"Hədislərdə namazın tərk olunmasına görə gələn küfr sözü İslamdan çıxaran küfrdür" şübhəsi

English

Hədislərdə namazın tərk olun­ma­sına görə gələn küfr sözü İslamdan çıxaran küfrdür, yəni böyük küfrdür.

Şübhəyə cavab: 
Hədislərdə namazın tərk olun­ma­sına görə gələn küfr sözü kiçik küfrdür, yəni İslamdan çıxar­mayan küfrdür. Necə ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur:
 
مَنْ حَلَفَ بِغَيْرِ اللَّهِ فَقَدْ كَفَرَ أَوْ أَشْرَكَ
 
“Allahdan qeyrisinə and içən artıq küfr və ya şirk etmişdir”. (Əhməd, 2/ 125; ət-Tirmizi, 1535; əl-Albani “Səhihul-Cəmi”də (№ 6204) səhih olduğunu bildirmişdir).
 
سِبَابُ الْمُسْلِمِ فُسُوقٌ وَقِتَالُهُ كُفْرٌ
 
“Müsəlmanı söymək fasiqlik, öldürmək isə küfrdür”. (əl-Buxari, 48; Muslim, 10/ 464; Əhməd, 5/ 181).
 
Burada nəzərdə tutulan küfr, alimlərin ittifaqına görə kiçik küfrdür, yəni İslamdan çıxarmayan küfrdür. Kim namazın tərkinə görə gələn küfrün böyük küfr olduğunu, yəni İslamdan çıxaran küfr olduğunu iddia edirsə, dəlilini gətirməlidir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur:
 
الْعَهْدُ الَّذِى بَيْنَنَا وَبَيْنَهُمُ الصَّلاَةُ فَمَنْ تَرَكَهَا فَقَدْ كَفَرَ
 
“Bizimlə onlar arasında əhd namazdır. Kim onu (namazı) tərk etsə, artıq küfr etmiş olur”. (ən-Nəsai, 462; ət-Tirmizi, 2621; İbn Macə, 1079. əl-Albani səhih olduğunu bildirmişdir).
 
Bu hədisdəki küfr sözünün böyük küfr olduğunu iddia edərək namaz qılmayanı təkfir edəndən digər hədislərdə (“Müsəlmanı öldürmək küfrdür”), (“Allahdan qeyrisinə and içən artıq küfr etmişdir”) qəsd olunan küfrün kiçik və ya böyük olduğunu soruşduqda, o deyəcəkdir: Bu hədislərdə qəsd olunan küfr kiçik küfrdür. Çünki, Əhli-Sünnə alimləri ittifaq ediblər ki, burada qeyd olunan küfr İslamdan çıxarmayan küfrdür. Bu zaman deyilir: Sən namazda olan küfrə böyük küfr, and içmədə olan küfrə isə kiçik küfr dedin. İndi bunu ayırdığına görə dəlil gətir! Nəyə əsasən bunların arasında fərq qoydun? Hədisdə keçən namazın tərkinə görə olan küfr də kiçik küfrdür. Kim iddia etsə mütləq dəlil gətirməlidir.

Mövzular: