əl-Ənkəbut surəsinin son ayəsinin düzgün başa düşülməsi

Uca Allah buyurur: Uğrumuzda cihad edənləri mütləq Öz yolumuza yönəldəcəyik. Şübhəsiz ki, Allah xeyirxah əməl sahiblərilədir” (əl-Ənkəbut, 69).
Birincisi, bu ayə Peyğəmbərin Məkkədə olduğu dövrdə nazil olmuşdur. Necə ki, əs-Suddi (Allah ona rəhm etsin) demişdir: “Bu ayə döyüşməyin vacib olmasından qabaq nazil olmuşdur”. (İbn Atiyyə əl-Əndəlusi “Təfsir əl-Muharrar əl-Vaciz” 4/356, 5/239). Onun bu sözünə heç bir təfsir alimi qarşı çıxmamışdır. Bu ayə bəzilərinin başa düşdüyü kimi “kafirlərlə cihad etmək” mənasını istisna edir. Belə ki, kafirlərə qarşı cihad etmək əmri Məbinə dövründə - hicrətdən sonra nazil olub.
İkincisi; sələflər bu ayəni yalnız kafirlərlə döyüşmək mənasında xüsusiləşdirmirdilər. Onlar bu ayənın mənasının - ümumən Allahın dinində olan çalışqan olmaq, Allahın əmrlərini yerinə yetirmək və şəhvətlərə qarşı mübarizə aparmaq olduğunu deyirdilər.
İbn Abbas (Allah ondan razı olsun) bu ayə haqda demişdir: “Yəni, Allaha itaət etmək üçün öz şəhvətləri ilə mübarizə aparan, onlara qarşı olan mərhəmətə görə şükür edən və bəla baş verəndə səbir edən kəslərdir”. (Əbu Heyyən əl-Əndəlusi “Təfsirul-Bəhrul-Muhit” 7/155, 8/367).
Rabia (Allah ona rəhm etsin) bu ayə Uğrumuzda cihad edənləri” haqda demişdir: “Yer üzüzündə Rəbbinə itaət edib, Ona dəvət edən, Onun qadağan etdiyini qadağan edən elə bir Allah bəndəsi yoxdur ki, Allah yolunda döyüşən (Uğrumuzda cihad edən) sayılmasın”. (İbn Əbu Hatim “Təfsir” 17450).
əs-Suddi (Allah ona rəhm etsin) demişdir: Uğrumuzda cihad edənləri” - iman yolunda möhkəm durmaq üçün; “mütləq Öz yolumuza yönəldəcəyik”- Cənnətə (yönəldəciyik)”. (Əbu Heyyən əl-Əndəlusi “Təfsirul-Bəhrul-Muhit” 7/155, 8/367).
Əbu Suleyman əd-Darani (Allah ona rəhm etsin) demişdir: “Cihad edənləri”- yəni, bildikləri ilə əməl edənlər, “Öz yolumuza yönəldəcəyik”- yəni, bilmədiklərini onlara öyrədərik”. (Əbu Heyyən əl-Əndəlusi “Təfsirul-Bəhrul-Muhit” 7/155, 8/368).
İbn Əbu Zəməneyn (Allah ona rəhm etsin) demişdir: “Cihad edənləri”- yəni, Bizə görə əməl edənlər, “Öz yolumuza yönəldəcəyik”- yəni, doğru yola yönəldərik”. (İbn Əbu Zəməneyn “Təfsir” 2/25, 3/353).
İbn Atiyyə (Allah ona rəhm etsin) bu ayə haqqında demişdir: “əs-Suddi (Allah ona rəhm etsin) demişdir: “Bu ayə döyüşməyin vacib olmasından qabaq nazil olmuşdur”. Bu ayə məşhur cihad anlayışından qabaq nazil olmuşdur. Həqiqətən, bu, cihadın ümumi mənasında - Allahın dinində çalışqan olmaq və Onun razılığını əldə etməkdir. əl-Həsən ibn Əbul-Həsən (Allah ona rəhm etsin) demişdir: “Bu ayədə söhbət ibadət əhlindən gedir”. Əbu Suleyman əd-Dərani (Allah ona rəhm etsin) demişdir: “Bu ayədə olan cihad yalnız düşmənlərlə olan döyüş deyil. Əksinə, bu ayədə dinə olan kömək, batil əhlini rədd etmək, zalımlara qarşı çıxmaq, ən əzəmətlisi isə yaxşılığı əmr edib pislikdən çəkindirmək göstərişi var. Həmçinin, buna Uca Allaha itaətdə insanın özü ilə (nəfsilə) mübarizə etməsi də aiddir. Bu da ən böyük cihaddır”. Yusuf ibn Əsbat (Allah ona rəhm etsin) demişdir: “Burada söhbət əməllərdə niyyətin təmizlənməsindən gedir”. (İbn Atiyyə əl-Əndəlusi “Təfsir əl-Muharrar əl-Vaciz” 4/326, 5/239).
İbn əl-Qeyyim (Allah ona rəhm etsin) demişdir: “Uca Allah doğru yolu cihadla bağlamışdır. Ən kamil insan cihadı ən böyük olandır. İnsanın özü ilə (nəfsilə), şəhvətilə, şeytanla və bu dünya ilə etdiyi cihad vacibdir. Kim də cihadın bu dörd növünü edirsə, Allah onu Cənnətə aparan doğru yola yönəldəcək. Cihadı tərk edənə gəldikdə isə, o tərk etdiyinin müqabilində bu göstərişi qaçırtmış olacaq. əl-Cuneyd (Allah ona rəhm etsin) demişdir: “Bizdən ötrü öz nəfsləri ilə tövbə edərək cihad edirdilər. Biz onları ixlas yoluna yönəldəcəyik!” Bu gizli düşmənlərlə cihad etməmiş insanın cihad etməsi mümkün deyil. Kim bu daxili düşmənlərə (şəhvət, şeytan, nəfs) qalib gələrsə, xarici düşmənlərə də qalib gələr”. (əl-Fəvaid, 58-59).
Beləliklə, bu ayənin mənası daha genişdir. Əksər təfsir alimləri bunun kafirlərlə döyüşmək mənasından daha geniş mənanı ifadə etdiyini demişlər. Sələf alimlərindən yalnız bir alim bu ayənin kafirlərlə döyüşmək mənasında olduğunu demişdir. O da İbn Zeyddir. Belə ki, İbn Vəhb (Allah ona rəhm etsin) demişdir: “Mən İbn Zeyddən bu ayə haqda soruşdum: “Burada söhbət döyüşənlərdən gedir?” O da: “Bəli!”- dedi”. (ət-Tabəri “Cəmiul-Bəyən” 21215). Həmçinin, bəziləri bu ayə haqda əl-Qurtubinin (Allah ona rəhm etsin): “Yəni, Bizim razılığımızı qazanmaq üçün kafirlərlə cihad edənlər” və ya əl-Bəğavinin: “Yəni, bizim dinimiz ucaltmaq üçün müşriklərlə döyüşənlər”- sözlərini gətirirlər. Onlar həmin alimlərin sözlərinin davamını demirlər. Məsələn, əl-Qurtubi (Allah ona rəhm etsin) bu ayə haqda demişdir: “Yəni, Bizim razılığımızı qazanmaq üçün kafirlərlə döyüşənlər”- dedikdən sonra əs-Suddi sözlərini gətirir: “Bu ayə kafirlərlə döyüşməyin fərz olmasından əvvəl nazil olmuşdur”. İbn Atiyyə (Allah ona rəhm etsin) demişdir: “Bu, fərz olan cihadddan əvvəl olub. Həqiqətən, bu, Allahın razılığını qazanmaq olan ümumi cihaddır”. (əl-Qurtubi “Təfsir” 13/242, 13/364). Həmçinin, əl-Bəğavi (Allah ona rəhm etsin) yuxarıda gətirilən sitatlarından sonra demişdir: “Həmçinin deyilmişdir: “Cihad etmək – bu, Allaha itaətdə olan səbirdir”. Həsən əl-Bəsri (Allah ona rəhm etsin) demişdir: “Ən üstün cihad – öz şəhvətlətinə (nəfsinə, həvasına) qarşı cihaddır”. Fudeyl ibn İyad (Allah ona rəhm etsin) demişdir: “Yəni, Biz elm tələb etməkdə cihad edənləri bu elmə müvafiq əməl etmək yoluna yönəldəcəyik”. Səhl ibn Abdullah (Allah ona rəhm etsin) demişdir: “Biz sünnə ilə riayət etməkdə cihad edənləri Cənnətə yönəldəcəyik”. Həmçinin, İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət edilir: “Yəni, Bizə itaət üçün çalışanları (cihad edənləri) bizim savabımıza yönəldəcəyik”. (əl-Bəğavi “Təfsir” 5/210, 6/256).
Peyğəmbərin - ona Allahın salavatı və salamı olsun - səhabələrindən İbn Abbasın bu ayə haqda təfsiri məlumdur. Belə ki; İbn Abbas (Allah ondan razı olsun) bu ayə haqda demişdir: “Yəni, Allaha itaət etmək üçün öz şəhvətləri ilə mübarizə aparan, onlara qarşı olan mərhəmətə görə şükür edən və bəla baş verəndə səbir edən kəslərdir”. (Əbu Heyyən əl-Əndəlusi “Təfsirul-Bəhrul-Muhit” 7/155, 8/367).
Biz İbn Abbasın (Allah ondan razı olsun) bu ayə haqda olan təfsirini qoyub başqa birisinin buna əks olan təfsirini necə götürə bilərik?! O ki qaldı “cihad haqda mücahidlərdən soruşmaq lazımdır” sözünə, bu, Uca Allahın ayəsi ilə ziddiyyət təşkil edir. Belə ki, Uca Allah buyurur: “Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun!” (ən-Nəhl, 43). Həmçinin, dində həddini aşanların bu ayədən çıxardıqları məna “cihad edənlər heç vaxt doğru yoldan aza bilməzlər”- tamamilə səhvdir. Dünyada neçə milyon insan insan əl-Fatihə surəsini oxuyur?! Amma görün onlardan nə qədəri azıb?! Peyğəmbər – sallallahu aleyhi və səlləm – demişdir: “Uca Allah buyurur: “Mən namazı Özümlə qulum arasında tən yarıya böldüm. Yarısı Mənim, yarısı isə qulumun­dur, quluma dilə­diyi veriləcək”... Qul: “Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik”- de­dikdə, Allah buyurur: “Bu, Mənimlə qulum arasındadır, quluma dilə­diyi veriləcək. Surənin axırı qulumundur...”. (Muslim, 904). Bu, ilahi xəbərə baxmayaraq, biz dünyada milyonlarla yolunu azmış insan görürük! Ona görə Quran və Sünnədə olan məmulatları düzgün başa düşmək lazımdır. İnsan bağışlanmağa layiq bir əməl etdikdə günahsız olduğunu düşünməməlidir. Həmçinin, doğru yola gətirən bir əməl etdikdə, özünün yüz faiz doğru yolda olmasını düşünməməlidir. Çünki, heç kim Allahın ondan müəyyən bir əməli qəbul edib-etməməsini bilməz. Müsəlman bir bəndə Allahın əmrlərini yerinə yetirdikdə, bu əməlin ondan qəbul edilməsinə ümid etməli, lakin bu əməlin qəbul olmasına əmin və arxayın olmamalıdır.
İbn Malik əl-Muqri (Allah ona rəhm etsin) deyirdi: “Mən Əbud-Dərdənin belə dediyini eşitmişəm: “Allahın mənim bir duamı qəbul etməsinə əmin olmağım, mənim üçün dünya və içindəkilərindən daha üstün olardı, çünki Allah buyurur: “Allah ancaq müttəqilərdən qəbul edər” (əl-Maidə, 27)”. (İbn Əbu Hatim, 1/327).
Ona görə də, biz əməllərimizin qəbul olunmasını, Allahın vədinin bizə nəsib olmasını yalnız ümid edə bilərik, lakin buna qəti şəkildə əmin ola bilmərik.
İslam tarixində Quran və Sünnəni öz məntiqilə yozub bidətə düşərək müsəlmanların qanlarını tökmüş və bunu cihad saymış neçə-neçə insan olmuşdur. Bu etdikləri “cihad” onların zəlalətlərini artırmış, xavariclik bidətinə salmışdır. Nəticədə, Peyğəmbərin - sallallahu aleyhi səlləm - “Cəhənnəm köpəkləri” adı ilə müjdələdiyi insanlardan olmuşlar. Allah bizi zəlalətə düşməkdən qorusun! Zəlalətdə qalaraq neçə-neçə müsəlman gün ərzində namazlarında iyirmi dəfəyə yaxın əl-Fatihə surəsini oxuyur!?
İslamı Quran və Sünnəyə, səhabələrin fəhminə uyğun başa düşmək lazımdır.