Təkfirdə üçüncü şərt: Hüccətin çatması

English
Üçüncü şərt: Hüccətin həmin şəxsə çatdırılması və bu şəxsin hüccəti başa düşməsidir. Düşünür ki, filan adam və ya filan şəhər sakinləri izhar (nümayiş) etdirərək bu əməli edirlərsə, bu, həmin əməlin küfr olmadığını bildirir. Buna görə də onlara təqlid edir. Ona bəyan olunmalıdır ki, bu, kor-koranə təqliddir. O kəslər xəta ediblər. Xətakarı nümunə götürüb ona təqlid etmək olmaz.
 
Bu barədə elm əhlinin sözləri;
 
İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: “Kim Allaha və Rəsuluna ümumi şəkildə iman gətirmişdirsə, ona həqiqəti bəyan edən bir elm çatmayıbsa, onun kafir olması barəsində ona hüccət qaldırmayınca hökm çıxarılmır. Elə bir hüccət ki, ona qarşı çıxan kafir olur. İnsanların bir çoxu xəta edir. Xəta, yanılmaq və unutmaq isə bu ümmətdən qaldırılıb. Küfr yalnız bəyandan sonra olur”. (İbn Teymiyyə “Məcmuul-Fətava”, 12, səh. 501, 523, 524).
İbn Qeyyum (Allah ona rəhm etsin) deyir: “Allah hüccət qaldırmadan heç kəsə əzab verməyəcəkdir. Uca Allah buyurur: “Biz elçi göndərməmiş heç kəsə əzab vermirik”. (əl-İsra, 15), “Biz müjdə verən və qorxudan elçilər göndərdik ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın”. (ən-Nisa, 165). Quranda belə ayələr çoxdur. Uca Allah o şəxsə əzab verir ki, ona rəsul gəlib və hüccət çatıb. O da o günahkardır ki, öz günahını etiraf edir”. (İbn Qeyyum “Tariqul-Hicrəteyn” səh. 413).
     İnsan əzaba iki səbəbə görə layiq görülür.
1. Hüccətdən üz döndərdiyinə, onu istəmədiyinə, o hüccətin tələb etdiyinə əməl etmədiyinə görə.
2. Hüccət qaldırıldıqdan sonra, gətirilən o hüccətə inadkarlıq etdiyinə görə.
     Hüccət nədir? Bunun barəsində alimlər ixtilaf ediblər.
     1. Bir şəxsdən hüccətin qalxması üçün bu dəlil ona çatmalı və o şəxs bunu başa düşməlidir. Başa düşməyi şərt görən alimlərdən bəziləri bunlardır: İbnul-Arabi, İbn Qudamə, Şeyxul-İslam İbn Teymiyyə, İbn Qeyyum, Muhəmməd ibn Abdul-Vahhab və digərləri (Allah onlara rəhm etsin).
     2. Başa düşməsə də sadəcə hüccətin çatması kifayətdir. Muhəmməd ibn Abdul-Vahhabın nəslindən olan İshaq ibn Abdur-Rahmən ibn Həsən əli Şeyx (Allah ona rəhm etsin) belə rəydədir.
 
“Sadəcə hüccətin çatması kifayətdir” deyənlərin dəlilləri; Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dövründəki kafirlərin üzərindən Quranı eşitmək­lə hüccət qalxmışdır. Halbuki, Uca Allah bir çox ayələrdə bəyan edir ki, onlar eşitmirlər, dərk etmirlər. Uca Allah buyurur: “Yoxsa elə hesab edirsən ki, onların əksəriyyəti eşidəcək və ya anlayacaq? Onlar heyvan kimidirlər, hətta, haqq yoldan onlardan daha çox uzaqlaşmışlar” (əl-Furqan, 44). Bu ayələri dəlil gətirirlər ki, onlar başa düşməsələr də hüccət onlardan qalxmışdır. Bir çox ayələr də gətirilir. Bu məsəli düşündükdən sonra ortaya çıxan birinci qövlün tərcihidir. Bir şəxs hüccəti başa düşməsə, hüccət ondan qalxa bilməz. Bir çox dəlillər şəri əhkamları başa düşməyənin üzürlü olduğunu bildirir. Təkfir məsələsində daha təhlükəli olan hüccəti başa düşməməyin üzürlü olmamasını iddia etməkdir.
  1. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Uca Allah: “Göylərdə və yerdə nə varsa, Allahındır. Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də Allah buna görə sizi hesaba çəkəcək. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir” (əl-Bəqərə, 284) - ayəsini Allah Öz Elçisinə (salləllahu aleyhi və səlləm) nazil etdikdən sonra, onu eşidən səhabələr böyük sıxıntılar keçirərək Allah Elçisinin (salləllahu aleyhi və səlləm) yanına gəlib diz üstə oturdular və dedilər: “Ey Allahin Elçisi! Biz bacardığımızı - namaz qılmaq, oruc tutmaq, cihad etmək və sədə­qə vermək kimi əməlləri yerinə yetirməyə mükəlləf edildik, lakin sənə nazil olan bu ayəyə əməl etməyə gücümüz çatmır”. Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: “Sizdən əvvəlki iki kitab əhli kimi (yəhudi və xristianlar): “Eşitdik və asi olduq!”- demək istəyir­siniz?” Xeyr, deyin: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!” Onlar bunu dedikdən sonra Allah bu ayəni nazil etdi: “Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də (iman gətirdilər). Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. (Onlar dedilər): “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!” (əl-Bəqərə, 285). Onlar bunu dedikdə Uca Allah ayəni nəsx (hökmünü ləğv) etdi və Uca Allah bu ayəni endirdi: “Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qa­zandığı (şər də yalnız) öz əleyhinədir. ”Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!” (əl-Bəqərə, 286). Möminlər bu ayəni oxu­duqda, hər dəfə: “Ey Rəbbimiz!...”- deyə dua edib Allaha xitab etdikdə, O: “İstədiyinizi sizə verdim!”- deyə cavab verir”. (Muslim, 125). Sonra Allah o möminlərin duasını xatırladır və hədisdəki kimi “İstədiyinizi sizə verdim” deyir. Bu ayə və bu hədis bu ümməti başa düşmədiyinə görə üzürlü görməyə dəlalət edir. Bu ayədə üç dəlil vardır;
     1) Uca Allah xəbər verir ki, heç kəsi qüvvəsi çatmayan şeylə yükləmir. Əgər insan üz döndərməyibsə, üz döndərməməyi ilə yanaşı başa düşmürsə, bu insanın taqətində olan şey deyil. İnsanın gücü çatmadığı bir şeydir. Allah isə heç kəsi gücü çatmadığı bir işlə yükləmir.
     2) Allah ayəyə görə biləndən sonra unudanı üzürlü sayır. Əgər başa düşmək bir şeyi bilməkdirsə, əslən bilməyən insan bilib unudandan daha layiq deyilmi?!
     3) Başa düşməmək yanılmaq, xəta etməkdir. Deyirlər ki, “Filankəs bu məsələni başa düşməkdə yanılmışdır”. Ayə də xəta edənin üzürlü olmasını bildirir. Başa düşməmək isə bir növ xətadır.
  1. Uca Allah buyurur: “Davudu və Süleymanı da yada sal! Bir zaman onlar özgə adamların qoyunlarının girib zay elədiyi bir əkin sahəsi barəsində hökm vermişdilər. Biz onların hökmünə şahid idik. Biz o hökmü Süleymana anlatdıq. Hər ikisinə hökmranlıq (peyğəmbərlik) və elm bəxş etdik”. (əl-Ənbiya, 78-79). Bu xüsusi məsələni başa düşmədiyinə görə Allah Davudu (əleyhis-Səlam) üzürlü saydı. Bu ayə Davudu (əleyhis-Səlam) üzürlü saymağa dəlildir. Uca Allah ümumilikdə onu qəsd edir ki, onda elm vardır. Əgər hikmət əhli belə üzürlü sayılırsa, cəhalət əhlinin başa düşmədiyi zaman üzürlü sayılması daha layiqdir.
  2. Peyğəmbər (salləllahu aleyhi və səlləm) deyir: “Qiyamət günü heç nə eşitməyən kar kişi, dəli, düşkünlük çağına çatmış qoca kişi və fətra dövründə yaşayan bir kişi olacaq. Kar kişi deyəcək: “Ey Rəbbim, İslam gələndə mən heç nə eşitmirdim”. Dəli deyəcək: “İslam gəldiyi zaman uşaqlar mənə dəvənin peyinini atırdılar”. Qoca deyəcək: “Ey Rəbbim, İslam gələndə mən heç nə dərk etmirdim”. Peyğəmbərlərin ardı-arası kəsilən dövrdə yaşayan kişi deyəcək: “Sənin Rəsulun mənə gəlmədi”. Allah onlardan Allaha itaət edəcəkləri barəsində əhdi-peyman alacaq. Onlara elçi göndərəcək və deyiləcək ki, “Oda daxil olun!” Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Muhəmmədin nəfsi əlində Olana and olsun ki, əgər onlar itaət edərək oda girsələr, od onlara sərin və salamat olacaq”. (ət-Tabərani, 841; İbn Hibban, 1827; Əhməd, 4/ 24). Allah bu dörd sinif insanı üzürlü saymışdır. Fətra əhlinə və kar kişiyə hüccət çatmadığına görə Allah onları üzürlü saymışdır. Birində peyğəmbərlərin ardı-arası kəsilən dövr, o birisində isə eşitmə hissiyatı olmadığına görə. Qoca kişiyə və dəliyə gəldikdə, bu açıq aydındır ki, onlara hüccət çatıb. Lakin başa düşmədiklərinə görə Allah onları üzürlü sayıb. Onlar da özlərinin başa düşmədiklə­rinə və ayırd edə bilmədiklərinə görə dəlil gətirdilər. Xitabı başa düşməmək, ya qəsd olunan mənanı bütövlükdə başa düşmə­diyinə görə, ya da başqa cür başa düşdüyünə görə olur. Dəlillər bu iki növün üzürlü sayılması üçün gətirilmişdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Həqiqətən, üç nəfərdən qələm qaldırılıb; dəli sağalana qədər, uşaq həddi buluğa çatana qədər, yatan insan oyanana qədər”. (əl-Buxari, 6814). Bu şəxslərdən başa düşmədiklərinə görə qələm qaldı­rılmışdır. Rəvayət edilir ki, Adiy ibn Hatim (Allah ondan razı olsun) demişdir: “Ağ sap qara sapdan seçilənə qə­dər yeyin için” ayəsi nazil olduqda mən bir ağ və bir qara ip götürüb yas­tı­ğı­mın altına qoydum və gecə boyunca bu iplərə baxdım, lakin heç bir şey ayırd edə bil­mədim. Səhəri gün Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib nə etdiyimi ona xəbər ver­dim. Peyğəmbər (salləllahu aleyhi və səlləm) mənə dedi: “Əslində, bu, gecənin qaranlığı və gün­dü­zün aydınlığı­dır”. (əl-Buxari, 1916). Yəni, səhərə yaxın zülmət­də üfüqdə ağ xətt əmələ gəlir və gecə ilə gündüzü ayırır. Həmçinin, Abdullah ibn Ömər (Allah onlardan razı olsun) rəvayət edir ki, Pey­ğəmbər (salləllahu aleyhi və səlləm) Əhzab döyüşün­dən son­ra (Mədinəyə) qayıtdıqda bizə dedi: “Qoy hər kəs əsr namazını ancaq Bəni Qu­rey­zə qəbiləsində qılsın”. Bəziləri əsr namazına yolda yetişdi. Onlardan bə­zi­lə­ri dedilər: “Biz oraya çatanadək namaz qılmayacağıq”. Digərləri isə dedi­lər: “Yox, namazı (burada) qılaq, çünki Pey­ğəmbər (salləllahu aleyhi və səlləm) bizdən bunu tələb et­mirdi”. Son­ra bu haqda Pey­ğəmbərə (salləllahu aleyhi və səlləm) xəbər verdilər və o, (buna görə) onların heç birini qına­ma­dı”. (əl-Buxari, 946). Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu iki hədisdə düzgün başa düşməyənləri üzürlü saymışdır. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bu iki dəstədən heç birini danlamaması dəlili başa düşməkdə yanılanın üzürlü olmasına dəlildir.
  3. İnsanlar bir-birilərini başa düşmədiklərinə görə əmr edən­də və ya bir şey istəyəndə deyirlər ki, “Mən sənin muradı­nı başa düşmədim!” Digəri yoldaşını üzürlü sayıb onu qınamır. Əgər insanlar bir-birilərini başa düşmədiklə­rinə görə üzürlü sayırlarsa, Allah buna daha layiqdir. Bu iki tərəfdəndir.
1. Ümumilik tərəfdən, insanların bir-birilərini üzürlü sayması və bağışlaması insanda olan kamillik və tərif sifətidir. Allah məxluq üçün sabit olan müəyyən kamillik və tərif sifətinə daha layiqdir. Bu qaydadır. Uca Allah buyurur: “Allahın vəsfi daha ucadır”. (ən-Nəhl, 60).
2. Xüsusilik tərəfdən; Peyğəmbər (salləllahu aleyhi və səlləm) deyir: “...Allahdan daha çox üzr qəbul edən yoxdur” (Əbu Yəalə, 4256. əl-Albani həsən olduğunu bildirib). Buna görə də üzürün aradan qaldırılması üçün Uca Allah qorxudan və müjdə verən peyğəmbərlər göndərmişdir.
 
Qarşı tərəf bu ayəni dəlil gətirir. Uca Allah buyurur: “Yoxsa elə hesab edirsən ki, onların əksəriyyəti eşidəcək və ya anlayacaq? Onlar heyvan kimidirlər, hətta, haqq yoldan onlardan daha çox uzaqlaşmışlar”. (əl-Furqan, 44). Deyirlər ki, onlar başa düşməsələr də hüccət onlardan qalxmışdır. Şovkani (Allah ona rəhm etsin) təfsirində buyurur: “Müşriklər faydalanmaq, mənfəət əldə etmək tərəfindən yalnız heyvan kimidirlər. O heyvan ki, onların fəhmi, dərk etməsi yoxdur. Buna görə onlara ümid etmə! Onlarda eşitmə və dərk etmə hissiyatı üzərində yaranan fayda yoxdur. Onlara deyiləni eşitsələr də, dərk etsələr də, onlar mənfəətlənmirlər. Ona görə də bu hissiyatların vəsfi onlarda olmamış kimi verildi. Bu, o demək deyil ki, onlar dərk etmirdilər. Onlar dərk edirdilər, lakin dərk etdikdən sonra üz döndərirdilər”. ("Fəthul-Qadir" 5/ 280). “Yoxsa elə hesab edirsən ki, onların əksəriyyəti eşidəcək və ya anlayacaq? Onlar heyvan kimidirlər, hətta, haqq yoldan onlardan daha çox uzaqlaşmışlar”. (əl-Furqan, 44). Bu ayə artıq dəlalət etdi ki, üz döndərdiklərinə, bu hissiyatlarla faydalanmadıqlarına görə heyvan kimi oldular. Yəhudilər müşrikləri qorxudurdular ki, o peyğəmbər gələndə biz onunla birləşib sizi məhv edəcəyik. Lakin onların bildiyi gəldikdə onlar küfr edib onu qəbul etmədilər. Uca Allah buyurur: “Ey iman gətirənlər! Sizdən əvvəl Kitab verilənlərdən dininizi ələ salıb oyun-oyuncaq hesab edənləri və kafirləri özünüzə dost tutmayın. Əgər möminsinizsə, Allahdan qorxun. Siz namaza çağırdığınız zaman onlar onu məsxərəyə qoyub oyun-oyuncaq sayarlar. Bu ona görədir ki, onlar düşüncəsiz bir camaatdır”. (əl-Maidə, 57-58). Həmçinin, Uca Allah Tövratı başa düşmək istəmədiklərinə görə onları uzunqulağa bənzətmişdir. Uca Allah buyurur: Onlara Tövrata əməl etmək tapşırıldıqdan sonra ona əməl etməyənlər belində çoxlu kitab daşıyan, amma onlardan faydalana bilməyən uzunqulağa bənzəyirlər. Allahın ayələrini yalan sayan adamların nümunəsi necə də pisdir. Allah zalım adamları doğru yola yönəltməz”. (əl-Cumuə, 5). Məymun ibn Məhram (Allah ona rəhm etsin) deyir: “Uzunqulaq bilməz ki, onun belindəki Tövratdan cüzdür, yoxsa zibil. Yəhudilər də belədir”. İbn Kəsir (Allah ona rəhm etsin) deyir: “Uzunqulaq bilməz ki, belindəki nədir. Ağırlığı hiss edər, lakin nə olduğunu bilməz. Yəhudilər də, kitabı ləfz tərəfindən əzbərləyiblər, tələb etdiyini başa düşməyiblər və əməl etməyib, əksinə təhrif ediblər. Onların halı uzunqulaqdan daha pisdir. Çünki, eşşəyin fəhmi yoxdur. Onların isə fəhmi var, lakin onu işlətməyiblər”. Bu dəlillər göstərir ki, onlar başa düşmək istəməyib, üz döndəriblər. Bu, o demək deyil ki, onlar Allahın xitabını başa düşməyiblər. Digər ayə bildirir ki, onlar kitabı tanıyırdılar. Uca Allah buyurur: “Kitab verdiyimiz şəxslər onu öz oğullarını tanıdıqları kimi tanıyırlar. Həqiqətən də, onlardan bir dəstə haqqı bilə-bilə gizlədir”. (əl-Bəqərə, 146). Onlar o hüccəti başa düşdükdən sonra qəbul etməkdən üz döndərdiklərinə görə bu məzəmmətə layiq oldular. Allah müşriklərin risalət hüccətini başa düşmələri barəsində xəbər verir. Uca Allah buyurur: Öz aralarından onlara xəbərdarlıq edən bir peyğəmbər gəldiyinə təəccüb edərək kafirlər dedilər: "Bu, yalançı bir sehrbazdır! O, bütün məbudları bir məbudmu etdi? Həqiqətən, bu, əcaib bir şeydir”. (Sad, 4-5). Belə bir söz Peyğəmbərin (salləllahu aleyhi və səlləm) risalətinin mahiyyətini bilən adamdan çıxan sözdür. Onlar bilirdilər ki, bu kəlmə Allahdan başqa bütün ilahları, daşları, ağacları tərk etmək və ibadəti yalnız Allaha yönəltməkdir. Onlar başa düşüblər, sadəcə üz döndəriblər. Allah da bütün üz döndərənlər kimi onlara da hüccətdən üz döndə­rənlərə deyilənləri deyir. Onlar hüccətdən üz döndərdiklə­rinə görə eşitmir və dərk etmirlər. Halbuki, hiss kimi onlar eşidirlər. Haqqı eşitmir və dərk etmirlər. Üz döndərdik­lərinə görə, fayda­lan­ma­dıqlarına görə, dərk etmədiklə­rinə görə, öz elmlərindən faydalanmadıqlarına görə Allah onları heyvanlara oxşadır. Bu onla­rın hüccəti başa düşdükdən sonra üz döndərdiklərinə görə­dir. Uca Allah buyurur: “Ha. Mim. Bu, Mərhəmətli və Rəhmli Allah tərəfindən nazil edilmiş, ayələri Quran kimi ərəbcə müfəssəl izah edilmiş, anlaya bilən camaat üçün nəzərdə tutulmuş bir Kitabdır. O, həm müjdə verən, həm də xəbərdar edəndir. Lakin onların çoxu üz çevirib söz eşitməzlər”. (Fussilət, 1-4). Üçüncü ayədə Allah onları bilən qövm olaraq vəsf etdi. Zəməxşəri (Allah ona rəhm etsin) deyir: “Bilən bir qövm üçün”, yəni ərəb qövmü üçün onlara nazil olmuş ayələri bilirdilər. Onlara qaranlıq şey qalmırdı”. Dördüncü ayədə Allah onları biləndən sonra üz döndərdiklərinə görə eşitməyən kimi vəsf etdi. Allah münafiqlər barəsində deyir: Bir surə nazil edildiyi zaman onlar: "Sizi kimsə görürmü?"– deyə bir-birlərinə baxır, sonra da üz çevirib gedirlər. Anlamayan adamlar olduqlarına görə Allah onların qəlbini imandan məhrum etmişdir”. (ət-Tövbə, 127). Artıq bəlli oldu ki, onlar başa düşdükdən sonra üz döndərdiklərinə görə bu məzəmmətə düçar oldular. İbn əl-Qeyyim (Allah ona rəhm etsin) deyir: “İnsan iki səbəbə görə əzaba düçar olur;
1. Hüccətdən üz döndərib, istəməmək, onun tələb etdiyinə əməl etməməklə. (Üz döndərmə küfrü).
2. Hüccət çatandan sonra hüccətə qarşı inadkarlıq, təkəbbürlük etməklə. (İnadkarlıq küfrü).
Cəhalət küfrünə gəldikdə isə ona hüccət qalxmayıbsa, o insanın hüccəti bilməyə gücü çatmayıbsa, Allah onlara rəsulların hüccəti çatmayıncaya qədər əzaba düçar etməyəcək”. (İbn əl-Qeyyim “Tariqul-Hicrəteyn”, səh. 414).
 
Buna əlavə olaraq Nasdan (Quran və Sünnədən) götürülən elm əhlinin sözləri: Hüccəti başa düşmək şərtdir.
 
İbnul-Arabi (Allah ona rəhm etsin) deyir: “Bu ümmətdən olan cahil və xətakar küfr və ya şirk edərsə, elə bir şirk və ya küfr ki, onu edən kafir və ya müşrik olur – ondan hüccət qalxmadıqca, cahilliyinə və yanıldığına görə üzürlü sayılır. Bu məsələ onun kimisinə qaranlıq qalmamalıdır. Həmçinin, o insan dindən zəruri olan, ümmətin icma etdiyi məsələləri inkar etməməlidir. Hansı ki, bunu hər bir müsəlman fikirləşmədən bilir”.
 
İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: “Bir kəs Allaha və Rəsuluna ümumi şəkildə iman gətirirsə, ona həqiqəti başa salan elm çatmayıbsa, - yəni, ona hüccət çatmayınca, elə bir hüccət ki, ona müxalif olan kafir olur - onun kafir olması hökmü verilmir. İnsanlardan çoxu Qurandan öyrəndiklərində xəta edir, Sünnədən bir çox şeyi bilmir. Bu ümmətdən də unudaraq xəta etmək qaldırılır. Küfr isə bəyandan sonra olur”. (İbn Teymiyyə “Məcmuul-Fətava”, 12, səh. 501, 523, 524).
 
Həmçinin, İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “Mən daima bir nəfər haqda olan hədisi (qeyd edirəm): Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) belə demişdir: “Heç bir savab iş görməyən bir adam ailəsinə belə vəsiyyət etdi: “Mən öləndə məni yandırın, sonra (bədənimin) yarısını quruya, yarısını da dənizə səpələyin! Allaha and olsun ki, əgər Allah məni diriltməyə qadir olarsa, aləmlərdən heç bir kəsə vermədiyi əzabı mənə verər”. Həmin adam ölən­də, ailəsi onun əmr etdiyini yerinə yetirdi. (Qiyamət günü) Allah quru­ya əmr edir, o da içindəkilərini yığır, dənizə əmr edir, o da içindəki­lərini yığır. (Həmin adam vücuda gəldikdən) sonra Allah buyurur: “Bunu nə üçün etdin?” O: “Sənin qorxundan, ey Rəbbim! Sən daha yaxşı bilirsən!”– deyir. Allah onu əfv edir”. (Muslim, 7156). Bu kişi Uca Allahın qüdrətinə, öldükdən sonra onu dirildəcəyinə şəkk edir. Hətta bir daha dirilməyəcəyini də etiqad edir. Bütün müsəlmanlar yekdil rəy olaraq bu əməlin və etiqadın küfr olmasını deyirlər. Lakin bu adam cahil idi, bilmirdi, digər tərəfdən mömin idi və Allahın ona əzab verəcəyindən qorxurdu. Buna görə də Uca Allah onu bağışladı. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yoluna riayət etməyə çalışan, təvil edən ictihad adamlarının bağışlanması daha layiqlidir”. (İbn Teymiyyə “Məcmuul-Fətava” 3/ 229-231).   
 
İbn əl-Qeyyim (Allah ona rəhm etsin) deyir: “Hüccətin qalxması insanlara, zamana və məkana görə fərqlənir. (Elə ola bilər ki,) Allahın hüccəti müəyyən bir zamanda kafirlərə çatsın, qaldırılsın, müəyyən zamanda isə çatmasın, qaldırılmasın. Müəyyən şəxsə qaldırıla bilər, müəyyən şəxsə isə qaldırılmaya bilər. (Belə insanın) ya ağlı yoxdur, seçimi düzgün deyil, fəhmi yoxdur, onun üçün tərcümə edən də yoxdur”.
 
İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: “Ərəb dilini bilməyən karın yerindədir”. Söhbət hədisdə üzürlü sayılan kardan gedir. Bunlar o dörd şəxsdən birinə aiddir. Alimlər deyir ki, Quranın ərəbcə gəlməsi kifayət deyil, onu çatdıran şəxs lazımdır ki, hüccət qalxsın. Alimlər deyiblər ki, “Kim deyərsə ki, “Quran məxluqdur” o, kafirdir” və ya “kim filan əməli edərsə, o, kafirdir”. Sələflər bunu deyiblər. Lakin bu o demək deyil ki, müəyyən şəxsi bunu dediyinə görə təkfir etmək olar. Ondan maneələr aradan qalxmalı və onun üzərində şərtlər cəmlən­mə­lidir. Şərtlər olmasa bu maneə sayılır.

Muhəmməd ibn Abdul-Vahhab (Allah ona rəhm etsin) deyir: “Biz bəyan edildikdən və hüccət qalxdıqdan sonra uluhiyyət tövhidində Allaha şərik qoşanı təkfir edirik”. Həmçinin, Muhəmməd ibn Abdul-Vahhab deyir: “Mənim haqqımda sizə çatdırıblar ki, mən ümumən kimi gəldi təkfir edirəm. Bu belə deyil, bu düşmənlərin böhtanıdır. Biz Allah və Rəsulunun dinini iqrar edib və sonra dinə qarşı vuruşan və insanları dindən uzaqlaşdıranı təkfir edirik. O kəs ki, bilir ki, bu müşriklərin dinidir və sonradan bütlərə ibadət edirsə, biz onu təkfir edirik. (Biləndən sonra bütlərə ibadət edərsə). O ki qaldı mənim düşmənlərimə, yayırlar ki, güya mən zənnlə və ya cahili təkfir edirəm, hansı ki ona hüccət qalxmayıb. Bunlar hamısı böhtandır. Onlar bunları etməklə insanları Allahın dinindən uzaqlaşdırmaq istəyirlər. Biz yalnız hüccət qaldırdıqdan sonra böyük şirk edəni təkfir edirik. Hansı ki, bütün müsəlmanlar bunu təkfir etmişlər”. (Muhəmməd ibn Abdul-Vahhab “ər-Rasailuş-Şəxsiyyə və Durarus-Səniyyə”).

Muhəmməd ibn Abdul-Vahhabın tələbəsi Abdul-Lətif ibn Abdur-Rahmən ibn Həsən əli şeyx buyurur: “Muhəmməd ibn Abdul-Vahhab təkfir məsələsində ən ehtiyatlı olanlardan idi. Hətta şeyx qəbirə dua edəni (yəni, Allahdan qeyrisini çağıranları) cahilliklərinə görə onlara nəsihət edib hüccət qaldırana kimi təkfir edə bilmirdi”. (Abdul-Lətif ibn Abdur-Rahmən ibn Həsən əli şeyx “Minhəcu Təshih vət-Təxdis” səh. 98-99).

Muhəmməd ibn Abdul-Vahhabın (Allah ona rəhm etsin) gətirdiyi dəlillərdən aydın olur ki, dəlilləri kimsə çatdırmalıdır. Təkcə kitablar kifayət deyil. Quranı və ya hədisləri oxuyub öz istəyinə görə başa düşmək artıq zəlalətdir. Lakin bunları Quranın və hədislərin muradına görə başa düşmək lazımdır. Cahilliyi üzür olan və hüccəti çatdırılmayan iki şəxs arasında fərq qoymalıyıq. Birinci şəxs doğru yolu istəyir, onu sevir, doğru yolu hər bir yoldan üstün tutur. Lakin ona qadir deyil, yəni onu yönəldən olmadığına görə onu tələb etməyə qadir deyil. Cahilliyi üzürlü sayılan da budur. İkincisi isə haqqı öyrənməkdən üz döndərəndir, özünün olduğu etiqadla razıdır, başqa birisini ondan üstün görmür. Başqasını da axtarmır. Belə bir insan cahilliyə görə üzürlü deyil. Şəhərdə olan hüccətlə, kəntdə olan hüccət eyni deyil. Hüccət məsələsində insandan insana da fərq var. O, hüccəti elə başa düşməlidir ki, özünün müxalif olduğunu bilsin. Lakin təfsilatı ilə bilməyə ehtiyac yoxdur.