Rəhbərlərə nəsihət etmək barədə Əhli Sünnənin mənhəci, 1 - 4-cü şərtlər

English

İslam dini rəhbərlə ona tabe olan insanlar arasındakı əlaqəni tam və gözəl şəkildə nizamlamışdır. İslam dinində hər iki tərəfin öz haqları var və bu haqlar tam şəkildə yerinə yetirməlidir. Rəhbərin üzərinə düşən vəzifə onun insanlara Allahın şəriəti ilə hökm etməsi və Allahın dininin çatdırılmasında onlara yardım etməsi, həmçinin, ədalətin yayılmasına yardım etməsi, hər bir fərdin haqlarının qorumasını təmin etməsi, istər daxili, istərsə də xarici düşmənlərdən və müsəlmanların haqlarını tapdalayanlardan qorumasıdır. Həmçinin, şəriət bunun müqabilində insanların üzərinə düşən əməlləri də qeyd etmişdir. Onlar rəhbərə itaət etməli, günah olmayan işlərdə ona tabe olmalı, rəhbərin etdiyi haqsızlıqlara səbir etməlidirlər. Yalnız rəhbərin açıq şəkildə küfr etməsi istisnadır. Rəhbərin üzərinə düşəni yerinə yetirməsi onun savab qazanmasıdır. İnsanların rəhbərə olan itaətdə üzərinə düşən əməlləri yerinə yetirmələri isə Allaha olan itaətin bir növü hesab edilir. İslam dini müsəlman cəmiyyətinin düzgün və gözəl şəkildə qurulması üçün nəsihət yolunu qoymuşdur.

Təmim əd-Dari (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu: “Din nəsihətdir (və ya səmimiyyətdir)”. Biz dedik: “Kimə qarşı, ey Allahın Elçisi?” Peyğəmbər – ona Allahın salavatı və salamı olsun - buyurdu: “Allaha, Onun kitabına, rəsuluna, müsəlmanların rəhbərlərinə və bütün müsəlmanlara”. (Muslim, 55).

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (ona Allahın salavatı və salamı olsun) demişdir: “Allah sizin üç əməlinizdən razı qalır, üç əməlinizə isə qəzəbi tu­tur: sizin yalnız Ona ibadət edib, heç nəyi Ona şərik qoşma­ma­ğı­nız­dan, hamılıq­la Allahın ipindən möhkəm yapışmağınızdan və Allahın si­zə nəsib etdiyi ixtiyar sahiblərinə nəsihət verməyinizdən razı qalır. Dedi-qodu yaymağını­za, çox sual verməyinizə və malı israf etməyi­nizə isə qəzəbi tutur”. (əl-Buxari “Ədəbul-Mufrad” 442; əl-Hakim, 8334. əl-Albani səhih olduğunu bildirmişdir).

Zeyd ibn Sabit (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər – ona Allahın salavatı və salamı olsun - belə buyurur: “Əgər müsəlmanın qəlbində üç xislət olarsa, onun qəlbində heç vaxt kin-küdurət olmaz; Allah üçün əməli ixlasla etdikdə, rəhbərlərə qarşı səmimi olduqda və camaatla birgə olduqda”. (Əhməd, 21590, 21630, 21924. əl-Albani “Səhih əl-Cami”də (2309) səhih olduğunu bildirmişdir).

Bu mövzu yeddi böyük dayaq üzərində qurulmuşdur.

1. Nəsihətin mənası, onun xüsusiyyətləri, camaat və fərdlər üzərindəki əlaməti.

İnsan nəsihət sözünün mənasını bilməlidir. Əgər insan bir şeyi yerinə yetirmək istəyirsə, onun nə olduğunu, nəyin üzərində qurulduğunu və düzgün şəkildə necə edilməsini bilməlidir. Nəsihət öyüd verdiyin insana xeyir istəmək, xətalardan uzaq olması üçün onu doğru yola yönəltmək və pis əməllərdən çəkindirmək deməkdir. 

İbn Salah (Allah ona rəhm etsin) nəsihət sözünün tərifini belə verir: “Nəsihət ümumi kəlmədir. Bu, nəsihətçinin nəsihət etdiyi şəxsə xeyir istəməsi və bunu əməldə göstərməsi deməkdir”. (Siyənə, səh. 223-224).

Muhəmməd ibn Nasr (Allah ona rəhm etsin) demişdir: “Elm əhlindən bəziləri nəsihət sözünün və bütövlükdə nəsihətin nədən ibarət olmasını izah edərkən qısa olaraq bunları qeyd etmişlər: “Nəsihət öyüd verilən şəxsin kim olmasından asılı olmayaraq qəlbinin tam bir şəkildə ona səmimiyyət göstərməsi, xeyrin ona tam bir şəkildə çatmasını istəməsidir”. (Cəmiul-Ulum val-Hikəm, səh. 79).

əl-Xattabi (Allah ona rəhm etsin) demişdir: “Nəsihət nəsihət olunan şəxsə xeyrli olmasını istəməkdir. Bu belə izah olunur; bir kəsin nəsihət sözünü izah etməsi xeyrin nəsihət olunana çatması sözü kimi işlədilir. Nəsihət sözü lüğətdə “təmiz və saf olmaq” mənasına gəlir. “Bal təmiz oldu” (Nusihətəl-Asal) deyildiyi zaman “bal pətəkdən təmizləndi, ayrıldı və xalis bal olaraq qaldı” anlaşılır”. (Məalim əs-Sunən lil-Xattabi, 4/125). əl-Xattabinin (Allah ona rəhm etsin) demək istədiyi odur ki, insanın xalis və təmiz olaraq nəsihət etdiyi şəxsə qəlbinin tam bir şəkildə saf olması, nəsihətin və xeyrin ona gəlməsini istəməsi deməkdir. Lüğətdə də nəsihət sözü “bir şeyin təmiz və saf olması” mənasını ifadə edir.

2. Nəsihətlə alçaltma və qeybət arasındakı fərqi.

Bundan öncə nəsihətlə alçaltma və qeybətin mənalarının bir-birinə qarışmaması üçün nəsihətin tərifini gətirdik. Bəzən nəsihət adı altında alçaltma və ya qeybət halları da baş verir. Alçaltma dedikdə insanın bir pisliyi etməsini istəmək üçün nəsihət adı altında başqa insanların gözlərinin önündə özünü sanki nəsihət edirmiş kimi göstərməsi nəzərdə tutulur. Həmin şəxs bunu özünün pis niyyətinə çatmaq üçün edir. İnsanlardan elələri vardır ki, alçaltmağa və qeybət etməyə nəsihət donu geyindirir. Uca Allah İblis haqda danışanraq buyurur: Üstəlik onlara: “Şübhəsiz ki, mən sizin nəsihətçilərinizdənəm”– deyə and içdi”. (əl-Əraf, 21).

Bu ayəyə diqqətlə nəzər saldıqda, İblisin onları azdırmaq üçün “mən sizin nəsihətçilərinizdənəm” deyərək özünü onlara nəsihətçi olaraq göstərdiyini görürük. İbn Rəcəb (Allah ona rəhm etsin) deyir: “Kim özünü sanki nəsihət edirmiş kimi göstərər, lakin niyyəti həmin kəsi alçaltmaq, onun eyiblərini üzə çıxartmaq olarsa, zahirdə bunu etməkdə guya onun həmin şəxsə xeyir istəməsini və həmin şəxsdə olan eyibləri ortadan qaldırmasını iddia edər, lakin qəlbində onun qəsdi həmin şəxsi alçaltmaq və ona əziyyət etmək olarsa, o, münafiqlərin qardaşlarındandır. Həmin münafiqləri Uca Allah Öz kitabında məzəmmət etmişdir”. (Beynən-Nəsihətu vət-Təayir, səh. 10).

Əbu Hureyra (Allah ona rəhm etsin) rəvayət edir ki, bir dəfə Allah Elçisi (sallallahu aleyhi və səlləm) səhabələrindən: “Bilirsinizmi qeybət nədir?”– deyə soruşdu. Onlar: “Allah və Onun rəsulu daha yaxşı bilir”– deyə cavab verdikdə, Allah Elçisi (sallallahu aleyhi və səlləm) dedi: “Müsəlman qardaşı­nı, onun xoşuna gəlmədiyi bir şeylə xatırlamağındır.” Səhabələrdən biri soruşdu: “Bəs, əgər mən deyənlər qardaşımda olsa, onda necə?” Allah Elçisi (sallallahu aleyhi və səlləm) dedi: “Sən deyənlər onda olarsa, onun qeybətini qırmış, yox dediklərinin ona aiddiyyəti olmazsa, ona böhtan atmış sayı­lar­san”. (Muslim, 2589, 4690, 6758).

İmam ən-Nəvəvi (Allah ona rəhm etsin) qeybətin nə olduğunu izah edərək demişdir: “Qeybət sənin bir kəsi onun heç sevmədiyi və bəyənmədiyi şeylərlə vəsf edib xatırlamağındır. İstər bu onun bədənində, dinində, dünyasında, əxlaqında, malında, övladında, həyat yoldaşında, xidmətçisində, paltarında, hərəkətlərində, danışığında, oturub-duruşunda olsun, fərqi yoxdur. Hər hansı şeylər ona birbaşa bağlıdırsa, ona aid olan işlərdirsə, insanın onun sevmədiyi bir şeyi onun haqqında deməsi qeybətdir. İstər bu sözlə deyilsin, istər işarə ilə edilsin, istərsə də göz-qaşla edilsin, bu artıq qeybətdir”. (əl-Əzkər ən-Nəvəvi, səh. 188).

İmam ən-Nəvəvi (Allah ona rəhm etsin) başqa bir yerdə isə belə deyir: "Həmçinin, qeybət sayılanlardan biri də bilərəkdən bir insanın digər bir şəxsin bağışlanması və ya islah olunması üçün dua etməsidir. Məsələn, bir şəxsdən “filankəs necə insandır?” deyə soruşulduğu zaman həmin kəs sanki onun yaxşılığını istəyirmiş kimi belə deməsidir: “Allah onu islah etsin! Allah bizi və onu bağışlasın! Allah onu düçar etdiyi o xətalardan bizi qorusun!” İnsan bu sözləri işlədərək onun hansı xətalarının olduğunu xəbər verir”. (əl-Əzkər lin-Nəvəvi, 290-291).

İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: “İnsanlardan bəziləri var ki, onlar qeybəti bir çox qəliblərə salaraq sanki dindən, islahdan və ya salehlikdən olan bir şəkildə üzə çıxarırlar. Onlar söhbətlərinə və qeybətə başlamamışdan qabaq adətən belə deyirlər: “Kimisə xeyirdən başqa bir şey ilə xatırlamaq mənim adətim deyil, amma filankəs belədir”, “mən qeybət etməyi və ya yalan danışmağı sevmirəm, amma filankəsin halı belədir. Mən yalnız sizə onun halı barəsində xəbər verirəm”, “Allaha and olsun ki, filankəs çox miskindir, halı çox bərbaddır, günahlarda batmışdır”. Bəziləri də qeybəti sanki pis bir şeyi inkar edirmiş kimi və pisliyə qəzəblənmiş şəkildə üzə çıxarar. O dediyi sözləri elə bir şəkildə bəzəyib deyər ki, sanki önündə olan onun qeybət olduğunu deyil, nəsihət olduğunu anlayar, lakin onun qəsdi dediyindən başqadır. Qarşısında olana digər qardaşının qeybətini etməkdir”. (İbn Teymiyyə “Məcmuul-Fətava” 28/237-238).

Qeybətin icazəli olduğu və günah sayılmadığını bildirən altı növü vardır. Bunlar aşağıdakılardır:

1. Məzlumun rəhbərə və ya zülmü aradan qaldıra biləcək hər hansı bir səlahiyyətli şəxsə haqsızlıq edən haqda məlumat verməsi qeybətdən sayılmır.

2. Pisliyin dəyişdirilməsinə kömək istənilən vaxt. Əgər günah edən bir şəxsə nəsihət edə biləcək bir şəxs varsa, həmin şəxsə günah edən haqda məlumat vermək qeybətdən sayılmır.

3. İnsanın elmli şəxsdən fətva alması. Elmli insana müraciət olunur ki, “filankəs mənə zülm etmişdir, ondan qurtulmaq yolunu mənə göstər”.

4. Müsəlmanları hər hansı bir şərdən uzaq tutmaq, onların qorunması üçün adları çəkilərək bəzi şəxslərin pisliklərindən və onların zərərlərindən qorunmasını tövsiyə etmək. Bu, ən çox hədis elmində görünən bir şeydir. Rəvayətçilərin halının bəyanı qeybətdən sayılmır. Məsələn, filan ravi yalançıdır, hədis uydurandır, etibarlı adam deyil. Həmçinin, hər hansı bir şəxs evlənmək istəyirsə, qarşı tərəfin pis bir adam olmasını bilən adam bu haqda evlənmək istəyən şəxsə deməsi qeybətdən sayılmır. Bidətindən çəkindirmək üçün bidətçinin halının bəyanı da halal olan bu qeybət növünə aiddir.

5. Bir kəsin açıq şəkildə hamının bildiyi bir günahı varsa və ya açıq şəkildə etdiyi bidəti varsa, onun aşkarda etdiyi şeyləri demək icazəlidir. Gizlində olanları isə başqa bir səbəb və ehtiyac olmadan deyilməsi icazəli deyil.

6. Bir kəsin tanıdılması üçün onun ləqəbi və ya hər hansısa bir adla tanınırsa, o adla onu tanıtmaq olar. Məsələn, kök, uzun, çəpgöz deyərək yalnız tanıdılması üçün demək olar. Əgər alçaltmaq, naqisləşdirmək üçün deyilirsə, bu icazəli deyil”.

Bunu İmam ən-Nəvəvi “Şərh Muslim”də (16/143) qeyd etmişdir.  

Rəhbərlərin qeybətini etmək, onların naqisliklərini qeyd etmək, insanlara onların pis bir xüsusiyyətini danışmaq bu altı növ icazəli olan qeybətin heç brinə daxil deyil və haram olan qeybətlərə daxildir.

3. Əmirlərə nəsihət etmək nə anlama gəlir?

Təmim əd-Dari (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - ona Allahın salavatı və salamı olsun - belə buyurdu: “Din nəsihətdir”. Biz dedik: “Kimə qarşı, ey Allahın Elçisi?” Peyğəmbər – ona Allahın salavatı və salamı olsun - buyurdu: “Allaha, kitabına, rəsuluna, müsəlmanların rəhbərlərinə və bütün müsəlmanlara”. (Muslim, 55).

Peyğəmbər  – ona Allahın salavatı və salamı olsun - nəsihətin nə qədər mühüm olmasını göstərmək üçün hər bir halda nəsihəti qeyd etmişdir. Din bütövlükdə zahirən və batinən nəsihətdə, düzgün olmaqda cəm olunmuşdur. İnsan nəsihət etdiyi kəsə onun xətasını sanki toplumun içində insanlara bildirirmiş kimi etməsin, çünki bu çox vaxt fəsaddan başqa şeyə gətirmir. Fudeyl ibn İyad (Allah ona rəhm etsin) demişdir: “Mömin gizlində nəsihət edər, qardaşının səhvlərini gizlədər və kimsə bunları bilməz. Onun özünə nəsihət edər. Günahkar isə onun səhvlərini açıb insanlara bildirər və bununla onu alçaldar. Belə deyirdilər: “Kim qardaşına insanların içərisində bir pisliyi tərk etməsini deyərsə, artıq onu alçaltmış olar”. (İbn Rəcəb “əl-Fərq Beynən-Nəsihəti vət-Təyir” səh. 39).

əl-Xattabi (Allah ona rəhm etsin) bu hiss haqqında danışarkən demişdir: “Allaha nəsihət etmək etiqadın sağlamlığı, Allahın təkliyinin bilinməsi, niyyətin ixlaslı olması və ibadətlərin yalnız Onun üçün edilməsidir. Onun Kitabına nəsihət o kitaba iman etmək, ona əməl etmək, orada olan qadağalardan çəkinməkdir. Rəsuluna nəsihət etmək onun rəsulluğunu təsdiq etmək, ona itaətdə bütün gücü sərf etmək, əmr etdiklərini yerinə yetirmək, qadağan etdiklərindən çəkinməkdir. Müsəlmanların rəhbərlərinə nəsihət etmək günah olmayan bütün şeylərdə onlara itaət etmək, onlar zülm etsələr belə, qılıncla onlara qarşı çıxmamaqdır. Bütün müsəlmanara nəsihət isə onlara fayda gətirəcək şeylərə onlara yönəltmək deməkdir”. (Məalim əs-Sunən lil-Xattabi, 7/247).

Muhəmməd ibn Nasir əl-Mərvəzi (Allah ona rəhm etsin) demişdir: “...Müsəlmanların rəhbərlərinə nəsihət etmək onun düz yolda olmasını sevmək, onun doğru yolda getməsini istəmək, onun ədalətli olmasını sevmək, ümməti onun ətrafında cəm etməyə çalışmaq, onun ətrafından dağılmasını, ona qarşı çıxmağı və ona üsyan etməyi qadağan etmək, rəhbərlərə itaəti Allaha itaətdən görmək, kim onlara qarşı çıxmaq istəyirsə, ona qarşı çıxmaq, onların izzətini və hörmətini qorumaq deməkdir”. (Təzim Qadr əs-Saləh li Muhəmməd Nasir əl-Mərvəzi, 2/693-694).

Əbu Ömər ibn Salah demişdir: “...Müsəlmanların rəhbərlərinə nəsihət etmək onlara haqq üzərində yardım etmək, onlarla haqq üzərində köməkləşmək, günah olmayan işlərdə onlara itaət etmək, bilmədiyi şeyləri onlara xatırlatmaq, yumşaq bir şəkildə müraciət etmək, səhv olduqları zaman gözəl şəkildə yönəltmək, onlara qarşı dua edilməsindən çəkindirmək, (Allah ona rəhm etsin) onların müvəffəqiyyət və haqq üzərində olması üçün dua etmək deməkdir...” (İbn Rəcəb “Cəmiul-Ulum val-Hikəm” səh. 1/193-194).

Şeyx İbn əl-Useymin (Allah ona rəhm etsin) bu hədisin şərhində rəhbərlərə nəsihət hissəsini belə izah etmişdir: “Rəhbərlərə nəsihət dedikdə rəhbərlərlə sadiq olmaq, ədalətin olmasında, xeyrin yayılmasında, onlar üçün dünya və axirət xeyirlərinin insanlara çatmasında onların yanında olmaq, Allaha asilikdən başqa hər bir şeydə onlara qulaq asıb itaət etmək və onlara tabe olunan əmirlər olduğuna etiqad etmək başa düşülür. Bunun əksini etmək onlara xəyanət etməkdir. Onların rəhbər olmasını qəbul etməmək pis nəticələrə gətirib çıxaran hərc-mərclikdir. Hər bir insanın özbaşına düşündüyü tərzdə hərəkət etməsinə icazə verilsəydi, bu, insanları haqdan azdırar, səhv etiqada aparardı. Üzərimizə düşən isə rəhbərlər barəsində düzgün mənhəcdə olmaqdır. Hər bir azan kəs rəhbərlərə nəsihət etmək barədə olan mənhəci bilmədiklərinə görə təfriqə, parçalanma, iğtişaşa düşmüş və savabdan kənarda qalmışdır...” (İbn əl-Useymin “Huquq ər-Rai var-Raiyyə Məcmuə” səh. 6-8).

Əhli Sünnənin digər alimləri də bu hədisi oxşar mənalarda şərh etmişlər. Bu hədis dinin bütün xüsusiyyətlərini özündə cəm etmişdir. Buradan da İslam dini bütövlükdə nəsihətin geniş mənasını əhatə edir. Alimlərin bu izahları rəhbərlərə nəsihətin necə olmasını, nə qədər olmasını bizə aydınlaşdırır. Rəhbərlər ilə sıravi müsəlmanlar arasında fərq olduğu kimi onlara nəsihət də fərqlənir. Necə ki, tanıdığın və yaxın olan dosta bir cür nəsihət etməlisən, tanımadığın və ya elə də güclü münasibətin olmadığı şəxsə başqa cür. Kiçiyə olan nəsihət böyüyə olan nəsihətə uyğun olmadığı kimi nəsihətlər bir-birindən fərqlənir. Rəhbərlərə nəsihətin içində ən mühüm olanı isə nəsihətin gizli olmasıdır, çünki gizli olmayan nəsihət fitnəyə səbəb olur. Sələflər rəhbərlərə nəsihətin minbərlərdən edilməsini yolverilməz olduğunu hesab edir və bunu Əhli Sünnənin mənhəcindən saymırlar. 

İbn Bəzz (Allah ona rəhm etsin) demişdir: “Rəhbərlərin xətalarını və etdiyi hər hansı bir səhvi insanların arasında yaymaq Əhli Sünnənin mənhəcindən deyil. İnsanları minbərlərdən fitnələrə sürükləmək, onları itaətsizliyə çağırmaq insanların qanlarının axıdılmasına, mallarının əllərindən alınmasına, fitnə və hərc-mərcliyə gətirib çıxarır. Bu yol heç bir zaman fayda verməmişdir. Əhli Sünnənin heç vaxt bu cür nəsihəti olmamışdır. Alimlər rəhbərlərə gizli şəkildə nəsihət etmişlər. Digər müsəlmanlar isə rəhbərin doğru yolda olması üçün Allaha dua etməlidirlər. Nəsihəti edən isə bunu təklikdə etməli və insanlara yaymamalıdır”. (Min Fətva liş-Şeyx Mətbua Risail-Huquq ər-Rai var-Raiyyə, səh. 27).

Başqa yerdə İbn Bəzz (Allah ona rəhm etsin) belə demişdir: “Allah üçün qeyrətli olanlara, haqq yolunda olan dəvətçilərə şəriətin onlardan tələb etdiyi kimi Allahın hədlərini qorumaq vacibdir. Onlar öz rəhbərlərinə yumşaq və gözəl sözlə nəsihət etsinlər, nəsihətdə hikmətli və ən əxlaqlı yol seçsinlər. Bununla da xeyrin çoxalmasına nail olsunlar. Bu da pisi yaxşı olan ilə rədd etməkdir. Bu mənhəc Allahın və Onun elçisinin yoludur. Xeyri çatdırmağın bir çox yolları var. Müsəlman rəhbərə dua etməklə xeyirə nail olar və bu da rəhbərlərə edilən nəsihətdən sayılar”. (Muraciət fi Fiqhil-Vaqi əs-Siyəsi val-Fikri, səh. 27-28).

4. Nümayişlərin nəsihətdən sayılmaması.

Nümayişlər heç bir zaman əmirlərə nəsihətdən sayılmamışdır. İnsanın gözəl bir şəkildə nəsihət etməsi haqqın qəbul edilməsinə aparan ən böyük vasitələrdən biridir. Şiddət, düzgün olmayan üslubla nəsihət etmək isə heç vaxt haqqın qəbul edilməsinə gətirib çıxartmaz. İstər rəhbərə, istərsə də adi başçıya gözəl şəkildə və yumşaqlıqla nəsihət etməyin bəhrəsi olur. Mitinq və nümayişlər heç zaman icazəli olmayıb. Peyğəmbər - ona Allahın salavatı və salamı olsun - Məkkədə on üç il müşrik və kafirlərin arasında yaşamış, nə nümayişə, nə də dəvətində şiddətə yol verməmişdir və heç kimə də nümyişləri təbliğ etməmişdir. Şəkk yoxdur ki, nümayişlər haqq dəvətə zərər verir. Belə ki, avam insanlar bunu İslamdan bilib haqq kimi qəbul edirlər. Nəticədə haqq dəvətçilərin dəvəti insanlara yad gəlir və qəbul edilmir. Nümayişə çıxan insanlar bununla elə bilirlər ki, xeyrə nail olurlar. Amma nəticə əvvəlkidən daha pis olur. Uzun müddət çəksə belə, haqq dəvətin nəticəsində insanları tədricən islah etmək, tez bir zamanda yolverilməz üsullarla nəyisə dəyişmək istəyindən daha xeyirlidir. Ümumiyyətlə insanları haqqa yönəltməkdə heç bir vəchlə şiddətə yer yoxdur.

Bu qaydanın izaha ehtiyacı olan iki mühüm məsələsi var:

1. İslah etməklə qarşıdurma və fitnə yaratmağın arasında olan fərqi bilmək.

Bu, mühüm olan, bilinməsi, öyrədilməsi və yayılması lazım olan önəmli bir məsələdir.  Belə ki, insanların çoxu, xüsusən də cavanlar bu fərqi bilmədiklərinə görə qarşıdurmanın və fitnənin islah yolu olduğu kimi başa düşür və nümayişlərə çıxırlar. Bu isə heç vaxt yaxşı nəticə vermir. Bəzi hallarda müəyyən qüvvələr rəhbərə, eləcə də dövlətçiliyə qarşı cavanları və bu məsələdən xəbəri olmayanları önə verir, onlardan nümayişlərdə və qarşıdurmalarda istifadə edirlər. Qarşıdurma heç vaxt islah etmək sayılmaz. Bunu tarixi hadisələr də sübut edir. Hər bir kəs islah etməyin düzgün aparılmasını öyrənməlidir.

2. Nəsihət vaxtının düzgün seçilməsi.

Əmin-amanlıq vaxtı ilə müharibə zamanı nəsihət arasında fərq var. Müharibə vaxtı rəhbərin yanına gedib “bunu düzəlt”, “bunu dəyişdir” və s. demək məntiqə və hikmətə uyğun deyil, çünki belə şeylərin vaxtı deyil. Bu halda müharibənin sona çatmasını gözləmək lazımdır. Belə hal olanda nəsihətdən qabaq düşmənin hücumunu dəf etmək məsələsi var. 

Ardı var...