"İbn Teymiyyə namaz qılmayanı kafir sayıb və cahilliyi üzrlü görməyib" şübhəsi

English

Dərin İslamı biliklərə sahib olmayanlar arasında şübhə yayırlar ki, guya İbn Teymiyyə (Allah ona rəhm etsin) namaz qılmayanı kafir saymış və cahilliyi üzrlü görməmişdir. Həmçinin, ərəb dilini bilməyən müsəlmanlara onun kitablarından sitat gətirməyə çalışırlar.

Şübhəyə cavab: 

Bu şübhənin heç bir əsası yoxdur. Belə ki, Şeyxul - İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) bir çox kitabında vacibliyinə inanaraq namaz qılmayanı kafir saymamış, onu təkfir etməmiş və ona üzr gətirmişdir. 

Şeyxul İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) təkfir etmək haqda belə buyurur:

“Bütün bunlara baxmayaraq mənimlə daimi ünsiyyətdə olanlar və məni yaxından tanıyanlar bilirlər ki, mən müəyyən bir adama kafir, fasiq və ya asi deməyi çox böyük əzmkarlıq və qətiyyətlə qadağan edənlərdən biriyəm. Yalnız bir halda - həmin müəyyən adama İslam şəriətinin hüccəti açıq-aşkar bəyan edildikdən sonra ona bu hökmü verə bilərəm. Bu hüccətə müxalif olanlar bəzən kafir, fasiq və ya asi olurlar. Mən iqrar edirəm ki, Uca Allah bu ümmətə səhvən etdikləri işləri bağışlamışdır. Bu səhvlər həm sözlü məlumatlara, həm də elmi məsələlərə aiddir.

Bir çox sələflər hələ də bu kimi məsələlərdə fikir ayrılığındadırlar. Amma onlardan heç kəs bu fikir ayrılığına görə bir-birlərinə kafir, fasiq və ya asi deməmişlər. Buna misal olaraq: Şüreyh (Allah ona rəhm etsin) bir ayənin oxunuşunu: “Bəli, mən onlara təəcüb edirəm, onlar isə istehza edirlər” (əs-Saffat: 12), Allah təəcüblənmir deməklə inkar edir (yəni, bu ayənin oxunuşu: (Bəl acibtu) “Mən təəcüblənirəm” deyil, (Bəl acibtə) “Sən təəcüblənirsən”-dir). Bu xəbər İbrahim ən-Nəxaiyə (Allah ona rəhm etsin) çatdıqda o, belə buyurur: “Şüreyh bir şairdir və elmi onu çaşdırır”. Abdullah İbn Abbas (Allah ondan razı olsun) ondan da elmli idi və o: “Bəli, mən onlara təəcüb edirəm…” kimi oxuyardı.

Həmçinin, Aişə (Allah ondan razı olsun) və digər səhabələr Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) Uca Allahı görməsi haqda fikir ayrılığı etmişlər. Aişə (Allah ondan razı olsun) deyərdi: “Kim; “Muhəmməd öz Rəbbini görmüşdür” deyərsə, artıq Allaha qarşı böyük bir iftira atmış sayılır”. Amma buna baxmayaraq İbn Abbas və digər səhabələrin (Allah onlardan razı olsun) belə demələrinə görə onlara “Allaha qarşı iftira atan” demirik. Həmçinin, Aişə (Allah ondan razı olsun) digər səhabələrlə ölünün dirilərin səsini eşitməsi, ölən adamın ailəsinin ağlaması ilə ona əzab verilməsi və s. bu kimi məsələlərdə də fikir ayrılığı olmuşdur.

Bəzi məsələlər sələflər arasında (yəni, Əli ilə Müaviyə (Allah onlardan razı olsun) arasında olan məsələlər) hətta döyüşlə nəticələnmişdir. Amma bütün Əhli Sünnə və Camaat hər iki tərəfin mömin olması haqda yekdildirlər. Onların bir-birlərinə qarşı döyüşmələri onların ədalətli olmalarına heç bir ləkə salmır, çünki döyüşən adam həddini aşsa da o bunu yozumlu edir. Yozmaq bir adama fasiq deməyə mane olan amillərdəndir.

Mən onlara başa salmaq istəyirdim ki, onların Sələf alimlərindən kiməsə hansısa məsələyə görə təkfir etmələri haqda dedikləri rəvayətlər də həqiqətdir, lakin ümumi təkfirlə (yəni, belə etmək küfrdür, yaxud belə edən küfr edir deməklə), müəyyən təkfir (yəni, kiməsə sən kafirsən, yaxud filankəs kafirdir demək) arasında fərq qoymaq vacibdir. Əqidənin binövrəsi olan böyük məsələlərdən biri kimi ümmətin ixtilaf etdiyi ilk məsələ kiməsə etdiyi əmələ görə ona əzab vəd etməkdir. Qurani-Kərimin əzab vəd etmək haqda olan ayələri ümumi məna daşıyır. Məsələn, Uca Allah buyurur: Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (Qiyamətdə) alovlu Cəhənnəmə girəcəklər” (ən-Nisa, 10). Həmçinin, bu və bu qəbildən olan digər ayələr buna misaldır. Bütün bu cür ayələr ümumi məna daşıyır.

Bu ayələr alimlərin bu sözlərinə bənzəyir: “kim belə edərsə onun cəzası budur və s.” Sonra həmin müəyyən günahkar adam deyilən şiddətli əzabdan: etdiyi tövbə, günahlarını silən yaxşılıq, müsibət, qəbul edilən şəfaət və s. ilə qurtula bilər.

“Təkfir etmək əzab vəd etməkdir. Ola bilər bir adamın sözü Peyğəmbərin (salləllahu aleyhi və səlləm) sözünü təkzib etsin, lakin həmin adam İslamda yenidir, yaxud uzaq bir kənddə və yerdə böyümüşdür. Beləsi, etdiyi təkziblə ona hüccət qalxana qədər təkfir edilmir. Ola bilər həmin adam bu haqda şəriət dəlillərini eşitməyib, ya eşidib onları dəqiq bilməyib, yaxud hansısa əsasa görə onları yozub. Bu adam səhv etsə də hökm belədir… (yəni, etdiyi təkziblə ona hüccət qalxana qədər təkfir edilmir)”.

Mən daima səhih Buxaridə bir nəfər haqda olan hədisi: (bir nəfər belə deyir:) Mən öləndən sonra məni yandırar, külümü toplayar və dənizə səpərsiniz. Allaha and olsun! Əgər Uca Allah məni diriltmək iqtidarında olsa, mənə heç kəsə etmədiyi şiddətli əzab çəkdirəcəkdir. Onu dediyi kimi də edirlər. Sonra Uca Allah ona buyurur: “Bunu etməyə səni nə vadar etdi?” Həmin adam cavabında deyir: “Səndən olan qorxu”. Sonra Uca Allah onu əfv edir”.

Bu kişi Uca Allahın qüdrətində, belə öldükdən sonra onu dirildəcəyinə şəkk edir. Hətta bir daha dirilməyəcəyini də etiqad edir. Bütün müsəlmanlar yekdil rəy olaraq bu əməlin və etiqadın küfr olmasını deyirlər, lakin bu adam cahil idi, bilmirdi, digər tərəfdən mömin idi və Allahın ona əzab verəcəyindən qorxurdu. Buna görə də Uca Allah onu bağışladı. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yoluna riayət etməyə çalışan, təvil edən ictihad adamlarının bağışlanması daha layiqlidir”.

(Şeyxul-İslam İbn Teymiyyə “Məcmuul-Fətava” cild 3, səh 229 – 231).

Həmçinin oxuyun: Namaz qılmayana cənazə namazı qılmaq haqda - İbn Teymiyyə

Mövzular: