İslamda hava (bidət) əhlini və başqalarını imtahan etməyin hökmü

English

 

Müəllif: Şeyx Rabi ibn Hədi əl-Mədxali 
Tərcümə: Mansur Cəlil

Mərhəmətli və Rəhimli Allahın adı ilə

 
Sual: İslamda hava (bidət) əhlini və başqalarını imtahan etməyin hökmü nədir?
 
Cavab: Həmd Allaha məxsusdur, Allahın xeyri, bərəkəti və salamı Onun Elçisinin, Əhli-Beytinin, səhabələrin və onun yoluna tabe olanların üzərinə olsun! Amma sonra, artıq bu mövzu (bidət əhlindən və başqalarından olan şəxslərin imtahanı) haqqında olan söhbətlər çoxalmışdır. Mən Quran, Sünnə və sələfi imamların sözlərinə isnad edərək bu məsələnin İslamda olan hökmünün bəyanını vacib gördüm. Bu işdə Sünnə (doğru yol) müsəlmanın bəsirət və dəlillər üzərində olmasıdır:
 
Birinci: Qurani-Kərimdən (dəlil)
 
Uca Allah belə buyurur:
 
“Ey iman gətirənlər! Mömin qadınlar sizin yanınıza mühacir kimi gəldikləri zaman onları imtahana çəkin. Allah onların imanını çox gözəl bilir (onları yoxlayıb bilmək sizə lazımdır). Əgər bunların (bu qadınların həqiqi) mömin olduqlarını bilsəniz, artıq onları kafirlərin yanına qaytarmayın. Nə bunlar (bu qadınlar) onlara (kafirlərə), nə də onlar bunlara halaldır. Onların (kafirlərin həmin qadınlara) xərclədiklərini (mehri) özlərinə qaytarıb verin. Bunların (bu qadınların) mehrlərini özlərinə verdiyiniz təqdirdə onlarla evlənməyinizdən sizə heç bir günah gəlməz. Kafir qadınları öz kəbininiz altında saxlamayın. (Həmin qadınlara) verdiyiniz mehri (onların ərə getdiyi kafirlərdən) istəyin. (Kafirlər də islamı qəbul edib möminlərlə evlənən qadınlara) sərf etdikləri mehri (sizdən) istəsinlər. Allahın hökmü budur. O sizin aranızda (belə) hökm edər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!” (Mumtəhənə, 10).
 
İkinci: Sünnədən (dəlil)
 
Amma sünnədən olan dəlildə Allah Elçisi (ona Allahın salavatı və salamı olsun) cariyəni imtahan etmiş və ona demişdir: “Allah haradadır?” O da cavab vermişdir: “Səmadadır”. Sonra Peyğəmbər ondan soruşdu: “Mən kiməm?” Cariyə dedi: “Sən Allahın Elçisisən”. Allah Elçisi (ona Allahın salavatı və salamı olsun) cariyənin ağası Muaviyə ibn Həkəm əl-Suləmiyə dedi: “Onu azad et! O, mömin qadındır”.[1]
 
Üçüncüsü: Şeyxul-İslam İbn Teymiyyənin (Allah ona rəhm etsin) imtahan haqda sözü[2]
 
Şeyxul-İslam ibn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “Əgər bir insan bir mömin ilə dostluq etmək istəsə və ya bir mömini dost tutmaq istəsə və ya onun haqqında pis əməllər deyilsə ki “o, tövbə edib” və onun haqqında deyilən sözlər yalan və ya doğru olmasına baxmayaraq, o həmin (dost tutacağı şəxsi) yaxşı və pis, doğru və yalançı olmasını bilmək üçün imtahan edir. Həmçinin əgər kimisə başçı qoymaq istəsə, imtahan edir. Necə ki Ömər ibn Abdul-Əzizin İbn Əbi Musanın halından xoşu gəlir. O, ona (İbn Əbi Musaya) xidmət edən oğlana əmr edir ki, İbn Əbi Musanı imtahan etsin”. (Xidmətçi) oğlan (İbn Əbi Musaya) deyir: “Sən mənim möminlərin əmri yanında nə qədər hörmətli olduğumu bilirsən. Əgər sənin başçı olmağına işarə etsəm, mənə nə qədər (pul) verərsən?” İbn Əbi Musa ona çoxlu mal xərcləyir (və ya xərcləməyə vəd verir). Möminlərin əmiri Ömər bu insanın vəli olmağa yaramadığını görür. Həmçinin alış-veriş də, uşaqların himayəyə götürülməsi və qulluqçuların alınması da belədir. Əgər onlar haqqında pis şeylər bilinsə, deyilsə və bir insan onu almaq istəsə, onu imtahan etməlidir, çünki çirkin iş görən (Lut qövmün əməlini edən) həddi aşan (zinakar) kimidir və tövbələri də birdir”.[3]
 
İnsanların hallarını bilmək bəzən şahidlərlə, bəzən Cərh və Tədil ilə, bəzən də imtahanla olur. Bu kəlmələr haqq əhli ilə müharibə etməyən və batil əhli ilə dostluq etməyən kəslərə aiddir. Əgər belədirsə, onda batil və haqq əhli ilə müharibə edənlər, batil əhlini dost tutanlar necə?!
 
Kitab ve Sünnəni bilən saleh sələflər isə imtahan etməyi tərəzi və ölçü kimi – haqq və batili, etibarlı və yalançını, qafilləri və zəifləri ayıran ölçü etmişlər.
 
İmtahan nəql olunan alimlər:
 
1. İmam Muhəmməd ibn Sirin (Allah ona rəhm etsin) (ölümü hicri 110) buyurur: “Bu elm sizin dininizdir, baxın dininizi kimdən götürürsünüz”.[4] Həmçinin buyurur: “Əvvəllər isnad (sənəd) soruşmazdılar. O zaman ki, fitnə düşdü, dedilər ki, “bizə kişilərinizin (elm və hədis öyrəndiyiniz kişilərin) adını deyin”. Əgər hədis əhli olsaydı, hədisini qəbul edərdilər. Bidət əhli olduqda isə qəbul etməzdilər”.[5]
 
Hədis əhli bidət əhlindən rəvayət etsələr də, şərtlər əsasında rəvayət etmişlər. Bu şərtlərdən:
Doğruluq;
Hafizlik;
Əminlik.
 
Lakin imtahan məsələsi onalra görə (imamlara görə) daim olmuşdur. Sünnə əhli ilə bidət əhlinin öyrənilməsi yalnız və yalnız insanların hallarını bilməklə olur.
 
Böyük alim Abdur-Rahmən ibn Yəhya əl-Muəllimi (Allah ona rəhm etsin) “İlmur-Ricəlu və əhəmiyyətuhu” adlı kitabında cərh və tədildən danışarkən belə buyurur: “Sonra tabiinlərin davamçılarının və onlardan sonrakı vaxt gəldi. Bu zaman zəiflər, qafillər, yalançılar və dinsizlər çoxaldı. Bundan sonar alimlər ravilərin halını bəyan etməyə qalxdılar və saxta, sabit olmayan şeyləri bəyan etdilər. Dünyanın elə bir yeri olmadı ki, orada imamlar raviləri imtahan etməsinlər, hallarını araşdırıb rəvayətlərini yoxlamasınlar, hər hallarını izləyib hərəkətlərinə və sakit durmalarına fikir verməsinlər. Sonra isə onların halını və hökmünü insanlara bəyan etməsinlər”.[6]
 
Sonra İmam Abdur-Rahmən ibn Yəhya əl-Muəllimi (Allah ona rəhm etsin) “Tariqu İxtibərur-Ravət” adlı kitabında buyurur: “İmtahan etməyin yollarindan; Ravinin halına baxmaq, itaətdə mühafizəkar olmasını izləmək, asiliklərdən uzaq durmasına baxmaq və bilənlərdən onun haqqında soruşmaq”.[7]
 
əl-Həsən ibn Saleh ibn Həyy (Allah ona rəhm etsin) buyurur: “Əgər bir kişidən nəsə götürüb yazmaq istəyərdiksə, o zaman onun haqqında soruşardıq. (O da) bizdən soruşardı ki6 “Məni evləndirəcəksiniz???”[8]
 
Həmçinin sağ olan şeyxdən rəvayət etsəydi, o şeyxdən onun haqqında soruşulardı. Buna misal: Həsən ibn İmarə deyir: “Hakim mənə Yəhyə ibn Cəzzardan, o da Əlidən yeddi hədis rəvayət etdi. Hakimdən o ravi haqda soruşdum, dedi ki: “Mən onun haqqında heç nə eşitməmişəm”.[9]
 
Həmçinin dünyasını dəyişən şeyxdən rəvayət edərdisə, ravidən soruşardılar: “Nə zaman doğulmusan? Bu şeyxlə nə zaman və harada qarşılaşmısan?” Sonra onun dediyi ilə şeyxin vəfatını və olduğu yeri və tarixi tutuşdurardılar.
 
Buna misal: Ufeyr ibn Mədəndən (Allah ona rəhm etsin) rəvayət olunur ki, Ömər ibn Musa ibn Vuceyh Saleh ibn Mədəndən rəvayət edir: “Ufeyr dedi: “Ona (İmran ibn Musa) dedim ki, “(Xalid ibn Mədənlə) hansı ildə görüşmüsünüz?” Dedi ki: “Hicrətin 158-ci ilində Ərməniyə döyüşündə”. Ona dedim ki: “Allahdan qorx, ey Şeyx! Yalan danışma! Xalid hicrətin 154-cü ilində vəfat edib. Sənə isə əlavə olaraq deyim ki, o, Ərməniyə döyüşündə olmayıb”.[10]
 
Həmçinin misal olaraq: Əgər rəvayətçi dünyasını dəyişmiş şeyxlərdən rəvayət edərsə, onun rəvayətləri, həmin şeyxdən rəvayət edən daha etibarlı rəvayətçilərin rəvayətləri ilə uzlaşdırılar. Sonra baxılar ki, bu rəvayətçi onlar deməyən şeyi deyirmi və ya onlara müxalif nəsə gətiribmi və ya nəsə artırıb azaldıbmı? Baxarsan ki, onlar cərh edərkən belə deyərdilər: “Özündən (elmdə) güclülər demədiyini deyir; hədisində münkər şeylər var, xəta edir və müxalif olur”.
 
Əsvəd ibn Səlim (Allah ona rəhm etsin) (ölümü hicri 214) buyurur: “Abdullah ibn Mubarak (Allah ona rəhm etsin) öz zamanının imamı idi və onun arxası ilə gedirdilər. Sünnə üzərində ən sabit olan idi. Əgər görsən ki, bir insan İbn Mubaraka dil uzadır, onu İslamında ittiham et!”[11]
 
İmam Əhməd ibn Abdullah ibn Yunus (Allah ona rəhm etsin) (ölümü hicri 227) buyurur: “Mosul əhlini (yəni İraq əhlini – Mosul İraqda şəhərdir) Muafi ibn İmran ilə imtahan et. Əgər onu sevsələr, bil ki onlar sünnə əhlidir. Əgər ona dil uzatsalar, bil ki onlar bidət əhlidir. Necə ki Kufə camaatı Yəhyə ilə imtahan edilərdi”.[12]
 
İmam Nueym ibn Həmməd (Allah ona rəhm etsin) (ölümü hicri 227) buyurur: “Əgər Əhməd ibn Hənbəl haqqında hansısa İraqlını (pis) danışan görsən, onu dinində ittiham et! Əgər Xorasanlı birini İshaq ibn Rahaveyh haqqında danışan görsən, onu dinində ittiham et! Əgər Bəsrəli birini Vəhb ibn Cərir haqqında danışan görsən, onu dinində ittiham et!”[13]
 
Yəhyə ibn Məin (Allah ona rəhm etsin) (ölümü hicri 233). Cəfər ibn Əbi ət-Tayalisi (Allah ona rəhm etsin) buyurur: “Eşitdim ki, Yəhyə ibn Məin deyir: “Əgər bir kişini Həmməd ibn Sələmə və İbn Abbasın dostu İkrimə haqqında danışan görsən, onu İslamında ittiham et!”[14]
 
Əli ibn əl-Mədini (Allah ona rəhm etsin) (ölümü hicri 234) buyurur: “Əgər bir kişini görsən ki, Əbu Hureyranı (Allah ondan razı olsun) sevir, ona dua edir və ona rəhmət diləyir, xeyirlərini yayır, bil ki o insan bidətdən uzaqdır. Əgər birini görsən ki, Ömər ibn Abdul-Əzizi sevir və onun yaxşılıqlarını danışır və yayır, Allahın izni ilə həmin adamda xeyirlər olmasını ümid et! Əgər görsən ki, Bəsrəli bir kişi Əyyub əs-Səxtiyənini, İbn Aunu, Yunusu və ət-Teymini sevir, onları çox xatırlayır və onların ardı ilə gedir, onda xeyir olmasını ümid et! Həmçinin onlardan sonra gələn Həmməd ibn Sələmə, Muaz ibn Muaz, Vəhb ibn Cərir - həqiqətən də onlar bidət əhlinin imtahan yeri olmuşlar. Əgər Kufədən birini görsən ki, Talha ibn Musarrafa, İbn Əbcərə, İbn Hibban ət-Teymiyə, Malik ibn Muğaffələ, Sufyən ibn Səid əs-Sovriyə, Zeydə və onlardan sonra gələn Abdullah ibn İdrisə, Muhəmməd ibn Ubeydəyə, İbn Əbi Utbəyə və Muharibiyə etimad edir, onun üçün xeyir ümid et!”[15]
 
İmam Əhməd ibn Hənbəl (Allah ona rəhm etsin) (ölümü hicri 241) buyurur: “Əgər bir kişinin Həmməd ibn Sələmə haqqında danışdığını görsən, onu dinində ittiham et!”[16]
 
İmam Əbu Hatim ər-Razi (Allah ona rəhm etsin) (ölümü hicri 277) buyurur: “Əgər ər-Razini və başqasını görsən ki, Əbu Zuranı sevmir, bil ki o, bidət əhlidir”.[17]
 
İmam Əhməd ibn Ərasam ibn Xuzeymə əl-Muğaffəli (Allah ona rəhm etsin) (ölümü hicri 275) buyurur: “Əgər əl-Ənbərli (İraqın qərbində yer adıdır) birini Əbu Cəfə əl-Həzzəni və Məsnə ibn Cəmi əl-Ənbərini sevən görsən, bil ki o, sünnə sahibidir”.[18]
 
Abdur-Rahmən ibn Mehdi (Allah ona rəhm etsin) (ölümü hicri 298). İmam əl-Buxari (Allah ona rəhm etsin) buyurur: “Ubeydullah ibn Səid dedi: “Abdur-Rahmən ibn Mehdinin belə dediyini eşitdim: “Əgər Kufəli biri Malik və İbn Muğaffəli xeyirlə yad edərsə, ondan arxayın ol (ona güvən)”.[19]
 
Həmçinin İmam Abdur-Rahmən ibn Mehdi (Allah ona rəhm etsin) buyurur: “Əgər Hicazlı birinin Malik ibn Ənəsi sevdiyini görsən, bil ki o, sünnə sahibidir”.[20]
 
Muhəmməd ibn Muslim (Allah ona rəhm etsin) demişdir: “Əgər Maliki sevən Mədinəli birini görsən, bil ki o, sünnə sahibidir”.[21]
 
Əbu Muhəmməd ibn Əbi Hatim ər-Razi (Allah ona rəhm etsin) (ölümü hicri 327) “Həmməd ibn Zeydi sevənlər sünnə əhlindən olmağa layiq olmuşlar” fəslində buyurur: “Əbu Muhəmməd ibn Muslim dedi: “Həmməd ibn Zədəndən belə dediyini eşitdik: “Abdur-Rahmən ibn Mehdinin belə dediyini eşitdim: “Əgər Bəsrəli birini Həmməd ibn Zeydi sevən görsən, bil ki o, sünnə sahibidir”.[22]
 
Həmçinin “Əhməd ibn Hənbəli sevən sünnə əhlindən olmağa layiq olmuşdur” fəslində buyurur: “Əhməd ibn əl-Qasim ibn Atiyyə dedi: “Abdullah ibn Əhməd ibn Sibəveyh əl-Mərvəzinin belə dediyini eşitdim: “Əbu Racə, yəni Quteybə ibn Səid belə deyərdi: “Əgər birini görsən ki, Əhməd ibn Hənbəli sevir, bil ki o, sünnə və camaat əhlidir”. Həmçinin demişdir: “Cəfər ibn Muhəmməd ibn Harun əl-Məxramidən belə dediyini eşitdim: “Əgət birini Əhməd ibn Hənbələ dil uzadan görsən, bil  ki o, azmış bidətçidir”.[23]
Həmçinin “İmam Əvzaini sevənlərdə xeyir ümid olunur fəslində buyurmuşdur: “Saleh ibn Əhməd ibn Hənbəl, yəni İbn Mədinədən rəvayət edir ki, Abdur-Rahmən ibn Mehdinin belə dediyini eşitdim: “Əgər Şamlı birinin Əvzaini və Əbu İshaq əl-Fəzərini sevən görsən, onun üçün xeyir ümid et!”
 
Həmçinin demişdir: “Əbu Ziyad Həmməd ibn Zədən demişdir: “Abdur-Rahmən ibn Mehdinin belə dediyini eşitdim: “Əgər Şamlı birinin Əvzaini və Əbu İshaq əl-Fəzərini sevən görsən, bil ki o, sünnə sahibidir”.[24]
 
Həmçinin “Əbu İshaq əl-Fəzərini sevən sünnə əhlindən olmağa layiq olmuşdur” fəslində demişdir: “Həmməd ibn Zədən dedi: “Abdur-Rahmən ibn Mehdinin belə dediyini eşitdim: “Əgər Şamlı birinin Əvzaini və Əbu İshaq əl-Fəzərini sevən görsən, bil ki o, sünnə sahibidir”.[25]
 
Əhməd ibn Sələmə ən-Nəysəburi (Allah ona rəhm etsin) rəvayət edir ki, Əbu Qudəmə ibn Səid deyir ki, Abdur-Rahmən ibnu Mehdinin bele dediyini eşitdim: “Əgər Şamlı birisini Əvzainin və əl-Fəzərini – xeyirlə xatırlayan görsən, ondan arxayın ol (ona güvən)”.[26]
 
Əbu Əhməd əl-Həkim (Allah ona rəhm etsin) (ölümü hicri 387) özünün “Şuaru Əshəbil-Hədis” kitabında (səh. 22-23) buyurur: “Əgər bir kişini Sufyən əs-Sovrini, Malik ibn Ənəsi, Əyyub əs-Səxtiyənini, Abdullah ibn Avnu, Yunus ibn Ubeydi, Suleyman ət-Teymini, Şureyki, Əbu Əhvası, Fudeyl ibn İyadı, Sufyən ibn Uyeynəni, Leys ibn Sədi, İbn Mubərakı, Vaki ibn Cərrahı, Yəhyə ibn Səidi, Abdur-Rahmən ibn Mehdini, Yəhyə ibn Yəhyəni, Əhməd ibn Hənbəli və İshaq ibn Rahaveyhi sevən görsən, bil ki o, (doğru) yol üzərindədir. Əgər eşitsən ki, bir kişi deyir: “Onlar (yəni adları çəkilən alimlər) şəkk edənlərdir (yəni murciyalardır)”. Bil ki, onlar başqa yoldadılar (yəni bidət əhlidilər)”.[27]
 
Əbu Abdullah Ubeydullah ibn Bəttah (Allah ona rəhm etsin) (ölümü hicri 378) buyurur: “Əgər Əkbəri (yer adıdır) birini görsən ki, Əbi Həfs ibn Racəni sevir, bil ki o, sünnə sahibidir”.[28]
 
Həmçinin demişdir: “Əgər Bağdaddan birinin Əbu Həsən ibn Yəşşarı və Əbu Muhəmməd əl-Bərbəhərini sevdiyini görsən, bil ki o, sünnə sahibidir”.[29]
 
Muhəmməd ibn Abdur-Rahmən ibn Mehdi (Allah ona rəhm etsin) buyurur: “Əvzai və əl-Fəzzari - ikisi də sünnədə imam idi. Əgər Şamlı birisinin Əvzai və əl-Fəzzarini xatırladığını görsən, onun tərəfdən arxayın ol, çünki onlar sünnə imamlarıdır”.[30]
 
Əbul-Həsən Muhəmməd ibn İbrahim ibn Şueyb ibn əl-Ğazi ət-Tabəri (Allah ona rəhm etsin) demişdir: “Əgər Razili və Xorasanlı birini Əbu Hatimi və Əbu Zuranı sevən görsən, bil ki o, sünnə sahibidir”.[31]
 
 
Son söz
 
     Bu, yayılmış mənhəcdir, bilinən haqdır və sünnə əhli arasında çox məşhurdur və bidət əhlinin boynuna dayanan qılıncdır. Bu mənhəci inkar etmək və Əhli Sünnəni ələ salaraq tən etmək bidət əhlinin əlamətlərindəndir. Əgər Sünnə Əhlindən birinə aşağılayan, tən edən görsən, bil ki o şəxs bidətə və havaya (nəfsi istəklərinə) tabe olandır. Əgər cahil olarsa, onu öyrət və ona bəyan et ki, “Hava əhlini imtahan etmək” Kitab və Sünnənin dəlalət etdiyi və sələflərin əməl etdiyi bir məslədir. Bu şeylərə görə sıxılmasın. Bu şeyi yalnız bidət əhli inkar edər, çünki bu iş onların bidətlərini açıb bəyan edir.
 
Allahın salamı və salavatı Muhəmmədin, onun ailəsinin və səhabələrinin üzərinə olsun!
 
[1] Muslim, 836, 1227.
[2] İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “Həmçinin, rəvayət olunub ki, Əbu Hatim Hişam ibn Ubeydullah Muhəmməd ibn Həsən əl-Qadi ər-Rai bir kişini cəhmiyyəlik üstündə tutmuşdu. Bu kişi tövbə edir. Onu Hişam ibn Ubeydullahın yanına gətirirlər. Hişam onu qarşılayır və ona deyir: “Allaha həmd olsun ki, sən tövbə etmisən”. Laki Hişam onu imtahan edərək deyir: “Sən Allahın Ərşin üzərində və məxluqatdan ayrı olmasına şahidlik gətirirsən?” Məhbus deyir: “Mən Uca Allahın Ərşin üzərində olmasına şahidlik gətirirəm, lakin məxluqatdan ayrı olmasını bilmirəm”. Hişam ibn Ubeydullah deyir: “Onu zindana qaytarın, çünki o tövbə etməmişdir”. (Məcmuul-Fətava, 5/49; İctimai Cuyuşil-İsləmiyyə, səh. 300).
[3] Məcmuul-Fətava, 15/329-330.
[4] Muslim, 26.
[5] Muslim, 27.
[6] İlmur-Ricəlu və əhəmiyyətuhu, səh. 20.
[7] Tariqu İxtibərur-Ravət, səh. 22-24.
[8] əl-Xatib “əl-Kəfiyə” səh. 155.
[9] Tarixu Bağdad, 8/326.
[10] əd-Duafə, 3/191; əl-Mizan, 3/225.
[11] Tarixu Bağdad, 10/168.
[12] Şərh Usuli İtiqad Əhlis-Sunnə, 1/74.
[13] Tarixu Bağdad, 6/348-349; Siyər Aləmun-Nubələ, 11/381.
[14] Şərh Usuli İtiqad Əhlis-Sunnə, 3/568.
[15] Şərh Usuli İtiqad Əhlis-Sunnə, 1/170-171.
[16] Təzkiratul-Huffəz, 1/203.
[17] Tarixu Bağdad, 10/329.
[18] Tarixu Bağdad, 13/174.
[19] Tarixu Bağdad, 7/214.
[20] əl-Cərh vət-Təadil, 1/314
[21] əl-Cərh vət-Təadil, 1/314
[22] əl-Cərh vət-Təadil, 1/183.
[23] əl-Cərh vət-Təadil, 1/308-309.
[24] əl-Cərh vət-Təadil, 1/217.
[25] əl-Cərh vət-Təadil, 1/217.
[26] əl-Cərh vət-Təadil, 1/284-285.
[27] Şuaru Əshəbil-Hədis, səh. 22-23.
[28] Tarixu Bağdad, 11/239.
[29] Tarixu Bağdad, 12/67.
[30] Hilyətul-Əvliyə, 8/254.
[31] Təhzibul-Kəməl, 24/389.