Rəhbəri gözdən salanları müdafiə etmək üçün mitinqə çıxmağın haram olması

English

Günümüzdə rəhbərin eyiblərini araşdıran, onu insanların gözündən salmağa çalışan şəxslər qəhrəman kimi təqdim edilir, onları müdafiə etmək üçün insanlar mitinqə çıxmağa, dövlətə itaətsizlik etməyə çağrılır. Bu adamların arxasında kafir dövlətlərinin durduğu açıq aşkar hamıya məlum olduğu halda, nə üçün insanlar onların istədiklərini etməyə can atırlar? Ölkəmizdə son yüz ildə baş vermiş 31 Mart, 20 Yanvar, Xocalı soyqırımı kimi qırğınlara göz yuman kafir dövlətlərini məgər xalqımızın necə yaşaması bu qədərmi narahat edir? Sözsüz ki, onların məqsədi müsəlman ölkələrində fitnə salıb əhalini bir-birinə qırdırmaq, sonra isə buranın təbii sərvətlərinə sahib olmaq, ən azından onların dediklərini sorğu-sualsız yerinə yetirəcək şəxsləri hakimiyyətə gətirməkdir. Digər müsəlman ölkələrində artıq tətbiq olunmuş bu xain planı ölkəmizdə də tətbiq etmək üçün yorulmadan çalışan xarici qüvvələrə xidmət edənlər təəssüf ki, hər dəfə tapılır. Diqqət edin, Liviya, Suriya və digər müsəlman ölkələrində əvvəlcə illər boyu xavaric əqidəsi təbliğ edildi, onların sayı çoxaldıqda isə onlara silah verildi, vətəndaş müharibəsi başladıldı. Ən sonda isə "sülhməramlı qüvvələr" adı altında kafirlər müsəlman şəhərlərini bombalayaraq xarabalığa çevirdilər. Milyonlarla insan öldürüldü, əlil oldu, yurdundan qovuldu. Bütün bu müddət ərzində isə müsəlman ölkələrinin nefti və digər sərvətləri İŞİD kimi kafirlər tərəfindən qurulmuş təşkilatların əli ilə xarici dövlətlərə su qiymətinə verildi. 

Sözsüz ki, günümüzdəki müsəlman rəhbərləri məsum deyil, amma onların devrilməsinə çalışmağın fitnəsi qat-qat böyük deyilmi? Əmin amanlığın itirilməsi, şəhərlərin dağılması, uşaqların ölməsi, namuslara toxunulmasının ziyanı, əlbəttə ki, daha çoxdur. 

Ölkədə haqq-ədalətin olması üçün nə etmək lazımdır?

Müsəlmanlar başlarına gələn müsibət və haqsızlıqların səbəbinin özləri etdikləri zülm və günahların olmasını unudaraq, özlərini islah etmək əvəzinə, rəhbərə qarşı çıxıb fitnə-fəsad yaratmağa və daha da çox günah etməyə çalışır, Allahın əmrinə asi olurlar. Uca Allah buyurur:  
"Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar üzündəndir. Allah günahların çoxunu bağışlayır" (əş-Şura, 30);
“Beləliklə, qazandıqları günahlara görə zalımların bir qismini digərinə hakim təyin edərik” (əl-Ənam, 129). 
Şəriətə görə haqq-ədalətin və bol ruzinin olmasını istəyən camaat ilk növbədə özünü islah etməli, günahlardan çəkinməli, vacibləri yerinə yetirməli, ədalətli olmalı, bir-birinin haqqını yeməməli, bir birinə yaxşılığı əmr etməli və pislikdən çəkindirməlidir. Uca Allah buyurur: "Əgər o ölkələrin əhalisi iman gətirib (Allahdan) qorxsaydı, əlbəttə, Biz onların üstünə göydən və yerdən bərəkət (qapılarını) açardıq. Lakin onlar (peyğəmbərləri) yalançı hesab etdilər. Biz də onları qazandıqları günahlara görə (əzabla) yaxaladıq" (əl-Əraf, 96). Həmçinin, buyurur: “Ey iman edənlər, Allaha və Onun elçisinə itaət edin, aranızdan olan əmr sahiblərinə də itaət edin” (ən-Nisa, 59).

RƏhbəri gözdən salanlar bilərəkdən və ya bilməyərəkdən düşmənə xidmət edir

Rəhbəri gözdən salmağa çalışanlar haqqında isə Allah Elçisi (Allahın ona salavatı və salamı olsun) demişdir: “Kim bu dünyada Uca Allahın təyin etdiyi rəhbərə ehtiram göstərib məqamını uca tutarsa, Allah da Qiyamət günü onun məqamını yüksək tutub şərəfləndirər. Kim də Uca Allahın təyin etdiyi rəhbəri alçaldaraq gözdən salarsa, Allah da Qiyamət günü həmin adamı alçaldar”. (İmam Əhməd, 20450, 20705; əl-Albani “Silsilətul-Əhədisis-Səhiha” 2297). Ölkəmizdə rəhbərin eyiblərini araşdırıb, onları yayaraq rəhbəri insanların gözündən salmağa çalışanların məqsədi insanları rəhbərə qarşı çıxmağa, fitnə fəsada hazırlamağa xidmət edir, bu da kafirlərin planının ilk mərhələsidir.

Qeyd edək ki, hansısa məmurun haqsızlığına etiraz etmək, onun özbaşınalığı haqqında rəhbərə şikayət etmək şəriətə görə qadağan deyil. Baş vermiş konkret bir zülmün aradan qaldırılması üçün çalışmaq, bunu rəhbərə bildirmək, məsələnin həllini tələb etmək icazəlidir. Bu mümkün olmadıqda isə, səbir və dua etmək lazımdır. Toplum halında nümayiş etmək, rəhbəri devirməyə çalışmaq isə haramdır.