Cahilə salam vermək haqda

English

İslam beş əsas üzərində qurulmuşdur. Şəhadət gətirərək Uca Allaha və Onun Rəsuluna (salləllahu aleyhi və səlləm) iman gətirən şəxs İslama girmiş olur, amma bundan sonra ondan namaz, zəkat, oruc, həcc kimi vacib əməllər tələb olunur. Əksər İslam alimlərinə görə, vacibliyinə inanaraq namaz qılmayan kafir yox, böyük günah sahibi olan müsəlmandır. Bu alimlərə görə namaz qılmayan, amma Uca Allaha və Onun Peyğəmbərinə (salləllahu aleyhi və səlləm) iman gətirərək özünü müsəlman adlandıran adama "kafir" deməyin qadağan olmasının dəlillərindən bəziləri bunlardır:
Uca Allah buyurur: "Ey iman gətirənlər! Allah yolunda səfərə çıxdığınız zaman diqqətli olun! Sizə salam verən bir şəxsə dünya həyatının puç mənfəətinə tamahsılanaraq: "Sən mömin deyilsən!" - deməyin! Halbuki çox qənimətlər Allah yanındadır. Siz özünüz də bundan əvvəl onlar kimi idiniz, lakin Allah sizə mərhəmət etdi. Elə isə, siz də diqqətli olun! Şübhəsiz ki, Allah bütün etdiklərinizdən xəbərdardır!" (ən-Nisə, 94).

Bu ayə düşmənlər üzərinə hücuma gedən səhabələr yolda rast gəldikləri çobanı öldürdükdən sonra nazil olmuşdur. Həmin çoban onlara salam vermiş və müsəlman olduğunu demişdi. Səhabələr isə onun qorxudan belə dediyini zənn edərək onu öldürmüşdülər.

Abdullah ibn Əbi Hədrəd (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) məni, Əbu Qətadə Haris İbn Rib'ini (Allah ondan razı olsun) Milhəm İbn Cusəmə ibn Qeysi (Allah ondan razı olsun) və digər müsəlmanları İdəmə (yer adıdır) göndərdi. Biz ora­da olarkən Amir əl-Əşcəi bizim yanımızdan keçdi və bizə salam verdi. Onun əlin­də bir tuluq süd və başqa şeylər var idi. Biz onu saxladıq və Milhəm ibn Cü­sə­mə (Allah ondan razı olsun) aralarında baş vermiş narazıçılığa görə onu öldürüb dəvəsini və digər əş­ya­la­rını götürdü. Biz Peyğəmbə­rin (səllallahu aleyhi və səlləm) yanına gəldikdən sonra bu barədə ona xəbər verdik və Uca Allah da bu ayəni nazil etdi: "Ey iman gətirənlər! Allah yolunda səfərə çıxdığınız zaman diqqətli olun! Sizə salam verən bir şəxsə dünya həyatının puç mənfəətinə tamahsılanaraq: "Sən mömin deyilsən!" - deməyin! Halbuki çox qənimətlər Allah yanındadır. Siz özünüz də bundan əvvəl onlar kimi idiniz, lakin Allah sizə mərhəmət etdi. Elə isə, siz də diqqətli olun! Şübhəsiz ki, Allah bütün etdiklərinizdən xəbərdardır!" (ən-Nisə, 94). (Əhməd, 23881, 23927, 24378; İbn Carud "əl-Müntəqa" səh. 263; əl-Buxari, 4591). 

Uca Allah Qurani-Kərimdə dəfələrlə kafirlərin əbədi olaraq Cəhənnəmdə qalacaqlarını bildirmişdir. Namaz qılmayanın kafir olduğunu demək də onun əbədi Cəhənnəm əhli olacağına hökm etməkdir. Halbuki, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) onların bağışlana biləcəyini demişdir: "Allah bəndələrinə beş vaxt namaz fərz etmişdir. Kim bu namazları qılıb, heç bir naqisliyə yol vermədən, qədrini alçaltmadan yerinə yetirərsə, cənnətə daxil olacağı haqqında Allah yanında əhdi olar. Kim bu namazları qılmazsa Allah yanında əhdi olmaz. İstəsə ona əzab verər, istəsə onu bağışlar". (Əbu Davud, 1420, 1422; əd-Dərimi “Sunən” 1577; əd-Dərimi “Musnəd” 1268; Əhməd, 22745, 22693, 23069. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 370).

Uca Allah buyurur: "Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar". (ən-Nisə, 48).

Həmçinin, şəriətə görə hər küfr əməl edənə (məsələn, qəbirə yalvaran) kafir demək qadağandır, çünki həmin insan bunu bilməyərəkdən (cahillikdən), məcburiyyət qarşısında, din adamları tərəfindən səhv yola yönəldilərək və digər üzrlü səbəblərdən edə bilər. Alimlərin rəyinə görə keçmiş Sovet ölkələrinin əhalisi məhz bu cürdür, çünki dini insanlara unutdurmağa çalışırdılar və ateizm təbliğ olunurdu. Uca Allah buyurur: "...Səhvən (bilməyərəkdən) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü sizə günah var. Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzəb, 5).
Digər vacib məsələ isə budur ki, müsəlmanın başqalarının kafir olub-olmadığını hökm etmək vəzifəsi yoxdur. Bu məsələ hakim və qazının işidir, sıravi müsəlmanlar isə Allahın razılığını qazanmağa çalışmalı və Qiyamət günü onlara veriləcək suallara hazırlaşmalı, bu kimi fitnəli məsələlərdən isə uzaq olmalıdırlar.

Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Heç bir insan digərini fasiqlikdə və kafirlikdə ittiham etməsin. Çünki onun dediyi kimi olmasa, bu söylədiyi özünə qayıdar". (əl-Buxari, 6045; Muslim, 61).
Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Hər hansı kişi öz qardaşına: "Ey kafir!" - deyərsə, bu söz onların ikisindən birinə qayıdar". (əl-Buxari, 6104; Muslim, 60).

Alimlərə görə Azərbaycan əhalisi ümumən müsəlman sayılır. Əgər kimsə özünü müsəlman adlandırırsa, amma müəyyən səbəblərə görə İslama dəvət ona gəlib çatmayıbsa, dəvəti başa düşməyibsə və ya səhv başa düşübsə, bu halda onunla müsəlman kimi davranmaq lazımdır. 

Bir insandan İslam izhar olubsa, ona müsəlman əhkamları tətbiq olunur. O cahil özünü İslama nisbət edirsə, ona salam da verilir, salamı da alınır. Necə ki, Uca Allah buyurur: "Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya (verilən salamı olduğu kimi) qaytarın! Həqiqətən, Allah hər şeyin haqq-hesabını çəkəndir". (ən-Nisa, 86). Şeyx İbn əl-Useymin (Allah ona rəhm etsin) buyurur: "Bu ayəyə görə hətta kafir belə açıq şəkildə "əs-Sələmu aleykum" deyərsə, ona "va aleykumus-Sələm" deyə cavab verilir". (İbn əl-Useymin "Məcmuu-Fətava" 3/ 36).