Dəlillər namaz qılmayanın kafir olmamasına sübutdur

English

Namazı tərk edəni kafir saymayanlar belə demişlər: “İslama girməklə insan üçün İslam hökmü sabit olmuşdur, yəni yəgin olaraq ona müsəlman hökmü verilmişdir. Belə bir insanı ancaq yəgin bir məlumata dayanaraq İslamdan çıxartmaq olar”.

Ubədə ibn Samit (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) de­mişdir: “Kim Allahdan başqa heç bir məbudun olmadığına, Onun Tək olduğuna və heç bir şəriki olmadığına, Muhəm­mədin Onun qulu və elçisi olduğuna, İsanın Allahın qulu, elçisi, Məryəmə göndərdiyi kəlməsi və Onun ruhundan olduğuna, Cənnətin haqq, Cəhənnəmin də haqq olduğuna şahidlik etsə, nə əməl etmiş olursa-olsun, Allah onu Cənnətə daxil edər”. (əl-Buxari, 3435).

Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Muazla birlikdə dəvənin tərkin­də ikən: “Ey Muaz!”- deyə çağırdı. (Muaz): “Buyur, əmrinə müntəzirəm, ey Allahın Elçisi!”- deyə cavab verdi. (Peyğəmbər - salləllahu aleyhi və səlləm) yenə: “Ey Muaz!”- deyə çağır­dı. O: “Bu­yur, əmrinə müntə­zirəm, ey Allahın Elçisi!”- deyə cavab verdi. Bu hal üç dəfə təkrar olduq­dan sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Allahdan başqa həqiqi mə­budun ol­madığına və Muhəm­mədin Allahın elçisi olduğuna sidq ürək­dən şəhadət ve­rən elə bir kəs yoxdur ki, Allah ona Cəhənnəm odunu haram etməsin”. (Muaz) dedi: “Ey Allahın Elçisi! Bunu insanlara xəbər verimmi ki, sevinsinlər?” Pey­ğəm­bər (salləllahu aleyhi və səlləm) dedi: “Belə olduğu təqdirdə (buna) arxayın olacaqlar”. Muaz (Allah ondan razı olsun) günaha bataca­ğından qorxub ölü­mündən qabaq bu haqda (insan­la­ra) xəbər verdi”. (əl-Buxari, 128).

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, mən (Peyğəmbərdən - salləllahu aleyhi və səlləm): “Ey Allahın Elçisi! Qiya­mət günü sənin şəfaətin sayəsində ən böyük səadətə çatan adam kim ola­caq?”– deyə soruşdum. Allah Elçisi (salləllahu aleyhi və səlləm) dedi: “Ey Əbu Hureyra! Mən sənin hədis öy­rən­məyə olan hərisliyini görüb düşü­nürdüm ki, səndən əvvəl heç kəs bu hədis ba­rəsində məndən soruşma­yacaq. Qi­ya­mət günü mənim şəfaətim sayəsində ən bö­yük səadətə çatanlar, sə­mimi-qəlblə “lə iləhə illəllah”– deyən kimsələr olacaq”. (əl-Buxari, 99).

Auf ibn Məlik (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyur­du: “Rəbbimin dərgahından bir mələk yanıma gəlib ümmətimin yarı­sını Cənnətə salmaq və ya şəfaət etmək seçimi arasında mənə ixtiyar verdi. Mən də şəfaəti seçdim. Bu şəfaət Allaha heç bir şeyi şərik qoşmadan ölən­lərə aiddir”. (ət-Tirmizi, 2441, 2628. əl-Albani səhih olduğunu bildirmişdir).

İbn Muheyriz belə rəvayət edir: “Bənu Kinəndən əl-Muxdaci adlanan bir adam, Şamda Əbu Muhəmməd adlanan birinin “Şübhəsiz vitr vacibdir” dediyini eşitdi. əl-Muxdaci dedi: “Ubadə ibn Samitin (Allah ondan razı olsun) yanına gedib bunu ona xəbər verdim. Ubadə (Allah ondan razı olsun) dedi: “Əbu Muhəmməd yalan dedi. Mən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini eşitmişəm: “Allah beş vaxt namazı qullarına vacib etdi. Hər kim bu namazları qılarsa və onların haqqını dəyərsiz edərək zay etməzsə, Allah onu Cənnətə salacağını vəd etmişdir. Kim bunları yerinə yetirməzsə, onun üçün Allah qatında hər hansı bir vəd yoxdur. İstərsə ona əzab verər, istərsə onu Cənnətə daxil edər”. (Əbu Davud, 1420, 1422; ən-Nəsai, 461; əd-Dərimi “Sunən” 1577; əd-Dərimi “Musnəd” 1268; Malik, 268, 400; Əhməd, 22745, 22693, 23069. əl-Albani və Şueyb əl-Arnavut səhih olduğunu bildirmişdir). 

Muaz ibn Cəbəl (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Allahdan başqa haqq ilahın olmadığına, mənim də Onun Elçisi olduğuna qəlbən, tam yəqinliklə şəhadət edərək ölən elə bir kimsə yoxdur ki, Allah onu bağışla­masın”. (İbn Məcə, 3796. əl-Albani həsən səhih olduğunu söyləmişdir).

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: “Səmimi qəlbdən “lə iləhə illəllah” deyən elə bir qul yoxdur ki, böyük günah­lardan çəkindiyi müddətdə göyün qapıları onun üçün açılma­sın və o kəlmə Ərşə çatma­sın”. (ət-Tirmizi, 3590. əl-Albani hədisin həsən olduğunu bildirmişdir).

Muaz ibn Cəbəl (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Kimin son kəlməsi “lə iləhə illəllah” olarsa, Cənnətə girər”. (Əbu Davud, 3116. əl-Albani səhih olduğunu bildirmişdir).

Osman (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: “Hər kim Allahdan başqa haqq ilahın olmadığını bildiyi halda ölər­sə, Cən­nətə girər”. (Muslim, 136).

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: “Kim ömründə bir gün belə “lə iləhə illəllah” deyərsə, bundan öncə nə etməsinə baxmayaraq ona fayda verər”. (əl-Bəzzar, 8292. əl-Albani “Sahihul-Cəmius-Sağir”də (№ 6434) və “Silsilətul-Əhədisis-Sahiha”da (№ 1932) səhih olduğunu bildirmişdir).

Usamə ibn Zeyd (Allah ondan razı olsun) demişdir: “Bir dəfə Allah Elçisi (salləllahu aleyhi və səlləm) bi­zi Cuheynədəki Huraqatın üstünə göndərdi. Biz səhərə yaxın düşmənə hü­cum etdik və onları məğlubiyyətə uğratdıq. (Orada) mən ənsardan olan bir (mü­ca­hidlə) kafirlərdən birini haqladıq. Biz onun başının üstünü aldıqda o: “Lə iləhə illəllah!”- dedi. (Bunu eşidəndə) ənsardan olan qardaşım ona dəymədi. Mən isə nizəm­lə onu vurub öldürdüm. Biz Mədinəyə gəldikdə hadisəni Peyğəm­bərə (salləllahu aleyhi və səlləm) danışdılar. Pey­ğəm­bər (salləllahu aleyhi və səlləm) mənə dedi: “Ey Usamə! O: “Lə ilahə illəllah” deyəndən sonra sən onu öl­dürdün?!” Dedim: “Ey Allahın Elçisi! O, (canını) qur­tarmaq üçün belə etdi”. (Mən dedim: “Ey Allahın Elçisi! O bunu silahdan qorxduğuna görə dedi”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu dedi: “Məgər sən onun qəlbini yardın ki, biləsən o bunu (ürəkdən) deyib, yoxsa yox?”. Pey­ğəm­bər (salləllahu aleyhi və səlləm) dedi: “O: “Lə ilahə illəllah” deyəndən sonra sən onu öl­dür­dün?!” Pey­ğəmbər (salləllahu aleyhi və səlləm) bu sözü mənə o qə­dər təkrar etdi ki, nəhayət, mən (öz-özü­mə): “Kaş mən bu gündən öncə İslamı qəbul etmiş ol­ma­yaydım”- deyə təmən­na etdim”. (Muslim, 278, 287).

Abdullah ibn Amr ibn əl-As (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: “Ümmətimdən olan bir kişi Qiyamət günü məxluqatın qarşısına çağırılacaq və ona doxsan doqquz ədəd kitab göstərilə­cək. Hər bir kitabın ölçüsü gözün gördüyü son məsafəyə qədər olacaq. Sonra Uca Allah buyuracaq: “Bunlardan birini inkar edə bilər­sənmi?” O: “Xeyr, ey Rəbbim!”- deyə cavab verəcək. Allah buyuracaq: “(Əməlləri) yazan gözətçi mələklərim sənə zülm ediblərm­i? Bu qədər kitabın qabağında sənin sava­bın ola bilər­mi?” O, qorxu içində: “Xeyr!”- deyə cavab verəcək. Allah buyu­ra­caq: “Əksinə, dərgahımızda sənin üçün savab vardır. Odur ki, bu gün sənə zülm edilməyəcək”. Bu vaxt onun qarşısına içində “əş­hədu əl-lə iləhə illəllah və ənnə Muhəmmədən abduhu və rəsu­luhu” yazılmış bir kağız parçası qoyulacaq. O deyəcək: “Ey Rəb­bim! Bu qədər kitabın qaba­ğın­da bu kağız parçası nə fayda verə bilər?” Allah buyuracaq: “Sənə zülm olunma­yacaq!” Sonra ki­tab­lar tərəzinin bir gözünə, kağız parçası isə digər gözünə qoyu­lacaq və bu kağız parçasının ağırlığından o kitablar havaya qalxa­caq”. (ət-Tirmizi, 2639. əl-Albani hədisi səhih olduğunu bildirmişdir).

Digər rəvayətdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Mən dördüncü dəfə qayıdıb hə­min həmd-sənalarla Allaha təriflər deyəcəyəm və Onun qarşısında səc­də­yə qapanacağam. Onda mənə deyiləcək: “Ey Muhəmməd! Başını qaldır, da­nış, sənə qulaq asılacaq, istə, sənə istədiyin veriləcək, havadar­lıq et, ha­va­dar­lı­ğın qəbul olu­nacaq.” Mən deyəcə­yəm: “Ey Rəbbim! Mənə izn ver: “Lə ilahə illəllah!”– deyən kimsələrə (şəfaətçi) olum.” Allah buyuracaq: “Mənim izzə­ti­mə, əzəmətimə, böyüklüyümə və ululuğuma and ol­sun ki, Mən: “Lə ilahə illəllah!”– deyən kəsləri oddan çıxardacağam”. (əl-Buxari, 7510).

Mahmud ibn Rabi əl-Ənsari (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) əshabəsi və Bədr döyüşünün ənsardan olan iştirakçısı İtban ibn Malik Peyğəmbərin (salləllahu aleyhi və səlləm) ya­nına gəlib dedi: “Ya Rəsulallah! Mənim gözlərim zəifləyib. Özüm də qöv­mü­mə na­maz qıldırı­ram. Yağış yağdığı zaman mənimlə onların arasında olan va­dini su basır deyə, məs­cidlərinə gedib onlara namaz qıldıra bilmirəm. Ya Rəsu­lul­lah! Mən istəyirəm ki, sən bizim evə gəlib orada namaz qılasan, mən də hə­min yeri namaz­­gah edim.” Peyğəm­bər (salləllahu aleyhi və səlləm) ona: “Allahın izni ilə, mən (bunu) edə­rəm!”- de­di. İtban (Allah ondan razı olsun) dedi: “Ertəsi gün səhər tezdən Peyğəmbər (salləllahu aleyhi və səlləm) Əbu Bəkrlə bir­lik­də bizə gəldilər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) evə girməyə izn istədi, mən də ona izn verdim. Evə girdikdə oturmadan dərhal soruşdu: “Evin harasında namaz qılım?” İtban (Allah ondan razı olsun) dedi: “Mən ona evimdə bir yer göstərdim. Peyğəmbər (salləllahu aleyhi və səlləm) orada durub “Allahu Əkbər”- dedi (və namaz qılmağa başladı). Biz də onun arxasın­da cərgəyə durduq. O, iki rükət namaz qıldı və salam verib (namazı bitirdi)”. İtban (Allah ondan razı olsun) dedi: “Biz Peyğəmbəri (salləllahu aleyhi və səlləm) bir qədər yubatdıq ki, onun üçün hazır­ladı­ğı­mız xəzirəni (yemək növü) yeyə bilsin. Bu yerin əhalisindən bir çoxları (Peyğəmbə­rin (salləllahu aleyhi və səlləm) gəli­şindən xəbər tutan kimi) gəlib evə doluşdular. Onlardan biri soruşdu: “Malik ibn Duxşun haradadır?” Oradakılardan biri dedi: “O, münafiqdir, Allahı və Onun Elçisini sevmir”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Belə de­mə! Məgər sən bil­mirsən ki, o, Allahın Üzünü diləyərək “Lə ilahə illəllah”- de­mişdir?” (O adam) de­di: “Allah və Onun Elçisi daha yaxşı bilər!” İtban (Allah ondan razı olsun) de­di: “Biz onun münafiqlərə qarşı (mehriban) mövqedə olduğunu və onlara məs­ləhət verdiyini görürük.” Pey­ğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Allah, həqiqətən də, Onun Üzü­nü diləyərək “Lə ilahə illəllah” deyən kimsəyə, Cəhənnəm odunun toxunması­nı haram etmişdir”. (əl-Buxari, 425). “Səhabələr buna sevindikləri kimi heç bir şeyə sevinməmişdilər”. (Əhməd, 16484, 16531, 16598).

Əbu Zərr (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) Bəqi qəb­ris­tan­­lığına tərəf getdi. Mən də onun dalınca getdim. O, arxaya dönüb məni gördükdə dedi: “Ey Əbu Zərr!” Mən dedim: “Canım sənə fəda olsun, (ey Allahın Elçisi!) Buyur əmrinə müntəzirəm!” O dedi: “(Bu dünyada var-dövlətini) çoxaldanlar Qiyamət günü (savabı) azaldanlardır. Yalnız, “buna bu qədər, ona bu qədər xərcləyin” deyənlər müstəsnadır”. Mən dedim: “Allah və Onun Elçisi daha yaxşı bilir”. O: “Ona bu qədər” sözünü üç dəfə təkrar etdi. Sonra qarşımıza Uhud dağı çıxdı. O dedi: “Ey Əbu Zərr!” Mən dedim: “Canım sənə fəda olsun, (ey Allahın Elçisi!) Buyur, əmrinə mün­təzirəm!” O dedi: “Uhud dağının Muhəmməd ailəsi üçün qızıl olub bir gecə onların yanında ondan bircə qızıl, yaxud bircə misqal qalması məni sevindirməz”. Sonra qarşımıza bir vadi çıxdı. Allah Elçisi (salləllahu aleyhi və səlləm) qabağa keçdi. Mən onun subaşına çıxmaq istədiyini zənn etdim. Ona görə də bir kənarda oturub onu göz­lədim. Onun qayıtmağı gec oldu. Mən onun başına bir iş gəlməsindən qorxdum. Sonra onun səsini eşitdim, sanki kiminləsə pıçıldaşırdı. Mənim yanıma isə tək gəldi. Mən soruşdum: “Ey Allahın Elçisi! Sən kiminlə pıçıldaşırdın?” O soruşdu: “Sən bunu eşitdinmi?” Mən: “Bəli!”- deyə cavab verdim. O dedi: “Bu Cəbrail idi. Gəlmişdi mənə müjdə versin ki, ümmətim­dən hər kim Allaha şərik qoşmadığı halda ölsə, Cənnətə daxil olacaq”. Mən dedim: “Zina etsə, oğurluq etsə də belə?” (Cəbrail)Bəli!- dedi”. (əl-Buxari “Ədəbul-Mufrad” 803. əl-Albani səhih olduğunu bildirmişdir).

Ənəs ibn Məlik (Allah ondan razı olsun) demışdir: “Allah Elçisi (salləllahu aleyhi və səlləm) bir yerə sübh açıldıqda hücum edərdi. (Ora yaxınlaşıb) qulaq asar, azanı eşit­səydi, hücum etməzdi. Əks təqdirdə isə hücum edərdi. Bir kişinin: “Allahu Ək­bər, Allahu Əkbər”- dediyini eşitdi və belə buyurdu: ”O fitrət üzərin­dədir”. Sonra belə dedikdə: “Əşhədu ənlə iləhə illəllah, əşhədu ənlə iləhə illəllah (Allah­dan başqa haqq ilahın olmadığına şəhadət edirəm)”. O, belə buyur­du: “Oddan qurtuldu”. Baxdıqları vaxt onun bir çoban olduğunu gördü­lər”. (Muslim, 873).

Əbu Hureyra (Allah ondan razı olsun) uzun bir hədisin sonunda Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə buyurduğunu rəvayət edir: “Mən şahidlik edirəm ki, Allahdan başqa həqiqi mə­bud yox­dur və mən Allahın elçisiyəm! Bu iki (şəhadət kəl­məsinə) şəkk etməyərək bun­larla Allaha qovuşan hər bir bəndə müt­ləq Cənnətə girəcəkdir”. (Muslim, 139).

Ubədə ibn Samit (Allah ondan razı olsun) deyir: “...Mən Pey­ğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini eşitmişəm: “Kim Allah­dan başqa həqiqi mə­budun olmadığına və Muhəmmədin Onun Elçisi olduğu­na şahidlik etsə, Allah Cəhən­nəm odunu ona haram edər”. (Muslim, 142).

Əbu Hureyra (Allah ondan razı olsun) demişdir: “(Bir dəfə) biz bir dəstə adamla Peyğəmbərin (salləllahu aleyhi və səlləm) ətrafında oturmuşduq. Əbu Bəkr və Ömər (Allah onlardan razı olsun) də bizimlə idi. Bu vaxt Peyğəmbər (salləllahu aleyhi və səlləm) aramızdan qalxıb getdi və (geri qayıtmaqda) bir qədər ləngi­di. Biz onun başına bir iş gələcə­yindən qorxub təşvişə düşdük və (dərhal ha­mımız) aya­ğa qalx­dıq. (Hamı­dan) əvvəl mən narahat oldum və qal­xıb onu ax­tarmağa get­dim. Nəha­yət, ənsardan olan Nəccar oğullarının bosta­nına gəl­dim. Bostanın ətra­fına hərlən­dim ki, bəlkə bir qapı tapıb (oraya gi­rim), amma tapa bilmədim. Bir də baxdım ki, çöldəki su quyusundan bostanın içinə bir arx gedir. Mən yerə yatıb (tülkü kimi) sürünərək Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına daxil ol­dum. Peyğəmbər (salləllahu aleyhi və səlləm): “Əbu Hureyradırmı?”– deyə soruşdu. Dedim: “Bəli, ey Allahın Elçisi!” Soruşdu: “Sənə nə olub?” Dedim: “Sən aramızdan qalxıb getdin və bir qədər ləngidin deyə, ba­şı­na bir iş gələcəyindən qorxub təşvişə düşdük. Hamıdan əvvəl mən narahat ol­dum, qalxıb bu bostana gəldim və yerə yatıb tülkü kimi sürünərək bura daxil oldum. Oradakı camaat da arxamca gəlir”. Peyğəmbər (salləllahu aleyhi və səlləm): “Ey Əbu Hureyra!”– deyib başmaqlarını mənə verdi və dedi: “Götür apar bu başmaqlarımı! Bu bosta­nın çölün­də, Allahdan başqa həqiqi məbudun olmadığına şahidlik gətirən və yəqin­liklə buna inanan kəsə rast gəl­sən, onu Cənnətlə müjdələ”. Mənim ilk rast gəldi­yim adam Ömər oldu. O so­ruşdu: “Bu nə nəleyinlərdir, ey Əbu Hureyra?” De­dim: “Bu, Pey­ğəmbərin (salləllahu aleyhi və səlləm) nəleyinləridir. Bunları mənə verərək göndərib ki, Allahdan baş­qa həqiqi mə­budun olmadığına şahidlik gətirən və yəqinliklə buna inanan hər kəsi Cən­nətlə müjdələyim”. (Bunu eşidəndə) Ömər sinəmə bir zərbə vurdu və mən ar­xası üstə yerə dəydim. Sonra (mənə): “Geri dön, ey Əbu Hureyra!”– dedi, mən də Pey­ğəmbərin (salləllahu aleyhi və səlləm) yanına qayıtdım. Mən az qala ağlayacaqdım. Ömər də ar­xam­ca gəlirdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) məndən: “Sənə nə olub, ey Əbu Hureyra?”– deyə so­ruşdu. Dedim: “Mən Ömərə rast gəldim və sənin mənə tapşırdığını ona xə­bər verdim. (Buna rəğmən) o mənim sinəmə bir zərbə vurdu və mən ar­xası üstə yerə düşdüm. (Sonra mənə): “Geri dön!”– dedi”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) on­dan: “Ey Ömər, bunu etməyə səni nə vadar etdi?”– deyə soruşdu. Ömər de­di: “Atam-anam sənə fəda olsun, ey Allahın Elçisi! Doğru­dan­mı, sən nəleyinlə­rini Əbu Hu­reyraya verib gön­dərmisən ki, Allahdan baş­qa həqiqi məbudun olmadı­ğına şahidlik gətirən və yə­qinliklə buna inanan hər kəsi Cənnətlə müj­dələ­sin?” Pey­ğəmbər (salləllahu aleyhi və səlləm): “Bəli”- deyə cavab verdi. Ömər dedi: “Belə etmə, (ey Allahın Elçisi)! Düzü, mən insanların buna arxayın ola­ca­ğından qorxuram. Burax onları, (yaxşı) işlər görməyə çalışsınlar”. Pey­ğəmbər (salləllahu aleyhi və səlləm): “Yax­şı, qoy çalışsın­lar!”- deyə buyur­du”. (Muslim, 147).

Sudə əl-Murriyyə (Allah ondan razı olsun) rəvayət edir ki, bir gün Ömər (Allah ondan razı olsun) Allah Elçisinin (salləllahu aleyhi və səlləm) vəfatından sonra Talhənin (Allah ondan razı olsun) yanından keçərkən onu kədərli görüb dedi: “Nəyə görə kədərlisən? Əmin oğlunun (Əbu Bəkrin) hakimiyyətə gəlməsi səni kədərləndirdi?” Talhə (Allah ondan razı olsun) dedi: “Xeyr, lakin mən Allah Elçisinin (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: “Həqiqətən, mən elə bir kəlmə bilirəm ki, onu ölüm vaxtı deyən elə bir kimsə yoxdur ki, onun əməl dəftəri nurlanmasın, onun bədəni və ruhu buna görə rahatlıq tapmasın”. Amma mən o kəlməni ondan vəfat edənə qədər soruşmadım”. Ömər (Allah ondan razı olsun) dedi: “Mən o kəlməni bilirəm! O, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) əmisinə təklif etdiyi (tövhid kəlməsidir). Əgər Peyğəmbər (salləllahu aleyhi və səlləm) əmisini oddan xilas edə bilən daha yaxşı bir şey bilsəydi, onu əmr edərdi”. (İbn Məcə, 3795, 3927. əl-Albani səhih olduğunu bildirmişdir).

Huzeyfə ibn əl-Yəmən (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: “Paltarın naxışı köhnəlib silindiyi kimi İslam dini də (yer üzərin­dən) silinib gedəcək, hətta orucun, namazın, həcc və sədəqənin nə olduğu bilinməyəcək. Bir gecədə Allahın U Kitabı qaldırılacaq və yer üzündə ondan bir ayə belə qalmayacaq. Çox yaşlı kişilər və qadınlardan olan insanlar qalacaq və onlar belə deyəcəklər: “Biz ataları­mız­dan bu “lə iləhə illəllah” kəlməsini eşitmişik və biz də onu söyləyirik”. Huzeyfə ibn Yəmən bu hədisi rəvayət edtikdə orada olan Sila ona dedi: “Namazın, orucun, həccin və sədəqənin nə olduğunu bilmədik­ləri halda “lə iləhə illəllah” kəlməsi onları (Cəhənnəm əzabindan) qurtara bilər­mi?” Huzeyfə Silanın bu sualını cavabsız buraxıb ondan üzünü çevir­di. Sonra Sila bu sualı Huzeyfəyə üç dəfə təkrar etdi. Hər dəfə də Huzeyfə ondan üz çevi­rir­di. Nəhayət Huzeyfə Silaya tərəf dönüb üç dəfə: “Ey Sila! (Bu kəlmə) onları oddan xilas edəcək!”- dedi”. (İbn Məcə, 4049, 4185. əl-Albani səhih olduğunu bildirmişdir).

Amr ibn Murra əl-Cuhəni (Allah ondan razı olsun) rəvayət edir ki, Qudaa qəbiləsindən olan bir kişi Allah Elçisinin (salləllahu aleyhi və səlləm) yanına gələrək soruşdu: “Ey Allahın Elçisi! De görüm, əgər mən Allahdan başqa həqiqi məbudun olmadığına, sənin Allahın Elçisi olduğuna şəhadət etsəm, beş vaxt namazı qılsam, Ramazan ayını oruc tutub ibadətlə keçirsəm və zəkat versəm (nə əldə edərəm)?” Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: “Kim bu əməllər üzrə ölərsə, o, sidq ürəkdən inananlardan və şəhidlərdəndir”. (İbn Xuzeymə, 2212. əl-Albani “Sahihut-Tərğib vət-Tərhib”də (№ 749) səhih olduğunu bildirmişdir).

Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: “Mən Uca Rəbbimə durmadan şəfaət edəcəyəm, O da şəfaətimi qəbul edəcək. Mən şəfaət etməyə davam edəcəyəm, O da şəfaətimi qəbul edəcək, hətta mən deyəcəyəm: “Ey Rəbbim! Məni “lə iləhə illəllah” deyən kimsələrə şəfa­ətçi et”. Allah buyuracaq: “Ey Muhəmməd, bu nə sənə, nə də bir kimsəyə məxsus deyildir. Bu Mənə məxsusdur. İzzətimə, Əzəmətimə və Mərhəmə­timə and olsun ki, Mən “lə iləhə illəllah” deyən kəsləri odun içində burax­mayacağam”. (İbn Əbu Asim, 685. əl-Albani “Ziləlul-Cənnə”də (№ 828) səhih olduğunu bildirmişdir).

Amr ibn Şueyb atasından, o da Amrın babasından (Abdullah ibn Amrdan) rəvayət edir: “Allah Elçisi (salləllahu aleyhi və səlləm) Təbuk döyüşü olan ili gecə qalxıb namaz qılırdı və səhabələrindən bir dəstə onu qorumağa toplaşdılar. Nəhayət, namazını qurtardıqdan sonra onlara üz tutub buyurdu: “Bu gecə mənə məndən əvvəlki peyğəmbərlərdən heç birinə verilməyən beş xislət verildi. Məndən öncəki peyğəmbərlər yalnız öz qövmünə göndərildiyi halda, mən bütün insanlara göndərildim. (Düşmə­nin qəlbinə salınan) qorxu ilə mənə yardım edilir, hətta mənimlə onlar arasında bir aylıq məsafə olsa belə qəlbləri qorxu ilə dolar. Mənə qəni­mətlər halal edildi, halbuki məndən əvvəlkilər qənimətləri götürməyi haram sayardılar, onlar qənimətləri (bir yerə toplayıb) yandırırdılar. Mənim üçün hər yer səcdəgah və təmizləyici edildi. Harda namazın vaxtı girsə, təyəmmüm edib namaz qıla bilərəm. Məndən əvvəlkilər isə bunu etməyi haram görürdülər. Onlar yalnız kilsələrdə və məbədlərdə namaz qılırdılar. Beşincisi, olduğu kimidir. (Qiyamət günü) mənə: “İstə”- deyi­ləcək. Həqiqətən, hər bir peyğəmbərin istəyi olmuşdur, mən isə istəyimi Qiyamət günü sizin və “lə iləhə illəllah” şəhadət verən kəslər üçün sax­lamışam”. (Əhməd, 7068. əl-Albani “Sahihut-Tərğib vət-Tərhib”də (№ 3634) həsən olduğunu bildirmişdir).

Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, Allahın Peyğəmbəri (salləllahu aleyhi və səlləm) demiş­­dir: “Həqiqətən, mən (Qiyamət günü) ayaq üstə ümmətimin sirat körpü­sünün üstündən keçməyini gözlədiyim zaman İsa yanıma gəlib deyəcək: “Ey Muhəmməd! Bu peyğəmbərlər sənin yanına gəlib, sənə şikayət edir və Allaha dua edirlər ki”- və ya -“yanına toplanaraq Allaha dua edirlər ki, ümmətlərin halı çox dəhşətli olduğu üçün Allah onları bir-birindən ayırıb istədiyi yerə (Cənnətə və ya Cəhənnəmə) salsın”. Həmin vaxt insanlar tər içində olacaqlar. Möminə gəlincə, bu ona zökəm kimi gələcək. Kafir olan kəsi isə ölüm bürüyəcək”. Allah Elçisi (salləllahu aleyhi və səlləm) deyəcək: “Ey İsa, sənin yanına qayıda­nadək gözlə!” Allahın Peyğəm­bəri (salləllahu aleyhi və səlləm) gedib Ərşin altında, heç bir seçilmiş mələ­yə və ya göndərilmiş peyğəmbərə nəsib olmayan məqamda duracaq. Sonra Uca Allah Cəbrayıla belə vəhy edəcək: “Muhəmmədin yanı­na get və ona de: “Başını qaldır, istə, istədiyin sənə veriləcək, şəfaət et, şəfaətin qəbul edilə­cək”. Mən ümmətimə hər doxsan doqquz insan­dan birinin (Cəhən­nəm­dən) çıxmasına şəfaət edəcəyəm. Mən Uca Rəbbimə üz tutaraq dayan­madan, Allaha şəfaət edilə bilən hər məqam­dan şəfaət edəcəyəm, nəha­yət Uca Allah bunu mənə verərək belə buyuracaq: “Ey Muhəmməd! Ümmə­tindən bir gün olsa belə ixlasla “lə iləhə illəllah” kəlməsinə şəhadət verən və bunun üzərində ölən kəsləri (Cənnətə) daxil et!” (Əhməd, 1276. əl-Albani “Sahihut-Tərğib vət-Tərhib”də (№ 553) səhih olduğunu bildirmişdir).

Osman ibn Əffan (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: “Kim namazın vacib haqq olduğunu bilərsə, Cənnətə daxil olar”. (Əhməd, 423; əl-Beyhəqi “Şuabul-İman” 2551, “Sunənul-Kubra” 1745. əl-Albani “Sahihut-Tərğib vət-Tərhib”də (№ 382) həsən li-ğeyrihi olduğunu bildirmişdir).

Huzeyfə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Qiyamət günü İbrahim deyəcək: “Ya Rəbb!” Uca Rəbb buyuracaq: “Çağırı­şını eşitdim və qəbul et­dim”. İbrahim deyəcək: “Ya Rəbb, övladlarımı yandırdın!” Allah buyura­caq: “Qəlbində zərrə və ya arpa dənəsi qədər imanı olan hər kəsi Cəhənnəmdən çıxarın!” (İbn Hibban, 7378. Şueyb əl-Arnavut isnadını əl-Buxari və Muslimin şərtlərinə əsasən səhih adlandır­mışdır. əl-Albani “Sahihut-Tərğib vət-Tərhib”də (№ 3645) səhih olduğunu bildirmişdir).

Miqdad ibn əl-Əsvəd (Allah ondan razı olsun) belə rəvayət etmişdir: “(Bir dəfə) mən Peyğəm­bərə (salləllahu aleyhi və səlləm) dedim: “Ey Allahın Elçisi! Söylə görüm, əgər mən (döyüşdə) kafirlər­dən biri ilə üz-üzə gə­lib onunla vuruşsam, o, qılıncla vurub mənim bir əlimi kəssə, sonra da canını məndən qur­­tar­maq üçün ağaca qal­xıb: “Allaha təs­lim oluram!”- desə, bu sözü ded­ikdən sonra mən onu öldürə bilərəmmi, ey Allahın Elçisi?” Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: “Sən onu öldürməməlisən!” Mən dedim: “Ey Allahın Elçisi! O, mə­nim bir əlimi kəsmiş və bu sözü ancaq əlimi kəsdik­dən sonra demişdir. Belə isə mən onu öldürə bilərəmmi?” Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: “Sən onu öldürməməlisən. Çünki əgər sən onu öl­dür­sən, onun halı, sənin onu öldürməmişdən qabaqkı halın kimi olacaq. Sə­nin halın isə, onun bu sözü de­məmişdən əvvəlki halı kimi olacaq”. (Muslim, 95, 274; əl-Buxari, 4019, 6865).

Sunabihi (Allah ona rəhm etsin) demişdir: “Ubadə ibn Samit ölüm ayağında ikən mən onun yanına gəldim və (onun bu halını görüb) ağlamağa başladım. Dedi: “Sakit ol görüm, niyə ağlayırsan? Vallahi, əgər məni şahid tutsalar, sə­nin lehi­nə şa­hidlik edərəm, işdir, mənə şəfaət etmək hüququ versələr, sən­dən ötrü şəfaət­çi olaram və əgər gücüm yetərsə, sənə yardım edərəm. Vallahi, mən Peyğəmbər­dən (salləllahu aleyhi və səlləm) eşitdiyim, (məzmunu) xeyirli olan hər bir hədisi sizə da­nışmı­şam. Yalnız bir hə­disdən başqa. Bu gün mən artıq ölüm ayağında ikən o hədisi sizə danışaca­ğam. Mən Pey­ğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini eşitmişəm: “Kim Allah­dan başqa həqiqi mə­budun olmadığına və Muhəmmədin Onun Elçisi olduğu­na şahidlik etsə, Allah Cəhən­nəm odunu ona haram edər”. (Muslim, 142).

Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) uzun bir hədisdə Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: O gün (Qiyamət günü) kimin Cabbar olan Allaha həqiqətən inan­dığını görəcəksiniz. Cənnətə girən möminlər saraylarında məs­kun­­­laşdıqdan sonra, müsəlman qardaşlarının bir qismini görmə­dikdə: “Ya Rəbbi! Onlar bizimlə namaz qılır, oruc tutur, bizimlə birlikdə (hər cür yaxşı) işlər görürdülər”- deyəcəklər. Uca Allah: “Gedin qəlbində dinar ağırlığında iman olanları Cəhən­nəm­dən çıxarın!”- buyuracaq. Allah bu möminlərin vücudlarını Cəhənnə­mə haram edir. Möminlər Cəhənnəmdə yanan qardaş­la­rı­nın yanına gəlirlər. Baxırlar ki, bunların kimisi topuq­larına qə­dər, kimisi ayaqlarına qədər Cəhənnəm alovuna batmışlar. Onlar­dan tanıdıq­la­rını tutub çıxararaq geri qayıdırlar. Uca Allah buyu­rur: “Gedin qəlbində yarım dinar ağırlığında iman olanları çıxa­rın!” Cənnət­dəki möminlər gəlib tanıdıqlarını çıxarıb qayıdırlar. Uca Allah yenə buyurur: “Gedin qəlbində zərrə qədər imanı olan­ları çıxa­rın!” Onlar da gəlib tanıdıqlarını çıxaracaqlar”. Ravi Əbu Səid əl-Xudri deyir: “Mənə inanmırsanız bu ayəni oxuyun: “Həqiqə­tən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər (qulun gördüyü iş) yaxşı əməl olarsa, (Allah) bunu artırar”. (ən-Nisa, 40). Peyğəm­bərlər, mələklər, möminlər şəfaət edirlər. Bundan sonra Cabbar olan Allah: “İndi növbə Mənim şəfaətimədir”- deyir və Cəhən­nəm­dən bir ovuc çıxarır. Buradan vücudları tamamilə yan­mış insan­ları çıxarır. Sonra bunlar Cənnətin çölündə bir çaya Salı­nırlar. Bu çaya “Həyat suyu” deyilir. Onlar selin gətirdiyi yığınlar arasında qalan yabanı reyhan toxum­ları necə sürətlə bi­tərsə, elə bitəcəklər. Bu yabanı reyhan otlarını bir qaya ilə ağac ara­sında görmüsünüz. Bu otun günəşə baxan tərəfi yaşıl, kölgəyə ba­xan tərəfi isə ağdır. Çaya salınan bu kimsələr çıxarılarkən ağlıq və par­laq­lıq baxımından sanki mərcan kimi parıldamaqdadırlar. Onların boyunlarına boyunbağılar taxılır. Beləliklə Cənnətə girir­lər. Cən­nət­liklər bunlar haqqın­da de­yir­­lər: “Bunlar ər-Rahmən olan Uca Allahın azad etdiyi qullarıdır. Bunların etdikləri bir əməl, göndər­dik­ləri bir xeyir olmadan Allah onları Cənnətə qoymuşdur”. Bun­lara: “Gördükləriniz və bir o qədəri sizindir”- deyilir”. (əl-Buxari, 6886, 7439).

“Bunların etdikləri bir əməl, göndər­dik­ləri bir xeyir olmadan Allah onları Cənnətə qoymuşdur” sözü bizim üçün yetərlidir. Əgər namazı tərk edən insan kafir olsaydı, Cəhənnəmdə əbədi qalardı və oradan heç vaxt çıxarılmazdı. Buna bənzər hədislər namazı tərk edənin kafir olmasına, onun təkfir olunmasına və Cəhənnəmdə əbədi qalmasına bir maneədir. Başqa böyük günah işləyənlərin günahlarının bağışlanması üçün umulan məğfirət bunlar üçün də umulur. Bu rəyin sahibləri demişlər: “Çünki küfr - tovhidi, peyğəmbərliyi, Axirəti və Peyğəmbərin (salləllahu aleyhi və səlləm) gətirdiyi şeyləri inkar etməkdir. Namazı tərk edən isə Allahın birliyini qəbul edir, Muhəmmədin Allahın Elçisi (salləllahu aleyhi və səlləm) olduğuna şahidlik edir və Allahın ölüləri dirildəcəyinə inanır. İman təsdiqdir, ziddi isə təkzib və yalan saymaqdır, əməli tərk etmək deyildir. Bu halda təsdiq edən, inanan bir kimsə üçün biz onun inkarçı və yalançı hökmünü necə verə bilərik?” Namaz qılmayanların Cəhənnəmdən çıxmaları, şəfaət hədisi kimi dəlillərlə namazı tərk edənin kafir olacağına dəlalət edən hədisləri cəm edəndə, cuhud küfrü (bildikdən sonra inkar etmək küfrü) deyil, kufranun-niəmə (nankorluq küfrü) kimi başa düşmək olur. Əks təqdirdə bu hədisləri cəm etmək mümkün deyil. Necə ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bu hədislərindəki küfr kəlmələrini, nemətə küfr kimi başa düşmüşük. Həmçinin, oxuyun: Namaz qılmayana kafir adı verilən hədisləri necə başa düşməliyik?