İbn Abbasın xəvariclərlə mübahisəsi

English

Rəvayət edilir ki, Abdullah İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Hərurilər (xəvariclər) zühur etdikdə altı min nəfər idilər. Mən Əliyə (Allah ondan razı olsun) dedim: “Ey möminlərin əmiri! Sən namazı bir az gecikdir ki, mən onlarla söhbət edim!” O buyurdu:  “Mən sənin üçün təhlükədən qorxuram!” Mən: “Sən heç narahat olma”- deyərək, ən gözəl paltarımı geyinib yola düşdüm və onların toplandıqları evə gəldim. Onlar günorta istirahətində idilər. Onlardan ibadətə daha şiddətli həris olanını görməmişdim. Əlləri dəvə dizi kimi idi (Çox ibadət etməkdən qabar atmışdı), üzlərində səcdənin əlaməti görsənir, əyinlərində yuyulmuş paltarlar var idi. Üzləri yuxusuzluqdan zəifləmişdi. Onların yanlarına gəldikdə dedilər: “Bu geyindiyin paltar nədir?” İbn Abbas (Allah ondan razı olsun) dedi: “Məni bununla təqsirkar sayırsızmı? Mən Rəsulallahın (salləllahu aleyhi və səlləm) əynində bundan daha gözəlini görmüşəm, ona bu ayə nazil olmuşdu: “Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?” (əl-Əraf, 32). Sonra mən onlara dedim: “Peyğəmbərin (salləllahu aleyhi və səlləm) əshabının, mühacir və ənsarların, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) əmisi oğlu və kürəkəninin yanından gəlirəm. Quran onların zamanında nazil olub və onlar onu sizdən daha yaxşı başa düşürlər. Onlardan heç birini sizin aranızda görmürəm. Mən onların dediklərini sizə, sizin dediklərinizi isə onlara çatdırmaq istəyirəm”. Bəziləri: “Qureyşlə münaqişə etməyin”- deyərək bu ayə: “Doğrusu, onlar höcətləşən adamlardır” (əl-Zuxruf, 58) ilə etirazlarını bildirdilər. İki-üç nəfər isə: “Onlarla danışın”- dedilər. Onlardan biri mənə yaxınlaşdı və mən dedim: “Peyğəmbərin (salləllahu aleyhi və səlləm) əshabına, əmisi oğluna, kürəkəninə və ilk iman gətirənə qarşı etiraz etdiyiniz məsələləri deyin”. Onlar dedilər: “Bizim üç etirazımız var. Birinci: O (yəni, Əli) Allahın dinində hakimliyi insanlara verdi. Uca Allah isə buyurur: “Hökm yalnız Allahındır”. (Yusuf, 40)”. İbn Abbas (Allah ondan razı olsun) dedi: “Yaxşı, bu bir”. Onlar dedilər: “İkinci: Əli (Müaviyəyə qarşı etdiyi) döyüşlərdə qənimət və əsir götürmədi. Əgər onlar kafirdirlərsə, onda onların malları və namusları bizə halal olmalıdır. Əgər onlar mömindirlərsə, onda onların qanlarını tökmək bizə haramdır”. İbn Abbas (Allah ondan razı olsun) dedi: “Bu ikincisi, bəs sonra”. Onlar dedilər: “Üçüncü: O, öz üzərindən möminlərin əmiri adını sildi. Əgər o, möminlərin əmiri deyilsə, onda kafirlərin əmiri olmalıdır”. İbn Abbas (Allah ondan razı olsun) dedi: “Sizin bundan başqa şikayətiniz varmı?” Onlar: “Bunlar kifayətdir”- dedilər. İbn Abbas (Allah ondan razı olsun) dedi: “Əgər mən sizə Qurandan və Sünnədən sizin dediklərinizin lazımlı cavabını versəm söylədiklərinizdən dönərsinizmi?” Onlar: “Bəli”- dedilər. İbn Abbas (Allah ondan razı olsun) dedi: “Siz deyirsiniz ki, Əli Allahın dinində hakimliyi insanlara vermişdir. Mən isə sizə Qurandan bir ayə oxuyacam. Bu ayədə Uca Allah qiyməti dörddə bir dirhəm olan dovşanın hakimliyini insanlara həvalə etmişdir. Uca Allah buyurur: “Ey iman gətirənlər! İhramda ikən ovu öldürməyin. Sizlərdən kim onu qəsdən öldürərsə, kəffarəsi öldürdüyünə bənzər bir qurbanlıq heyvanı əvəz ödəməkdir. Buna sizlərdən iki ədalətli kişi qərar verməli, sonra da həmin qurbanlıq heyvan Kəbəyə çatdırılmalıdır. Yaxud kəffarə olaraq kasıbları yedirtməli, yaxud da buna bərabər oruc tutmalıdır ki, öz işinin zərərini dadsın. Allah olub-keçənləri bağışlamışdır. Hər kim yenə bu günaha qayıtsa, Allah ondan intiqam alar. Allah Qüdrətlidir, intiqam almağa qadirdir”. (əl-Maidə, 95). Ərlə arvad haqda isə belə buyurur: “Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, onda kişinin ailəsindən bir hakim və qadının ailəsindən bir hakim göndərin. Əgər bunlar islah etmək istəsələr, Allah da onları barışdırar. Həqiqətən, Allah Biləndir, hər şeydən Xəbərdardır” (ən-Nisa, 35). İndi isə sizi Allaha and verirəm! İnsanların qanının tökülməsinin qarşısını almaq və onları barışdırmaq üstündür, yoxsa qiyməti dörddə bir dirhəm dəyərində olan dovşan!?” Onlar dedilər: “Əlbətdə ki, qanın tökülməsinin qarşısını almaq və onları barışdırmaq üstündür”. İbn Abbas (Allah ondan razı olsun) dedi: “Bu suala cavab verdimmi?” Onlar dedilər: “Bəli, Allah da şahiddir”. Sizin ikinci etirazınız; “Əli (Müaviyəyə qarşı etdiyi) döyüşlərdə qənimət və əsir götürmədi”. Məgər siz ananız hesab edilən Aişəni (Allah ondan razı olsun) əsir götürər və onunla əsirlərlə aparılan münasibətləri edərdinizmi? Əgər bunu etsəydiniz, küfr edərdiniz. Yaxud, “o bizim anamız deyildir” desəniz, yenə də küfr edərsiniz. Uca Allah buyurur: “Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Zövcələri isə möminlərin analarıdır (heç kəs onlarla evlənə bilməz).." (əl-Əhzab, 6). Siz iki zəlalət və zülmət içərisindəsiniz. Bundan çıxış yolu tapın”. Sonra İbn Abbas (Allah ondan razı olsun) dedi: “Bu sualınıza da cavab verdimmi?” Onlar dedilər: “Bəli, Allah da şahiddir”. Sonra siz dediniz ki, “O, öz üzərindən möminlərin əmiri adını sildi”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) Hudeybiyyə sülhü günü Qureyş qəbiləsini yazılı şəkildə ittifaq etməyə çağırmışdı. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Yaz! Bunu Allahın elçisi Məhəmməd imzalayır”. Qüreyşli müşrik dedi: “Allaha and olsun, əgər biz sənin Allah elçisi olduğunu tanısaydıq, sənin Kəbə evini ziyarət etməyinə mane olmaz və sənə qarşı döyüşməzdik. Sən sadəcə olaraq “Məhəmməd ibn Abdullah” yaz”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Allaha and olsun ki, siz mənə iman gətirməsəniz də mən Allahın elçisiyəm”. Sonra Əliyə dedi: “Ey Əli! “Məhəmməd ibn Abdullah” yaz!” İbn Abbas (Allah ondan razı olsun) dedi: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) Əlidən də xeyirli və üstün idi. O, öz adını sildi. Onun öz adını silməsi, peyğəmbərliyinin silinməsi demək deyildir”. Sonra İbn Abbas (Allah ondan razı olsun) dedi: “Buna da cavab verdimmi?” Onlar dedilər: “Bəli, Allah da şahiddir”. Bu söhbətdən sonra onların iki min nəfəri öz dediklərindən döndülər, qalanlarını isə Nəhrəvan döyüşündə Mühacir və Ənsarlar öldürdülər”. (Əhməd, 656; əl-Hakim, 2656-2657; əl-Beyhəqi “Sunənul-Kubra” 16517, 17186).