Tövhiddə cahillik üzrdür! - Şeyx Useymin

English

“Rəhmli və mərhəmətli Allahın adı ilə! Allahın salamı və salavatı Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə olsun.

Görürəm ki, cahilliyə görə təkfir etmək məsələsi hələ də sizə qaranlıq qalmaqdadır, lakin mən təəccüb edirəm ki, bu məsələ sizə necə qaranlıq qalır?! Bu, İslamın digər ərkan və vaciblərindən nə ilə fərqlənir ki, sizə qaranlıq qalır?! Bir halda ki, namaz İslamın rükunlarından biri sayılır, insan namazı tərk etdiyinə görə üzrlü hesab olunur. Misal olaraq, şəhərlərdən, elmdən uzaq yerdə yaşayanı qeyd etmək olar. Belə insan namazın vacibliyini bilmirsə, o halda üzrlü sayılır, ona vacib olmur və qəza etməsi tələb edilmir. Əgər şirk barədə cahilliyə görə insan üzürlü sayılmasaydı, peyğəmbərlər öz qövmlərini dəvət etməyə nə üçün göndərilirdi?! Əgər onlar cahilliklə üzürlü sayılmasaydılar, demək ki, haqqı bilirdilər. Elə isə peyğəmbərlər niyə göndərilirdi?! Hər peyğəmbər öz qövmünə “Allaha ibadət edin, sizin Ondan başqa ilahınız yoxdur!” deyirdi. “Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: "Məndən başqa heç bir məbud yoxdur, Buna görə də yalnız Mənə ibadət edin!"– deyə vəhy etməyək”. (əl-Ənbiya, 25).

Əgər bir insan İslama nisbət olunur və sonra küfr və ya şirk edirsə, etdiyinin şirk olduğunu bilmirsə, heç ona bu haqda xəbərdarlıq da edilməyibsə, biz ona necə (kafir) deyə bilərik. Məgər biz bu hökm barədə Allahdan daha çox bilirik?! Məgər biz Allahın bəndələrinə olan mərhəmətinə mane ola bilərik?! Məgər deyə bilərikmi ki, bu məsələdə Allahın qəzəbi mərhəmətini üstələmişdir?! Qardaşlarım, bu məsələ əqli məsələ deyil, küfr, fasiqlik, bidətçi hökmləri, şəriət hökmləridir və bunlar yalnız şəriətdən götürülür. Uca Allah buyurur: “Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldərik ….”. (ən-Nisa, 115). “Allah bir qövmü doğru yola yönəltdikdən sonra uzaqlaşmaları zəruri olan şeylərdən onları xəbərdar etməyincə onları həmin yoldan azdırmaz…” (ət-Tovbə, 115). “….Biz, elçi göndərməmiş heç kəsə əzab vermərik”.  (əl-İsra, 15).

Peyğəmbəri nə üçün göndərirdi? Göndərirdi ki, açıqlasın, tövhidə dəvət etsin. Əzab verilmirsə, üzür də elə budur. Bu haqda ayələr çoxdur. Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) deyir: “Nəfsim əlində olana and olsun ki, bu ümmətdən istər yahudi, istərsə xristian olsun - mənim haqqımda eşidər, sonra mənim gətirdiyimə iman gətirməzsə,  mütləq cəhənnəm əhlindən olar”. 

Burada “mənim haqqımda eşidər” deyilir. Əgər eşitməsə nə olacaq? Cəhənnəm əhlindən olmayacaq. Buna şahidlik edəcək sübutlar çoxdur. Bəli, bəzi alimlər bunu (cahilliyin üzürlü olmadığını) deyiblər, amma bu zəif rəydir. Alimlər bunun əksini deyirlər. Alimlər “insan küfrdə cahilliklə üzürlü sayılmır” sözünün əksini deyirlər. Şeyxul-İslamın sözlərində belə halda kafir olmaması haqda çoxlu məlumat var. Həmçinin, Şeyx Muhəmməd ibn Abdul-Vahhab (Allah ona rəhm etsin) da deyir ki, cahil kafir olmur.

İndi isə mən sizə şeyxin bəzi sözlərini oxuyacağam. İbn Teymiyyənin (Allah ona rəhm etsin) bu haqda sözləri çoxdur.  Siz “əl-Fətava” kitabına baxa bilərsiniz. Orada bu haqda çoxlu məlumat vardır. Allah nəzdindən hökm birdir. Cahilliyindən dolayı, namazı tərk edirsə, üzürlü sayılırsa, cahilliyindən dolayı bütə səcdə edirsə, necə üzürlü sayılmır?! Nə fərqi var?!

O ki qaldı bəzilərinin iddiasına “biz zərrə qədər olanda Allah bizdən əhd almışdır….” ,  bu hədisin səhih olmasını fərz etsək də, biz insanlara belə bir misal məlum deyil. Biz bilmədiyimiz işə necə mükəlləf ola bilərik. Əgər bu hüccət olsaydı, o zaman insanları Allaha ibadət etməyə çağırmaq üçün elçilərin göndərilməsinə ehtiyac olmazdı, çünki (elə çıxır ki) bu halda əvvəlcədən hüccət çatdırılıb. 

Mən doğrudanda təəccüb edirəm ki, siz bu məsələni dərk etməmisiniz. Bu elə bir məsələdir ki, başqa məsələlərdən heç nə ilə fərqlənmir. Kim desə ki, “əsas məsələləri tərk edən kafir olur, furu məsələlri tərk edən kafir olmur!” - Şeyxul-İslam belələrinə (dediklərini sübut etmək üçün) iddia qaldırıb demişdir: "Deyin görək üsul nədir, furu nədir?! Dini üsul və furuya kim bölmüşdür? Bunu kəlam əhli bölmüşdür. Misal olaraq, onlar feli ibadət olduğu üçün namaz kimi böyük məsələni furu hesab edirlər. Halbuki namaz dinin ən böyük əsaslarından biridir. Əhli Sünnənin ixtilaf etdiyi bəzi xəbəri məsələləri isə usul hesab edirlər, halbuki bu məsələlər ixtilaflıdır. Önəmlisi budur ki, biz bu kimi  məsələlərə eytiyatla yanaşaq, xüsusilə də təkfir məsələsinə. Allahın təkfir etmədiyi bir şeyə görə bəndələrini təkfir etməyək. 

Şeyxul-İslam Muhəmməd ibn Abdul-Vahhabın (Allah ona rəhm etsin) nəql etdiyim sitatları isə indi sizə oxuyacam. 

Birinci: O, hər bir müsəlmana ünvanladığı yazısında deyir: “Allaha şükürlər olsun ki, mənim etiqadım, Allah qarşısında itaət etdiyim din Əhli Sünnə vəl-Cəməa etiqadıdır…” sonra şeyx sözlərinə davam edərək cild 1, səh. 51-də deyir: “Mən, yalnız Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dinini dərk edib bundan sonra onu söyəni, insanları ondan yayındıranı və bu dinə riayət edənləri düşmən görən kimsələri kafir sayıram…” 6- cı səhifədə isə İraqlı bir alimə məktubunda eyni sözləri yazır. 

65-ci səhifədə isə bir sualın cavabında deyir: “Biz yalnız alimlərin ittifaq etdikləri məsələlərə görə kiməsə kafir deyirik. Bu da şəhadət kəlməsidir. Həmçinin biz şəhadət barəsində kiməsə haqqı bəyan etdikdən sonra onu inkar edəni kafir sayırıq".

Daha sonra 66-ci səhifədə deyir: “Bizə qarşı atılan yalan və böhtanlara gəldikdə isə onlar deyirlər ki, guya biz ümumi şəkildə camaata kafir deyir, (digər ölkələrdə) yaşayıb dinini rahat şəkildə yaşayanların bizim torpaqlara hicrət (köç) etməsini vacib sayır, kiməsə kafir deməyəni kafir sayır, döyüşlərdə iştirak etməyənləri kafir sayırıq və s. Bu kimi məlumatlar yalandır, böhtandır”.

Bu söz-söhbətləri yayanlar bununla insanları Allah və Rəsulunun (salləllahu aleyhi və səlləm) dinindən yayındırmaq istəyirlər. Biz, cahilliyi və bixəbər olması ucbatından Abdul-Qadirin, Əhməd əl-Bədəvinin və bu kimi qəbirlərin üzərində ucaldılan bütlərə ibadət edənlərə kafir demirik. Necə ola bilər ki, bizim torpaqlara hicrət (köç) etməyən, kiməsə kafir deməyən, döyüşlərdə iştirak etməyən Allaha şərik qoşmayan insanlara kafir deyək?!”

Bu, aydındırmı, görürsən şeyx deyir ki, “cahilliyi və bixəbər olması ucbatından Abdul-Qadirin, Əhməd əl-Bədəvinin və bu kimi qəbirlərin üzərində ucaldılan bütlərə ibadət edənlərə kafir demirik. Necə ola bilər ki, bizim torpaqlara hicrət (köç) etməyən, kiməsə kafir deməyən, döyüşlərdə iştirak etməyən Allaha şərik qoşmayan insanlara kafir deyək?!”

Şeyxulislam ibn Teymiyyənin (Allah ona rəhm etsin) bundan daha aydın və daha böyük sözləri vardır ki, (hökm verilmədən öncə) hüccət mütləq çatdırılmalıdır.  

Uca Alahın rəhməti qəzəbindən üstündür. Bilməyən insanı necə məsuliyyətlə yükləmək olar?! Bir insan elə fikirləşir ki, bu övliyaya ibadət etmək, Allaha yaxınlaşdırır. O, müsəlmandır, özünü müsəlman hesab edir, özünü müsəlman saymayan, başqa dinə nisbət edənləri kənara qoyun, bu başqadır. Onların hökmü fətra əhlinin hökmündədir, lakin bir insan İslam dinini qəbul edir, namaz qılır, şəhadəti deyir, oruc tutur, zəkat verir, həcc edir, eyni zamanda bütə ibadət edir və heç kəs də ona bu əməlinin şirk olmasını deməyibsə, bu cahilliyindən bunu edir. Amma bir insan İslma daxil olmayıb, başqa dinə etiqad edirsə, heç şübhəsiz ki, o kafirdir. Yaxud İslama daxil olmayıb, dədə-babasının dinindədir, İslamdan heç nə bilmir, özünü İslama nisbət etmir, başı dünyaya qarışıb, daha doğru rəyə görə beləsi fətra əhlinin hökmündədir. O, Qiyamət günü Allahın istəyi ilə imtahan olunacaq, daha sonra hara gedəcəyi bəlli olacaqdır. 

Bu məsələ haqqında çatdırmaq istədiyim bunlar idi.  Məsələnin əsasını hüccətin çatması təşkil edir. “Daha insanlara peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın”. (ən-Nisa, 165). Əgər peyğəmbərin çatdırdığı haqqı bilmirəmsə, nə faydası var?! Belə halda peyğəmbər gəlməmiş insanla mənim halım eynidir. Bu məsələnin əsasında qardaşın sualının cavabı verilmiş olur.  

Sual: “Əgər bir kimsə yaşadığı toplumda öz “alimləri” tərəfindən aldadılırsa, halı nədir?!”

Şeyx: “Əgər onlar haqq dəvətçisini eşidirlərsə, üzürlü hesab olunmurlar. Belələri səhlənkarlıq edirlər. Biz onların küfr edib-etmədiklərinə görə hökm verə bilmərik”. Amma deyə bilərik ki, onların bu səhlənkarlıqları asilikdir. Onlara vacib olan budur ki, etibar etmədikləri insanlar - çünki onlar bu dəvətçilərə inanmır, öz alimlərinə inanırlar - onlara bu şirkdir deyəndə, gərək onlar haqqı axtarmalıydılar. Onlar axtarmadıqlarına görə günah daşıyırlar. Onlar cəhalət anlamındakı hökmdədirlər. Yəni, onlar müsəlman sayılırlar. Ola bilər ki, belə deyilsin: onlar səhlənkarlıq etdikdə, üzürlü hesab olunmurlar, çünki haqqı axtarmaq onlara vacibdir.  

Zənnimcə Şeyxul-İslam (Allah ona rəhm etsin) deyir: "Onlar haqqı axtarmaqda səhlənkarlıq edirlər, amm onlara kafir hökmü verilmir". Mən bunu zənn edirəm ki, belə deyib. İbn Teymiyyənin bu sözünü dəqiqləşdirmədən nəql etməyin. (Şeyx burada çox güman fətava 7/242- işarə edir. İbn Bazzın təliqi ilə)

Sual: “Şeyx, Töhvid elmini öyrənmək vacib deyilmi?” 

Şeyx: “Əlbəttə ki, vacibdir. Lakin şirk edən bu insanlar etdiklərinin tövhidə zidd olduğunu bilmirlər. Əksinə, onlara deyirlir ki, bu (şirk) elə tövhiddir, sizə fayda verən budur".

Şeyx İbn əl-Useyminin (Allah ona rəhm etsin) səsli yazısından

https://www.youtube.com/watch?v=ByJn2Fa57kY