Həccac ilə Səid ibn Cubeyrin hadisəsi

English

Abdur-Rahmən ibn əl-Əşəsin fitnəsi zamanında ilk anlarda Həccac ağır məğlubiyyətə uğramış, bir çox şəhərlər Abdur-Rahmən ibn əl-Əşəs tərəfindən tutulmuşdu. Həccacın zülmündən istifadə edən İbn əl-Əşəs bəzi tabiinləri öz tərəfinə çəkmək fürsətini qaçırmadı. İbn əl-Əşəsə dəstək olanlar içində Səid ibn Cubeyr, İmam Şabi və başqaları da var idi. Həccac İbn əl-Əşəsin ordusunu geri oturdub, onu məğlub etdi. Abdur-Rahmən ibn əl-Əşas qaçmağa məcbur oldu. Həccac isə ona qarşı çıxanları edam cəzasına məruz qoydu. Günahlı, günahsız bu fitnəyə düşmüş çox müsəlmanın boynu vuruldu. Səid ibn Cubeyr (Allah ona rəhm etsin) isə Kufədən qaçaraq Məkkədə qərar tutdu. Bir müddət burada yaşadı. Həccacın isə ona qarşı çıxan müsəlmanları və neçə-neçə alimi də edam etməsi xəbəri ətrafa ildırım sürəti ilə yayılmışdı. Bu arada Həccac Məkkəyə yeni bir vali təyin etdi. Səid ibn Cubeyrin (Allah ona rəhm etsin) dostları onun yanına gəlib, bu valinin də zalım olduğunu bildirdilər və ona Məkkədən qaçmasını nəsihət etdilər. Səid ibn Cubeyr (Allah ona rəhm etsin) isə dedi: "Çox qaçdım, vallahi artıq Allahdan utanıram və burada qalmağa qərar verirəm". Çox keçmədi ki, Həccacın Məkkəyə təyin etdiyi vali əsgərlərini Səid ibn Cubeyrin (Allah ona rəhm etsin) yanına göndərib, onu oradan Həccacın hüzuruna aparmağı əmr etdi. Səid onları rahatlıqla qarşıladı, sonra yoldaşlarına çevrilib dedi: "Mən və iki dostum bir gecə ibadət edirdik. Allaha bacardığımız qədər dua edib, yalvardıq ki, bizə şəhidliyi nəsib etsin. Allah o iki dostuma şəhidlik nəsib etdi. Mən isə hələ də onu (şəhidliyi) gözləyirəm!" Elə bu an Səidin kiçik qızı onun yanına gəlib, onun əsgərlər tərəfindən tutulduğunu gördükdə, atasına sarılıb ağlamağa başladı. Səid ibn Cubeyr (Allah ona rəhm etsin) isə qızına dedi: "Balam, anana denən ki, Allah istəsə Cənnətdə görüşəcəyik!"

Budur, Səid ibn Cubeyr (Allah ona rəhm etsin) Həccacın qarşısındadır...

Həccac ona dedi: "Adın nədir?"

Səid dedi: "Səid ibn Cubeyr!"

Həccac dedi: "Şəqi ibn Kuseyr!" (Səid - xoşbəxt, əksi Şəqi bəbəxt, Kuseyr isə sınmış deməkdir: Sınmış oğlu Bədbəxt).

Səid: "Xeyr! Anam adımı səndən daha yaxşı bilirdi".

Həccac: "Muhəmməd (salləllahu aleyhi və səlləm) haqqında nə deyirsən?"

Səid: "Adəm övladının ən şərəflisidir. Seçilmiş peyğəmbərdir. Bəşəriyyətin ən xeyirlisidir. Risalət ilə yüklənmiş və əmanəti yerinə yetirmişdir".

Həccac: "Əbu Bəkr haqqında nə deyirsən?"

Səid: "O, siddiqdir. Allah Elçisinin (salləllahu aleyhi və səlləm) xəlifəsidir. Tərifə layiq yaşadı və getdi. Sünnə üzrə addımlamiş və heç bir dəyişiklik etməmişdir".

Həccac: "Ömər haqqında nə deyirsən?"

Səid: "O, haqla batili ayıran Faruqdur. İki dostunun getdiyi yol ilə getdi. Tərifə layiq yaşadı və şəhid olaraq öldü".

Həccac: "Osman haqqında nə deyirsən?"

Səid: "O, Təbuk döyüşünə hazırlaşan ordunu təchiz edən, Rumə quyusunu alandır. Allah Elçisinin (salləllahu aleyhi və səlləm) iki qızını alan kürəkənidir. O, haqsızlıqla öldürülmüşdür".

Həccac: "Əli haqqında nə deyirsən?"

Səid: "Allah Elçisinin (salləllahu aleyhi və səlləm) əmisi oğludur. İslamı ilk qəbul edən uşaqdır. Fatimənin əri, Cənnət cavanlarının seyidi olan Həsən və Huseynin atasıdır".

Həccac: "Əməvi xəlifələrindən kimə daha çox rəğbətin var?"

Səid: "Yaradanı ən çox razı salana..."

Həccac: "Onlardan Yaradanı ən çox razı salanı kimdir?"

Səid: "Bu haqda elm onların gizlisini də, aşkarını da Biləndədir!"

Həccac: "Mən haqda nə fikirdəsən?"

Səid: "Sən özünü daha yaxşı tanıyırsan?"

Həccac: "Mən sənin fikrini bilmək istəyirəm".

Səid: "Bunu bilməyin səni məmnun etməyəcək, əksinə üzəcək".

Həccac: "Dinləyirəm!"

Səid: "Sənin Allahın Kitabına zidd hərəkət etdiyini bilirəm. Bəzi vahiməli şeylər edirsən, amma onlar səni təhlükəyə atır və səni Cəhənnəmə aparır!"

Həccac: "Allaha and olsun ki, səni öldürəcəyəm!"

Səid: "Elə isə, sən mənim dünyamı məhv edəcəksən, mən də sənin Axirətini!"

Həccac: "Özünə istədiyin ölümü seç!"

Səid: "Sən özün seç!"

Həccac: "İstəyərsənmi səni bağışlayım?"

Səid: "Bir bağışlanma varsa, o da Uca Allahdandır".

Həccac: "Qılıncı gətirin!"

Səid ibn Cubeyr gülümsədi. Həccac dedi: "Nə üçün gülürsən?"

Səid: "Sənin Allaha qarşı çıxmağına, Allahın isə səninlə mülayim davranmasına təəccübləndim!"

Həccac: "Öldürün onu!"

Səid qibləyə yönəlib dedi: "Doğrudan da mən, hənif olaraq üzümü göyləri və yeri Yaradana çevirdim. Mən müşriklərdən deyiləm”. (əl-Ənam, 79).

Həccac: "Onun üzünü qiblədən çevirin!"

Səid: "Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar". (əl-Bəqərə, 115).

Həccac: "Onu üzü üstə yerə uzadın!"

Səid: "Biz sizi torpaqdan yaratdıq. Sizi ora qaytaracaq və bir daha oradan çıxardacağıq". (Taha, 55).

Həccac: "Boynunu vurun! Quran ayələrini ondan daha gözəl misal gətirən görmədim!"

Bu hadisədən on beş gün sonra Həccac ağır xəstəliyə düçar oldu. O öldükdə isə bir nəfər onu yuxusunda görüb, ondan soruşmuşdur: "Ey Həccac, öldürdüyüm adamlara görə Uca Allah sənə nə etdi?" Həccac bu cavabı vermişdi: "Allah məni hər adama görə bir dəfə, Səid ibn Cubeyrə görə isə yetmiş dəfə öldürdü!"

Mədinənin yeddi fəqihindən birincisi və tabiinlərin imamı sayılan Said ibn Cubeyrin ölümü İslam ümmətini sarsıtdı. Sonralar Əhməd ibn Hənbəl (Allah ona rəhm etsin) onun ölümünü xatırlayaraq demişdir: "Səid ibn Cubeyr (Allah ona rəhm etsin) öldürüldü! Yer üzündə onun elminə möhtac olmayan bir kəs belə yoxdur!"

(İmam ət-Tabəri "Tarix" 111/ 461; İbn Kəsir "əl-Bidəyə vən-Nihayə" 9/ 96-98).