Rəhbərlərə itaət haqda "Aranızda namaz qıldıqları müddətdə..." hədisini necə başa düşməliyik?

Sual: 
Salam aleykum, Belə bir hədis var: Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: "Dövlət başçılarınızdan ən xeyirliləri sizin sevdikləriniz və onlardan da sizi sevənlərdir. Sizlərin dua etdikləriniz və onlardan da sizin üçün dua edənlərdir. Ən şərliləri isə sizin nifrət etdikləriniz və onlardan da sizə nifrət edənlər. Sizin lənət etdikləriniz və onlardan da sizi lənət edənlərdir". Biz: "Ya Rəsulullah! Belələrinə qarşı çıxmayaqmı?" deyə soruşduq. Peyğəmbər buyurdu: "Xeyr, aranızda namaz qıldıqları müddətdə yox (ona qarşı çıxmayın)". (Muslim, 1855). Təkfir camaatı bu hədisi dəlil gətirirlər ki, namaz qılmasa rəhbərə qarşı çıxmaq icazəlidir. Bu hədisi necə izah edərdiniz?
Cavab: 

Va aleykumus-Sələmu va rahmətullah. Şəriətdə bir məsələyə hökm vermək istədikdə həmin mövzuya aid bütün dəlillər toplanılır, araşdırılır, sonra isə qərar verilir. Əhli-Sünnə vəl-Cəmaaya görə rəhbərlərə itaət barəsində təkcə bu və digər hədislər cəm edilərək yekun qərar verilir. Rəhbərlərə barədə hədislərdən bir neçəsini qeyd edək:

Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurmuşdur: “Məndən sonra imamlar olacaqdır ki, nə mənim yolumu tutub getməyəcəklər, nə də ki, sünnəmə tabe olmayacaqlar. Onlar insan cismində qəlbləri şeytanların qəlbidir”. Huzeyfə (Allah ondan razı olsun) dedi: “Əgər buna yetişərəmsə, onda nə edim, ey Allahın Elçisi?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Əmirə qulaq as və itaət et, hətta belinə vurub, malını əlindən alsa belə, qulaq as və itaət et”. (“Silsilətul-Əhədisis-Sahiha” 2739).

İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “Rəhbərlər günahı əmr etmədikləri müddətcə sənin onlara tabe olmağın vacibdir. İstər bu xoşladığın bir əməl olsun, istərsə də xoşlamadığın bir əməl. Onlar günahı əmr etdikləri vaxt isə nə dinləmək, nə də itaət etmək doğru deyil". (əl-Buxari, 2955, 7144; Muslim, 3423, 4869).

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: “Varlı və kasıb olduğunuz halda, xoşladığınız və xoşlamadığınız işlərdə, rəhbərlərə tabe olun. Hətta onlar sizə məxsus olan bir şeyi əlinizdən alsalar belə, rəhbərləri dinləyib onlara itaət emək sizə vacibdir”. (Muslim, 3419, 4860).

Bu hədislərdə namaz qeyd olunmur. Ona görə rəhbərə qarşı çıxmamaq haqda olan hədislərin birində "Xeyr, aranızda namaz qıldıqları müddətdə yox (ona qarşı çıxmayın)" deyilir. Namaz qılmayanın hökmü barəsində ixtilaf olduğu kimi, bu hədislərin başa düşülməsində də alimlər ixtilaf etmişlər. Bu hədis üçün alimlər deyiblər ki, namazı tərk edir və namazı tərk etməyə dəvət edir. 

Əhli-Sünnə vəl-Cəməanın etiqadına görə müsəlman rəhbər zalım olsa belə ona qarşı çıxmaq haramdır. Həmçinin, günümüzdə rəhbərləri müsəlman sayaraq şəri və qeyri-şəri rəhbərlərə bölməyin isə heç bir dəlili yoxdur və bu bidət sayılır. Həmçinin oxuyun: Hakimləri şəri və qeyri-şəri qismlərə bölmək doğrudurmu?