Rəhbərlərin camaat üzərində olan altı haqqı

English

Əhli Sünnə vəl-Cəmaanın rəhbərlərə itaətin nə qədər önəmli olması haqda İslam alimləri əqidə kitablarında geniş yer ayırmışlar. Müsəlmanın həm bu dünyasının, həm də Axirət həyatının islah olması üçün rəhbərlərə itaət etməsi vacibdir.

Həsən əl-Bəsri (Allah rəhmət etsin) deyir: “Rəhbərlərimiz müsəlmanların beş işlərini idarə edir və onlara başçılıq edirlər; cümə, camaat, bayram namazlarına imamlıq edir, düşmənlə qarşılaşmağı və hədlərin (cəzaların) tətbiq olunmasını təmin edirlər. Allaha and olsun ki, onlar azğınlıq etsələr, zalım olsalar belə, rəhbərsiz din yüksəlməz. Allahın onların vasitəsilə islah etdikləri onlarsız islah etdiklərindən daha çoxdur. Onlar olmadan insanların işləri fəsada uğrayar. Onlara itaət etmək Allahın əmridir. Onlara qarşı çıxmaq və bölünmək isə küfrdür”. (İbn əl-Covzi “Ədəb Həsən əl-Bəsri” səh. 121; İbn Rəcəb “Cəmiul-Ulum vəl-Hikəm” 2/118). Burada qeyd edilən küfr dindən çıxarmayan (əməli) küfrdür.

Əbul-Aliyənin yanında rəhbər xatırlandıqda o belə demişdi: “Uca Allah onlar olanda daha çox islah edir, nəinki onlar olmayanda”. (İbn əl-Covzi “əl-Cəlisus-Salih vəl-Ənisun-Nəsih” səh. 207).

Əhli Sünnə vəl-Cəmaanın alimləri rəhbərlərə böyük yer verərdilər. Xüsusilə, fitnə dövründə onların əhəmiyyəti daha böyük olardı. Bunlar aşağıdakılardır:

1. Əhli Sünnə vəl-Cəmaanın alimləri rəhbərə qarşı çıxmaqdan çəkindirərdilər.

Buna İmam Əhmədin (Allah ona rəhm etsin) öz dövründəki rəhbərə olan münasibətini və tam şəkildə sünnəni tətbiq etməsini misal gətirmək olar. İmam Əhmədin (Allah ona rəhmət etsin) dövründəki rəhbər Əhli Sünnə əqidəsinə zidd çıxmış, insanları qılınc gücü ilə azdırmış, hətta alimlərin bəzilərini həbs etdirmişdi. O, mədrəsələrdə tələbələrə “Quranın məxluq olması” haqda batil əqidənin təbliğ olunmasına məcbur edirdi. Buna baxmayraq İmam Əhməd tamamilə sünnəyə tabe olaraq rəhbərə itaətdən çıxmamış, ona olan beyətdən kənara çəkilməmiş və haqdan dönməyə vadar edən hislərə qapılmamışdır. Həbs edilərək döyüldüyünə və dini mövzuda dərs verməsinə qadağan edildiyinə baxmayaraq o, insanlara rəhbərə qarşı çıxmamağa və ona itaət etməyə çağırırdı. O, müxalif olmaq istəyənə istər gizlində, istərsə də aşkarda rəhbərə qarşı çıxmamağı və doğru yolda olmağı təbliğ etmişdir. Bağdadın fəqihləri İmam Əhmədin (Allah ona rəhmət etsin) yanına gələrək dedilər: “Bu məsələ gördüyün kimi artıq həddi aşaraq geniş vüsət almışdır. “Quran məxluqdur” əqidəsi ölkəni bürümüş və rəhbər tərəfindən bunun yayılması əmr edilmişdir. Biz onun başçı olmasını istəmirik”. İmam Əhməd bu haqda mübahisə edərək bunu inkar etmiş və belə demişdir: “Siz bunu qəlbinizdə inkar edin! Əlinizi beyətdən və ona itaətdən çəkməyin! Müsəlmanların birliyini qırmayın! Öz qanlarınızı və öz qanlarınızla yanaşı müsəlmanların qanını axıtmayın! Bu işin sonuna baxıb səbir edin! Yaxşılar rahat olar, sonra isə günahkarlardan dincələrlər. Rəhbərə itaətdən əl çəkmək doğru yol deyil və sələfdən gələn Muhəmmədin – ona Allahın salavatı və salamı olsun - mənhəcinə müxaliflikdir”. (İbn Muflih “əl-Ədəb əş-Şəriyyə” 1/195-196; Xalləl “əs-Sunnə” səh. 133).

2. Əhli Sünnə vəl-Cəmaanın alimləri rəhbərlər üçün dua etməyi təkid edər və rəhbər üçün dua etməyi hər kəsə öyrədərdilər.

İmam əl-Bərbəhari (Allah ona rəhmət etsin) demişdir: “Bir kişinin rəhbər üçün dua etdiyini görsən, bil ki, o, Əhli Sünnədəndir. Bir kişinin rəhbərin əleyhinə dua etdiyini görsən, bil ki, o, bidət əhlidir”. Fudeyl ibn İyad (Allah ona rəhmət etsin) belə demişdir: “Əgər mənim qəbul olunan bir duam olsa, onu yalnız rəhbər (dövlət başçısı) üçün edərdim”. Ona deyildi: “Ey Əbu Əli, bunu bizə izah et”. O dedi: “Əgər o duanı özüm üçün etsəm, məndən o tərəfə keçməyəcək, əgər rəhbər üçün etsəm, o, islah olar (düzələr) və onun islah olması ilə Allahın qulları və ölkələr islah olarlar. Onların islah olunması üçün dua etməyə əmr olunmuşuq. Zülm və haqsızlıq etsələr belə, onlara bəd-dua etməklə əmr olunmamışıq. Çünki, onların zülm və haqsızlıqları özlərinə qarşı, islah olunmaları isə həm özlərinə, həm də müsəlmanlara xeyirdir”. (əl-Bərbəhari “Şərh əs-Sunnə” 121).

3. Əhli Sünnə vəl-Cəmaanın alimləri rəhbərlərin etdikləri xətalara üzür axtarardılar.

İslam alimləri belə deyərdilər: “Əgər rəhbərin işləri sizin sevdiyiniz və xoşunuza gələn işlər olarsa, Allaha həmd edin. Yox, əgər rəhbərdən sizə sevmədiyiniz bir şeylər gələrsə, onu özünüzə yönəldin. Baş verənlərin günahlarınız səbəbindən və etdiklərinizin əvəzinin olmasını düşünün və bunu rəhbərə yönəltməyin. Ona üzürlər tapın, çünki onun işləri çoxdur. Ölkənin düşmənləri və yaşadığın məmləkətə kənardan olan müdaxilələr çoxdur. Onun dostlarını razı salması, ona nəsihət edənlərin az olması və bəzi vaxtlarda onları aldatmaq istəyənlərin çox olması səbəbilə rəhbəri üzürlü sayın”. (ət-Tartuşi “Sirac əl-Muluk”1/43).

İbn Useymin (Allah ona rəhmət etsin) Cümə xütbələrinin birində demişdir: “Ümmətin başçısının olması labüddür. Namazda imama tabe olmaq, əyildiyin zaman əyilmək, qalxdığın zaman qalxmaq əmirlərə tabe olmağın kiçik bir formasıdır. Uca Allah bizim hər birimizə ən-Nisə surəsinin 59 – cu ayəsində Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə şəriətə uyğun şəkildə itaət edin. Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və Onun Elçisinə müraciət edin. Bu, sizin üçün daha xeyirli və nəticə etibarilə daha yaxşıdır” (ən-Nisə, 59) - buyuraraq rəhbərlərə itaət etməyi əmr etmişdir. Əmr sahibləri (ulul-amr) iki qismə bölünür: Alimlər və rəhbərlər.

Allahın şəriətini bəyan etmək və onu insanlara öyrətmək üçün alimlərə ehtiyac vardır. Rəhbərlərə isə insanların günah olmayan işlərdə onlara itaət etmələri lazımdır. Bu ümmət iki sinif əmr sahibinə (ulul-əmr) tabe olmaqla uğura nail olacaq; alimlərə və rəhbərlərə.

Rəhbərlərin camaat üzərində altı haqqı

1–ci haqq. Günah olmayan şeylərdə rəhbərə itaət etmək.

Rəhbər zalım olsa belə, rəhbərlərə itaət etmək vacibdir. Rəhbər açıq-aşkar küfr etdikdə, ona itaət edilmir. Lakin ona qarşı çıxılması müsəlmanların zəifləməsinə, ölkənin dağıdılmasına, kafirlərin müsəlman ölkəsinə daxil olmasına, qanların axıdılmasına, ləyaqətin tapdalanmasına, əmin-amanlığın aradan getməsiniə gətirib çıxarırsa, bu halda həmin rəhbərə qarşı çıxılmır. Beləcə, sünnə bizə rəhbərə qarşı çıxmağın icazəli olmamasını öyrədir. Necə ki, Həccac ibn Yusuf əs-Səqafi zülm edir, alimləri öldürür, fasiqliklər edir - bəziləri onun zina etdiyini və içki içdiyini deyirdi – buna baxmayaraq ona qarşı çıxmaq icazəli deyildi. Çünki o, müsəlman sayılırdı. Bu məsələdə yalnız xavariclər və mötəzilələr Əhli Sünnə vəl-Cəmaaya müxalif olmuşlar. Bəzi alimlər isə dəlillərin onlara çatmaması nəticəsində rəhbərə qarşı çıxmağı icazəli görmüşlər. Sonradan Əhli Sünnə vəl-Cəmaa hakimə qarşı çıxmağın qadağan olması məsələsində etiqadi bir məsələdə qərar tutdu. Bununla da rəhbər fasiq və zalım olsa belə müsəlman olduğu müddətdə ona qarşı çıxmağın qadağan olmasına ümmət icma etdi. Quran və Sünnədən olan dəlillər onlara çatdıqdan və rəhbərə qarşı çıxmağın nə qədər zərərli olması, fitnəyə və şərə səbəb olmasını gördükdən sonra Əhli Sünnənin son icması rəhbərə qarşı çıxmağın qadağan olması oldu. Uca Allah buyurur: “Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə şəriətə uyğun şəkildə itaət edin. Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və Onun Elçisinə müraciət edin. Bu, sizin üçün daha xeyirli və nəticə etibarilə daha yaxşıdır” (ən-Nisa, 59).

İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “Rəhbərlər günahı əmr etmədikləri müddətcə sənin onlara tabe olmağın vacibdir. İstər bu xoşladığın bir əməl olsun, istərsə də xoşlamadığın bir əməl. Onlar günahı əmr etdikləri vaxt isə nə dinləmək, nə də itaət etmək doğru deyil”. (əl-Buxari, 2955, 7144; Muslim, 3423, 4869).

Rəvayət edilir ki, Sələmə ibn Yəzid əl-Cufi (Allah ondan razı olsun) Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) soruşdu: “Ey Allahın Peyğəmbəri, üzərimizdə öz haqlarını istəyərək bizim haqlarımızı verməyən başçılar olarsa, nə etməyimizi əmr edirsən?” Peyğəmbər (sallallahu aleyhi və səlləm) ondan üz çevirdi. O, yenə soruşduqda Peyğəmbər ondan üz çevirdi. O, üçüncü dəfə soruşduqda Əşas ibn Qeys (Allah ondan razı olsun) onu paltarının ətəyindən çəkdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “Eşidin və itaət edin! Həqiqətən də, onlar özlərinə həvalə edilənə cavabdehdirlər, siz də özünüzə həvalə edilənə cavabdehsiniz”. (Muslim, 3433, 4888).

Abdullah ibn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (sallallahu aleyhi və səlləm) buyurmuşdur: “Kim rəhbərinə itaət etməkdən boyun qaçırarsa, Qiyamət günü özünə haqq qazandıra bilmədiyi halda Allahın hüzuruna çıxar. Kim də rəhbərini qəbul etmədən ölərsə, cahiliyyət dövründə ölən kimsə kimi ölmüş olar”. (Muslim, 3441, 4899).

Əli (Allah ondan razı olsun) demişdir: “Allah Elçisi (sallallahu aleyhi və səlləm) bir ordu göndərdi və ənsarlardan birini də onlara başçı təyin edib mücahidlərə başçılarını eşidib itaət etmələrini əmr etdi. Yolda bəzi şeylər başçını qəzəbləndirdi. Əmir: “Mənim üçün odun toplayın”- deyə əmr etdi. Mücahidlər də onun üçün odun topladılar. Əmir: “Odunu yandırın!”- deyə əmr verdi. Mücahidlər odunu yandırdılar. Sonra onlardan soruşdu: “Allah Elçisi sizə məni eşidib itaət etməyinizi əmr etmişdimi?” Onlar da: “Bəli, əmr etmişdir”- dedilər. Əmir dedi: “Elə isə bu qaladığınız atəşə girin”. Bu əmrdən sonra əsgərlər bir-birilərinə baxmağa başladılar, sonra isə dedilər: “Biz atəşdən qaçıb Allah Elçisinin – ona Allahın salavatı və salamı olsun - himayəsinə sığınmış kimsələrik”. Onlar bu söhbətlərini davam edərkən əmirin qəzəbi soyudu, atəş də söndü. Mədinəyə qayıtdıqda isə bu hadisəni Peyğəmbərə – ona Allahın salavatı və salamı olsun - çatdırdılar. Peyğəmbər – ona Allahın salavatı və salamı olsun - buyurdu: “Əgər bu atəşə girsəydilər, artıq ondan bir daha çıxmazdılar. İtaət yalnız yaxşı işlərdədir”. (Muslim, 3425, 4872).

Rəvayət edilir ki, Ömər (Allah ondan razı olsun) demişdir: “Camaat olmadan İslam olmaz. Rəhbər olmadan camaat olmaz. Rəhbər də ona itaət olunmadan rəhbər olmaz”. (əd-Dərimi, 257).

İmam ət-Tahavi (Allah ona rəhmət etsin) demişdir: “Biz rəhbərlərə qarşı çıxmağı onlar zülm etsələr və hədlərini aşsalar belə, icazəli görmürük. Biz onların əleyhinə dua etmirik. Biz əlimizi onlara itaətdən çəkmirik və onlara qarşı çıxmırıq. Biz onlara itaəti Allahın bizim üzərimizə fərz etdiyi itaətdən görürük. Yalnız bir halda, onlar bizə günah şeylər əmr edərlərsə, o zaman onlara itaət etmirik. Biz onların sağlam olmaları və doğru yola yönəlmələri üçün dua edirik”. (ət-Tahavi “Aqidətu Əhli Sunnə” Rəhbərlərə itaət haqda).

İbn Rəcəb (Allah ona rəhmət etsin) demişdir: “Müsəlmanların rəhbərlərini eşidib itaət etmələrində dünya xoşbəxtliyi var. Çünki, onların vasitəsilə müsəlmanların yaşayışı və əhvalı tənzimlənir. Bununla da onlar öz dinlərini yaşaya bilir və gözəl şəkildə Rəblərinə ibadət edirlər”. (İbn Rəcəb “Cəmiul-Ulum vəl-Hikəm” 2/117).

Hər bir insan bilməlidir ki, alimlərə və rəhbərlərə itaət edilməsi Allahın kitabına və Muhəmmədin – sallallahu aleyhi və səlləm - sünnəsinə bağlı olan hökmdür. Alimlər Allahın şəriətini çatdırır, rəhbərlər isə müsəlmanların dünyasını tənzimləyirlər. Yalnız bir halda - rəhbər günah əmr edərsə, ona itaət edilməz. Bundan başqa olan əmrlərdə ona itaət edilir.

Əli (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurdu: "Yaradana asilikdə (qarşı çıxmaqda) yaradılmışlara itaət etmək olmaz". (İmam Əhməd, 1095).

2-ci haqq. İnsanların gözəl həyat sürməsi üçün rəhbərdən ötrü Allaha dua etmək.

Fudeyl ibn İyad (Allah ona rəhmət etsin) belə demişdir: “Əgər mənim qəbul olunan bir duam olsa, onu yalnız rəhbər (dövlət başçısı) üçün edərdim”. (İbn Rəcəb “Cəmiul-Ulum vəl-Hikəm” 2/118).

İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir: “Beləliklə Fudeyl ibn İyad, İmam Əhməd ibn Hənbəl kimi sələf alimlərimiz deyirdilər ki, əgər bizim bir qəbul olunacaq duamız olsaydı, onu rəhbər üçün edərdik”. (əs-Siyəsə əş-Şəriyyə” səh. 129).

Əbu İsmail əs-Sabuni (Allah ona rəhmət etsin) demişdir: “Hədis əhli Cümə, bayram və qeyri namazları müsəlmanların rəhbərlərinin arxasında qılmağı vacib görürlər. İstər həmin rəhbər əməlisaleh, istərsə də günahkar olsun, fərq etməz. Onunla bərabər kafirlərlə cihad etməyi, yürüşlərə getməyi vacib görürlər. Həmin rəhbər istər zalım, istərsə də günahkar olsun, fərq etməz. Həmçinin, Əhli Sünnədən olan alimlər onun islahı, müvəffəqiyyəti və ədalətinin insanlar arasında gözəl şəkildə yayılması üçün ona dua etməsini dinlərindən görürlər”. (əs-Sabuni “Aqidətus-Sələf Əshabil-Hədis” 92-93).

3-cü haqq. Onların qeybətini etməmək.

Hər bir müsəlmana rəhbəri gözdən salmaqdan uzaq durması vacibdir. Onun alçaldılması və heybətinin azaldılması insanların ona qarşı çıxmasına gətirib çıxarır. Onun qeybətini etmək də belədir. Əksinə, insanlara onların islah olması üçün dua etmələrini öyrətmək lazımdır. İnsanlar doğru-düzgün yol ilə rəhbərə nəsihət etməlidirlər. İnsanlara günahlarına və itaətlərinə əsasən Uca Allah tərəfindən rəhbər təyin edilir. Rəhbərlərin zülmü insanların öz günahlarına görə qarşılarına çıxan nəticədir. Uca Allah buyurur:

“Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar üzündəndir...” (əş-Şura, 30).

“Beləliklə, qazandıqları günahlara görə zalımların bir qismini digərinə hakim təyin edərik” (əl-Ənam, 129).

“...Həqiqətən də, insanlar nəfslərində olanı dəyişmədikcə, Allah da onlarda olanı dəyişməz...” (ər-Rad, 11).

İnsanlar rəhbəri söymək və qeybət etmək əvəzinə, özlərini düzəltməlidirlər. Həmçinin buyurur:

“Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir” (əl-Hucurat, 12).

Rəvayət edilir ki, İbn Abbas demişdir: "Peyğəmbər Mədinə (və ya Məkkə) bos­tanla­rından birinin yanından keçərkən qəbirlərində əzab çəkən iki adamın səsini eşitdi. Peyğəm­bər: “Bunlar əzab çəkirlər, amma böyük bir şeyə görə əzab çək­mirlər”– dedi. Sonra (bunun səbəbini bildirib) dedi: “Bəli, bunlardan biri sidikdən qorunmazdı, digəri isə söz gəzdi­rərdi.” Sonra o, bir xurma budağı gətirməyi əmr etdi. Budağı iki böldü. Hər birinin qəbrinin üstünə bir yarı­sını sancdı. Ondan: “Ya Rəsulullah! Nə üçün belə etdin?”– deyə soruşdular. Dedi: “Ola bilsin ki, bunlar quruyanadək onların əzabı yüngül­ləşsin” (əl-Buxari, 216).

İbn Həcər (Allah ona rəhmət etsin) demişdir: “Yəni söz gəzdirən və sidikdən qorunmayan həmin iki nəfərin id­diasına görə bunlar bö­yük bir şey deyil. Lakin şəriətə görə bu əməllərin hər ikisi böyük günah­lardan sayılır. Bu fikir İbn Abbasdan nəql edilmiş rəvayətdə öz təsdiqini tapmışdır. Həmin rəvayətdə Peyğəmbər – ona Allahın salavatı və salamı olsun - belə buyurmuşdur: “Bunlar əzab çəkirlər, amma böyük bir şeyə görə əzab çək­mirlər. Əslində isə bu böyük günahdır...” (əl-Buxari, 6055; Fəth əl-Bari, 1/78).

Əgər bu hədə-qorxu hər hansı bir müsəlmanın öz qardaşının qeybətinə görə belə edilirsə, onda müsəlmanların rəhbərlərinin qeybətini edənləri necə cəzalar gözləyir?! Bu qeybət rəhbərin heybətinin gözdən düşməsinə, rəhbərə qarşı çıxmağa, fitnə-fəsada, ölkənin dağıdılmasına və daha böyük fəlakətlərə səbəb ola bilər. Ona görə də rəhbərin heybətinin qorunması vacibdir.

4-cü haqq. Rəhbərə nəsihətin edilməsi.

Rəhbərə nəsihət etmək iqtidarında olan alimlər etməlidirlər. Onlar bunu gizli şəkildə etməlidir. Səhih hədisdə deyilir: “Din nəsihətdir”. Biz dedik: “Kimə, ey Allahın Elçisi?” Peyğəmbər - ona Allahın salavatı və salamı olsun - buyurdu: “Allaha, Onun kitabına, rəsuluna, müsəlmanların rəhbərlərinə və bütün müsəlmanlara”. (Muslim, 55).

İbn Useymin (Allah ona rəhmət etsin) buyurur: “Rəhbərlər hər şeyi bilməzlər. Onların hər şeyi bilməyə gücü çatmaz. Ona görə onlara kömək edənlər lazımdır ki, onlara gözəl şəkildə nəsihət etsinlər və doğru yola yönəltsinlər. Bu da gözəl şəkildə edilməlidir”. (İbn Useyminin “Əmirlərə itaət” xütbəsi).

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (ona Allahın salavatı və salamı olsun) demişdir: “Allah sizin üç əməlinizdən razı qalır, üç əməlinizə isə qəzəbi tu­tur: sizin yalnız Ona ibadət edib, heç nəyi Ona şərik qoşma­ma­ğı­nız­dan, hamılıq­la Allahın ipindən möhkəm yapışmağınızdan və Allahın si­zə nəsib etdiyi ixtiyar sahiblərinə nəsihət verməyinizdən razı qalır. Dedi-qodu yaymağını­za, çox sual verməyinizə və malı israf etməyi­nizə isə qəzəbi tutur”. (əl-Buxari “Ədəbul-Mufrad” 442. əl-Albani səhih olduğunu bildirmişdir).

Zeyd ibn Sabit (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər – ona Allahın salavatı və salamı olsun - belə demişdir: “Əgər müsəlmanın qəlbində üç xislət olarsa, onun qəlbində heç vaxt kin-küdurət olmaz; Allah üçün əməli ixlasla etdikdə, rəhbərlərə qarşı səmimi olduqda və camaatla birgə olduqda”. (Əhməd, 21590, 21630, 21924).

İbn Qeyyim (Allah ona rəhm etsin) buyurur: “Əgər müsəlmanın qəlbində üç xislət olarsa, onun qəlbində heç vaxt kin-küdurət olmaz”, yəni bu üç şey ilə öz təmizliyini tapar. “Allah üçün əməli ixlasla etdikdə, rəhbərlərə qarşı nəsihət etdikdə və camaatla birgə olduqda” onun qəlbi yalandan, fəsada uğramaqdan və xəyanətdən uzaq olar”. (İbn  əl-Qeyyim “Miftəh Dərus-Səadə” səh. 79).

Rəhbərlərə nəsihət etmək müsəlmanın qəlbindən kin-küdurətin aradan qalxmasına səbəbdir. Belə ki, hədislərdə nəsihət sözü geniş mənada işlənmişdir. Məşhur hədisdə deyilir: “Din nəsihətdir”. Biz dedik: “Kimə, ey Allahın Elçisi?” Peyğəmbər – ona Allahın salavatı və salamı olsun - buyurdu: “Allaha, kitabına, rəsuluna, müsəlmanların rəhbərlərinə və bütün müsəlmanlara”. (Muslim, 55).

Burada Allaha olan nəsihət dedikdə, Ona qarşı ixlaslı olmaq nəzərdə tutulur. Onun Kitabına nəsihət dedikdə, Qurana itaət və orada qeyd edilənlərə iman edib əməl etmək nəzərdə tutulur. Rəsuluna nəsihət dedikdə, ona olan tabeçilik və ona tam şəkildə iman gətirmək, onun sünnəsinə sarılmaq nəzərdə tutulur. Müsəlmanların rəhbərlərinə nəsihət dedikdə, alimlər və rəhbərlər nəzərdə tutulur. Belə ki, alimlərə nəsihət onları sevmək, onların alim olmasını təsdiq etmək və onları müdafiə etməkdir. Rəhbərlərə nəsihət sıravi müsəlmanların rəhbərlərə nəsihət edə bilmədiklərinə görə onlar üçün dua etmək, rəhbər olmasına etiqad etmək, yaxşılıqlaını danışmaq və eyiblərini yaymamaqdır. Bütün müsəlmanlara qarşı nəsihət isə onları sevmək, onlara kömək etmək, onlara nəsihət etmək və onlarla səmimi olmaqdır.

Şeyx Abdul-Əziz ibn Bəzz (Allah ona rəhmət etsin) rəhbərlərə nəsihətin onlar üçün dua etmələrini xüsusi olaraq vurğulamışdır. Rəhbərlər üçün dua etmək onların haqlarından sayılır. İmam ən-Nəvəvi (Allah ona rəhmət etsin) demişdir: “Müsəlmanların başçılarına haqq üzərində olduqlarına və düşdükləri xətalara görə nəsihət etmək, bilmədikləri, fikir vermədikləri şeyləri onlara çatdırmaq, unutduqlarını onlara xatırlatmaq, onları haqqa mülayimliklə, gözəl şəkildə yönəltmək, onlara qarşı çıxmamaq və insanların qəlblərini onlara itaət üzərində birləşdirmək hər müsəlmanın üzərinə vacibdir. (İmam ən-Nəvəvi “Şərhu Sahih Muslim” 2/38).

5-ci haqq. Rəhbərlərlə yaxşılıq etmək və onlarla təqva üzərində yardımlaşmaq.

İstər həcc, cihad, istərsə də digər hallarda insanlar rəhbərə dəstək olmalıdırlar. Bu, Həccac ibn Yusufun misalında bariz şəkildə görünür. Belə ki, Həccac zalım olsa da, səhabələr yaxşı əməllərdə ona itaət etdilər. Əbu İsmail əs-Sabuni (Allah ona rəhmət etsin) demişdir: “Hədis əhli Cümə, bayram və qeyri namazları müsəlmanların rəhbərlərinin arxasında qılmağı vacib görürlər. İstər həmin rəhbər əməlisaleh, istərsə də günahkar olsun, fərq etməz. Onunla bərabər kafirlərlə cihad etməyi, yürüşlərə getməyi vacib görürlər. Həmin hakim istər zalım, istərsə də günahkar olsun, fərq etməz. Həmçinin, Əhli Sünnədən olan alimlər onun islahı, müvəffəqiyyəti və ədalətinin insanlar arasında gözəl şəkildə yayılması üçün ona dua etməsini dinlərindən görürlər”. (əs-Sabuni “Aqidətus-Sələf Əshabil-Hədis” 92-93).

6-cı haqq. Rəhbərlərin zülmünə və hədlərini aşmalarına səbir etmək.

Sənə zülm etsə, əlindən malını alsa, haqsız yerə zindana salsa belə, səbir etmək lazımdır. Bu, Peyğəmbərin – ona Allahın salavatı və salamı olsun - Allahın dinində qoyduğu sünnəsidir. Bəzi insanlar bunu unudur. Bir az zülmə məruz qaldıqda, bu onları bidətə sürükləyib rəhbərə qarşı dil uzatmağa və ya ona qarşı çıxmağa aparır. Onların bu əməli ilə əməlləri puç ola bilər. Onlar sanki qədərə imanı unutmuş kimidirlər. Hər bir şəxs bilməlidir ki, bu, imtahandır və onların əqidələrinə görə səbrinin sınağa çəkilərək ölçülməsidir. Bu, özünü Əhli Sünnəyə nisbət edən kimsə üçün rəhbərə qarşı çıxmağın qadağan olmasına əməl etmək imtahanıdır. İnsanlar səbir edib öz günahlarını düşünməlidirlər. Bununla yanaşı insan bilməlidir ki, Allah zərrə qədər zülm etməz və rəhbər zalımlıq edərsə, Allah onun cəzasını verəcək.

İbn Əbul-Cəmra (Allah ona rəhm etsin) ”Kim rəhbərindən sevmədiyi bir şey görərsə, ona səbir etsin. Çünki, o, camaatdan bir qarış uzaqlaşarsa, cahiliyyət ölümü ilə ölər” hədisini şərh edərkən buyurur: “Burada məqsəd rəhbərindən ona qarşı etdiyi pis bir şeyə görə camaatdan uzaqlaşar, ona olan beyətdən ayrılarsa, “bir qarış olsa belə”- bu söz kinayə ilə deyilir – haqsız qanların axıdılmasına gətirib çıxarar”. (İbn Həcər “Fəthul-Bəri” 13/7).

Hər bir müsəlmana Əhli Sünnənin rəhbərlərə qarşı olan mənhəcini bilmələri, hər kəsin üzərinə düşən haqları bilmələri və rəhbərlərin insanlar üzərində haqlarını öyrənmələri vacibdir. Son vaxtlar bir çox müsəlman gənclər sünnəyə müxalif olan şübhə altına düşmüşlər. Bu, şübhələrin nəticəsi isə rəhbərlərin heybətinin aşağı salınması və qanların axıdılması, fitnələrin artması, qadınların əsir götürülməsi və kafirlərin müsəlmanlar üzərində qələbə qazanmasına gətirb çixarır.

Sonda aləmlərin Rəbbi olan Allaha həmd olsun!