Müsəlman öz rəhbərinə necə münasibət bəsləməlidir?

English

Mərhəmətli və Rəhmli Allahın adı ilə

Hamıya məlumdur ki, İslam mükəmməl dindir və onun elmləri müsəlmanın həyatının bütün sahələrini əhatə edir. Əgər bu böyük din öz davamçılarına qonşulara, qonaqlara, yolda olanlara və s. necə münasibət göstərməli olduqlarını öyrədirsə, onda İslamda müsəlmanların üzərində hakimiyyət sahibi (müsəlman rəhbərlərə) olan insanlara xüsusi yer verilməsi heç də təəccüblü deyil.

Rəhbərlər – Uca Allahın İslam icması üzərində hakimiyyət verdiyi insanlardır. Buna görə də İslam, müsəlmanları öz rəhbərlərinə qarşı münasibətdə xüsusi davranış qaydaları öyrədir. Bir çox müsəlman ölkələrində bugünki siyasi qeyri-sabitlik və anarxiyanı nəzərə alaraq, hər bir müsəlmanın öz rəhbərinə qarşı necə münasibət bəsləməli olduğunu bilmək son dərəcə əhəmiyyətlidir.

20-ci əsrin görkəmli alimi Muhəmməd ibn Salih əl-Useyminin (Allah ona rəhm etsin) müsəlmanların rəhbərlərinə dair mühazirəsindən bir parçanı sizə təqdim edirik. Şeyxin bu mühazirəsi imam Muslimin toplusundan götürülmüş aşağıdakı hədisin izahıdır:

Təmim ibn Aus əd-Daridən (Allah ondan razı olsun) rəvayət olunur ki, bir gün Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə dedi: “Din nəsihətdir”. Biz soruşduq: “Kimə münasibətdə?” O isə cavabında dedi: “Allah, Onun kitabı, Peyğəmbəri, müsəlmanların rəhbərləri və bütün müsəlmanlara münasibətdə” (Muslim).

Şeyx İbn əl-Useymin (Allah ona rəhm etsin) müsəlmanların liderlərinin İslam alimləri və rəhbərləri olduğunu qeyd edərək müsəlmanın onlara qarşı necə münasibət bəsləməli olduğunu izah edib. O, xüsusi ilə müsəlman rəhbərləri haqqında belə demişdir:

“Rəhbərlərə qarşı səmimi münasibət aşağıdakı şəkildə ifadə edilir:

Birinci – müsəlmanlar öz dövlət başçısının idarəetmə və hakimiyyətini tanımalıdır. Rəhbərin hakimiyyətini tanımayan kəs ona qarşı səmimi deyil. Axı insan onu öz rəhbəri kimi qəbul etmirsə, onda ona tabe olmayacaq və onun qadağa etdiyi şeylərdən çəkinməyəcək. Rəhbərə tabe olmaqdan imtina edib müsəlmanlardan ayrılıb və bunun üzərində ölən kəs cahillik ölümü ilə ölmüşdür.
Bunu da qeyd etmək lazımdır ki, iqtidara gəlmək formasından aslı olmayaraq, faktiki hakimiyyət əlində olan hər bir müsəlman dövlət başçısına beyət etmək müsəlmanın borcudur!

İkinci – müsəlman öz rəhbərinin yaxşı hərəkətləri haqqında danışmalı və bunu insanların arasında yaymalıdır, çünki rəhbər haqqında gözəl danışmaq onu sevməyi sövq edir, bu da öz növbəsndə xalq və dövlət başçısı arasinda olan bağlılığı gücləndirir, İslam cəmiyyətində birlik və bərabərlik mühiti yaradır.
Lakin bəzi insanlar əksinə hərəkət edirlər; rəhbərlərin xətalarını yayır və onların müsbət keyfiyyətlərini gizlədirlər. Belə davranış böyük haqsızlıqdır!

Üçüncü – müsəlman öz rəhbərinin bütün əmrlərinə tabe olmalıdır. Rəhbərin Allahın qanununa zidd olan əmrləri istisnadır. "Xaliqin asilikdə məxluqa itaət yoxdur". (İmam Əhməd, 1095).
Bir daha vurğulamaq lazımdır ki, rəhbərlərə itaət sadəcə bir “siyasət” deyil, bu Uca Allaha ibadətdir. Uca Allah əmr edərək buyurur: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin!” (Nisa, 59). Bu ayədə Uca Allah bizə rəhbərlərə itaət etməyi əmr edir! Allahın bütün əmrləri ibadətdir!
Rəhbərə itaətdə onun günah edib etməməyinə baxılmir. Onun günah edib etməməsindən (günahsiz insan ümumiyyətlə olmur) asılı olmayaraq ona itaət vacibdir. Dövlət başçısının etdiyi günahların az və çox olması da ona itaətin dərəcəsinə təsir etmir.

Dördüncü – müsəlman öz rəhbərinin xətalarını gizlətməlidir. Çünki, rəhbərin xətalarının yayılması ona səmimi münasibət hesab edilə bilməz. Onun xətalarının yayılması ona gətirir ki, insanlar öz rəhbərinə nifrət etməyə və kin bəsləməyə başlayırlar, bu da öz növbəsində, ona qarşı üsyanlara və qiyamlara gətirib çıxara bilər. Bütün bunlar qan tökmək və anarxiya ilə nəticələnir. Bu hadisələrin sonunun nə ilə nəticələnəcəyini yalnız bir Allah bilir.
"Rəhbərlərin xətalarını gizlətmək lazımdır"- dedikdə, bu heç də xətalar və nöqsanlar barədə susmaq demək deyil. Əksinə, rəhbərə təklikdə ən yaxşı şəkildə nəsihət etmək lazımdır. Amma bu nəsihəti edən şəxsin nüfuzlu birisi olması, yaxud nəsihət etdiyi sahənin mükəmməl bilicisi olması şərtdir.

Lakin camaat içində rəhbərə nəsihət etmək qadağandır:
İnsanlar Usamə ibn Zeydi (Allah ondan razı olsun) danlamağa başlayıb: “Sən bir hərəkət etmirsən və ona (yəni Xəlifəyə) heç nə demirsən”- dedikdə, Usamə sərt şəkildə: “Məgər siz istəyirsiniz ki, mən Xəlifə ilə müzakirə etdiyim hər şeyi sizə danışım?”- deyə cavab verdi.

Bu onu göstərir ki, müsəlman, rəhbərə etdiyi nəsihət haqqında insanlara danışmamalıdır. Bunu danışmamağın hikməti budur ki, əgər nəsihət edən şəxsin rəhbərlə etdiyi söhbətləri və onun səhvlərinə etdiyi düzəlişləri danışacaqsa, onda iki şeydən biri baş verəcək:
– Ya, rəhbər ona qulaq asıb onun nəsihətinə uyğun hərəkət edəcək. Onda insanlar deyəcəklər: “Rəhbər zəiflik göstərdi və başqasının iradəsinə tabe oldu”.
– Yaxud, rəhbər ona məsləhət görülənə qulaq asmayacaq və onu yerinə yetirməyəcəkdir. Onda insanlar deyəcəklər: “Rəhbər qulaq asmadı və təkəbbürlük göstərdi”.

Buna görə rəhbərin səhvlərini göstərmək və ona nəsihət etmək camaatın qarşısında olmamalıdır. Rəhbərin səhvlərini camaat qarşısında göstərilməsi böyük fəsadlara səbəb olur.

Beşinci – müsəlmana müxalifətdə durmaq və öz rəhbərinə qarşı çıxmaq qadağandır. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) yalnız rəhbər açıq küfrə düşüb və İslamdan çıxdığı təqdirdə ona qarşı çıxmağı icazə vermişdir. (1). Deməli hakimə qarşı çixmağın şərtləri bunlardir :

1. “HEÇ BİR YOZMA VƏ TƏVİL MÜMKİN OLMAYAN AÇIQ KÜFR”
2. “BUNU AÇIQ ŞƏKİLDƏ HAMININ GÖZÜ QARŞISINDA ETMƏSİ”

Ancaq belə bir sual yaranır: Əgər fərz etsək ki, hansısa bir rəhbər yuxarıda göstərilən şərtlərə uyğun olaraq, həqiqətən də küfrə düşdü, bu halda ona qarşı çıxmaq vacibdirmi? Axı qeyri-müsəlman rəhbərə qarşı çıxmağın icazəliliyi və vacibliyi arasında fərq var.

Cavab: Bu şərtlər hər hansı bir dövlət başçısında cəm olsa belə, əgər bu əməldə müsəlmanlar üçün xeyir olmayacaqsa, rəhbərə qarşı çıxmaq olmaz. Azsaylı zəif silahlanmış bir qrup insan üstün silaha malik olan dövlətə qarşı vuruşmağa başlayırsa, bu qiyamda müsəlmanlar üçün heç bir xeyir olmayacaq. Əksinə, belə qiyamın nəticəsi yalnız anarxiya və günahsız insanların qanının tökülməsi olacaq. Rəhbərlər isə günah və küfr etməyə davam edəcəklər, və belə qiyam heç nəyi dəyişməyəcək (2).

Xəvariclərin mömin xəlifələrə (Allah onlardan razı olsun) qarşı törətdikləri qiyamın vaxtlarından bu günə qədər baş vermiş hadisələr göstərir ki, belə qarşıdurmalar vəziyyəti heç cür dəyişmir. Əksinə, onlar çox böyük şər və fitnənin yayılmasına səbəb olur. Lakin, təəssüf ki, öz emosiyaları ilə hərəkət edən və nəticələri düşünməyən bəzi insanlar böyük səhv edərək rəhbərə qarşı çıxır.

Daha sonra başqa sual meydana çıxır: Rəhbər hansı küfrü etməlidir ki, ona qarşı çıxmaq icazəli olsun? Axı elə əməllər var ki, onlara dair fikir ayrılıqları var: bəziləri bu əməlləri küfrün təzahürü hesab edir, başqaları isə yox. Bu suala cavab Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) qeyd etdiyi “açıq küfr” – yəni heç bir şübhə doğurmayan küfr sözü aydınlıq gətirir. Məsələn: “rəhbərin Allahı və ya Onun elçisini söyməsi, və ya bütə səcdə etməsi və s. kimi”.

Uca Allahdan bütün müsəlman rəhbərlərini düz yolda olmalarını və onları İslam üzərində sabit etməyini diləyirik. Eləcədə, müsəlmanları qan tökməkdən və anarxiyadan qorumasını və onları rəhbərlərinin ətrafında haqq üzərində birlik və bərabərlik içində olmasını Uca Allahdan diləyirik. AMİN!

Hazırladı: Ramin Mütəllim

“SunnaPortal.com” saytından tərcümə olunub.

__________________________________

  1. Bundan sonra Şeyx İbn əl-Useymin imam əl-Buxarinin “əs-Səhih” toplusunda verilmiş məşhur hədisi tədqiq edir.
    Hədisin mətni aşağıdakı kimidir: “Vaxtı ilə Məhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) səhabələrini yanına çağırdı və onlar ona (ona Allahın salavatı və salamı olsun) beyət etdilər, başqa andların sırasında o, onlardan xoşluqda və ikrahda, çətinlikdə və asanlıqda, eləcə də haqqı ilə onların olan şey əllərindən alındığı halda da rəhbəri dinləyib ona itaət etməyi tələb etdi. Onlar qanuni rəhbərin əlindən hakimiyyəti almağa çalışmayacaqlarına dair and içdilər. O zaman Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Haqqında Allahdan olan danılmaz sübutun olduğu açıq-aşkar küfrü görməyiniz halı istisnadır””. ↩
  2. Başqa mühazirələrindən birində Şeyx İbn əl-Useymin (Allah ona rəhm etsin) deyib: “Belə bir qiyam nəinki heç nəyi dəyişməyəcək, əksinə, vəziyyəti pisləşdirəcəkdir” (Şərh Səhih əl-Buxari). ↩