"Qurandan sonra heç bir kəsin sözlərinə ehtiyac yoxdur" şübhəsi

English

Şübhə olaraq bu ayəni gətirir “Biz Kitab­da heç bir şeyi nəzərdən qaçır­ma­dıq. Sonra on­lar Rəbbinin hü­zuruna top­la­na­caq­lar”. (əl-Ənam, 38) və belə deyirlər: “Burada “şey” qeyri müəyyənlikdədir və Quran tam mənada bütün əhkamları, hər bir şeyi özündə əhatə etmişdir. Bundan sonra başqa bir hədislərə və ya hər hansısa bir kəsin sözlərinə ehtiyac yoxdur”.

Şübhəyə cavab: 

Ayənin gedişatına baxdığımız zaman görür ki, burdakı söhbət “Lövhi-Məhfuz”dan gedir. Bu ayəni əvvəldən oxuduqda kitabdan “Lövhi-Məhfuz” olduğu aydın olur. Uca Allah ayənin əvvəlində buyurur: “Yer üzündə gəzən heyvanların və göydə uçan ikiqanadlı quşların hamısı sizin kimi ümmətlərdir. Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna toplanacaqlar”​. (əl-Ənam, 38).

Yəni burada Quran kitabı deyil, “Lövhi-Məhfuz” kitabı qəsd olunur.

Peyğəmbərə ﷺ itaət edilməsində risalətin göndərilmə səbəbinin təhqiqi var. Abdur-Rahmən əs-Səədi demişdir: “Allah bütün toplumlara göndərdiyi peyğəmbərlərə itaət edilməsini üçün göndərdiyini xəbər vermişdir: “Biz hər bir elçini, – Allahın izni ilə, – məhz itaət edilsin deyə göndərdik...” (ən-Nisa, 64).  Rəsulların göndərilmə səbəblərindən biri də, insanların onlara tabe olub yolları ilə getmələridir. Bu itaət isə rəsulların əmr etdiyi bütün şeyləri və qadağan etdiyi bütün şeylərdən çəkinməklə olmalıdır. Həmçinin bu tabeçilik, onları göndərəni, yəni Allahı əzəmətli sayması və Onun qoyduğu yolu üstün tutması deməkdir. Bu ayədə peyğəmbərlərin və son peyğəmbər olaraq Muhəmməd peyğəmbərin ﷺ Allahdan gələn məlumatları təbliğ etdiklərində məsum olmalarının isbatı vardır. Onların əmr və qadağalarının Allah tərəfindən olması bu işdə məsul olmalarını göstərir, çünki Uca Allah mütləq bir şəkildə onlara itaət edilməsini əmr etmişdir. Əgər onlar şəriətin təbliğində məsum olmasaydılar və onlardan şəriətdə xata baş verməsi mümkün olsaydı, Allah mütləq şəkildə onlara itaət edilməsini əmr etməzdi”. (Abdur-Rahmən əs-Səədi “Teysirul-Kərimur-Rahmən” səh. 184).

Bütün rəsullar öz toplumlarını onlara itaət edib tabe olmağa çağırmışlar.

“Məndən əvvəl nazil olmuş Tövratı təsdiqləyən olaraq və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün göndərildim. Mən sizə Rəbbinizdən bir dəlil gətirdim. Allahdan qorxun və mənə itaət edin” (Ali-İmran, 50)

“O vaxt qardaşları Hud onlara dedi: “Məgər qorxmursunuz? Həqiqətən, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm. Allahdan qorxun və mənə itaət edin!” (əş-Şuəra, 124-126).

“O dedi: “Ey qövmüm! Şübhəsiz ki, mən sizi açıq-aydın xəbərdar edənəm! Allaha ibadət edin, Ondan qorxun və mənə itaət edin!” (Nuh, 2-3).

Eləcə də bütün peyğəmbərlər də Allah tərəfindən göndərildiklərinə görə onlara itaət edilməklə xilas olacaqlarını bildirmişlər.

Peyğəmbərimiz ﷺ isə peyğəmbərlərin ən sonuncusu və onun şəriəti də ən sonuncusudur. Onun ümməti son ümmətdir.

“Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyil. Lakin o, Allahın rəsulu və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi bilir” (əl-Əhzab, 40).

Peyğəmbərinə ﷺ itaəti isə Uca Allah Kitabında bir çox yerlərdə qeyd etmişdir.

“Allaha və Onun göndərdiyi Rəsula itaət edin ki, bəlkə, sizə rəhm olun­sun”. (Ali-İmran, 132);
“Allaha itaət edin, Onun rəsuluna itaət edin və pis əməllərdən çəkinin! Əgər üz çevirsəniz, bilin ki, Rəsulumuzun öhdəsinə düşən ancaq açıq təbliğ etməkdir” (əl-Maidə, 92); “Ey iman gətirənlər! Allaha və Peyğəmbərə itaət edin və əməllərinizi puç etməyin!” (Muhəmməd, 33). Bu haqda ayələr çoxdur.

Peyğəmbərə ﷺ itaət onun vəfatından sonra Qiyamətə qədər İslam dininin əsası, Quranın düzgün başa düşülmə yolu və şəriətin mahiyyətidir.

Şəriətdən az da olsa xəbəri olan hər bir kəsin bildiyi dəqiq olan bir şey var ki, o da Muhəmməd Peyğəmbərə ﷺ itaət - əqidəyə, imana və şəriətin əhkamlarının tətbiq edilməsinə bağlı olan bir məsələdir. Qurani-Kərimdə elə bir ayə yoxdur ki, orada Peyğəmbərə itaətin yalnız onun sağlığına aid edilsin. Əksinə, Quranda Peyğəmbərə itaətin vacibliyindən bəhs edilir və bu ayələr hər bir müsəlmanın Peyğəmbərə itaət etmək hər bir zaman və məkan üçün vacibdir və bu Qiyamətə qədər belədir.

Peyğəmbərdən ﷺ sonra ən xeyirli insanların – səhabələrin yalnız Quranla kifayətləndiyi deyilmir. Əksinə, onlar Peyğəmbər ﷺ vəfat edəndən sonra onun sünnəsinə tam mənasında riayət edən olmuşlar.

Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir: "Allah Elçisini ﷺ qızı Fatimə Allahın Mədinə və Fədəkdə Peyğəmbərə ﷺ qənimətdən olaraq verdiyi mallardan olaraq verdiyi mirası və Xeybərin xums payından olan mirası almaq üçün Əbu Bəkrə xəbər göndərdi. Əbu Bəkr əs-Siddiq dedi: "Allah Elçisi ﷺ belə demişdir: "Biz miras tərk etmərik, bizim tərk etdiyimiz sədəqədəir. Ancaq Muhəmmədin ailəsi bu maldan yeyə bilər". Allaha and olsun, mən Allah Elçisinin sədəqəsini Allah Elçisinin ﷺ zamanındakı halından dəyişmərəm. Mən də Allah Elçisi ﷺ işlətdiyi kimi onları işlədəcəyəm". Beləcə, Əbu Bəkr bundan Fatiməyə heç nə vermədi". Digər rəvayətdə deyilir: "Allaha and olsun ki, Allah Elçisinin ﷺ etdiyini gördüyüm bir işi heç vaxt tərk etməyəcəm, mütləq onu eyni şəkildə edəcəyəm. Onun əmrindən bir şey tərk edəcək olsam, azmaqdan qorxuram". (Muslim, 3305,4681; əl-Buxari, 2862, 3093).

Həmçinin ümmətin öndərləri ən böyük alimləri İmam Abu Hənifə, İmam Malik, İmam Şafii, İmam Əhməd öz sözləri ilə açıq aşkar olaraq demiş və insanlara söyləmişdilər ki, “əgər bir şey də sünnət gələrsə, mənim sözlərimi və rəylərimi sünnətin tərəzisinə qoyun. Əgər sünnətə müxalif olarsa, sünnəti mənim sözlərimin önünə qoyun və mənim sözlərim idi divara çırpın” və bu kimi hadisələr, rəvayətlər səhabələrdən və həmçinin alimlərdən çoxdur.

İmam Şafii (Allah ona rəhm etsin) demişdir: “Elə bir kəs yoxdur Allah Elçisinin ﷺ sözü gəldiyi zaman həmin adamın sözü kənara qoyulmasın. Mən hər hansısa bir söz desəm və ya hər hansısa bir qayda qoysam, əgər görsəniz ki, Allahın Elçisinin ﷺ dediyi sözləri və onun sunnəsi mənim dediyimin əksinə deyir, söz Allah Elçisinin sözüdür və qayda da Allah Elçisinin ﷺ qoyduğu qaydadır”.( Tarix Dəməşq, 51/389).

Böyük alimlərin tələbələri də Peyğəmbərdən ﷺ onlara səhih məlumat çatdıqda, alimlərinin sözünü deyil, hədisi əəsas götürmüşlər. Bu haqda alimlərdən bir çox nümunə gətirmək olar.

İslam alimlərinin icması şəhadət kəlməsinin ikinci qisminin “Muhəmməd Allahın Elçisidir” sözünün sünnənin hüccət mənbəyi olması və Muhəmmədin həm sağlığında, həm də ölümündən sonra Qiyamətə qədər ona itaət edilməsinin vacibliyinə dəlildir.

Biz səhabələrin həyatına baxdıqda, heç biri sünnəni kənara qoymamış, əksinə ona daha da sıx sarılmış və Peyğəmbərə ﷺ itaəti onun sünnəsinə itaətlə eyni tutmuşlar.

İbn Teymiyyə (Allah ona rəhm etsin) demişdir: “Allaha və Onun Rəsuluna itaət etmək, Allahın və Rəsulunun ﷺ halal etdiyini halal etmək, haram etdiklərini haram etmək, Allahın və Rəsulunun vacib etdiklərini vacib bilmək hər bir zaman və hər bir vaxt üçün, istər bu gizlində olsun, istərsə də aşkarda olsun - bütün insanlara və cinlərə vacibdir” (Fətava əl-Kubra, 5/97).

On dörd əsrdir ki, bütün İslam aləmi – Peyğəmbərdən ﷺ dərs almış səhabələrə, tabiinlərə, onlardan sonra gələn İslam alimlərinə tabe olmuşlar. İndi isə bəziləri çıxıb özlərindən nəsə uydurduqda, bu mötəbər İslamın əsaslarını qoyub həmin bidət əhlinin şübhələrinə tabe olmaq ağıl sahibinə nə dərəcədə yaraşar?!

Həmin bidət əhli İslamın iki əsasından ikincisini aradan qaldırmaq istəyirlər ki, bu da Peyğəmbərə ﷺ itaətdir.

Bu şübhəni gətirənlər Peyğəmbərin ﷺ bu hədisində qeyd edilənlərdən olmasından qorxsunlar: Peyğəmbər ﷺ demişdir: "Bilin və agah olun ki, mənə Quran ilə birlikdə (onun bir) bənzəri verilmişdir. Diqqətli olun, taxtına söykənmiş tox bir adamın sizə: “Tək Qurandan yapışın, onda tapdığınız halalı halal, haramı isə haram qəbul edin” deyəcəyi gündən ehtiyat edin...”. (Əbu Davud, 4606, İmam Əhməd, 17306).