Müasir dövrdə Cümə namazını tərk etmək olarmı?

English

Cümə namazının fərz olması

Uca Allah buyurur: “Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir”. (əl-Cumuə, 9)

Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Cümə namazını camaatla qılmaq hər bir müsəlmana vacibdir. Yalnız dörd qrup insan istisnadır: "Sahibi olan qul, qadın, uşaq və xəstə!” (Əbu Davud, 1067). Digər rəvayətlərdə deyilir: "Cümə namazına getmək həddi-buluğa çatmış hər kəsə vacibdir". (ən-Nəsai, 3/ 89).

“Kim tənbəllik səbəbilə cümə namazını üç dəfə tərk edərsə, Allah onun qəlbini möhürləyər”. (Əbu Davud, 1052)  və s. dəlillər əsasında alimlər yekdil olaraq cümə namazının fərz olduğunu demişlər.

"Müasir dövrdə cümə namazını qılmaq vacib deyil" şübhəsinin cavabı

Bidət əhlinin bəziləri müsəlmanların zəif olduğu müasir dövrdə, habelə kafir ölkələrində yaşayan müsəlmanlar üçün cümə namazının fərz olmadığını deyirlər. Buna dəlil olaraq Məkkədə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) Cümə namazını qılmamasını, Mədinəyə getdikdən sonra isə orada namaz qılmasını gətirirlər. Bildiyimiz kimi həmin dövrlər Məkkə küfr diyarı idi və müsəlmanlar orada zəif idilər, Mədinə isə İslam diyarı idi.

Cümə namazını tərk etmək haqdakı bu mövqe tarixdə rafizilərin nümayiş etdirdikləri mövqe ilə üst-üstə düşmüşdür. Bu şübhəyə əsasən - "Uca Allahın onları yer üzərində möhkəmləndirəcəyi anadək cümə namazı qılınmamalıdır". Həmçının, deyirlər ki, “Cümə namazının şərtləri var. Bu şərtlər tamamlandığı təqdirdə, fərz yerinə yetirilər. Əks təqdirdə isə, cümə namazının şərtləri yerinə yetirilənə qədər biz onu qılmayacağıq”. Onlar İslam qanunlarının tətbiq edildiyi ərazinin olmasını cümə namazının qılınması üçün şərt sayırlar. İddia edirlər ki, "müsəlmanların zəif və gücsüz olduqları yerlərdə Cümə namazı qılınmaz”. (Rəcəb Mədkur “Təkfir val-Hicrə Vachən li-Vach” səh. 199-200).

Həqiqətdə isə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) Məkkədə cümə namazı qılmamasının səbəbi həmin vaxt cümə namazının fərz yox, yalnız icazəli hökmündə olması idi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) Mədinəyə köçdüyü ilk 14 gün ərzində də cümə namazını qılmağı əmr etməmişdir. Halbuki, Məkkədə əmin amanlıq olmadığı üçün bu namaz qılınmırdısa, Mədinədəki bu 14 gün ərzində cümə namazı mütləq qılınardı.

Dəlillər

Birincisi, Cümə namazı Mədinədə fərz edilmişdir. Bu, əksər alimlərin rəyidir. İbn Həcər (Allah ona rəhm etsin) deyir: “Əksəriyyət onun (cümə namazının) Mədinədə fərz edilməsi fikrini dəstəkləmişlər”. (İbn Həcər əl-Əsqəlani “Fəthul Bari” 2/ 354). Buna Uca Allahın aşağıdakı ayəsini dəlil gətirirlər: “Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!” (əl-Cumuə, 9). İbn Həcər (Allah ona rəhm etsin) bu rəyə öz münasibətini belə bildirmişdir: “Bu ayə cümə namazının Mədinədə fərz olmasına dəlalət edir. Çünki, həmin ayə Mədinə ayələrindəndir”. (İbn Həcər əl-Əsqəlani “Fəthul Bari” 2/ 354).

Ən üstün rəyə əsasən, Məkkə dövründə cümə namazı vacib hökmündə deyil, sadəcə icazə şəklində tətbiq edilmişdi. Bundan sonra Mədinə dövründə ayə nazil oldu və onun vacib hökmü qərarlaşdı. İmam Həccəvi (Allah ona rəhm etsin) deyir: “Şeyx (İbn Teymiyyə) belə demişdir: “Məkkədə icazəli şəklində yerinə yetirilmiş, Mədinədə isə fərz edilmişdi”. (Həccəvi “Kəşşəful-Qina” 2/ 21).

Buna dəlil aşağıdakılardır:

-- Urva ibn Zubeyrdən (Allah ona rəhmət etsin) rəvayət olunur ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Mədinəyə gəldikdən sonra on gündən bir qədər artıq Bəni Amr ibn Avf adlandırılan məhəllədə qaldı. Ənəs ibn Malik (Allah ondan razı olsun) isə həmin müddəti daha dəqiq şəkildə qeyd edərək demişdir: “Rəsulullah (salləllahu aleyhi və səlləm) Mədinəyə gəldiyi zaman on dörd gün Mədinənin yüksəkliyində Bənu Amr ibn Avf adlandırılan məhəllədə qonaq qaldı”. (əl-Buxari, 428). Cümə də bu ərəfədə qılınmışdı. Peyğəmbər (salləllahu aleyhi və səlləm) Bəni Amr ibn Avfdan ayrılıb Mədinəyə çatana kimi səhabələrə cümə namazı qılmağı əmr etmədi. Namaz vaxtı gəldiyi zaman Ranuna vadisində Salim ibn Avf oğullarının məscidində cümə namazını qıldırdı. Bu, Onun Mədinədə qıldığı ilk cümə namazı idi. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bu zaman kəsiyində cümə namazını qıldırmaması onun əvvəllər vacib deyil, yalnız icazəli hökmündə olmasına dəlildir. (İbn Hişam “əs-Siratun-Nəbəviyyə” 2/ 121; İbn Qeyyim “Zədul-Miad” 3/ 59; İbn Kəsir “əl-Bidəyə van-Nihəyə” 3/ 198).

-- Həmçinin, səhabələrin Mədinədə qıldıqları cümə namazı onların öz istəkləri ilə baş tutmuşdu. Belə ki, onlar yəhudilərin şənbə günü, xaçpərəstlərin isə bazar günü bir yerə toplaşmalarını görüb bu qərara gəlmişdilər. Əvvəldə qeyd edilmiş İbn Sirinin “mürsəl” hədisi də bunu açıq-aşkar izah edir. (Xəlil Əhməd Siharənfurinin “Bəzlul-Məchud” 6/ 50). İbn Sirin (Allah ona rəhm etsin) belə deyir: "Mədinə camaatı Rəsulullahın (salləllahu aleyhi və səlləm) gəlişindən və cümə ayəsinin nazil olmasından əvvəl cümə namazı qıldı. Həmin günü Cümə adlandıran da elə onlardır. Ənsarlar dedilər: "Yahudilərin hər həftə bir yerə toplaşdıqları bir günləri var. Xaçpərəstlərdə də belədir. Gəlin, biz də bir gün seçək ki, həmin gün bir yerə toplaşıb Allahı zikr edək, namaz qılaq, şükr edək”. Dedilər: "Şəmbə günü yahudilərin, Bazar günü xaçpərəstlərindir. Elə isə Ərubə gününü seçin!" Onlar Cümə gününü Ərubə günü adlandırırdılar. Sonra onlar Əsəd ibn Zuraranın ətrafında toplaşdılar. O da həmin gün onlara namaz qıldırdı, öyüd-nəsihət verdi. Onlar həmin gün bir yerə toplaşdıqları üçün bu günü cümə adlandırdılar. Əsəd ibn Zurara onlara bir qoyun da kəsdi. Az olduqları üçün bir qoyunla həm nahar, həm də şam etdilər. Həmin hadisədən sonra Uca Allah bu haqda ayə nazil etdi: "Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin!" (əl-Cumuə, 9) (Abdur-Razzaq “əl-Musannəf” 3/ 60; İbn Həcər “Fəthul-Bari” 3/ 355. “Bu, “mursəl” (yəni: isnadı qırıq olan zəif hədis) olsa da onu dəstəkləyən “həsən” sənədli hədis vardır". O, (yəni İbn Həcər) hədisi dəstəkləyən sözləri ilə əvvəldə qeyd olunan Kəb ibn Malikin hədisinə və Cümə surəsinin 9-cu ayəsinə işarə edir. Burada ziddiyyət görünür. Bəzi hədislərdə onlara cümə namazını qıldıranın Musab ibn Umeyrin, digərlərində isə Əsəd ibn Zuraranın olduğu rəvayət edilmişdir. Lakin alimlər bu hədisərin bir-birinə zidd olmadığını sübuta yetirmişlər. Beyhaqi belə qeyd edir: “Ehtimal olunur ki, Musab insanlara cümə namazını Əsad ibn Zuraranın köməkliyi ilə qıldırmışdır. Bu baxımdan Kəb cümə namazının qılınmasını Əsəd ibn Zuraranın adı ilə bağlamışdı”. (əl-Qurtubi “Cami Əhkamul-Quran” 18/ 98). İbn Həcər isə deyir: “Onunla birincini bir-birinə bağlayan cəhət Əsədın Mədinə müsəlmanlarının rəhbəri, Musabın isə namazda imam olmasıdır”. "Təlxisul –Xabir” 2/ 60). əl-Albani (Allah ona rəhm etsin) deyir: “Ola bilsin, Musab ilk cümə namazını Mədinənin özündə, Əsad isə Bənu Bəyadada qıldırmışdır”. (“İrvaul-Ğalil” 3/ 69).

-- Dəraqutninin İbn Abbasdan (Allah ondan və atasından razı olsun) rəvayət etdiyi hədisdən də belə başa düşülür ki, cümə namazının hökmü sadəcə icazəli hökmündə idi. İbn Abbas (Allah ondan və atasından razı olsun) deyir ki, “Cümə namazını qılmağa Peyğəmbərə (salləllahu aleyhi və səlləm) hicrətdən əvvəl icazə verilmişdi". Buradakı "icazə" sözü vacibliyə deyil, caizliyə dəlalət edir. Həmçinin, buna Zuhrinin rəvayəti də dəlildir. Bu rəvayətə əsasən: “Rəsulullah (salləllahu aleyhi və səlləm) Musab ibn Umeyri insanlara Quran oxumağı öyrətmək üçün Mədinəyə göndərdi. O isə Mədinə camaatına cümə namazı qıldırmaq üçün Rəsulullahdan (salləllahu aleyhi və səlləm) icazə istədi. Rəsulullah (salləllahu aleyhi və səlləm) da ona icazə verdi. Həmin vaxt o, əmir deyildi. Sadəcə o, Mədinə camaatına elm öyrətmək üçün getmişdi”. (Abdur-Razzaq “Musannəf” 3/ 160. əl-Albani “İrvaul-Ğalil” 3/ 68 “Hədisin sənədində Saleh ibn Əbul Əxdar var. O isə zəif ravidir”). Deməli, Musab ibn Umeyr camaatına Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) cümə namazı qıldırmaq üçün icazə istəmiş, o da icazə vermişdi.

Buradan da günümüzdə, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) zəif olduqları üçün cümə namazını Məkkədə qılmamasını deyənlərə açıq-aydın iradlar ortaya çıxır. Həmin ərəfədə müsəlmanların bir yerə toplaşmasının çətin bir iş olmasına baxmayaraq, cümə namazı vacib sayılmadı. Bu, cümə namazının müşahidə olunan bir halıdır. “Cümə namazı Mədinədə fərz edilmişdir” deyən alimlər onun Məkkə dövründə qılınmasını inkar etmirlər. Əksinə Hafiz ibn Həcər (Allah ona rəhm etsin) açıq şəkildə danışmasa da, sözlərindən belə başa düşülür ki, Məkkədə cümə namazının qılınmasının caiz olması fikrində olmuşdur. (İbn Həcər əl-Əsqalai “Fəthul Bari” 2/ 356).

İkincisi: Əgər deyilsə ki, cümə namazı Məkkədə fərz edilmişdir. Lakin Peyğəmbər (salləllahu aleyhi və səlləm) cümə günündə olduğu kimi açıq-aşkar xütbə verməyə imkan tapmadığı üçün onu tərk etmişdi. Cavab olaraq deyirik ki, axı Peyğəmbər (salləllahu aleyhi və səlləm), Ərqam ibn Əbul-Ərqamın evində müsəlmanları bir yerə toplayırdı. Lakin onlar Qureyşdən gizlənərək bir yerə yığışırdılar. Çünki, Məkkədə müsəlmanların sayı az idi və ən sərt işgəncələrə məruz qalırdılar. Həmçinin, o vaxt müsəlmanlara özünümüdafiəyə icazə verilmirdi. Əksinə, onlar əfvə, səbrə, səfehlərin sözlərindən üz döndərməyə, günahlarının üstündən keçib əvəzində onlara yaxşı davranmağa və müharibədən əl çəkməyə əmr olundular. Uca Allah buyurur: "O şəxsləri görmürsənmi ki, onlara (vaxtilə): “(Müharibədən) əl çəkin, namaz qılın, zəkat verin!” – deyilmişdi". (ən-Nisa, 77)”. (İbn Həcər əl-Heysəmi “Töhfətul-Muhtac” 2/ 405). 

Üçüncüsü: Müasir müsəlman cəmiyyətlərini cahiliyyə dövrünün cəmiyyəti ilə müqayisə etmək, küfrün, şirkin və cahilliyin bütün formalarını hər iki dövr üçün eyni hesab etmək batil bir müqayisədir. Çünki, bu, dövrümüzdə müsəlmanları kafir hesab etmək düşüncəsi üzərində qurulmuşdur. Cümə namazının icra edilməməsi də bu düşüncənin təməl prinsiplərindəndir. Batilin üzərində qurulan hər şey batildir.

Dördüncüsü: Allahın Elçisilə (salləllahu aleyhi və səlləm) onların imamı Şükri Mustafanı, hər ikisinin müsəlmanların imamı olduqlarını iddia edərək onları eyniləşdirmək məsələyə batil yanaşmadır. Çünki, onların imamı müsəlmanların imamı deyil, sadəcə öz camaatının imamıdır. Hətta imamın gücsüz olmasının cümə namazını qılmamağa səbəb olduğunu fərz etsək belə, bu, onların iddia etdiklərinin yerinə yetirilməsinə haqq qazandırmaz. Çünki onların imamı müsəlmanların imamı deyil.  

Beşincisi: Zəiflik onların iddia etdikləri kimi imamın gücsüz olması deyil. Əksinə zəiflik dedikdə, kafirlərin müsəlmanlar üzərində nəzarət və ağalığı nəzərdə tutulur. Müsəlmanların ibadət etdikləri bütün məscidlərin qapılarının açıq olmasını və onlarda cümə namazının qılınmasını nəzərə alsaq, haqqında danışdığımız bu cür gücsüzlüyün müasir həyatda müşahidə olunmadığını görərik.