Təkfirdə birinci və ikinci şərtlər - Həddi-buluğ yaşında və ağlı başında olmaq, məcburiyyət qarşısında olmamaq

English
Bu məsələ təkfir bölümündə ən incə və ən təhlükəlisidir. Çünki, bunun üzərində müəyyən şəxsin kafir olması və ya kafir olmaması barəsində hökm çıxardılır. Bunun səbəbilə neçə-neçə ayaqlar büdrəmiş, neçə-neçə insanlar özlərini həlak etmişlər. Bunun mənşəyi mütləq təkfirlə müəyyən təkfiri ayıra bilməməkdədir. İnsanı İslamdan çıxaran əməllər vardır ki, belə insana hökmü verən elmdə püxtələşmiş alimlər olmalıdırlar. İnsanların kafir olmasına dair hökmü elm iddiasında olanlar, yaxud elmdə yeni olanlar, yaxud cahillər, ya da heç bir elm və düşüncə olmadan kor-koranə danışanlar verməli deyillər. Bu çox təhlükəli məsələ olduğuna görə bunun qərarı alimlərə, dində fəqih olanlara aiddir. Kimsə İslamdan çıxaran əməllərdən birini edərsə, ona hökm verməkdə tələsmək olmaz. Onun təkfirinə mane olan şərtlər ola bilər.
Təkfirin şərtləri aşağıdakılardır:
1. Bu insan həddi buluğa çatmalı və ağlı başında olmalıdır.
2. Bu söz və ya əməl onun istəyi və seçimi tərəfindən ortaya çıxmalıdır.
3. Hüccət ona çatmalıdır. Elə bir hüccət ki, ona əks çıxan kafir olur.
4. Təvil edən, yozan olmamalıdır.
Adama küfr hökmünün verilməsi üçün bu şərtlər hamısı olmalıdır. Bu şərtlərdən birinin olmaması maneələrdən sayılır.     
Birinci şərt; cahil olmaqdır. İnsan bu əməlin İslamdan çıxaran əməllərdən olması barədə cahil ola bilər. Yəni, dəli və uşaq kimi. Həddi buluğ və ağıl mükəlləf olunmaq üçün şərtdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: “Həqiqətən, üç nəfərdən qələm qaldırılıb; dəli sağalana qədər, uşaq həddi buluğa çatana qədər, yatan insan oyanana qədər”. (əl-Buxari, 6814).
İkinci şərt; Kimdən bilmədən və ya səhvən küfr sözü və ya əməli ortaya çıxarsa, o cəzalanmır. Uca Allah buyurur: Qəlbi imanla sabit qaldığı halda haqqı danmağa məcbur edilən kəslər istisna olmaqla, kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır” (ən-Nəhl, 106). Kimin ağlı kədərdən, sevincdən, qorxudan örtülərsə, belə sözlər söyləyəndə cəzalanmır. Bu ayələrin nazil olma səbəbi, müşriklərin Ammər ibn Yəsiri  (Allah ondan razı olsun) tutub ona əzab vermələri, Muhəmmədi (sallallahu aleyhi və səlləm) söyməyincə, onu buraxmayacaqları olmuşdur. Nəticədə Ammər (Allah ondan razı olsun) onların dediyini yerinə yetirmişdir. Məcburiyyət qarşısında, onlardan xilas olmaq üçün Peyğəmbər (sallallahu aleyhi və səlləm) haqqında pis sözlər demışdır. Bununla bərabər onun qəlbi imanla, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) sevgisi ilə sabit idi. Bunu isə yalnız onlardan xilas olmaqdan və məcburiyyətin qarşısını almaqdan ötrü etmişdir. Sonra o, peşman olaraq Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gələrək başına gələnləri ona danışdı. Peyğəmbər (salləllahu aleyhi və səlləm) ona dedi: “Sənin qəlbin nə halda idi?” O dedi: “İmanla sabit idi, ey Allahın Rəsulu!” Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Əgər onlar təkrarlasalar, sən də təkrar edərsən”. Bundan sonra Allah bu ayəni nazil etdi: “Qəlbi imanla sabit qaldığı halda haqqı danmağa məcbur edilən kəslər istisna olmaqla...” (ən-Nəhl, 106). (əl-Beyhəqi “Sunənul-Kubra” 17350). Ona görə də məcbur edilən üzürlü sayılır. Uca Allah buyurur: “Möminlər möminləri qoyub kafirləri dost tutmasınlar! Bunu edən kimsə bilsin ki, Allah ilə onun heç bir əlaqəsi yoxdur. Ancaq onlardan gələn təhlükədən çəkinməklə ehtiyat etməyiniz istisnadır...” (Ali-İmran, 28). Qorunmaq yalnız məcbur edilməyin qarşısını almaqdan ötrüdür. Ona görə də, məcbur edilən kəsin bu məcburiyyətdən xilas olması üçün küfr söz danışması icazəlidir. Bir şərtlə ki, onun qəlbi imanla sabit olsun. Necə ki, Ammər ibn Yəsirin başına gəlmiş və ondan ötrü Quran ayəsi nazil olmuşdu: “Ancaq onlardan gələn təhlükədən çəkinməklə ehtiyat etməyiniz istisnadır...” (Ali-İmran, 28).
     Muslimin “Səhih” əsərində belə bir hədis rəvayət olunur: Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu­yurdu: “Allahın, bəndəsi Ona töv­bə edərkən onun tövbə­si­nə sevinməsi, sizdən (səhra­da dəvəsini tapmış) kim­sə­nin sevincindən daha artıqdır. O kimsə ki, dəvəsinə minib səhraya çıx­dıqdan sonra dəvəsi on­dan qaçmış, yeməyi və suyu da onun üstündə getmişdir. (Bundan sonra) həmin adam dəvə­sindən əlini üzmüş və nəhayət, dəvəsini tapacağına ümidi qalmadığı halda gəlib bir ağacın kölgəsində uzanıb yatmışdır. O, bu vəziyyətdə ikən birdən dəvəsini öz yanında görmüş və dərhal onun ovsa­rından tutub sevincindən: “Allahım, Sən mənim qulum­san, mən də Sənin rəbbinəm!”– demişdir. Çox sevindiyindən belə bir xətaya yol vermişdir”. O, sevincin şiddətindən küfr edir. Ayə və hədislər dəlalət edir ki, bilmədən və ya səhvən küfr əməl və ya söz deyən şəxs üzürlü sayılır. Məcburiyyət və insanın ağlının bağlanması insana küfr hökmünün verilməsinə maneədir.