Hüccət nədir?

English

Hüccət nədir?

Hüccət - bilmədən günah edən insana bu əməlin haram olması haqqında dəlillərin çatdırılması (izah edilməsi) və bu şəxsin həmin dəlilləri başa düşməsidir.
 
İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: “Kim Allaha və Rəsuluna ümumi şəkildə iman gətirmişdirsə, (etdiyi küfr və ya şirk əməllə bağlı) ona həqiqəti bəyan edən bir elm çatmayıbsa, ona hüccət qaldırmayınca kafir olması barəsində hökm çıxarılmır. Elə bir hüccət ki, ona qarşı çıxan kafir olur. İnsanların bir çoxu xəta edir. Xəta, yanılmaq və unutmaq isə bu ümmətdən qaldırılıb. Küfr yalnız bəyandan sonra olur”. (İbn Teymiyyə “Məcmuul-Fətava”, 12, səh. 501, 523, 524).
İbn Qeyyum (Allah ona rəhm etsin) deyir: “Allah hüccət qaldırmadan heç kəsə əzab verməyəcəkdir. Uca Allah buyurur: 
“Biz elçi göndərməmiş heç kəsə əzab vermirik”. (əl-İsra, 15), 
“Biz müjdə verən və qorxudan elçilər göndərdik ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın”. (ən-Nisa, 165). 
Quranda belə ayələr çoxdur. Uca Allah o şəxsə əzab verir ki, ona rəsul gəlib və hüccət çatıb. O da o günahkardır ki, öz günahını etiraf edir”. (İbn Qeyyum “Tariqul-Hicrəteyn” səh. 413).
 
İnsan əzaba iki səbəbə görə layiq görülür.
1. Hüccətdən üz döndərdiyinə, onu istəmədiyinə, o hüccətin tələb etdiyinə əməl etmədiyinə görə.
2. Hüccət qaldırıldıqdan sonra, gətirilən o hüccətə inadkarlıq etdiyinə görə.
 

Hüccəti başa düşməyən insanın üzrlü olması

 
Bir şəxsdən hüccətin qalxması üçün bu dəlil ona çatmalı və o şəxs bunu başa düşməlidir. Bir şəxs hüccəti başa düşməsə, hüccət ondan qalxa bilməz. Bir çox dəlillər şəri əhkamları başa düşməyənin üzürlü olduğunu bildirir. 
 
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Qiyamət günü heç nə eşitməyən kar kişi, dəli, düşkünlük çağına çatmış qoca kişi və fətra dövründə yaşayan bir kişi olacaq. Kar kişi deyəcək: “Ey Rəbbim, İslam gələndə mən heç nə eşitmirdim”. Dəli deyəcək: “İslam gəldiyi zaman uşaqlar mənə dəvənin peyinini atırdılar”. Qoca deyəcək: “Ey Rəbbim, İslam gələndə mən heç nə dərk etmirdim”. Peyğəmbərlərin ardı-arası kəsilən dövrdə yaşayan kişi deyəcək: “Sənin Rəsulun mənə gəlmədi”. Allah onlardan Allaha itaət edəcəkləri barəsində əhdi-peyman alacaq. Onlara elçi göndərəcək və deyiləcək ki, “Oda daxil olun!” Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Muhəmmədin nəfsi əlində Olana and olsun ki, əgər onlar itaət edərək oda girsələr, od onlara sərin və salamat olacaq”. (ət-Tabərani, 841; İbn Hibban, 1827; Əhməd, 4/ 24). 
Allah bu dörd sinif insanı üzürlü saymışdır. Fətra əhlinə və kar kişiyə hüccət çatmadığına görə Allah onları üzürlü saymışdır. Birində peyğəmbərlərin ardı-arası kəsilən dövr, o birisində isə eşitmə hissiyatı olmadığına görə. Qoca kişiyə və dəliyə gəldikdə, bu açıq aydındır ki, onlara hüccət çatıb. Lakin başa düşmədiklərinə görə Allah onları üzürlü sayıb. Onlar da özlərinin başa düşmədiklə­rinə və ayırd edə bilmədiklərinə görə dəlil gətirdilər. Xitabı başa düşməmək, ya qəsd olunan mənanı bütövlükdə başa düşmə­diyinə görə, ya da başqa cür başa düşdüyünə görə olur. Dəlillər bu iki növün üzürlü sayılması üçün gətirilmişdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Həqiqətən, üç nəfərdən qələm qaldırılıb; dəli sağalana qədər, uşaq həddi buluğa çatana qədər, yatan insan oyanana qədər”. (əl-Buxari, 6814). Bu şəxslərdən başa düşmədiklərinə görə qələm qaldı­rılmışdır.
 
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Uca Allah: “Göylərdə və yerdə nə varsa, Allahındır. Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də Allah buna görə sizi hesaba çəkəcək. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir” (əl-Bəqərə, 284) - ayəsini Allah Öz Elçisinə (salləllahu aleyhi və səlləm) nazil etdikdən sonra, onu eşidən səhabələr böyük sıxıntılar keçirərək Allah Elçisinin (salləllahu aleyhi və səlləm) yanına gəlib diz üstə oturdular və dedilər: “Ey Allahin Elçisi! Biz bacardığımızı - namaz qılmaq, oruc tutmaq, cihad etmək və sədə­qə vermək kimi əməlləri yerinə yetirməyə mükəlləf edildik, lakin sənə nazil olan bu ayəyə əməl etməyə gücümüz çatmır”. Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: “Sizdən əvvəlki iki kitab əhli kimi (yəhudi və xristianlar): “Eşitdik və asi olduq!”- demək istəyir­siniz?” Xeyr, deyin: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!” Onlar bunu dedikdən sonra Allah bu ayəni nazil etdi: “Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də (iman gətirdilər). Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. (Onlar dedilər): “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!” (əl-Bəqərə, 285). Onlar bunu dedikdə Uca Allah ayəni nəsx (hökmünü ləğv) etdi və Uca Allah bu ayəni endirdi: “Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qa­zandığı (şər də yalnız) öz əleyhinədir. ”Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!” (əl-Bəqərə, 286). Möminlər bu ayəni oxu­duqda, hər dəfə: “Ey Rəbbimiz!...”- deyə dua edib Allaha xitab etdikdə, O: “İstədiyinizi sizə verdim!”- deyə cavab verir”. (Muslim, 125). 
Sonra Allah o möminlərin duasını xatırladır və hədisdəki kimi “İstədiyinizi sizə verdim” deyir. Bu ayə və bu hədis bu ümməti başa düşmədiyinə görə üzürlü görməyə dəlalət edir. Bu ayədə üç dəlil vardır;

     1) Uca Allah xəbər verir ki, heç kəsi qüvvəsi çatmayan şeylə yükləmir. Əgər insan üz döndərməyibsə, üz döndərməməyi ilə yanaşı başa düşmürsə, bu insanın taqətində olan şey deyil. İnsanın gücü çatmadığı bir şeydir. Allah isə heç kəsi gücü çatmadığı bir işlə yükləmir.

     2) Allah ayəyə görə biləndən sonra unudanı üzürlü sayır. Əgər başa düşmək bir şeyi bilməkdirsə, əslən bilməyən insan bilib unudandan daha layiq deyilmi?!

     3) Başa düşməmək yanılmaq, xəta etməkdir. Deyirlər ki, “Filankəs bu məsələni başa düşməkdə yanılmışdır”. Ayə də xəta edənin üzürlü olmasını bildirir. Başa düşməmək isə bir növ xətadır.

Hüccəti başa düşməyənin üzrlü olması haqqında alimlərin sözləri

İbnul-Arabi (Allah ona rəhm etsin) deyir: “Bu ümmətdən olan cahil və xətakar küfr və ya şirk edərsə, elə bir şirk və ya küfr ki, onu edən kafir və ya müşrik olur – ondan hüccət qalxmadıqca, cahilliyinə və yanıldığına görə üzürlü sayılır. Bu məsələ onun kimisinə qaranlıq qalmamalıdır. Həmçinin, o insan dindən zəruri olan, ümmətin icma etdiyi məsələləri inkar etməməlidir. Hansı ki, bunu hər bir müsəlman fikirləşmədən bilir”.

Həmçinin, İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “Mən daima bir nəfər haqda olan hədisi (qeyd edirəm): Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) belə demişdir: “Heç bir savab iş görməyən bir adam ailəsinə belə vəsiyyət etdi: “Mən öləndə məni yandırın, sonra (bədənimin) yarısını quruya, yarısını da dənizə səpələyin! Allaha and olsun ki, əgər Allah məni diriltməyə qadir olarsa, aləmlərdən heç bir kəsə vermədiyi əzabı mənə verər”. Həmin adam ölən­də, ailəsi onun əmr etdiyini yerinə yetirdi. (Qiyamət günü) Allah quru­ya əmr edir, o da içindəkilərini yığır, dənizə əmr edir, o da içindəki­lərini yığır. (Həmin adam vücuda gəldikdən) sonra Allah buyurur: “Bunu nə üçün etdin?” O: “Sənin qorxundan, ey Rəbbim! Sən daha yaxşı bilirsən!”– deyir. Allah onu əfv edir”. (Muslim, 7156). Bu kişi Uca Allahın qüdrətinə, öldükdən sonra onu dirildəcəyinə şəkk edir. Hətta bir daha dirilməyəcəyini də etiqad edir. Bütün müsəlmanlar yekdil rəy olaraq bu əməlin və etiqadın küfr olmasını deyirlər. Lakin bu adam cahil idi, bilmirdi, digər tərəfdən mömin idi və Allahın ona əzab verəcəyindən qorxurdu. Buna görə də Uca Allah onu bağışladı. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yoluna riayət etməyə çalışan, təvil edən ictihad adamlarının bağışlanması daha layiqlidir”. (İbn Teymiyyə “Məcmuul-Fətava” 3/ 229-231).   
 
İbn əl-Qeyyim (Allah ona rəhm etsin) deyir: “Hüccətin qalxması insanlara, zamana və məkana görə fərqlənir. (Elə ola bilər ki,) Allahın hüccəti müəyyən bir zamanda kafirlərə çatsın, qaldırılsın, müəyyən zamanda isə çatmasın, qaldırılmasın. Müəyyən şəxsə qaldırıla bilər, müəyyən şəxsə isə qaldırılmaya bilər. (Belə insanın) ya ağlı yoxdur, seçimi düzgün deyil, fəhmi yoxdur, onun üçün tərcümə edən də yoxdur”.
 
Muhəmməd ibn Abdul-Vahhab (Allah ona rəhm etsin) deyir: “Biz bəyan edildikdən və hüccət qalxdıqdan sonra uluhiyyət tövhidində Allaha şərik qoşanı təkfir edirik”. Həmçinin, Muhəmməd ibn Abdul-Vahhab deyir: “Mənim haqqımda sizə çatdırıblar ki, mən ümumən kimi gəldi təkfir edirəm. Bu belə deyil, bu düşmənlərin böhtanıdır. Biz Allah və Rəsulunun dinini iqrar edib və sonra dinə qarşı vuruşan və insanları dindən uzaqlaşdıranı təkfir edirik. O kəs ki, bilir ki, bu müşriklərin dinidir və sonradan bütlərə ibadət edirsə, biz onu təkfir edirik. (Biləndən sonra bütlərə ibadət edərsə). O ki qaldı mənim düşmənlərimə, yayırlar ki, güya mən zənnlə və ya cahili təkfir edirəm, hansı ki ona hüccət qalxmayıb. Bunlar hamısı böhtandır. Onlar bunları etməklə insanları Allahın dinindən uzaqlaşdırmaq istəyirlər. Biz yalnız hüccət qaldırdıqdan sonra böyük şirk edəni təkfir edirik. Hansı ki, bütün müsəlmanlar bunu təkfir etmişlər”. (Muhəmməd ibn Abdul-Vahhab “ər-Rasailuş-Şəxsiyyə və Durarus-Səniyyə”).
 

Hüccəti çatdıran elmli insan olmadan, təkcə kitabların olması kifayətdirmi?

Muhəmməd ibn Abdul-Vahhabın (Allah ona rəhm etsin) gətirdiyi dəlillərdən aydın olur ki, dəlilləri kimsə çatdırmalıdır. Təkcə kitablar kifayət deyil. Quranı və ya hədisləri oxuyub öz istəyinə görə başa düşmək artıq zəlalətdir. Lakin bunları Quranın və hədislərin muradına görə başa düşmək lazımdır. Allah Rəsulu (Allahın ona salavatı və salamı olsun) qəbilələri islama dəvət edərkən onlara Qurani-kərim kitabını göndərmirdi. Əksinə, bu Quranı, Sünnəni və oradakı dəlilləri Allah Rəsulunun başa düşdüyü kimi başa düşüb izah edən səhabələrini göndərirdi.