Rəhbərlərə nəsihət etmək barədə Əhli Sünnənin mənhəci, 5 - 7-ci şərtlər

English

5. Alimlərin rəhbərlər ilə gözəl münasibətdə olmaları. Tarixə baxdıqda alimlərin öz rəhbərləri ilə gözəl münasibətdə olmalarını görmək olar. Bizim üçün bunu öyrənmək və bilmək düzgün mənhəcdə olmağa və bu mənhəcdə sabit qalmağa çox kömək edir. Bu, rəhbərə qarşı qadağan olunmuş etiqadda olmağa və qadağan olunmuş addımlar atmağın qarşısını alır.

Uca Allahın dinində müsəlmanlar təqvadan başqa bir şey ilə seçilməzlər.

“Şüb­hə­siz ki, Allah yanında ən hör­mətli olanınız Ondan ən çox qorxa­nı­nız­dır” (əl-Hucurat, 13).

Onun üçün müsəlmanın öz rəhbərini sevməsi, ona nəsihət etməyi sevməsi, onun doğru yolda olmasını istəməsi həmin müsəlmanım ixlaslı olmasından xəbər verir. Əhli Sünnə iki azmış tayfanın etiqadının arasındadır. Birinci azmış tayfa xavaric və mötəzilələrdir. Onlar rəhbərə qarşı çıxamağı pisliyi dəf etməkdən görürlər. Əgər rəhbər hər hansı bir xətaya düşərsə, ona qarşı çıxmağı halal sayırlar. İkinci azmış tayfa rafizilərdir ki, onlar öz rəhbərlərini müqəddəs elan edərək şişirtmiş, bəzilərini isə məsumiyyət, yəni günahsız olmaq dərəcəsinə qaldırmışlar.

Əhli Sünnə val-Cəmaa pisliyin (münkərin) inkar edilməsinin vacib olmasını, lakin şəriətin tələb etdiyi qaydada qeyd edirlər. Bunun əsas qaydalarından biri də rəhbərlərə təklikdə, gizlin şəkildə nəsihət etməkdir. Minbərlərdən, insanların çox olduqları yerdə rəhbərlərin eyiblərini açmaq, fitnədən başqa bir şeyə gətirmir. Bu, Əhli Sünnənin yolu deyil. Əksinə, Əhli Sünnənin mənhəci insanların qəlblərinin rəhbərləri sevmək, onlara haqq üzərində itaət etmək, onlara qarşı məhəbbəti camaat arasında yaymaq, rəhbərlərdə baş verən pis hallara səbir etməyi tövsiyə etmək, onların islahı üçün dua etmək, gizlində onlara nəsihət etməkdir. Günümüzdə olan fitnələrdə insanlar rəhbərin ətrafında birləşməli və bu fitnələrdən qorunmaq üçün Quran və Sünnənin tələb etdiyi şəkildə əllərindən gələni etməlidirlər.

Ziyad ibn Kusayb əl-Adəvi (Allah ona rəhm etsin) deyir: “Bir gün Əbu Bəkrə ilə minbərin yanında oturmuşdum. Bu zaman İbn Amir çox nazik bir libasda xütbə verirdi. Əbu Bilal dedi: “Bizim əmirə baxın, fasiqlərin libasını geyinir”. Əbu Bəkrə (Allah ondan razı olsun) dedi: “Yum ağzını, mən Allah Elçisinin (sallallahu aleyhi və səlləm) belə dediyini eşitdim: “Kim əmirini alçaltmağa çalışarsa, Allah da onu alçaldar”. (ət-Tirmizi, 2224, 2388. əl-Albani səhih olduğunu bildirmişdir).

İbn əl-Covzi (Allah ona rəhm etsin) demişdir: “Rəhbərə yaxşılığı əmr edib pislikdən çəkindirmək, yalnız gözəl şəkildə nəsihət etməklə olmalıdır. Amma sözün sərt deyilməsi, ona “ey zalım”, ey Allahdan qorxmayan”, “ey pis qəlbli” deyib nəsihət etmək icazəli deyil, çünki bu fitnəni qaldırar. Nəticədə nəsihət edənin şəri ona və digərlərinə keçər. Mən belə bir nəsihətin icazəli olmadığı rəyindəyəm”. (əl-Ədəbuş-Şəriyyə, 1/176). Yəni, rəhbər digər insanlar kimi deyil. Ona digər insanlara edilən nəsihət kimi nəsihət etmək olmaz.

İbn ən-Nəhhas (Allah ona rəhm etsin) demişdir: “İnsan rəhbərə nəsihət etmək istədiyi zaman ən gözəl sözləri seçməli və ona edəcəyi nəsihətin təklikdə olmasını istəməlidir. İnsanların yanında və toplum olan yerlərdə etməməlidir”. (Tənbih əl-Ğafilin, səh. 64).

، حَدَّثَنِي سَعِيدُ بْنُ جُمْهَانَ قَالَ : أَتَيْتُ عَبْدَ اللهِ بْنَ أَبِي أَوْفَى وَهُوَ مَحْجُوبُ الْبَصَرِ ، فَسَلَّمْتُ عَلَيْهِ ، قَالَ لِي : مَنْ أَنْتَ ؟ فَقُلْتُ : أَنَا سَعِيدُ بْنُ جُمْهَانَ ، قَالَ : فَمَا فَعَلَ وَالِدُكَ ؟ قَالَ : قُلْتُ : قَتَلَتْهُ الأَزَارِقَةُ ، قَالَ : لَعَنَ اللَّهُ الأَزَارِقَةَ ، لَعَنَ اللَّهُ الأَزَارِقَةَ ، حَدَّثَنَا رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُمْ كِلاَبُ النَّارِ ، قَالَ : قُلْتُ : الأَزَارِقَةُ وَحْدَهُمْ أَمِ الْخَوَارِجُ كُلُّهَا ؟ قَالَ : بَلِ الْخَوَارِجُ كُلُّهَا . قَالَ : قُلْتُ : فَإِنَّ السُّلْطَانَ يَظْلِمُ النَّاسَ ، وَيَفْعَلُ بِهِمْ ، قَالَ : فَتَنَاوَلَ يَدِي فَغَمَزَهَا بِيَدِهِ غَمْزَةً شَدِيدَةً ، ثُمَّ قَالَ : وَيْحَكَ يَا ابْنَ جُمْهَانَ عَلَيْكَ بِالسَّوَادِ الأَعْظَمِ ، عَلَيْكَ بِالسَّوَادِ الأَعْظَمِ إِنْ كَانَ السُّلْطَانُ يَسْمَعُ مِنْكَ ، فَأْتِهِ فِي بَيْتِهِ ، فَأَخْبِرْهُ بِمَا تَعْلَمُ ، فَإِنْ قَبِلَ مِنْكَ ، وَإِلاَّ فَدَعْهُ ، فَإِنَّكَ لَسْتَ بِأَعْلَمَ مِنْهُ.

Səid ibn Cumhən (Allah ona rəhm etsin) rəvayət edir ki, mən Abdullah ibn Əbu Əufənin yanına gəldim. Onun gözləri tutulmuşdu. Ona salam verdim. Məndən soruşdu: “Sən kimsən?” Dedim: “Səid ibn Cumhənəm”. O dedi: “Atan necədir?” Mən dedim: “Atamı əl-Əzəriqa (xavariclərin bir qolu) öldürüblər”. O dedi: “Allah əl-Əzəriqalara lənət etsin! Allah əl-Əzəriqalara lənət etsin! Allah Elçisi onları Cəhənnəm köpəkləri adlandırmışdır”. Mən dedim: “Yalnız əl-Əzəriqalara, yoxsa bütün xavariclərə?” O dedi: “Əksinə, bütün xavariclərə!” Mən dedim: “Axı rəhbər insanlara zülm edir, onlara bunu və bunu edir”. Abdullah ibn Əbu Əufə mənim əlimdən tutdu və əlimi öz əlinin içində möhkəm sıxaraq dedi: “Ey İbn Cumhən, sənə camaatla birlikdə olmağı nəsihət edirəm! Sənə camaatla birlikdə olmağı nəsihət edirəm! Əgər rəhbər sənin etdiyin nəsihətə qulaq asarsa, onun evinə get, ona bildiyin naqislikləri ona xəbər ver. Əgər sənin nəsihətini qəbul edərsə, bu çox gözəl olar. Qəbul etməzsə, sən ondan daha yaxşı bilmirsən”. (Əhməd, 19635, 19415. əl-Albani “Ziləlul-Cənnə”də (905) həsən olduğunu bildirmişdir).

Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) demişdir: “Ey mənim rəiyyətim! Bizim sizin üzərinizdə haqqımız var. Bizə gizlində nəsihət edin və bizə xeyir etməkdə kömək edin”. (Hənnəd “əz-Zuhd” 2/602).

6. Əhli Sünnə vəl-Cəmaanın alimlərinin rəhbərə nəsihətlərindən nümunələr.

Bağdadın fəqihləri İmam Əhmədin (Allah ona rəhm etsin) yanına gələrək deyirlər: “Bu iş artıq sənin gördüyün kimi həddini aşmış və geniş bir şəkildə yayılmışdır. “Quran məxluqdur” əqidəsi ölkəni bürümüş və hakim bunun yayılmasını əmr etmişdir. Biz onun əmirliyini istəmirik”. İmam Əhməd (Allah ona rəhm etsin) onlarla bu barədə münaqişə edərək bunu inkar etmiş və demişdir: “Siz bunu qəlbinizdə inkar edin! Əlinizi beyətdən və ona itaətdən çəkməyin! Müsəlmanların birliyini qırmayın! Öz qanlarınızı və öz qanlarınızla yanaşı müsəlmanların qanlarını axıtmayın! Bu işin sonuna baxın! Səbir edin ki, yaxşılar rahat olsun, müsəlmanların da canı facirlərdən dincəlsin. Hakimə itaətdən əlin çəkilməsi doğru yol deyil və sələfdən gələn Muhəmmədin – ona Allahın salavatı və salamı olsun - mənhəcinə müxaliflikdir”. (İbn Muflih “əl-Ədəb əş-Şəriyyə” 1/195-196; Xalləl “əs-Sunnə” səh. 133).

Amr ibn əl-As (Allah ondan razı olsun) oğluna demişdir: “Ey oğlum bu vəzsiyyətimi əzbərlə! Zalım rəhbərin əmri altında yaşamaq, uzun müddət davam edən fitnələrdən daha yaxşıdır”. (əl-Ədəbuş-Şəriyyə, 1/238).

Özünü Əhli Sünnəyə nisbət edənə alimlərin əmirlərə etdikləri nəsihətə və bu nəsihətin necə gözəl üslubla olmasına baxsın.

İbn əl-Covzi (Allah ona rəhm etsin) hicrətin 574-cü ilində xəlifəyə belə nəsihət edir: “Ey möminlərin əmiri! Sənin Allaha nə qədər ehtiyacı varsa, Allahın da sənə nə qədər ehtiyacı yoxdursa, Allaha qarşı bir o qədər ehtiyacın olsun və Ona yönəl! Bil ki, bu gün Allah əmirliyi sənə vermişdir, sənin üzərində başçılıqdan daha üstün heç kimi qoymamışdır. Sən də kiminsə səndən Onu daha çox şükür etməsindən razı olma”. Bu gözəl nəsihətdən sonra möminlərin əmiri sədəqələr verir və zindanda olanları azad edir”. (əl-Ədəbuş-Şəriyyə, 1/239).

Burada nəsihət qısa olsa da faydası və təsiri çox olmuşdur. Sələflər əmirləri qəzəbləndirməz, elə bir söz deyərdilər ki, nəsihət olunan qəlbi bununla yumşalardı.

Bir qəsəbənin sakinləri ona qarşı çıxdıqlarına görə Mansur adlı rəhbər ora gəlib əhalini qılıncdan keçirmək istədi. Əhli Sünnənin alimlərindən olan Cəfər ibn Muhəmməd (Allah ona rəhm etsin) ona deyir: “Ey möminlərin əmiri! Süleyman ona mülk verildiyi zaman şükür etdi. Əyyub imtahan olunduğu zaman səbir etdi. Yusuf intiqam almağa qadir olduğu zaman ona hiylə quranlardan intiqam almadı və bağışladı. Allah da səni bağışlayanların soyundan etmişdir”. Bu nəsihətdən sonra Manurun qəzəbi soyuyur və həmin qəsəbədə olanları bağışlayır”. (əl-Ədəbuş-Şəriyyə, 1/249).

Muhəlləb ibn Əbu Səfra (Allah ona rəhm etsin) Həccaca qarşı çıxan İbn Əşəsə məktub yazır: “Ey İbn Əşəs! Sən ayağını elə bir yola qoymusan ki, Muhəmmədin sunnəsi və ümməti bu yolda deyil. Özünü və insanları həlak etməkdən, müsəlmanların qanını tökməkdən, camaatı bölməkdən və beyətdən əl çəkməkdən uzaq dur! Səni Allahla qorxuzuram. Allahdan qorxmağa daha layiqsən, müsəlmanların qanını tökərək Allahın qarşısına çıxmaqdan səni çəkindirirəm”. (İbn Kəsir “əl-Bidayə van-Nihayə” 12/308).

Bütün xeyirlər sələflərin yolu ilə getməkdə, şərlər isə onlara müxalif olmaqdadır.

Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) ondan rəhbərə nəsihət haqda soruşulduqda belə cavab vermişdir: “Əgər sən bunu etmək istəsən və bunu etməyin labüd olsa, bu nəsihəti özünlə onun arasında (gizlində) et”. (İbn Rəcəb “Cəmiul-Ulun val-Hikəm” 1/225).

İbn əl-Useymin (Allah ona rəhm etsin) demişdir: “Allaha and verirəm ki, Əhli Sünnə val-Cəməanın rəhbərlərlə, əmirlərlə davranışı oxuyub öyrənin! Rəhbərin xətaları və sizin onu bilməniz insanların arasında fitnə yaymağınıza gətirməsin. Bu Əhli Sünnənin mənhəci deyil. Fəsadın özüdür. İnsanların içərisində onların xətalarını söyləməyin, çünki bu insanların qəlbinə kin-küdurətinin salınmasına səbəb olur. Bunun edilməsi ilə insanın dini azalar. İki sinif insan var ki, onların heybətinin düşməsi insanların qəlbindən dinin getməsinə və dünyalarının əldən çıxıb fəsada uğramasına gətirər; birinci, alimlərin heybətinin gözdən salınması; ikincisi, rəhbərlərin heybətinin aşağı salınması. Alimlərin heybətinin əldən getməsi ilə şəriət, rəhbərlərin heybətinin aşağı salınması ilə əmin-amanlıq aradan qalxar. Çünki insanlar alimlər barəsində artıq-əskik danışarlarsa, alimlərin heç bir hörməti, etibarı qalmaz və sözlərini götürməzlər. Rəhbərlər haqda danışılarsa, insanların gözündə onların heybəti qalmaz və onlara itaət olunmaz. Bu da böyük şərə və fitnəyə gətirib çıxarar. Ona görə bizdən qabaqkıların öz rəhbərlərinə qarşı necə davranmalarını öyrənmək bizə vacibdir. Onların rəhbərə itaətlərinin hansı gözəl sonluğa aparmasını və rəhbərə qarşı çıxmağın hansı pis aqibətə çıxarmasını öyrənməliyik. İslah etmək istədiyi zaman daha çox fəsada səbəb olmaq hikmətli olan bir şəxsin yolundan deyil. Biz demirik ki, xətanı müalicə etməyək və ya xətaya nəsihət etməyək. Biz deyirik ki, xətanı ondan daha pis olanla aradan qaldırmayaq və olan halı dəyişməyə gətirməyək. Nəsihət hər bir zaman lazımdır, lakin Allahın şəriətinin bizim üçün qoyduğu qaydalar çərçivəsində lazımdır. Nəsihət edən fəsada uğrayanı islah etmək istəyən kimsədir. Yoxsa islah olanı daha da pis olana aparmaq istəməz”. (İbn əl-Useymin “Huquq ər-Rai var-Raiyyə” risaləsindən).

7. Əmirlərin və rəhbərlərin islah olunması və doğru yolda olmaları üçün dua etməyin İslam dininin əslindən olması.

Bu, Əhli Sünnənin açıq şüarlarından biridir və əqidəyə aid Əhli Sünnə kitablarının hamısında buna toxunulub. Alimlər buna çox böyük önəm vernişlər. Rəhbərlərə dua etməyi etiqad etmək hər bir müsəlmana vacibdir. Alimlər rəhbər üçün dua etməyi Əhli Sünnədən olmağın əlaməti saymışlar. Bunun əksi bidətçi olmağın əlaməti saymışlar.

Böyük alim İmam əl-Bərbəhari (Allah ona rəhm etsin) belə demişdir: “Əgər bir kimsəni rəhbərə (dövlət başçısına) bəd-dua edərkən görsən, bil ki o, hava (bidət) əhlidir və bir kimsəni da rəhbərin (dövlət başçısının) islahı üçün dua etdiyin görsən, bil ki o, Allahın izni ilə sünnə əhlidir”.  (əl-Bərbəhari “Şərhus-Sunnə” səh. 113-114).

Əbu Muslim əl-Xauləni (Allah ona rəhm etsin) demişdir: “Sizin üzərinizə rəhbər təyin edilmiş sizin kimi biri var. Əgər o doğru yolda olarsa, Allaha həmd-səna edin. Bundan qeyri bir əməl ilə əməl edərsə, onun hidayət olunması üçün dua edin. Bunun əksini etməyin! Yoxsa haqq yoldan azacaqsınız” (əl-Xalləl “əs-Sunnə” 1/86).

Fudeyl ibn İyad (Allah ona rəhmət etsin) belə demişdir: “Əgər mənim qəbul olunan bir duam olsa, onu yalnız rəhbər (dövlət başçısı) üçün edərdim”. Ona deyildi: “Ey Əbu Əli, bunu bizə izah et”. O dedi: “Əgər o duanı özüm üçün etsəm, məndən o tərəfə keçməyəcək, əgər rəhbər üçün etsəm, o, islah olar (düzələr) və onun islah olması ilə Allahın qulları və ölkələr islah olarlar”. İbn Mubarak onun alnından öpüb belə dedi: “Ey xeyri öyrədən! Bunu səndən başqa kim gözəl şəkildə deyə bilər!?” (Hilyətul-Əuliyə, 8/91).

İmam əl-Bərbəhari (Allah ona rəhm etsin) belə buyurmuşdur: “Biz rəhbərlərin islah olunması və haqqa müvəffəq olmaları üçün əmr olunmuşuq. Onlara qarşı zalım olsalar belə bəddua etməklə əmr olunmamışıq. Çünki onların etdikləri zülm onların günahı olaraq yalnız onların özlərinə qayıdır. Lakin onların islah olunmaları həm özləri, həm də müsəlmanların xeyri üçündür”. (əl-Bərbəhari “Şərhus-Sunnə” səh. 114).

İbn Abdul-Bərr (Allah ona rəhm etsin) demişdir: “Əgər bir insan rəhbərin şəxsən özünə nəsihət edə bilmirsə, səbir etsin və onun üçün dua etsin, çünki səhabələr rəhbəri söyməyi qadağan edirdilər. Sələflər də hər hansı bir kəsin özünü rəhbəri söyməklə məşğul etməsini bidət əməllərdən sayar və səhabələrin dönəmində Əhli Sünnənin etiqadından olmayan bir şey sayardılar”. (İbn Abdul-Bərr “ət-Təmhid” 21/287).

Rəhbərlərin islah olunmaları, doğru yolda olmaları üçün dua etmək Allaha və axirət gününə iman gətirən hər bir müsəlmanın üzərinə haqq və vacibdir. Rəhbərlərin islah olunmaları möminlərin həm dünyasına, həm də axirətinə xeyirdir.

Son söz

  1. Fərqli insanlara fərqli nəsihət olmalıdır.
  2. Xətaların insanlar arasında deyilməsi nəsihətdən deyil, fitnədən sayılır.
  3. Rəhbərlərə nəsihət gizlində olmalıdır.
  4. Rəhbərlərin haqlarının qorunması vacibdir.
  5. Nümayişlər qadağandır və İslam dinindən deyil.
  6. Rəhbərləri minbər və media vasitəsilə söymək haramdır. Rəhbərə çıxmağı başıdır.
  7. Alimlər rəhbərə təklikdə nəsihət etmiş və daima onların yanında olmuşlar.
  8. Rəhbərlər üçün dua etmək.
  9. Allahın əmr etdiyi iki sinif əmr sahiblərinə itaətin vacib olması; alimlər və rəhbərlər.

 

Sonda aləmlərin Rəbbi Allaha həmd olsun.