Bidət əhlini dəvət etdikdə davranış necə olmalıdır – İkinci hissə

English
Bidət əhlinin tərk edilməsi (həcr)
 
Bu, bidət əhlinə təsir edə biləcək gözəl müalicə üsuludur. Bununla həm cəmiyyət sağalır, həm də həmin bidətçilərin sağalmaq ehtimalı artır. Bu, bidətin və əhlinin təsir dairəsinin darlaşdırılması və cəmiyyətə vura biləcəkləri böyük fəsadın qarşısının alınması üçündür. Ona görə bidətçilərin tərk edilməsi cəmiyyətin onlardan xəbərdar edilməsi üçün ən əsas üsullardan biri sayılır. Tərk edilmə qaydası həmin bidətçinin öz qəflətindən ayılması üçün edilir.
Bunu tətbiq etdikdə əldə edilən əsas faydalar:
  1. Tərk etməni - həcri tətbiq etdikdə, müsəlmanların arasında bidətə düşmələrinin qarşısının alınması və bu bidətlərdən çəkindirmə var. Belə olduqda müsəlmanlar ayıq-sayıq olurlar. Bidətçilərin belə cəzalanmaları müəyyən bir şəxsin bidətə meyl etdiyi təqdirdə onu da elə davranışın gözlədiyini bilməsi, nəticədə onun belə fikirlərdən uzaq durmasına gətirib çıxarır. Çünki, bu bidətin müsəlmanlar tərəfindən heç bir vəchlə qəbul edilməyəcəyi fərqində olur.
  2. Bidətin qarşısının alınması və bidətə qarşı olan hücum.
  3. Peyğəmbərin – sallallahu aleyhi və səlləm - sünnəsinə qoruyucu zəmanət verilməsi və bidətin kökdən kəsilməsi. Bu, bidət və onun əhlinin tərk edilməsi, sünnənin zəmanətdə və qorunma halında olmasına, bidətin isə məhv olmasına gətirib çıxarır.
  4. Bidətçinin üzərinə belə təzyiq edilməsi, onun tərk edilib insanlar içərisində hörmətinin aşağı salınması və bidətinin yayılmasının qarşısının alınması üçündür. Bidətçi ilə otururb-durmaq, onunla birlikdə məclislərdə olmaq, onun söhbətlərini dinləmək, insanları ondan çəkindirməmək – hamısı bidət əhlinin qəlbində arxançılıq yaradır və gözəl bir şey üzərində olmasını zənn edir. O, düşünür ki, əgər pis əməl sahibi olsaydım, mənimlə mehriban olmazdılar, mənimlə birlikdə çörək yeməz, oturub-durmazdılar.
 
İnsanların əksəriyyəti sünnəni bidətdən ayıra bilmədiklərinə görə bidətçinin hərəkətlərini sünnə kimi bilib zəlalətə düşür. Bidət əhlinin tərk olunmasının faydaları etiqadın qorunması və dinin əldən getməməsi, cəmiyyətin qorunması üçündür. Bu karantin – tərk etmə - sağlamlığın qorunması üçün lazım olan karantindən daha önəmlidir.
İmam Şatibi (Allah ona rəhm etsin) deyir: “Bidətçi ilə birlikdə olmaq, onunla oturub-durmaq onun üstün tutulması deməkdir. Onun üstün tutulması da həmin bidətin üstün tutulması deməkdir... Şəriətin bizim üçün qoyduğu bu qaydaya riayət etməmək şəriətə zidd bir haldır”. (əl-İtisam, 1/85).
 
Tərk etməyin üç növü var:
  1. Etiqadi və dini tərk etmə. Bu, təqva əhlinin əməllərindəndir. Bu, bir möminin etiqadı üçün günahları, həmin günahı edəni tərk etməsidir. İstər bu günah sahibi günah əhli, istərsə də bidət əhli olsun. Bu tərk etmə vacibdir. Uca Allah buyurur: “Pis şeyləri tərk et!” (əl-Muddəssir, 5); “Müşriklərin dediklərinə səbir et və onlardan xoşluqla uzaq­laş” (əl-Muzzəmmil, 10); “Ayələrimizi məsxərəyə qo­yanları gördüyün zaman, on­lar baş­qa söhbətə keçənə qə­dər on­lardan üz çevir. Əgər şey­tan bunu sənə unutdursa, xatırla­dıq­dan son­ra zalım tayfa ilə birgə otur­ma” (əl-Ənam, 68); “Allah Kitabda sizə na­zil et­miş­dir ki, Allahın ayələ­rinin in­kar edil­di­yi­ni, yaxud onlara is­teh­za olunduğunu eşit­di­yi­niz za­man, kafirlər başqa bir söh­­bə­tə keçməyincə, onlarla bir yerdə otur­ma­yın. Yoxsa siz də onların tayı olar­sı­nız. Şübhəsiz ki, Allah mü­na­fiq­lərin və kafirlərin hamısını Cə­hənnəmdə toplaya­caqdır” (ən-Nisa, 140).
Peyğəmbər – ona Allahın salavatı və salamı olsun - belə buyurmuşdur: “...Mühacir Allahın qadağan etdiyi şeyləri tərk edəndir”. (əl-Buxari “Ədəbul-Mufrad” 1144. əl-Albani səhih olduğunu bildirmişdir).
  1. Çəkindirmək həcri - tərk etməsi. Dünya məsələlərinə görə bir insanı tərk etmək bu növdən sayılır. Bu növ tərk etmə üç gündən artıq olmamalıdır. Ənəs ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (ona Allahın salavatı və salamı olsun) belə buyur­muşdur: “Bir-birinizə nifrət etməyin, bir-birinizə həsəd aparmayın, bir-bi­rinizə arxa çevirməyin. Ey Allahın qulları, qardaş olun! Heç bir müsəl­ma­na üç gündən artıq qardaşı ilə küsülü qalması halal deyildir”. (əl-Buxari, 5612, 6076; Muslim, 2558, 4641, 6690).
  2. Hökm vermək tərk etməsi. Bu da tərk etmədə həddini aşanların cəzalandırılması üçün tətbiq edilən bir növdür. Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) bu tərk etməni iki növə bölərək buyurur: “Şəriətdən olan tərk etmək iki növdür. Birinci, günah əməllərin, pisliklərin tərk edilməsi. İkincisi, həmin pisliklərə görə onu edənə cəzanın verilməsi. Birinci tərk etmə əl-Ənam surəsinin 68-ci ayəsində də qeyd edilmişdir. İkinci növ pislik edənlərin tərk edilməsi onların ədəbləndirilməsü üçündür. Bu da pislikləri nümayiş etdirənlər üçündür. Onlar etdikləri əməldən tövbə edənə qədər tərk olunur. Necə ki Peyğəmbər – sallallahu aleyhi və səlləm - döyüşdən geri qalan üç nəfər haqda, Allahın onların tövbəsini qəbul etməsini xəbər verənə qədər etdiyi tərk etmə kimi. Onlar hər kəsə fərz olan cihaddan heç bir üzr olmadan geri qalmışdılar”. (Məcmuul-Fətava, 20/28).
 
Tərk etməyin necəliyi
Bidətçinin tərk edilməsi deyildiyi zaman onunla oturub-durulmasının, onunla yanaşı gəzməyin, onun təzim edilərək üstün tutulmasının, onun olduğu mərtəbənin uca göstərilməsinin, ona salam verilməsinin, ona qulaq asılmasının, onun adının hər hansısa bir məclisdə tərif olaraq çəkilməsinin, ona gülər üzlə qarşılıq verilməsinin, onun sözlərinə və danışdıqlarına qulaq asılmasının, onunla hər hansısa bir işdə məşvərət və ya məsləhət edilməsinin tərk edilməsi nəzərdə tutulur. Bunların hər biri həmin kəsin islah olunması üçün edilən müalicə yollarındandır. Əgər həmin bu müalicə üslubunun fayda verəcəyi bilinirsə və həmin kəsə təsir edəcəyi, etdiyi pis əməldən uzaq duracağı və tövbə edib sünnə yoluna qayıdacağı bilinirsə, o zaman bu yola əl atılır və tərk deyildiyi zaman içərisində daşıdığı tərk sözünün bütün mənaları tam bir şəkildə yerinə yetirilir. Çünki tərk etməyin əsl məqsədi bir kəsin şəxsinin alçaldılması deyil, həmin kəsin etdiyi bidətə görə tərk edilməsidir. Əsl məqsəd onun özünə və cəmiyyətə zərər verməsinin qarşısının alınması və doğru yola qayıtmasıdır. Bidətçinin tərk edilməsi cəmiyyətin onun etdiyinin İslamdan olmamasını bilməsi üçündür. Bu da cəmiyyətin İslamdan olmayan bir şeylə yaşamaması üçün tətbiq edilən bir müalicə yoludur, lakin bu da öz qədərində tətbiq edilməlidir.
 
Tərk etməyin bir çox üsulu və qaydaları var. Burada qısa olaraq tərk etməyin bir neçə şərtini qeyd etmək istəyirik.
  1. Tərk etmə (həcr) şəriətdə qoyulduğu hədəf və məqsədi yerinə yetirməlidir. Bu metod bidətin və pis əməlin cəmiyyətdə yayılmaması və şəxslərin bidətdən uzaq durması üçündür. Tərk etməyni (həcrin) tətbiqi yalnız fayda verdiyi müddətdə tətbiq edilir. Əgər biz bidətçinin tərk edilməsinin onun öz günahlarında daha da batmasına, pisliklər içərisində daha da şiddətli bir şəkildə dərinləşməsinə, özündən daha pis birilərinin yanına gedib onlara qoşulmasına və onu bundan daha böyük fəsadlara aparacağına səbəb olduğunu görürüksə, o zaman tərk etmə tətbiq edilmir. Burda fayda və zərərə diqqət etmək lazımdır, çünki mömin olan bir şəxs bu məsələdə bir həkim kimidir. Əgər bir həkim müalicənin faydalı olduğunu görərsə, onu edər və bu tərk etmək müalicə sayılır. Əgər həmin bu tərk etmə onun tövbə etməsinə deyil, daha da şər əməllərə aparmasına və özündən daha şər olan birilərinin yanına getməsinə səbəb olursa, onda bu müalicə yolunu başqa fayda verə biləcək bir müalicə üslubu ilə dəyişmək lazımdır. İbn Teymiyyə demişdir: “Tərk etmə (həcr) tərk edilənlərin müxtəlifliyinə görə dəyişə bilir. Onların güclü və ya zəif olmasına, az və ya çox olmasına baxılır. Yəni tərk etmə (həcr) öz məqsədini tapmalıdır. Bu da tərk olunanın ədəbləndirilməsi və insanların onun yolu ilə getməməsi üçündür. Əgər tərk etmənin faydası olacağı, şərinin az olacağı və zərərinin çox zəif olacağı və bu tərk etmənin faydalı olacağı bilinirsə, onda insan həmin bidət edəni və bidətçini tərk etməlidir. Əgər tərk etməklə həmin şəxs daha şərli olursa, həmçinin tərk edən şəxslər zəif və sayca daha azdırlarsa, sayca çox olanlar bidətçilərdirsə və bu tərk etmə daha böyük fəsad ilə nəticələ bilərsə, həmin bidət edənlər tərk edilmir. Bu halda bəzi insanlarla yaxınlıq etmək, onları tərk etməkdən daha çox fayda verə bilər. Bu məsələ tərk edilənin müxtəlifliklərindən asılıdır. Bəzilərinin yaxın münasibət saxlaması və həmin tərk edilənə gözəl davranılması onlara fayda verər. İmam Əhmədin və digər bir çox alimin onlara verilən suallara müxtəlif cavabları da bununla əlaqədardır, çünki insanların halı müxtəlifdir. İmam Əhmədə (Allah ona rəhm etsin) suallar veriləndə bidət əhlinin daha çox yayılan yerlərinə görə cavabları fərqli deyirdi. Bəsrədə qədər bidətinə, Xorasanda münəccimliyə düşənlərin, Kufədə şiəliyə düşənlərin arasını ayırdığı kimi. Hansı yerlərdə ki, belə deyildi, həmin yerlərin halına bidət əhlinin orada zəif və ya qüvvətli olmasına, onların orada az və ya çox olmasına görə cavabları fərqləndirirdi. Həmçinin o, alimlərə qulaq asılan və onların sözlərinin dinlənmədiyi yerlərin də arasını ayırardı. Onun üçün insan şəriətin məqsədlərini bildiyi zaman onun yolunu tutar və faydalı olan bir halda yoluna davam edər”. (Məcmuul-Fətava, 28/203). Buna bir misal qeyd edək; Bir elm tələbəsi bir kənddən elm öyrənməyə gedir, sünnəni öyrənir, həmin kəndə qayıdır. Lakin həmin kənddə uzun müddət bidət yayılıb, illər boyu bu bidət üzərində yaşayıblar, bu bidəti İslamdan hesab ediblər. Bu elm tələbəsi də gəlib tərk etmə (həcr) məsələlərini onlara tətbiq edirsə, zərər çəkən yalnız özü olacaq və böyük ehtimal ilə heç kim bidətindən dönməyəcək, çünki sünnəni yaşayan həmin elm tələbəsi zəif sayılır və təkdir. Onun bu tərk etməsi düz deyil, əksinə insanları dəvət etməlidir. Şəriətin məqsədi insanların bidətlərdən çəkinməsi və cəmiyyətin sağlam olmasıdır.
  2. Şəri tərk etmə bidət və bidət əhli ilə olan cihadın növlərindən sayılır. Hər bir müsəlmanın bildiyi kimi ibadətin qəbul olması üçün iki şərt var: İxlas və Sünnə. Bu tərk etmə də ixlasla – xalis Allah üçün və Sünnə üzrə - Allah Elçisinin – ona Allahın salavatı və salamı olsun - yolu ilə edilməlidir. Burda tərk edən öz nəfsinə görə tərk etməməlidir. Belə etdikdə ixlas olmur.
  3. Bidətçinin tərk edilməsi həmişə eyni deyil, şəxslərə və bidətlərə görə dəyişir. Necə ki tərk etməni bütövlükdə etməmək səhlənkarlıq olduğu kimi, hər kəsi də tərk etmək həddi aşmaqdır. Bu məsələdə fayda və zərərlərə baxılmalıdır. Həcr – tərk etmə bidətçiyə nəzərən müxtəlifdir, bidətin böyüklüyü, bidətin növləri, bidətçinin dərəcələri və s.
  4. Müxalif olan bir kəsin həcri – tərk etməni gərəktirən bir şeyi tam şəkildə dəqiqləşdirmək. Həcrdə açıq-aşkar bidətə dəlil olmalıdır. 1. Onun bidət etməsinə - günaha və ya bidətə açıq şəkildə dəlil olmalıdır. 2. Müxalif olan şəxsin bidətə düşməsi dəqiqləşdirilməlidir. Uca Allah buyurur: Ey iman gətirənlər! Zən­nə çox qa­pılmayın. Çünki zənn edi­lən­lərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-biri­nizin qey­bətini qırma­yın. Siz­dən biriniz ölmüş qardaşının ətini yemək is­təyərmi?! Siz ki, bun­dan iyrənirsiniz. Allahdan qorxun! Həqi­qə­tən, Allah töv­bə­ləri qəbul edəndir, rəhm­li­dir” (əl-Hucurat, 12); Haqqında elmin olmadığı bir şeyin dalınca getmə. Çün­ki qulaq, göz və ürək – bun­ların ha­mısı sahibinin əməl­ləri barəsində sorğu-sual olu­na­caq­(əl-İsra, 36). İbn Muflih “Ədəb əş-Şəriyyə” kitabında belə bir fəsl qoymuşdur: “Bir kəsin xəbəri ilə həcr – tərk etməni tətbiq etmək olmaz”. Ona görə belə məsələlərdə hər şey dəqiqləşdirilməlidir.
Bidət əhlinin tərk edilməsi böyük bir üsulun altına daxildir. Bu da əl-Vəla vəl-Bəra – Dostluq və Düşmənçilikdir. Bidətçi ilə onun bidətinin miqdarında düşmənçilik edilir. Əgər onun bidəti küfrə çatdıran bidət deyilsə, onunla edilən düşmənçilik kafirə edilən nifrət ilə eyni olmamalıdır. Əksinə ona bir tərəfdən nifrət olmalı, digər tərəfdən müsəlman olduğu üçün ona məhəbbət olmalıdır, lakin həmin bu sevgi ona və ətrafındakılara bildirilmir. Əgər ona imanına görə məhəbbət bildirilsə, şəriətdəki müalicə üçün həcrin məqsədi yerinə yetirilmiş sayılmır. Nəticədə, sıravı insanlar onun bidətinə aldanırlar. Nə düşmənçilik dostluğu, nə də dostluq düşmənçiliyi keçməməlidir. İman əhlinə qarşı məhəbbət olsa belə, ətrafda olan insanlara nifrətin olması göstərilməlidir. Bu da həmin adamın tərbiyələnməsi və doğru yola gəlməsi üçündür. İbn Teymiyyə (Allah ona rəhm etsin) belə buyurur: “Bir insanda xeyir və şər, itaət və asilik, sünnə və bidət cəm olarsa, onda olan xeyirin qədərinə görə sevilməsinə, həmçinin onda olan şərin miqdarına görə nifrət edilməsinə gətirməlidir. Bu da kasıb ehtiyaclı olan oğrunun əlinin kəsilməsi, beytul-malda olan puldan isə ona yardım edilməsi kimidir. Buna yalnız xavariclər və mötəzilələr müxalif olmuşlar” (İbn Teymiyyə “Məcmuul-Fətava” 28/206; İbn Əbil-İzz əl-Hənəfi “Şərh əl-Əqidə ət-Tahaviyyə” səh. 433).
Bir şəxsin etdiyi əməli küfrə çatdırmayıbsa, o, onda olan imanın və xeyrin qədərində sevilər. Lakin bu nə ona, nə də sıravi insanlara bildirilmir. Həmçinin onda olan bidətin və şərin miqdarında nifrət edilər, lakin bu həmin pis əməllərdən çəkinməsi üçün ona və ətrafdakı insanlara bildirilər. Əhli Sünnənin etiqadı budur.
 
Xülasə
 
İnsan bu məsələdə tam bir orta yol olan Əhli Sünnənin yolunu tutmalıdır. Bunu – həcri (tərk etməni) mütləq bir şəkildə inkar edənlərlə bərabər olmamalı, həcri inkar etməməli, həcrin (tərk etmənin) şəriətdən olmadığını deməməlidir. Çünki bu işdə səhlənkar davranmaq, bidətlərin geniş bir şəkildə yayılaraq bidətçilərin meydanda at oynatmasına gətirib çıxardacaqdır. Bu işdə insan nə həcri - tərk edənləri inkar edəcək qədər savadsız olmamalı, nə də həddi aşan olanlarla bərabər olmamalıdır.  Hər xata və səfə görə insanların tərkinə çağıranlarla bərabər olmamalıdır. Bu məsələdə insan məsələlərə baxmalıdır. Bunu ən gözəl bir şəkildə insanlar içərisində tətbiq etməlidir.