Əbu Bəkrin zəkat verməyənlərlə döyüşməsi və onların halı

English

Mərhəmətli və Rəhimli Allahın adı ilə!

Aləmlərin Rəbbi olan Allaha həmd olsun! Bizim Peyğəmbərə, onun ailə üzvlərinə və onun bütün səhabələrinə Allahın salavatı və salamı olsun!

Peyğəmbərin - sallallahu aleyhi və səlləm - ölümündən sonra bəzi müsəlmanların zəkat verməkdən imtina etmələri və bu səbəbdən də Əbu Bəkr (Allah ondan razı olsun) başda olmaqla səhabələrin onlarla döyüşməsi hadisəsi məşhurdur. Lakin, bəzi müsəlmanlar zəkat verməkdən imtina edən insanların mürtəd olmalarını, buna görə də Əbu Bəkrin (Allah ondan razı olsun) onlarla döyüşməsini və səhabələrdən heç kimin ona etiraz etmədiyini zənn edirlər. Həmçinin, alimlər arasında bu hadisələrə söykənərək həmin insanların kafir olmalarını, zəkatı verməyi tərk edənlərin İslam dinindən çıxaran küfr olmasını etiqad etmişlər. Əksər alimlər isə zəkatın vacibliyini inkar etmədən simicliyi, tənbəllik və ya digər səbəblərə görə tərk edənin böyük günah sahibi olmasını, lakin kafir olmamasını demişlər.

Bu hadisə qısa şəkildə Əbu Hureyranın (Allah ondan razı olsun) hədisində qeyd edilir. Rəvayət edilir ki, Əbu Hureyra (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər - sallallahu aleyhi və səlləm - vəfat etdikdən və Əbu Bəkr (xəlifə) olduqdan sonra ərəblərdən bəziləri kafir oldular. Onda Ömər (Əbu Bəkrə) dedi: “Sən onlarla necə vuruşa bilərsən ki, Peyğəm­bər - sallallahu aleyhi və səlləm - demişdir: “İnsanlar: “lə ilahə illəllah” deməyincə onlarla vuruşmaq mə­nə əmr edildi. Bu sö­zü deyən hər kəs haqlı bir səbəb olmadıqca, malını və canı­nı məndən qoru­muş olar. (Qəlbindəkilərinin) hesabı isə Allaha aiddir”. Əbu Bəkr dedi: “Val­la­hi, mən, nama­zı zəkatdan ayıran (namaz qılıb zəkat ver­mək istəməyən) hər kəs­lə vuruşacağam, çünki zəkat malın haqqıdır. Val­lahi ki, əgər onlar (vaxtilə) Alla­hın Elçisinə - sallallahu aleyhi və səlləm - verdik­ləri çəpişi mənə vermək­dən bo­yun qaçırsalar, buna görə on­larla vuruşacağam”. Ömər dedi: “Vallahi, bu, Allahın Əbu Bəkrin qəlbinə sal­dığı (doğru fikirdən) başqa bir şey deyildi. Mən başa düşdüm ki, o, haq­lı­dır”. (əl-Buxari, 1399-1400, 7284).

İmam əş-Şafii (Allah ona rəhm etsin) demişdir: “Allah Elçisinin - sallallahu aleyhi və səlləm - ölümündən sonra mürtədlər iki növ idilər. Onlardan zəkatı verməkdən imtina edənlər dindən çıxma səbəbinə görə mürtəd adlanmamış, itaətdən boyun qaçırıdqlarına görə mürtəd adlanmışlar”. (Nihayə əl-Mutləb fi Dirayə əl-Məzhəb, 17/136).

O ki qaldı zəkat verməyən insanlara, onlar bir-birindən fərqlənirdilər. Belə ki, bəziləri hesab edirdilər ki, onlardan zəkatı yalnız Allahın Elçisi - sallallahu aleyhi və səlləm - ala bilərdi. Buna da aşağıdakı ayəni dəlil gətirirdilər: “Onların mallarından sədəqə götür ki, bununla onları pak edib təmizə çıxarasan. Onlar üçün dua et. Çünki sənin duan onlar üçün bir təskinlikdir. Allah Eşidəndir, Biləndir” (ət-Tövbə, 103). Bu ayədə Uca Allah Peyğəmbərə - sallallahu aleyhi və səlləm - müraciət edir, zəkatdan imtina edən insanlar isə Quranda Allahın Peyğəmbərinə - sallallahu aleyhi və səlləm - olan müraciətlərinin üç növ olduğunu bilmirdilər.

Birinci növ müraciət; bütün möminlərə olan müraciətdir.

İkinci növ müraciət; yalnız Peyğəmbərə - sallallahu aleyhi və səlləm - olan müraciətdir.

Üçüncü növ müraciət; Peyğəmbərə - sallallahu aleyhi və səlləm - olan müraciətdir ki, həm də bütün möminlərə də aiddir.

Bu izah “Səhih Muslimin şərhində” (2/231), ət-Təudih li-Şərhi ul-Camiis-Sahih” (10/232-233) və digər kitablarda qeyd edilmişdir.

Həmin insanların bir qismi zəkatın vacibliyini inkar etmədən yalnız simiclik etdiklərinə görə vermirdilər. İmam əl-Cuvayni (Allah ona rəhm etsin) zəkat verməyənlərlə, onları kafir deyil, müsəlman sayaraq döyüşürdülər. O deyirdi: “Onlardan bəziləri əsir düşdükə deyirdilər: “Allaha and olsun ki, biz iman gətirdikdən sonra kafir olmamışıq. Sadəcə bizi var-dövlətimizin acgözlüyü əhatə etmişdir”. (Nihayə əl-Mutləb, 17/136).

Hafiz İbn Abdul-Bərr (Allah ona rəhm etsin) demişdir: “Səhabələr zəkat verməkdən imtina edənlərə qarşı döyüşməyin mürtədlərlə döyüşmək kimi icazəli olmasında ittifaq etmişlər. Amma onların mürtəd adlandırılması ümumi mənadadır. Belə ki, onlar zəkat verməkdən imtina edirdilər və belə demələri də məlumdur: “Biz öz dinimizdən imtina etməmişik, lakin acgözlük bizə qalib gəlmişdir”.(İbn Abdul-Bərr “ət-Təmhid” 21/282).

Onlardan bəziləri zəkat vermək istəsə də, qəbilə başçıları onların qarşısını alır və fikirlərindən daşındırırdılar.

İmam əl-Xattabi (Allah ona rəhm etsin) demişdir: “Bilinməsi lazım olan odur ki, (Peyğəmbərin - sallallahu aleyhi və səlləm - ölümündən sonra) küfrə düşənlər iki növ olmuşlar. Birinci növ mürtədlər – küfrə düşən və dinlərini dəyişənlərdir. Bunlar Əbu Hureyranın (Allah ondan razı olsun) onlar haqda dedikləri kimsələrdir: “Ərəblərdən bəziləri küfrə düşmüşlər”. Bu qism mürtədlər iki hissəyə ayrılmışlar: Onlardan biri, Bəni Hənifə qəbiləsindən olan Museylimənin tərəfdarları və onun yalanına iman gətirənlərdir. Onların arasında əl-Əsvəd əl-Ənəsi və digər Yəmənlilər olmuşlar. Bu qrup öz təməlində Munəmmədin - sallallahu aleyhi və səlləm - peyğəmbərliyini inkar etmiş və bunu başqa bir insana aid etmişdir. Əbu Bəkr (Allah ondan razı olsun) də onlarla döyüşmüş və nəticədə Allah onun vasitəsilə Yəməmədə Museyliməni, Sənada isə Əsvəd əl-Ənisini və onların çoxunu məhv etmişdir. Mürtəd olanların ikinci qrupu isə, namazı, zəkatı və vacibləri tərk edib, cahiliyyədə olduqları hala qayıtmışlar. Onlar Məkkə, Mədinə və Bəhreyndə olan Abdulqeys məscidlərindən başqa yer üzündə  heç bir yerdə Uca Allaha ibadət etmirdilər...”.

Sonra əl-Xattabi (Allah ona rəhm etsin) deyir: “Digər növ isə namazla zəkatı ayıranlar olmuşlar. Onlar namazın vacibliyini qəbul edir, lakin zəkatın vacibliyini və müsəlmanlara verilməsini inkar edirdilər. Həqiqətdə bu növ insanlar üsyançılardır, amma onları həmin dövrdə belə adlandırmırdılar, çünki onlar mürtədlərin ümumi qrupuna daxil idilər. Beləliklə, onlar da mürtəd adlanırdılar, çünki mürtədlik üsyançılıqdan daha pisdir. (Mürtəd olmasalar da, o dövrdə mürtədlik yayıldığına görə ümumən mürtəd adlanırdılar). O ki qaldı üsyançılarla döyüşə, bu, Əli ibn Əbu Talibin (Allah ondan razı olsun) vaxtından başlamışdır. Belə ki, onun dövründə üsyançılar ayrı-ayrı qruplar şəklində idilər və küfr edən insanlara qoşulmamışdılar. Bunda da Əlinin usyançılarla döyüşməsinin doğru olmasının dəlili var. Bütün səhabələr də bunda ittifaq etmişlər.

Zəkat verməkdən imtina edənlərin arasında zəkat vermək istəyənlər də var di. Lakin onların tayfa başçıları Bəni Yərbu tayfasında olduğu kimi bunu etməyə imkan vermirdilər. Onlar zəkatları yığaraq Əbu Bəkrə (Allah ondan razı olsun) göndərmək istəmişdilər. Lakin onların tayfa başçısı İbn Nueyra yığılmış zəkatı onların arasında bölüşdürdü. Zəkat verməyən bu qrupa görə ixtilaf düşmü və Ömərdə onlara (döyüşməyə) görə şübhə əmələ gəlmişdi. O, bu məsələ barəsində Əbu Bəkrin (Allah ondan razı olsun) yanına gəlib onunla mübahisə etmiş və dəlil olaraq bu hədisi gətirmişdi: “Mənə “Lə iləhə illəllah”- deyənə qədər insanlarla döyüşmək əmr olundu. Kim bu sözü deyərsə, malını və canını məndən qorumuş olar”. (əl-Buxari, 4269; Muslim, 158). Ömər bu sözlərin davamına və şərtlərinə fikir verməyərək, zahiri mənasını götürmüşdü. Əbu Bəkr (Allah ondan razı olsun) ona dedi ki, zəkat malın haqqıdır və şərtlərə riayət etmək qanı qoruyur”.

Daha sonra əl-Xattabi (Allah ona rəhm etsin) deyir: “Biz dini tərk edib Museylimənin peyğəmbər olduğunu və ya namazı, zəkatı və digər İslam fərzlərini tərk edən mürtədlərin müxtəlif növ olduğunu bildirdik. Onlar səhabələrin kafir adlandırdıqdları kimsələrdir. O ki qaldı, zəkat verməyənlərə, onların arasında dinin vaciblərinə riayət edənlər üsyançı idilər. Onları ayrı-ayrılıqda (mürtədlərdən fərqli olaraq) kafir adlandırmırdılar. Baxmayaraq ki, dinin əsaslarından birini tərk etdiklərinə görə mürtəd adlandırılanların sırasına daxil edilirdilər. Lüğəti mənada “mürtəd” (ər-Riddə) buna qədər etdiyi hər hansı bir şeydən imtina edənlərə deyilir. Bu insanların arasında zəkat verməkdən boyun qaçırma halı baş vermiş, buna görə onların üzərindən dində tərif sayılan ad (mömin adı) götürülmüş, onlara pis bir ad verilmişdi. Nəticədə, həqiqətən əsl  mürtəd olan və layiq olduqlarına görə mürtəd adlananların sırasına daxil edilmişlər. Əgər deyilsə ki: “Sən zəkatdan imtina edənlərin halını “üsyankar” kimi izah etdin. Bəs bizim zamanımızda bir qrup müsəlman zəkatın vacibliyini inkar edib rəhbərə zəkat verməkdən imtina etsə, onların halı həmin usyankarların halı ilə eyni olarmı?” Onlara verilən cavab budur: “Xeyr, belə ki, bizim zamanımızda zəkatın vacibliyini inkar edən, müsəlmanların icması ilə kafir olacaq. Onlarla bunların arasında fərq bundadır ki, onlar öz hallarına görə haqq qazandırılmağa layiqdirlər. Belə ki, onlarla döyüşmək bundan qabaq belə şeylərin baş verməsinə görə deyil, dinə qaytarılmaları və vacib olanı yerinə yetirmələri üçün olmuşdur. Onlar Peyğəmbərin vəfatına yaxın dövrdə yaşamış və dinin məqamı haqda məlumatsız olmuşlar. Onlar sadəcə İslamı qəbul etmiş və bəzi anlaışlmazlıqları var idi. Elə buna görə də haqq qazandırılmağa layiq idilər. Onların halı içki içən və bunu halal görən bəzi səhabələrin halı kimi idi. Bu səhabələr Uca Allahın bu ayəsini dəlil gətirir: “İman gətirib yaxşı işlər görənlərə, Allahdan qorxaraq iman gətirib yaxşı işlər gördükləri, sonra yenə Allahdan qorxaraq iman gətirdikləri, sonra yenə də Allahdan qorxaraq yaxşı işlər gördükləri təqdirdə, haram edilməmişdən əvvəl daddıqları şeylərə görə heç bir günah gəlməz. Allah yaxşı iş görənləri sevir” (əl-Maidə, 93) və deyirdilər: “Biz içki içir və Allah iman gətiririk, yaxşı əməllər edir və Allahdan qorxuruq”. Bizim dövrdə isə İslam yayılıb və bərqərar olub. Zəkatın vacibliyi isə hamıya – alimlərə də, cahillərə məlumdur. Buna görə də zəkatın vacibliyini inkar edən heç bir yolla bəraət qazandırıla bilməz”. (Məalimus-Sunən kitabında müxtəsər olaraq, 2/4-9).

Bütün sadalananlar bizə zəkatdan imtina edənlərin mürtədlərin sırasında zikr olunmaları və onların nə üçün zəkatdan imtina etmələrini aydınlaşdırdı.

İndi isə bu sualda zəkat verməkdən imtina edənləri kafir sayanların dəlillərini araşdıraq. Bu da döyüşdən sonra onların: “Biz zəkat verəcəyik!”- sözünə Əbu Bəkrin (Allah ondan razı olsun) belə deməsidir: “Bizim öldürülənlərin Cənnətdə, sizin öldürülənlərinizin isə Cəhənnəmdə olduqlarına şahidlik etməyincə sizdən zəkat qəbul etməyəcəyik”. (Əbu Ubeydə “əl-Əmuəl” 196).

Alimlər kiminsə Cəhənnəmdə olması üçün şahidlik etməsi, onun hələ kafir olması demək deyil. Buna dəlil isə Əbu Hureyranın (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdir. Belə ki, Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərə - ona Allahın salavatı və salamı olsun - dedilər: “Ey Allahın Elçisi, filan qadın gecəni namaz qılır, gündüzlər oruc tutur, yaxşı iş­lər görür, sədəqə paylayır, lakin qonşularına dili ilə əziyyət ve­rir”. Allah Elçisi - sallallahu aleyhi və səlləm - buyurdu: “O qadında xeyir yoxdur. O, Cəhən­nəm əh­lin­­dən­dir”. Onlar dedilər: “Filan qadın da yalnız vacib namazları qılır, yağsız pendir­dən sədəqə verir, heç kəsə də əziyyət vermir”. Pey­ğəm­bər - sallallahu aleyhi və səlləm - buyurdu: “O, Cənnət əhlindəndir”.  (əl-Buxari "Ədbul-Mufrad" 119. əl-Albani “Silsilətul-Əhədisis-Sahiha” (№ 190) hədisin sənin olduğunu bildirmişdir). Allah Elçisinin - sallallahu aleyhi və səlləm - bu qadın haqda Cəhənnəmlik olması müjdəsi, onun kafir olması demək deyil. Onun Cəhənnəmə girməsinin səbəbi kafir olması deyil, pis əxlaq sahibi olması və insanlara dili ilə əziyyət verməsinə görədir. Aydınlıq üçün alimlərin sözlərini gətiririk:

İbn Qudəmə (Allah ona rəhm etsin) demişdir: “Əbu Bəkr (Allah ondan razı olsun) bu insanların əbədiyyən Cəhənnəmdə olacağını təkid etmirdi. Bir kimsənin Cəhənnəmə düşəcəyinə şahidlik etmək bu insanın əbədiyyən Cəhənnəmə düşəcəyini bildirmir. Belə ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - ümmətindən olan insanların Cəhənnəmə girdikdən sonra Allahın onları çıxarıb Cənnətə salacağını bizə bildirmişdir”. (əl-Muğni, 4/11).

əl-Buhuti (Allah ona rəhm etsin) demişdir: “Çox güman ki, Əbu Bəkrin (Allah ondan razı olsun) dediyi: “Bizim öldürülənlərin Cənnətdə, sizin öldürülənlərinizin isə Cəhənnəmdə olduqlarına şahidlik etməyincə, sizdən zəkat qəbul etməyəcəyik”- sözlər, vacibliyini inkar edərək zəkat verməkdən imtina edən və mürtədlərdən sayılanlara aid edilmişdir. Hər bir halda kiminsə Cəhənnəmlik olması, onun kafir olması demək deyil. Buna dəlil isə bu ümmətdən olan (böyük) günah sahiblərin halıdır”. (Kəşf əl-Qanəa, 2/258).

Bu və digər alimlərin dedikləri hər hansı bir qrup müsəlmanla döyüşmək, onların kafir olması demək deyil. Eləcə də şəriətdə olan hədd cəzaları həmin insanların kafir olması deyil, günahlarına olan kəffarəsidir. Yuxarıda qeyd edildiyi kimi kiminsə Cəhənnəmlik olması onun kafir olması demək deyil. Hər bir halda vacibliyini inkar etmədən zəkat verməkdən imtina böyük günah sayılır. Buna birbaşa Peyğəmbərdən - sallallahu aleyhi və səlləm - gələn hədis dəlildir. Hədisdə deyilir: “Elə bir qızıl və gümüş sahibi yoxdur ki, onun (malının) haqqını vermədikdə, Qiyamət günü onlar onun üçün oddan lövhələrə cevrilib və Cəhənnəm odunda qızdırılaraq sahibinin yanı, alnı və kürəyi damğalanmasın. Bu lövhələr hər dəfə soyuduqda miqdarı bir günü əlli min il olan, insanlar arasında hökm verilən günə kimi sahibinə əzab üçün yenidən əvvəlki halına qaytarılacaq. Sonra nəhayət, ona gedəcəyi Cənnət ya da Cəhənnəm yolu göstəriləcək”. (Muslim, 987). Möhtərəm şeyx İbn Bəzz başda olmaqla alimlər bu hədis haqda demişlər: “Əgər o (zəkat verməyən şəxs) kafir olsaydı, Peyğəmbər - sallallahu aleyhi və səlləm - onun üçün: “ona gedəcəyi Cənnət ya da Cəhənnəm yolu göstəriləcək”- deməzdi, çünki kafir üçün Cənnətə gedəcək yol yoxdur”. (Fətava əl-Ləcnə, 6147).

Nəticə olaraq deyilir ki, vacibliyinə inanaraq zəkat verməkdən imtina edən böyük günah sahibi olur və kafir sayılmır. Böyük günah sahiblərini təkfir edənlər isə Xavariclik bidətinə bulaşmış azğın dəstədən olur. Allah bizi Əhli Sünnə vəl-Cəməanın mənhəcində son nəfəsimizə qədər sabit etsin! Amin! 

 

Sonda aləmlərin Rəbbi olan Allaha həmd olsun!