"Hədislər Allah tərəfindən qorunmur" şübhəsi

English

Özünə "Qurani" deyənlər şübhə ataraq belə deyirlər: "Hədislər vəhy deyil, Allah tərəfindən qorunmur, vaxt keçdikcə insanlar tərəfindən dəyişdirilmişdir. Bəzi hədislər var ki, Quranla üst-üstə düşmür".

Şübhəyə cavab: 

Belə şəxslərin deyib təkrar etdiyi bu şübhələr yalnız isbatı mümkün olmayan və dillərində təkrarladıqları bir ittihamdır. Onlar bunu heç bir zaman nə Qurani-Kərimlə, nə də başqa bir şey ilə isbat edə bilməzlər. Onların dedikləri bu sözlər İslam düşmənlərinin ortaya qoyduqları bir şübhədir. Onların maraqlarında olan hal bu şübhəni yaymaqla həqiqətin axtarılması, haqqı batildən ayırd edilməsi, hədislərin səhihinin zəifindən ayırd edilməsi deyil. Onların yalnız bir məqsədi var - bu da İslam dinində olan sıravi müsəlmanları, öz gündəlik işləri ilə məşğul olan, şəri elmin alınmasından uzaq olan müsəlmanları azdırıb onları dinlərin yayındırmaq və şübhəyə salmaqdır. Hədis elmi barəsində az da olsa elmi olan hər bir kəs bilir ki, bu hədislər də Allah tərəfindən olan bir vəhydir.

Peyğəmbərdən ﷺ gələn səhih hədislər Allah tərəfindən vəhydir. Həqiqətən, Qurana doğru düzgün iman etmiş kəslərin üzərinə düşən vəzifə səhih Sünnənin olmasını isbat etməkdir. Allah Qurani-Kərimi Peyğəmbərə ﷺ bu ayələri insanlara izah etməsi üçün endirmişdir. Uca Allah buyurur: “Biz onları aydın dəlillər və kitablarla göndərdik. Sənə də Zikri nazil etdik ki, insanlara, onlara nazil olanı izah edəsən və bəlkə onlar fikirləşələr” (ən-Nəhl, 44). Ayənin zahirindən görünür ki, bu həm Peyğəmbərin ﷺ sözləri ilə, həm də onun etdiyi felləri ilə mümkündür, çünki burada "zikr" deyildikdə həm Quran, həm hədislər nəzərdə tutulur.

Allah Qurani-Kərimdə Peyğəmbəri ﷺ insanlar üçün gözəl bir nümunə adlandırır: "Allahın Rəsulu sizlərə – Allaha və Axirət gününə ümi­dini bağ­layanlara və Allahı çox zikr edənlərə gözəl nümu­nə­dir" (əl-Əhzab, 21). Yuxarıda şübhə kimi gətirilənlər isə bu nümunə olan insanın sünnəsini inkar etməkdir ki, bu da həmin ayəni inkar etməyə gətirib çıxarır.

Bir kəsin nümunə olması, ondan sonra gələnlərin ona tabe olması deməkdir. Əgər onun sünnəsi qorunmayıb itmişsə, o zaman biz ona necə tabe ola bilərik? Biz Peyğəmbərin ﷺ sünnəsi ilə ibadətlərin necə edilməsini, namazı neçə rükət qılmağı, nikahı, orucu və digər bütün şəriəti sünnədən ətraflı şəkildə öyrənirik. Sünnə olmasaydı və itib getsəydi, bunları hardan və necə biləcəkdik? Əgər bunlar vəhy olmayıb qorunmasaydı, biz günümüzə qədər bu hökmləri hardan və necə götürəcəydik?

“And olsun batmaqda olan ulduza! Sizin yoldaşınız nə haq­dan azmış, nə də yoldan çıx­mışdır O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhydir”. (ən-Nəcm, 3-4).

Əgər Quranda Allah nəyəsə and içirsə, ondan sonra mühüm bir məsələ qeyd edilməsini bildirir. Anddan sonra isə Peyğəmbərin ﷺ yalnız vəhy ilə danışması qeyd edilir.

Həmçinin Uca Allah buyurur: Cəbrail sənə Quranı na­zil etdikdə onu tə­ləm-tələsik yad­da sax­la­maq üçün dilini tər­pət­mə! Şübhəsiz ki, sənin qəl­bin­də onun qərar tutması və dilin­lə onun oxunması Bizə aid­dir. Biz onu oxuduğumuz za­man sən onun oxunuşunu izlə. Sonra onu izah etmək də, sözsüz ki, Bizə aiddir” (əl-Qiyamət, 16-19).

Bu ayənin sonunda gələn “Sonra onu izah etmək də, sözsüz ki, Bizə aiddir”. Bu, Peyğəmbərin ﷺ ayələri izah etməsi və ayələrin izahını insanlara başa salınmasına aiddir. Peyğəmbərin ﷺ izahı da günümüzə qədər qorunub saxlanılan səhih hədislərdədir. Hədislərin vəhydən olması isə Allahın həmin izahları Öz üzərinə götürməsi və izah edəcəyini deməsi, o izahları da qoruyacağı anlamına gəlir. Əgər kimsə səhih hədislərin qorunmadığını söyləsə, artıq Allahın bu ayəsini yalan saymışdır:

“Şübhəsiz ki, Zikri Biz na­zil etdik, əlbəttə, Biz də onu qo­ruya­ca­ğıq” (əl-Hicr, 9).

Allahın Öz peyğəmbərinə ﷺ vəhy etdiyi sünnəni qorumasa və bu məlumatlar itib getsə, biz Qurandan necə faydalana bilərik? Quranın mənalarının Peyğəmbər ﷺ tərəfindən açıqlanması dindəndir və Allah tərəfindən qorunur. Onların qorunmadığını iddia edən, Allahın bu dini tamamlamaqla əlaqəli ayələrini inkar etmişdir. Uca Allah dinin tamamlanmasını Peyğəmbərin ﷺ ölümündən bir qədər əvvəl nazil etmişdir:

“Bu gün dininizi sizin üçün ka­mil et­dim, sizə olan nemətimi ta­mam­ladım və sizin üçün din olaraq İslamı bəyəndim” (əl-Maidə, 3). Yəni Peyğəmbər ﷺ hədislərlə insanlara Quranı izah etmiş, ölümündən qabaq isə Uca Allah onun izahının tamamlanmasını Quranda bir daha qeyd etmişdir.