Ümumi təkfir xüsusi təkfir kimi deyil

English

Müsəlmanları təkfir etmək bidət əhlinin daimi sifətlərindəndir. İmam əl-Əsbahani (Allah ona rəhm etsin) demişdir: “Biri birilərini təkfir etməklə məşğul olan xavaric, rafizi və qədərilər kimi bidət əhlindən fərqli olaraq, sünnə əhli biri birilərini təkfir etmir! Onlardan yeddi nəfər bir məclisdə toplansa, mütləq biri birilərini təkfir edərək oradan ayrılacaqlar. Onlar yəhudi və nəsranilərə bənzəyirlər və Allah onlar haqqında demişdir: “Yəhudilər dedilər: “Xaçpərəstlər (dində düzgün və mötəbər) bir şeyə istinad etmirlər”. Xaçpərəstlər də: “Yəhudilər (dində düzgün və mötəbər) bir şeyə istinad etmirlər “- söylədilər”. (əl-Bəqərə, 113)”. (“əl-Hüccə, 2/ 255).

Şeyx İbn əl-Useymin (Allah ona rəhm etsin) demişdir: “Bir kimsəni həmin insan bu əməlləri (şirk, küfr və s) etsə belə müşrik, kafir və ya lənətlənmiş adlandırmaq icazəli deyil, çünki bu məsələlərdəki hökmün öz şərtləri və maneələri vardır. Biz riba ilə (sələmçiliklə) məşğul olan kimsənin lənətlənmiş olduqunu söyləmirik, çünki onun üzərinə lənətin düşməsinə maneə olan bir şeyin mövcud ola bilməsi mümkündür, məsələn cahillik, şübhə və s. Bu, şirkə də aiddir. Biz şirk edən müəyyən bir insanı müşrik adlandırmırıq, çünki onun ərazisində olan alimlərin səhlənkarlıqı ucbatından ona dəlillərin çatmaması mümkündür. Ölülərə dua edərək bir şeylər istəmək şirkdir, lakin bu əməli edən müəyyən bir insanı, ona hüccətin çatdırılması bizə aydın olmayana qədər müşrik adlandırmaq icazəli deyil”. (“Qaulul-Mufid Şərh Kitəbit-Təuhid” 29-30).

Şeyx İbn Useymin, hüccətin insanlara məhz alimlər tərəfindən çatdırılmasını qeyd etmişdir və insanların təkfir edilməsinə maneə olan amillərdən birinin, alimlərin səhlənkarlığı olduğunu bildirmişdir. Belə halda, alimlərin mövcud olmadığı MDB ölkələrindən nə demək olar?! 

Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) bu cür cavab verir: “Qurani-Kərimdə əzab vəd etmək haqda olan ayələrə gəldikdə isə bu ayələr ümumi məna daşıyır. Məsələn, Uca Allah buyurur: "Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (qiyamətdə) alovlu Cəhənnəmə girəcəklər." (ən-Nisa, 10)  Bu və bu qəbildən olan digər ayələr buna misaldır. Bütün bu cür ayələr ümumi məna daşıyır. Ümumi hökmləri də hüccət qaldırılmamış müəyyən şəxslər üzərində tətbiq etmək olmaz”. (Məcmuul-Fətava, 3/ 229-231). 

Bu ayələr alimlərin bu sözlərinə bənzəyir: “Kim belə edərsə, onun cəzası budur” və s. Sonra həmin günahkar adam, deyilən şiddətli bu əzabdan - ya etdiyi tövbə, ya günahlarını silən yaxşılıqlar, ya başına gələn müsibət, ya da qəbul edilən şəfaət və s. vastəsi ilə xilas ola bilər”. 

İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “Kim desə ki, “Quran məxluqdur”- o, kafirdir. Kim desə ki, “Uca Allah görmür” (cəhmiyyələr kimi) - o, kafirdir. Habelə, buna bənzər ifadələr. Qurana məxluq deyənlərin kafir olmasına baxmayaraq, bunu deyən müəyyən şəxs hüccət qaldırılmamış təkfir olunmur”. (Məcmuul-Fətava, 6/ 619).

Şeyx Muhamməd ibn Abdul-Vahhab (Allah ona rəhm etsin) buyurur: “Bu sözü deyən kafir olur”- bu kimi əsərləri götürüb bu sözü deyən adamın üzərində hüccət qaldırmamış tətbiq etmək olmaz”. (Durar əs-Səniyyə, 8/ 244).

İbn əl-Qeyyim (Allah ona rəhm etsin) buyurur: "Bir qulda küfrün qollarından birinin olması onun kafir adlandırılmasını zəruri etmir. O qulun nə dərəcədə küfr etməsindən asılı olmayaraq, həmin kəsi kafir adlandırmaq olmaz. Bir kəsdə bir az elmin olması onun alim adlandırılmasına kifayət etmədiyi kimi, fiqhin və ya tibb elminin bəzi məsələlərini bilən kəsi də fəqih və ya təbib adlandırmaq olmaz. Hər hansı bir kəsdə kafirlik əlaməti müşahidə olunduqda, ona mütləq kafir sifəti verilməz. Haram olan bir şeyi edən şəxsə də “O, itaətdən çıxdı” - deyilməməsi də bu qəbildəndir. Lakin burada, o şəxsin haram olan bir şeyi etdiyi halda onun günaha batmamasından bəhs edilmir. Günah işlər görməkdə israrlı olan əməl sahibinə günahları qələbə çaldığı halda günahkar adını vermək olar. Zina edənlər, oğrular və başqaları mömin olsalar da, kamil mömin adlandırılmadıqları kimi, küfr əlamətlərindən hər hansı birinin olduğu şəxsə də kafir deyilməz. İşlətdiyi əməllərdə kafirlik xisləti özünü nə dərəcədə göstərməsindən asılı olmayaraq vəziyyət bu cürdür, çünki günahların hamısı küfrün qolları olduğu kimi, Allaha itaət olan bütün əməllər də imanın qollarındandır". (İbn əl-Qeyyim "Kitəbus-Salət" səh. 19)

İmam Şəukəni (Allah ona rəhm etsin) buyurur: “Allaha və Axirət gününə iman gətirən insanın hər hansı müsəlmana onun İslam dinindən çıxması və küfrə batması ilə bağlı, əlində Günəşdən daha aydın bir dəlil olmadan hökm verməsi haramdır. Səhabələrdən rəvayət edilən səhih hədislərdə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bu ifadələri öz təsdiqini tapıb. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: “Hər kəs (müsəlman) qardaşına “Ey kafir” deyərsə, onlardan ikisindən biri bu sifəti qazanmış olur”. (əl-Buxari, 6103, 6104; Əbu Dəvud, 4662). Həmçinin, buyurur: “Kim bir nəfəri “kafir” deyə çağırsa və ya belə olmadığı halda “Allahın düşməni” deyərsə, o söz onun özünə qayıdar”. (Muslim, 61/ 112). Bu və bu məzmunda olan hədislər müsəlmanı kafir saymaqda tələsməməyə təşviq edən ən böyük nəsihət və maneədir. Uca Allah buyurur: “Lakin qəlbən küfrə razı olanlara Allahın qəzəbi tutar və onlar şiddətli bir əzaba düçar olarlar!” (ən-Nəhl, 106). Bir kəsin kafirlikdə ittiham olunması üçün onun qəlbən küfrə razı olması, ona inanması, küfrə görə sevinməsi və bundan razı olması lazımdır. Bu məsələdə şər əqidəsi tərəfdarlarından törəyən əməllərə etibar etmək olmaz. Bütün xüsusiyyətlərini bilmədən İslam yoluna müxalifliyə inanmaq mümkün deyil. Bir kəs küfr bir iş görərsə, o kəs İslamdan çıxaraq kafir olmağı qarşısına məqsəd qoymadıqca bu əməli onun kafir sayılması üçün kifayət deyildir. Bir müsəlmanın mənasına varmadan küfr söz söyləməsi, onu kafir saymaq üçün kifayət deyildir”. (İmam Şəukəni “Seylul-Cərrar əl-Mutədəffiq alə Hədəiqəl-Əzhə”, 4/ 578).