"ət-Tövbə" surəsi 31-ci ayə ilə gətirilən şübhə

English

Müxaliflər təkfir etmək üçün bu ayəni də dəlil gətirirlər: Onlar Allahı qoyub baş elm adamlarını və rahiblərini, bir də Mər­yəm oğlu İsa­nı tanrılar qə­bul et­­dilər...” (ət-Tövbə, 31). Onlar deyirlər: “Kitab əhli Allahın hökmü ilə hökm etməyən alimlərinə və rahiblərə itaət etdikdə, Uca Allah bunu etmələrinə görə onları özlərinə rəbb qəbul etmələrini dedi. Bu rəbb tutma isə şirkdir”.

Şübhəyə cavab: 

Buna cavab olaraq deyilir: Rahiblərə və keşişlərə itaət edilməsi iki haldan kənara çıxmır.

Birinci hal; Allahın halal etdiyini haram, haram etdiyini isə halal saymaqda onlara tabe olan etiqad. Bu etiqad ixtilafsız olaraq küfr etiqaddır.

İkinci hal; Allaha günah etmək - halalı haram, haramı halal saymadan onlara itaət etmək. Biz günah edənləri və ya günaha çağıranları təkfir etmədiyimiz kimi, halı belə olanları da təkfir etmirik. Əhli Sünnə val-Cəməa günah edəni və ya günahı edənə itaət edəni - halal görməyənə qədər kafir saymamışlar. Əgər müxaliflər bu məsələdə bizimlə razı deyillərsə və hər günah əməli əmr edəni kafir sayırlarsa, bu Əhli Sünnənin yolundan deyil. İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: “Rahiblərini və keşişlərini - Allahın halal etdiyini haram, haram etdiyini isə halal saymaqda özlərinə rəbb qəbul edənlərin halı iki yöndən kənara çıxmaz. Birinci, onlara itaət edənlər həmin adamların Allahın dinini dəyişdirdiklərini bilirlər və bu dəyişiklik üzərində onlara tabe olurlarsa, bununla da Allahın elçilərinin dininə müxalif olduqlarını bildiklərinə görə açıq-aydın küfr edir və kafir olurlar. İkinci, onlar halalı halal, haramı da haram sayırlar, lakin Allaha asilikdə öz başçılarına itaət edirlərsə və etdiklərinin günah olduğunu bilirlərsə, onların hökmü günah əhlinin hökmü kimidir”. (Fətava, 7/70).

Mövzular: