"Özünə müsəlman deyən şəxsə dərhal etimad etməməliyik" şübhəsi

English

Şübhə olaraq deyirlər ki, "özünü həkim, usta və s. peşə sahibləri olduğunu deyənlərə dərhal etibar etmədiyimiz kimi, özünü İslama nisbət edənlərin də müsəlman olmasına dərhal inanmalıyıq".

Şübhəyə cavab: 

Aşağıdakı dəlillərə əsasən müsəlman olduğunu iddia edən bir şəxsin müsəlmanlığına şübhə ilə yanaşmaq olmaz və onunla müsəlman kimi rəftar etmək lazımdır. Onun qəlbində nə gizlətdiyinə görə hökmü Allaha aiddir. Hətta o, münafiq olsa belə müsəlmanlar onunla müsəlman kimi davranmalıdırlar.

Abdullah ibn Əbu Hədrəd (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - salləllahu aleyhi və səlləm - məni, Əbu Qətadə Haris İbn Ribini, Milhəm İbn Cusəmə ibn Qeysi və digər müsəlmanları İdəmə (yer adı) göndərdi. Biz ora­da olarkən Amir əl-Əşcəi bizim yanımızdan keçdi və bizə salam verdi. Onun əlin­də bir tuluq süd və başqa şeylər var idi. Biz onu saxladıq və Milhəm İbn Cü­sə­mə aralarında baş vermiş narazıçılığa görə onu öldürüb dəvəsini və digər əş­ya­la­rını götürdü. Biz Peyğəmbə­rin - salləllahu aleyhi və səlləm - yanına gəldikdən sonra bu barədə ona xəbər verdik və Uca Allah da bu ayəni nazil etdi: "Ey iman gətirənlər! Allah yolunda döyüşə çıxdığınız zaman kiminlə vuruşacağınızı yəqin edin və sizə salam verən şəxsə, dünya həyatının fani mənfəətinə can ataraq: "Sən mömin deyilsən!"– deməyin. Allah yanında çox qənimətlər vardır. Əvvəllər siz də belə idiniz, Allah sizə mərhəmət göstərdi. Odur ki, kiminlə vuruşacağınızı yəqin edin! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. (ən-Nisa, 94). (Əhməd, 6/ 11. Hədis 23927. Şueyb əl-Arnavut hədisin həsən olduğunu ehtimal etmişdir. Şeyx Muqbil həsən li-ğeyrihi demişdir).

Usamə ibn Zeyd (Allah ondan razı olsun) demişdir: “Bir dəfə Allah Elçisi (salləllahu aleyhi və səlləm) bi­zi Cuheynədəki Huraqatın üstünə göndərdi. Biz səhərə yaxın düşmənə hü­cum etdik və onları məğlubiyyətə uğratdıq. (Orada) mən ənsardan olan bir (mü­ca­hidlə) kafirlərdən birini haqladıq. Biz onun başının üstünü aldıqda o: “Lə iləhə illəllah!”- dedi. (Bunu eşidəndə) ənsardan olan qardaşım ona dəymədi. Mən isə nizəm­lə onu vurub öldürdüm. Biz Mədinəyə gəldikdə hadisəni Peyğəm­bərə (salləllahu aleyhi və səlləm) danışdılar. Pey­ğəm­bər (salləllahu aleyhi və səlləm) mənə dedi: “Ey Usamə! O: “Lə ilahə illəllah” deyəndən sonra sən onu öl­dürdün?!” Dedim: “Ey Allahın Elçisi! O, (canını) qur­tarmaq üçün belə etdi”. (Mən dedim: “Ey Allahın Elçisi! O bunu silahdan qorxduğuna görə dedi”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu dedi: “Məgər sən onun qəlbini yardın ki, biləsən o bunu (ürəkdən) deyib, yoxsa yox?”. Pey­ğəm­bər (salləllahu aleyhi və səlləm) dedi: “O: “Lə ilahə illəllah” deyəndən sonra sən onu öl­dür­dün?!” Pey­ğəmbər (salləllahu aleyhi və səlləm) bu sözü mənə o qə­dər təkrar etdi ki, nəhayət, mən (öz-özü­mə): “Kaş mən bu gündən öncə İslamı qəbul etmiş ol­ma­yaydım”- deyə təmən­na etdim”. (Muslim, 278, 287).

Miqdad ibn əl-Əsvəd (Allah ondan razı olsun) belə rəvayət etmişdir: “(Bir dəfə) mən Peyğəm­bərə (salləllahu aleyhi və səlləm) dedim: “Ey Allahın Elçisi! Söylə görüm, əgər mən (döyüşdə) kafirlər­dən biri ilə üz-üzə gə­lib onunla vuruşsam, o, qılıncla vurub mənim bir əlimi kəssə, sonra da canını məndən qur­­tar­maq üçün ağaca qal­xıb: “Allaha təs­lim oluram!”- desə, bu sözü ded­ikdən sonra mən onu öldürə bilərəmmi, ey Allahın Elçisi?” Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: “Sən onu öldürməməlisən!” Mən dedim: “Ey Allahın Elçisi! O, mə­nim bir əlimi kəsmiş və bu sözü ancaq əlimi kəsdik­dən sonra demişdir. Belə isə mən onu öldürə bilərəmmi?” Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: “Sən onu öldürməməlisən, çünki əgər sən onu öl­dür­sən, onun halı, sənin onu öldürməmişdən qabaqkı halın kimi olacaq. Sə­nin halın isə, onun bu sözü de­məmişdən əvvəlki halı kimi olacaq”. (Muslim, 95, 274; əl-Buxari, 4019, 6865).

İbn əl-Qeyyim (Allah ona rəhm etsin) buyurur: "Bir qulda küfrün qollarından birinin olması onun kafir adlandırılmasını zəruri etmir. O qulun nə dərəcədə küfr etməsindən asılı olmayaraq, həmin kəsi kafir adlandırmaq olmaz. Bir kəsdə bir az elmin olması onun alim adlandırılmasına kifayət etmədiyi kimi, fiqhin və ya tibb elminin bəzi məsələlərini bilən kəsi də fəqih və ya təbib adlandırmaq olmaz. Hər hansı bir kəsdə kafirlik əlaməti müşahidə olunduqda, ona mütləq kafir sifəti verilməz. Haram olan bir şeyi edən şəxsə də “O, itaətdən çıxdı” - deyilməməsi də bu qəbildəndir. Lakin burada, o şəxsin haram olan bir şeyi etdiyi halda onun günaha batmamasından bəhs edilmir. Günah işlər görməkdə israrlı olan əməl sahibinə günahları qələbə çaldığı halda günahkar adını vermək olar. Zina edənlər, oğrular və başqaları mömin olsalar da, kamil mömin adlandırılmadıqları kimi, küfr əlamətlərindən hər hansı birinin olduğu şəxsə də kafir deyilməz. İşlətdiyi əməllərdə kafirlik xisləti özünü nə dərəcədə göstərməsindən asılı olmayaraq vəziyyət bu cürdür, çünki günahların hamısı küfrün qolları olduğu kimi, Allaha itaət olan bütün əməllər də imanın qollarındandır". (İbn əl-Qeyyim "Kitəbus-Salət" səh. 19)

İmam Şəukəni (Allah ona rəhm etsin) buyurur: “Allaha və Axirət gününə iman gətirən insanın hər hansı müsəlmana onun İslam dinindən çıxması və küfrə batması ilə bağlı, əlində Günəşdən daha aydın bir dəlil olmadan hökm verməsi haramdır. Səhabələrdən rəvayət edilən səhih hədislərdə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bu ifadələri öz təsdiqini tapıb. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: “Hər kəs (müsəlman) qardaşına “Ey kafir” deyərsə, onlardan ikisindən biri bu sifəti qazanmış olur”. (əl-Buxari, 6103, 6104; Əbu Dəvud, 4662). Həmçinin, buyurur: “Kim bir nəfəri “kafir” deyə çağırsa və ya belə olmadığı halda “Allahın düşməni” deyərsə, o söz onun özünə qayıdar”. (Muslim, 61/ 112). Bu və bu məzmunda olan hədislər müsəlmanı kafir saymaqda tələsməməyə təşviq edən ən böyük nəsihət və maneədir. Uca Allah buyurur: “Lakin qəlbən küfrə razı olanlara Allahın qəzəbi tutar və onlar şiddətli bir əzaba düçar olarlar!” (ən-Nəhl, 106). Bir kəsin kafirlikdə ittiham olunması üçün onun qəlbən küfrə razı olması, ona inanması, küfrə görə sevinməsi və bundan razı olması lazımdır. Bu məsələdə şər əqidəsi tərəfdarlarından törəyən əməllərə etibar etmək olmaz. Bütün xüsusiyyətlərini bilmədən İslam yoluna müxalifliyə inanmaq mümkün deyil. Bir kəs küfr bir iş görərsə, o kəs İslamdan çıxaraq kafir olmağı qarşısına məqsəd qoymadıqca bu əməli onun kafir sayılması üçün kifayət deyildir. Bir müsəlmanın mənasına varmadan küfr söz söyləməsi, onu kafir saymaq üçün kifayət deyildir”. (İmam Şəukəni “Seylul-Cərrar əl-Mutədəffiq alə Hədəiqəl-Əzhə”, 4/ 578).

Məsələdə əsl olana qayıdılır. Əgər müəyyən bir şəxs özünü İslama nisbət edirsə, aydın dəlil olmadan onun İslamını inkar etmək olmaz.

Həmçinin oxuyun: Dəlillər namaz qılmayanın kafir olmamasına sübutdur

Mövzular: