"Fasiq müğənnilər qardaşımız və ya bacımızdırmı?" şübhəsi

English

Bəziləri şübhə gətirirlər ki, kəlimeyi-şəhadəti deyən hər kəs özünü İslama nisbət edərək müsəlman sayılırsa, onda belə çıxır ki, fasiq müğənnilər, aktyorlar və s. bizim qardaşımızdır?

Şübhəyə cavab: 

“Filan günahkar sənin qardaşındırmı?” sualı düzgün deyil. “Filankəs müsəlmandır” deyilməlidir. Ümumi qaydada bütün müsəlmanlar dində bacı-qardaş sayılırlar və Uca Allah müsəlmanların qanını, malını, namusunu haram etmişdir. Bu barədə bir çox aydın ayə və hədislər var. Peyğəmbər (salləllahu aleyni və səlləm) demişdir: “Müsəlman müsəlmanın qardaşıdır; ona zülm etməz və onu ələ verməz. Kim qardaşının ehtiyacını ödəyərsə, Allah da onun ehtiyacını ödəyər. Kim bir müsəlmanı bir sıxıntıdan qurtararsa, Allah da onu Qiyamət gününün sıxıntılarının birindən qurtarar. Kim bir müsəlmanın eyblərini örtərsə, Allah da Qiyamət günü onun eyblərini örtər.” (əl-Buxari, 2442). Lakin, bununla yanaşı şəriətdə qardaşlıq üçün belə bir xüsusi meyar və ya qayda yoxdur ki, fasiqlikdə yüksək bir həddə çatan müsəlmanları göstərib deyəsən ki, “onlar bizim bacı-qardaşlarımızıdır!” Biz üməmən Quran və Sünnədə olan dəlillərə görə müsəlmanların dində bacı-qardaş olmalarını qəbul edirik, lakin hansısa müsəlmanın fasiqlikdə, günah əməllərdə həddini aşması onun dindəki qardaşlığına xələl gətirsə də, bu onun İslam dairəsindən çıxması demək deyil. Hətta şəhadət kəlməsini gətirib özünü İslama nisbət etdiyi halda cahilliyindən və yaxud şəriətlə qəbul olunmuş digər üzürlü səbəblərdən dolayı böyük şirk, küfr etsə belə dərhal onu İslamdan çıxarmaq olmaz. İstənilən halda fasiq və asi müsəlman, iman və itaət üzrə yaşayan müsəlmanla eyni məqamda sayıla bilməz, lakin bununla fasiq müsəlmanın İslamı da aradan getməz.

Ömər ibn Xəttab (Allah ondan razı olsun) demişdir: “Peyğəmbərin (salləllahu aleyni və səlləm) dövründə Uzunqulaq ləqəbi ilə tanınmış Abdullah adlı birisi var idi. Bu adam (arabir) Pey­ğəm­bəri (salləllahu aleyni və səlləm) güldü­rərdi. Peyğəmbər (salləllahu aleyni və səlləm) ona şərab içdiyinə görə şallaq vur­ma­ğı əmr etmişdi. (Yenə) bir gün onu (şərab içdiyinə görə) Peyğəmbərin (salləllahu aleyni və səlləm) ya­nı­na gətirdilər və Peyğəmbərin (salləllahu aleyni və səlləm) əmri ilə ona şallaq vurdular. Bu vaxt ca­ma­a­tın arasından bir nəfər: “Allahım, ona lənət et! Onu nə tez-tez bura gə­ti­rir­lər!”– de­di. (Bunu eşidəndə) Peyğəmbər (salləllahu aleyni və səlləm) buyurdu: “Ona lənət oxu­ma­yın! Val­la­hi, mən yəqin bilirəm ki, o, Allahı və Onun rəsulunu sevir”. (əl-Bu­xa­ri, 6780).

Uca Allah buyurur: “Biz heç müsəlmanları günahkarlara (mücrimlərə) tay tutarıqmı? Sizə nə olub, necə hökm verirsiniz? Yoxsa sizin elə bir kitabınız vardır ki, (üsyankarla itaətkarın eyni olduğunu) ondan oxuyursunuz?” (əl-Qaləm, 35-37). “Uca Allah küfrə batmağa və günahlar burulğanına düşməyə qorxanlar üçün hazırladığı mükafat haqqında xəbər verir... Həmçinin, Uca Allah xəbər verir ki, Allaha səmimiyyətlə və səylə ibadət edən, Onun hökmlərinə tabe olan və Onun mərhəmətini qazanmağa can atan təqvalı saleh möminlər, Allaha itaətsizlik göstərən günahkarlarla bərabər olmasına Allahın müdrikliyi yol verməz. Kim onların bərabər olacaqlarını qərara almışdırsa, dərindən yanılmışdır. Onun mühakimə tərzi bərbaddır və qərarı doğru deyil!” (Abdur-Rahmən ibn Nasir əs-Sə’di “Müqəddəs Quranın Təfsiri” Qələm surəsinin izahı).

Həmçinin, İslam tarixində də buna dair bir çox dəlillər mövcuddur. Məsələn, Əli ibn Əbu Talib (Allah ondan razı olsun) xavariclərlə döyüşdü, lakin onları təkfir etmədi. Xavariclər hər nə qədər azmış bir tayfa, şərli bir camaat olsa da, bu, onları İslam daiərisindən kənara çıxartmadı. Uca Allah buyurur: “Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları barışdırın. Əgər onlardan biri digərinə qarşı təcavüz etsə, təcavüzkar dəstə ilə, o, Allahın əmrini (yerinə yetirməyə) qayıdanadək, vuruşun. Əgər o qayıtsa, hər iki dəstəni ədalətlə barışdırın və insaflı olun. Sözsüz ki, Allah insaflıları sevir. Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin”. (əl-Hucurat, 9-10). Ayəyə diqqət edək! Hər nə qədər dəstələrdən biri digərinə qarşı həddi aşıb təcavüz etsə də, Uca Allah yenə də onları mömin adlandırdı. Əgər Hucurat surəsinin 10-cu ayəsini öncəki ilə əlaqələndirsək, onda aydın olacaq ki, müsəlmanlar arasında döyüş möminlərin qardaşlığı ilə bir araya sığmır və buna görə ən böyük günahlardandır. Lakin bununla yanaşı, bir-biriləri ilə vuruşan müsəlmanlar möminlikdən və qardaşlıqdan çıxmırlar. Həm bu, həm də digər bütün böyük günahlarda olduğu kimi, bu günahı, şirki və ya küfrü cahilliyindən edən insan İslamdan çıxmır. Sünnənin bütün ardıcılları və vahid müsəlman ümməti tərəfdarları buna qəti əmindirlər. Hər bir müsəlmanın Allahla dostluqda kimisinin az, kimisinin çox, müəyyən payı vardır. Yəni, müsəlmandırsa, ümumən Allahın dostlarından sayılır, lakin günahlarının səviyyəsinə görə də dərəcəsi aşağı düşür. Uca Allah buyurmuşdur: “Sonra, Kitabı qullarımız içərisindən seçdiklərimizə miras etdik. Onlardan kimisi özünə zülm edər, kimisi orta yol tutar, kimisi də Allahın izni ilə yaxşı işlərdə öndə gedər. Böyük lütf də budur. Onlar Ədn bağlarına daxil olacaq, orada qızıl bilərziklərlə və incilərlə bəzədiləcəklər. Libasları da ipəkdən olacaqdır. Onlar deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun! Həqiqətən, Rəbbimiz Bağışlayandır, şükürün əvəzini verəndir. Öz lütfü ilə bizi əbədi iqamətgahda yerləşdirən Odur. Orada bizə nə bir yorğunluq üz verəcək, nə də bir üzgünlük toxunacaqdır!” Kafirləri isə Cəhənnəm odu gözləyir. Orada nə öldürülməzlər ki, ölüb canları qurtarsın, nə də bu odun əzabı (onlar üçün) yüngülləşdirilər. Biz hər bir kafiri belə cəzalandırırıq”. (Fatir, 32-35). “Burada söhbət Muhəmməd Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) ardıcıllarından getməkdədir. Onların arasında elələri vardır ki, böyük küfr dərəcəsinə çatmayan günahlar törədirlər. Onların arasında mötədil (ortayolu tutan) müsəlmanlar da var ki, fərz hökmləri yerinə yetirir və günahlardan çəkinirlər. Onların arasında xeyirxah əməllərdə başqalarını qabaqlayanlar da var ki, onlar öz vaxtlarını itirmir və saleh əməllər işləməkdə səy göstərirlər. Onlar bütün fərz hökmləri yerinə yetirmələri, bir çox vacib olmayan saleh işlər görmələri və həmçinin qadağan olunmuş və arzuedilməz bütün şeylərdən çəkinmələri sayəsində qalan müsəlmanları qabaqlayıb ötürlər. Uca Allah bütün üç dərəcədən olan müsəlmanları seçərək, onları Öz Kitabının varisi etmişdir. Buna baxmayaraq, onların xidmətləri və əməlləri fərqlidir. Hər bir müsəlman, hətta o, günah işlətsə də bu böyük irsin ancaq bir hissəsinin sahibidir, çünki onun ürəyində kök salmış iman, onun din haqqında bilikləri və imanını təsdiq edən əməlləri onu Şərəfli Quranın varisi edir. Allahın Kitabını oxuyan, onu öyrənən, onun mənaları üzərində düşünən və onun hökmlərini yerinə yetirən hər bir insan bu Kitabın varisidir. Sonra Uca Allah qeyd edir ki, bəzi müsəlmanlar xeyirxah əməllərdə, yalnız Allahın izni ilə, başqalarını ötüb keçməyə nail olurlar. Mömin öz xeyirxah əməlləri ilə aldanmamalıdır, çünki o, onları Uca Allahın yardımı sayəsində həyata keçirir...”. (Abdur-Rahmən ibn Nasir əs-Sə’di “Müqəddəs Quranın Təfsiri” Fatir surəsinin izahı).

Mövzular: