Alimlərə tabe olmağın vacibliyi

Uca Allah buyurur: “Əgər bilmirsinizsə, zikr əhlindən soruşun” (ən-Nəhl, 43)

Bir dəfə Allah Elçisi - sallallahu aleyhi və səlləm - bir qrup insanın Quran haqqında mübahisə etdiyini eşidib dedi: “Həqiqətən də, bu, sizdən əvvəlkiləri məhv etdi. Onlar ayələri bir-birilə toqquşdururdular. (Bu mübahisə zahirən bir-birinin əksinə görünən ayələr haqqında idi). Şübhəsiz ki, Allah ayələri biri ilə digərini inkar etmək üçün yox, bir-birini təsdiqləmək üçün nazil etmişdir. Sizə onlardan aydın olanları götürün, aydın olmayanları isə daha elmli olanlara həvalə edin”. (Əhməd 2/181, Abdur-Rəzzaq 20367. İbn Kəsir, əl-Busayri və Albani hədisin səhih olduğunu bildirmişlər).

Rəvayət edilir ki, Cabir (Allah ondan razı olsun) demişdir: “Biz səfərə çıxmışdıq. Aramızdan bir nəfərə daş dəyib onun başını yardı. Sonra həmin adam pollyusiya (yuxuda məni ifraz etmək) oldu və ətrafında olanlardan soruşdu: “Təyəmmüm etməyim üçün rüsxət görürsünüzmü?” Onlar dedilər: “Sən sudan istifadə edə bildiyin üçün sənə rüsxət yoxdur”. Sonra həmin adam qüsl etdi və xəstəlikdən öldü. Biz Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanına gəldikdə bu haqda ona xəbər verdilər və o dedi: “Onu öldürdülər, Allah da onları öldürsün! Əgər bilmirdilərsə, soruşardılar! Həqiqətən cahilliyin dərmanı soruşmaqdır. O, təyəmmüm etsəydi ona yetərdi”. (Əbu Davud, 336. əl-Albani həsən olduğunu bildirmişdir).

Diqqət edin, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) səhabələrdən ictihad etməyə haqqı çatmayanların səhv ictihad etmələri nətəcəsində bir nəfər müsəlmanın dünyasını dəyişməsinə necə qəzəblənmişdi. Müasir dövrümüzdə isə səhabələrə müqayisə olunmağa layiq olmayan adamlar yalnız öz nəfslərinə əsaslanaraq yüzlərlə müsəlmanı həlak edirlər!

Rəvayət edilir ki, (bir dəfə) Abdullah ibn Məsud (Allah ondan razı olsun) dedi: “Bir gün bir nəfər mə­nim yanıma gəldi və məndən cavabını bilmədiyim bir şey haqqında soru­şub dedi: “De görüm, yaxşı hazırlıq keçmiş və çox qətiyyətli bir adam əmir­lə­rimizlə birlikdə döyüşə çıxarsa və orada bizə gücümüz yetmədiyi bir işi tap­şırarsa, (biz ona itaət etməliyikmi)?” Mən dedim: “Vallahi, mən bilmi­rəm sə­nə nə deyim. Ancaq (onu deyə bilərəm ki,) biz Peyğəmbərlə - sallallahu aleyhi və səlləm - birgə (dö­yüş­də olanda) o, bir işi bizə bir dəfə əmr edər, biz də onu dərhal yerinə ye­ti­rərdik. Siz Allahdan qorxduqca xeyir içində olacaqsınız. Qəlbinizə şübhə düş­sə, (bu haqda şəriəti yaxşı bilən) bir adamdan soruşun ki, o, (şübhəni) siz­dən uzaq etsin. Lakin (elə bir dövran) ola bilər ki, siz belə adamlar tapa bil­məyəsiniz. Özündən başqa məbud olmayan Allaha and olsun ki, mən bu dün­yada olub-keçən işlər barədə düşündükdə (mən bunu) təmiz suyu içil­miş və yerində çöküntüsü qalmış bir nohura bənzədirəm”. (əl-Buxari, 2964).

Amr ibn Sələmənin məsciddə halqa quraraq oturub qrup şəklində Allahı zikr edən adamlar haqda olan hadisəsini yada salın. Əbu Musa (Allah ondan razı olsun) onları gördükdə, İbn Məsuddan (Allah ondan razı olsun) soruşmamış heç nə deməmişdi. Belə ki, İbn Məsud ondan daha elmli idi. İbn Məsud Əbu Musadan soruşdu: “Sən onlara nə dedin?” O cavab verdi: “Bu haqda sənin nə düşündüyünü bilmədən onlara bir şey demədim”. (əd-Dərimi, 1/68; ət-Tabərani “Mucəmul-Kəbir” 8628. Hafiz əl-Heysəmi və əl-Albani isnadının səhih olduğunu bildirmişlər).

Peyğəmbərin – sallallahu aleyhi və səlləm – məşhur səhabəsinin sözlərinə diqqət edin! Belə ki, o, ondan daha çox bilən adamdan soruşmamış heç bir şey etməmişdir. İndi isə günümüzdə baş verən hadisələrə diqqət edin. Dini bilikdə Əbu Musa (Allah ondan razı olsun) ilə müqayisə oluna bilməyən insanlar müsəlman ümmətinin böyük problemlərini həll etməyə çalışırlar.

Bizim saleh sələflərimiz nəyisə öyrənmək üçün həmişə özlərindən daha elmli olandan soruşardılar. İmam əl-Lələkai (Allah ona rəhm etsin) bəzi tabiinlərin belə dediklərini rəvayət etmişdir: “Biz Mədinəyə gəldikdə, ənsardan olanlara rast gəlirdik, lakin İbn Ömər və ya Əbu Səidlə qarşılaşana qədər heç kəsdən heç nə soruşmazdıq”. (ət-Tabərani “Mucəmul-Kəbir” 12/430; İbn Məndə, 11).

İmam İbn əl-Mani (Allah ona rəhm etsin) deyərdi: “Elm alanın bədbəxtliklərindən biri də özündən razı olması, öz elmindən və bəsirətindən qane olduqdan sonra, alimlərə müraciət etməkdə, onların yanında elm almaqda və onların elmindən faydalanmaqda lüzum görməməsindədir”. (İrşadut-Tulləb, 93).

Həmçinin, Muhəmməd ibn Abdul-Vahhab (Allah ona rəhm etsin) özünün məşhur “Kitəbut-Tövhid” əsərində qədər haqda olan başlığa belə bir sual qoymuşdur: “Şübhələri dəf etmək üçün sələflərin alimlərə sual vermək adəti”. (Kitəbut-Tövhid, 89).