcələri! Sizlərdən hər kim açıq-aşkar bir çirkin iş görsə, onun əzabı ikiqat artar. Bu, Allah üçün asandır" (əl-Əhzab, 30) - ayəsinə işarə edir). Bu səbəblə Peyğəmbər (salləllahu aleyhi və səlləm) onu itələdi və dedi: "Sən Allah və Onun Rəsulunun sənə haqsızlıq edəcəyindənmi qorxursan?" (İbn Teymiyyə "Məcmuul-Fətava" 11/ 412-413).

Həmçinin, Şeyxul-İslam buyurur: “Biz zəruri olaraq bilirik ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) heç kim üçün, nə “istiğasə” ləfzlərilə, nə də başqa ləfzlərlə ölülərdən, peyğəmbərlərdən, salehlərdən və digərlərindən heç kimədən dua etməyi (istəməyi) əmr etməmişdir. Həmçinin, o, ümmətinə ölüyə və ölüyə doğru səcdə etməyi və bənzəri şeyləri əmr etməmişdir. Əksinə, biz bilirik ki, o, bütün bu işləri qadağan etmişdir. Bunlar Allahın və Onun Elçisinin (salləllahu aleyhi və səlləm) haram etdiyi şirk əməllərdəndir. Lakin, son dönəm insanlarının çoxunda cəhalətin yayılması və risalətin dəlilləri haqda elmin azlığı səbəbilə, müxalif olduqları şeylərdə Allah Elçisinin (salləlahu aleyhi və səlləm) gətirdiyi şeylər onlara aydın olana qədər təkfir olunmazlar". (İbn Teymiyyə "əl-İstiğasə fir-Raddi aləl-Bəkri" 2/629-630).

İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: “Bir sözün küfr olması, onu deyənin kafir olmasını gərəkdirmir. Müəyyən şəxs barəsində küfrün sabit olması onun barəsində Cəhənnəmlik olmasının sabit olması kimidir”. (İbn Teymiyyə “İman”, səh. 256).

İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “O demək deyil ki, bir kəsin sözü küfrdürsə, dərhal onu deyəni təkfir edəsən. İnsan cahil və təvilçi ola bilər. Ona görə də bir kəsə kafir demək onu Axirətdə olan qorxu ilə müjdələməkdir. Bunun isə maneələri və şərtləri vardır” (“Minhəcus-Sunnə” cild 5, səh. 240).

İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “O ki qaldı əqidə məsələlərinə, əksər insanlar bu məsələdə xəta edənləri təkfir edirlər. Hansı ki, bu cür etmək nə səhabələrdən, nə tabiinlərdən, nə də ki hansısa imamlardan gəlmişdir. Bu cür etmək bidət əhlinin sözlərindən və onların sözlərindəndir”. (“Minhəcus-Sunnə” cild 5, səh. 239-240).

İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “Müəyyən bir şəxs ona hüccət qalxmayana qədər təkfir olunmur. Məs. Namazın və zəkatın vacibliyini inkar edir, içkini və zinanı halal sayır və təvil edir. Bu kimi insan hüccət qaldırmayıncaya qədər təkfir olunmur”. (əl-İmanul-Əusat 1/ 165).

Həmçinin, İbn Teymiyyə belə demişdir: "Bu səbəblə - onlarla problemlər ortaya çıxdıqda - mən Hululiyyədən olan Cəhmilərə və Allahın ərş üzərində olduğunu rədd edən tətilçilərə deyirdim: "Mən sizinlə həmfikir olsam kafir olaram, çünki sizin görüşünüzün küfr olduğunu bilirəm. Ancaq siz mənə görə kafir deyilsiniz, çünki cahilsiniz". Bu onların alimlərinə, fəzilətli insanlarına, şeyx və əmirlərinə ünvanlanmış bir söz idi. Bu səbəblə biz onun (Bəkrinin) cəhalətinə və bizə atdığı "kafir olduğumuz" iftirasına onun kimi qarşılıq vermirik (onu təkfir etmirik). Necəki, bir şəxs başqasına qarşı yalandan şahidlik edər və ya onu yalandan zina ilə ittiham edərsə, ittiham edilənin ona qarşı yalandan şahidlik etməsi və onu zinada ittiham etməsi icazəli olmaz". (İbn Teymiyyə "əl-İstiğasə fir-Raddi aləl-Bəkri" 1/383-385)

İmam Əbu Ubeydə (Allah ona rəhm etsin) buyurur: “Rəvayət olunan əsərlərdə bəzi günahların şirk və küfr adlandırılmasının səbəbi insandan islamı yox edən şirk və küfr deyil. Əksinə, bu əməlin kafirlərin və müşrüklərin əxlaqından, onların yolundan olduğunu bildirməkdir”. (İman kitabı, səh. 43).

Hafiz İbn əl-Həcər (Allah ona rəhm etsin) byurur: “Bəzi günahların küfr adlandırılmasının səbəbi insandan İslamı yox edən küfr deyil. Əksinə, bu günahı edən insana bu əməlin mahiyyətinin və ciddiyyətinin nə qədər önəmli olmasına diqqəti cəlb etdirməkdir”. (Fəthul-Bari, 1/ 83, 2/ 524, 543, 6/ 541, 13/ 27).

Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “Ümumi təkfir ümumi əzab vəd etmək  kimidir. Ümumi təkfirdən qəsd müəyyən bir insanı hüccət qaldırılmayana qədər təkfir etməməkdir”. (əl-İstiqamə, 1/ 164).

Ümumi fətvalara gəldikdə isə İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “Kim desə ki “Quran məxluqdur”- o, kafirdir”. “Kim desə ki “Uca Allah görmür” (cəhmiyyələr kimi), o, kafirdir və yaxud buna bənzər ifadələr. Qurana məxluq deyənlərin kafir olmasına baxmayaraq, bunu deyən müəyyən şəxs hüccət qaldırılmamış təkfir olunmur”. (“Məcmuul-Fətava” 6/ 619)

İmam Muhamməd ibn Abdul-Vahhab (Allah ona rəhm etsin) buyurur: “Bu sözü deyən kafir olur”- bu kimi sözləri götürüb bu sözü deyən adamın üzərində hüccət qaldırmamış tətbiq etmək olmaz”. (“Durarus-Səniyyə” 8/ 244).

İndi isə mənbəələrə baxaq:

1)         Qurani-Kərimdə olan ümumi ayələrə misallar.

1.  “Allahın endirdiyi ilə hökm etməyənlər əlbəttə kafirlərdir” (əl-Maidə, 44)

Həmçinin, Allahın endirdiyi ilə hökm verməmək barəsində Uca Allahın “Allahın endirdiyi ilə höküm etməyənlər əlbətdə kafirlərdir” (əl-Maidə, 44) buyurduğu halda, alimlər bu ayədə keçən küfrün “kufrun dunə kufr” yəni, insanı İslamdan çıxarmayan küfr olduğunu qeyd edirlər. Sözsüz ki, bunu da dəlilə söykənərək qeyd edirlər.

İbni Abbasdan (Allah ondan və atasından razı olsun) bu haqda soruşduqda buyurdu: “Bu küfr İslamdan çıxaran küfr deyil”.

Bir kişi İbn Abbasdan “Allahın endirdiyi ilə höküm etməyənləəlbətdə kafirlərdir” (əl-Maidə, 44) ayəsinin mənası haqda soruşulduqda İbn Abbas (Allah ondan razı olsun) buyurdu: ""Onun bunu etməsi küfrdür. Lakin, bu küfr Allahı, Axirət gününü, Onun kitablarını və peyğəmbərlərini inkar etmək kimi deyil". (ət-Tabəri "Təfsir" 12053).

İbn Abbas (Allah ondan razı olsun) dedi: "Burda qəsd edilən böyük günahdır (kəbira)". (İbn Kəsir "Təfsir" 3/120).

İbn Abbas (Allah ondan razı olsun) buyurur: “Ayədə deyilən küfr İslam millətindən çıxaran küfr deyil”. (əl-Hakim, 2/ 313).

Ata ibn Əbi Rabah (Allah ona rəhm etsin) demişdir: “Bu küfrdən kiçik küfr, fasiqlikdən kiçik fasiqlik, zalımlıqdan kiçik zalımlıqdır". (ət-Tabəri "Təfsir" 12052. Bu rəvayətlər Şeyx əl-Albaninin "Silsilətul-Əhədisis-Sahiha" kitabında 2552 nömrəli hədisin şərhində səhih olduqları bildirilmişdir). 

İbn Bətta (Allah ona rəhm etsin) “əl-İbanə” kitabında insanı İslamdan çıxarmayan günahlar adlı bab ayırmışdır və bu fəslin daxilində sadaladığı günahlardan biri də Allahın hökmü ilə hökm verməməkdir. O, bu günahın kiçik küfr və ya insanı İslamdan çıxarmayan günah olduğunu isbat etmək üçün bunu səhabələrdən və tabiinlərdən rəvayətlərlə əsaslandırmışdır.

Həmçinin, bu ayələr kimi: “Hər kəs qəsdən bir mömini öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəmdir” (ən-Nisa, 93).

 “Hər kim özünə Rəbbindən xəbərdarlıq gəldikdən sonra sələmçiliyə son qoyarsa, olub-keçənlər ona bağışlanar və onun işi Allaha qalar. Sələmçiliyə qayıdanlar isə Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar. Allah sələmi puç edir, sədəqələri isə artırır. Allah kafirləri və günahkarları sevməz”. (əl-Bəqərə, 275-276)

2) Sünnədə olan ümumi dəlillərdən bəziləri;

Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur:

1. “Məndən son­ra bir-birinin boynunu vuran kafirlərdən olmayın!” (əl-Buxari, 121; Muslim, 232).

2. “Bizimlə kafirlərin arasındakı əhd namazdır. Kim onu tərk edərsə, küfr etmiş olar” (ət-Tirmizi, 2623).

4. “Mü­səl­manı söymək günah, ona qarşı vuruşmaq isə küfrdür” (əl-Buxari, 48).

5. “Nəmməm Cənnətə girməz” (İbn Həcər “Fəthul-Bari” 10/ 472).

6. “Ərindən lazımsız səbəb olmadan talaq istəyən qadına Cənnətin qoxusu haram olar” (Əhməd, 5/ 277).

7. “Kim qadını ilə heyzli ikən və ya arxadan əlaqədə olarsa, Muhəmmədə nazil olana küfr etmişdir” (Əbu Davud, 3904).

3) Ümumi fətvalara gəldikdə isə:

İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “Kim desə ki, “Quran məxluqdur”- o, kafirdir. Kim desə ki, “Uca Allah görmür” (cəhmiyyələr kimi) - o, kafirdir. Habelə, buna bənzər ifadələr. Qurana məxluq deyənlərin kafir olmasına baxmayaraq, bunu deyən müəyyən şəxs hüccət qaldırılmamış təkfir olunmur”. (Məcmuul-Fətava, 6/ 619).

Şeyx Muhamməd ibn Abdul-Vahhab (Allah ona rəhm etsin) buyurur: “Bu sözü deyən kafir olur”- bu kimi əsərləri götürüb bu sözü deyən adamın üzərində hüccət qaldırmamış tətbiq etmək olmaz”. (Durar əs-Səniyyə, 8/ 244).

Ümumi təkfir deyildikdə nə başa düşülür?

Zahirən insanların özlərinin deyil, etdikləri bu əməllərin küfr olması nəzərdə tutulur. Yəni, ümumən insanların halından, feillərindən, əxlaqlarından xəbər verildiyi başa düşülür. Sahiblərinə isə təkfirin şərtləri tamamlanmamış kafir deyilmir. Ərəbcə buna təkfiril-mutləq deyilir. Ümumi qaydaları müəyyən şəxslər üzərində tətbiq etmək olmaz. O zamana qədər ki, o adamlarla münasibət qurduqdan sonra bilirsən ki, hə, bu insan doğurdan da xəsisdi. Ümumi təkfir deyildikdə isə nəzərdə tutulan, yuxarıda qeyd etdik, ümumi olaraq onların əməlləri və hallarıdır. Sahiblərinə isə təkfirin şərtləri tamamlanmamış kafir deyilmir. Necə ki, Muhəmməd ibn Abdul-Vahhab (Allah ona rəhm etsin) buyurur: “Biz sözün sahibinə deyil sözə baxırıq”. Həmçinin, alimlər təkfirlə əlaqəli kitab yazdıqlarında belə bir başlıq ayırırlar: “Hər küfr edən kafir olmur”. Bu qayda ətrafında misallar çəkirlər. Məsələn; hər elmi olan insan alim deyil, hər kağıza boya sürtən rəssam deyil, hər daşı daş üstə qoyan usta deyil.

Bu misalları çəkməklə küfr edən insanlara arxayınçılıq gətirmək istəmirik. Düzdür, hər küfr sahibi kafir deyil, amma, diqqət yetirin ki, hər kafir küfr sahibidir. Amma bu fərqi küfrünə görə, onun kafir olub-olmamasını küfr sahibinin halını aydınlaşdırdıqdan sonra bilmək olur.

İbn əl-Qeyyim (Allah ona rəhm etsin) buyurur: “Necə ki, insanda imandan bir şöbənin olması onu mömin etmirsə, məs; hər həyalı insana mömin deyə bilmədiyimiz kimi, eləcə də hər küfrdən bir şöbə olan insana kafir deyə bilmərik. Hər elmi olan insana alim, hər fiqhi olan insana fəqih, hər tibbdən anlayışı olan insana həkim deyilmədiyi kimi”. (“Kitəbus-Saləh” səh. 40-41).

Bəzilərimiz ümumi təkfir kəlməsindəki mənanı ümumən insanları təkfir etmək kimi başa düşür ki, bu da əqidəyə ziddir. Çünki, bu zaman ümumi təkfirin zərəri, təhlükəsi müəyyən təkfirdən daha çox olur. Əgər kim mütləq təkfir deyildikdə, ümumi toplumu və camaatı nəzərdə tutursa, xəta etmiş olur. Hətta bu düşüncə, Əhli-Sünnəni parçalamaq niyyəti ilə və yaxud insanları Sələfi-Salehin yolundan uzaqlaşdırmaq məqsədilə bidət əhli tərəfindən İslama atılan bir iftiradır. Çünki, İmam Muhamməd ibn Abdul-Vahhab (Allah ona rəhm etsin) buyurur: “Biz cahilliyi və bixəbər olması ucbatından Abdul-Qadirin, Əhməd əl-Bədəvinin və bu kimi qəbirlərin üzərində ucaldılan bütlərə ibadət edən bu şəxslərə kafir demirik”. (“Durarus-Səniyyə fil-Əcvibətun-Nəcdiyyə” 1/ 102-104). Digər yerdə buyurur: “Mənim ümumi şəkildə camaata, topluma kafir deməyim haqqında deyilənlər bu dinin yayılmasının qarşısını almaq istəyən düşmənlərin bir böhtanıdır. Aman Allah, bu mənə atılan böyük bir böhtandır”. (“Durarus-Səniyyə fil-Əcvibətun-Nəcdiyyə” 1/ 99-100).

Muhəmməd ibn Abdul-Vahhab (Allah ona rəhm etsin) buyurur: “Biz, həqiqət aydın olduqdan, hüccət çatdıqdan sonra təkəbbürlük və inadkarlıq göstərənləri təkfir edirik. Bizə belə bir sual ünvanlansa ki, “şəriət dəlillərini bilib, alimlərin sözlərini oxuyub, amma səhv etiqad edərək və öz səhfi üzərində ölənədək yaşayan insana sənin mövqeyin necədir?” Bu suala belə cavab verilir: “Qeyd olunan insanlar üçün üzrxahlıq etmək olar. Onlar bu məsələdə dili və silahı ilə qarşı tərəfə kömək edən olmadığından, hüccət çatmadığından, onlara həqiqət aydın olmadığından, biz elə kimsələrə kafir demirik. Biz sözün sahibinə və deyilən sözə baxırıq”. (Durarus-Səniyyə, 1/ 229-236).

Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “Mən müəyyən bir şəxsin küfrə, fasiqliyə nisbət olunmasına qarşı çıxanların ən şiddətlisiyəm”. (Məcmuul-Fətəva, 3/ 229).

Nəyə görə Peyğəmbər (salləllahu aleyhi və səlləm) nəmmam və valideynlərinə asi olanlar haqqında “Cənnətə girməzlər” ifadəsini işlədib?! Çünki, nəmmamların və ya valideynlərinə asi olanların həyatı çox vaxt küfrlə və acı sonluqla qurtarır. Yəni, etdikləri bu günahların çox vaxt dolayısıyla küfrə səbəb olduğuna görə, hədisdə “Cənnətə girməz” ifadəsi işlənmişdir.

Dəlillərin cəm edilməsnin hikmətlərindən biri də, günahın nə qədər şiddətli olmasını vurğulamaq və insanları bu günahlardan çəkindirmənin ən kamil üslübu sayılan “günaha yaxınlaşmağın qarşısını almaqdır”. Yəni, bir şeyi tərk etmək üçün “yaxınlaşmağı tərk etmək” prinsipidir, ümumi camaatı təkfir etmək deyil. Buna bənzər misal bizim danışığımızda da var. Məs, “kişi yalan danışmaz” və s. buna bənzər ifadələr kimi. Amma, biz bilirik ki, bu ifadə insanın kişiliyini tamamilə yox etmir. Burda, ancaq yalanın nə qədər pis bir əməl olduğu, kişiyə yaraşmayan bir sifət olduğu nəzərdə tutulur. Həmçinin, insan yalana yaxınlaşmasın deyə bunun qarşısı kökündən alınmaq üçün belə deyilir. Şəriətin yaxınlaşmağı qadağan edən feli misallarına dəlil isə, məsələn, zinaya yaxınlaşmamaq üçün harama baxmağın qadağan olunması, xuşuya mane olan maneələri tamamilə aradan qaldırmaq üçün, idrarı saxlayaraq namaz qılmağın qadağan edilməsi və sairədir.

Namaza gəldikdə isə şəfaət hədisində tövhid əhli olub amma namaz qılmayanlar uzun bir müddüt Cəhənnəmdə yandıqdan - Allah bizi qorusun! - cəzalarını çəkdikdən sonra, Allahın rəhmətilə Cəhənnəmdən çıxarılacaqlar. Digər hədisdə isə namazı tərk edən haqda, Allah istəsə onu əfv edər, istəsə ona əzab edər və onların Allahın istəyi altında olduğu bildirilir.

Əziz müsəlmanlar! Sadalanan birinci hədisə görə əgər Cəhənnəmdən cıxarılacaqlarsa, ikinci hədisə görə Allahın istəyi altındadılarsa, onda nəyə görə Peyğəmdər (salləllahu aleyhi və səlləm) hədisdə: “Bizimlə kafirlərin arasındakı əhd namazdır. Kim onu tərk etsə küfr etmiş olar”- ifadəsini işlədir? Çünki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) insanları tam çəkindirmənin ən kamil üslübundan istifadə etmişdir. Həmçinin, namazsızlıqla kafirlər tanındıqları üçün belə bir ifadə işlətmişdir, yaxud da bu günahlara düşənlərin əksəriyyətinin aqibətinin, küfrlə nəticələnməsini başa salmaq istəmişdir”. (Şərh Mə Cəə fit-Təncim, Tövhid kitabının şərhi, səh. 16).

Həmçinin, kafirlərin də özlərinə məxsus müəyyən dərəcədə bizə bənzər ibadətləri var. Məsələn, onlarda da zikr, oruc, qurban, sədəqə, həftədə bir dəfə ibadətgaha toplanma və s. var. Amma, gündə beş dəfə namaza bənzəri isə yoxdur. 

Həmçinin, “namazı tərk etmək hədisini” şübhə əhlinin dəlil gətirdiyi kimi başa düşmək Əhli-Sünnənin təməl qaynaqlarına ziddir. Çünki, bizimlə kafirlərin arasında ən böyük və ən əsas fərq namaz deyil, “lə iləhə illəllah” kəliməsidir. Hədis ümümi olduğu üçün “lə iləhə illəllah” bu hədisdə zikr olunmamışdır. Əhli-Sünnə hədislər arasında ortaq məxrəcə gəlmək üçün hədisləri cəm edərək hökm verir. Bir qismini alıb digər qismini tərk etmir. Məsələn, Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruşurlar: “Ən yaxşı əməl hansıdır?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) bir hədisdə vaxtında qılınan namaz, digər hədisdə anaya edilən yaxşılıq deyir. Başqa hədislərdə isə fərqli əməlləri zikr edir. Günahlar mövzusunda da belədir. Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) ən böyük günahlar haqda soruşanda hədisin birində üç günah qeyd edir, digər hədisdə yeddi günah, başqa hədisdə isə bu iki hədisdə olmayan günahları zikr edir. Başqa hədislərə əhəmiyyət verməyib ən böyük günahın ancaq bir hədisdə sadalananlardan ibarət olduğunu söyləmək düz deyil.

İmam Əhməd ibn Ruşd (Allah ona rəhm etsin) buyurur: “Namaz qılmayanı təkfir edənlərin əlində, bəzi əsərlərin zahirindən başqa dəlil yoxdur”. (Fəthul-Aliyyil-Malik, 2/ 346).

Muhəmməd ibn Abdul-Vahhab (Allah ona rəhm etsin) buyurur: “Biz iki şəhadət xaricində qalan dörd ruknu tərk edənləri təkfir etmirik”. (Durarus-Səniyyə, 1/ 100-102).