“Əməlsiz iman yoxdur” şübhəsi

English

İddia olunur ki, əməl etməyənin imanı yoxdur.

Şübhəyə cavab: 

Əli (Allah ondan razı olsun) xavariclərin dəlil gətirdikləri ayələr barəsində belə deyərdi: “Onlar haqq şüarlarla batilə qulluq edirdilər”.

Əgər “Əməlsiz iman yoxdur” qaydası təfsilatsız tətbiq edilsə, artıq xavariclərin yoluna yönəlmiş olarıq, çünki, xavariclərin əsas qaydası “əməl getsə, iman da gedir” sözüdür. Bu qaydaya əsasən də böyük günah sahiblərini təkfir edirdilər.

“Əməlsiz iman yoxdur” qaydasını sələflər ümumən işlədib. Necə ki, Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Biriniz özü üçün istədiyini (mü­­səl­man) qardaşı üçün istəmədikcə, iman etmiş olmaz”. (əl-Buxari, 13).

Bu məntiqlə yanaşsaq, o zaman belə çıxır ki, özünə istədiyini qardaşına istəməyən kafirdir. Lakin, burada məqsəd imanın kamil olmamasıdır.

Sələflərdən heç kim bu qaydanı avam müsəlmanları təkfir etmək üçün təfsilatsız işlətməmişdir. Onlar təkfir etmək istədikləri insanın hansı əməlinin olmamasına baxmışlar. Düzgünlük, sədaqət, iffət, namus, halal yemək, əxlaq, namaz, oruc, zəkat, həcc - bunlardan hansının olmamasına baxmışlar? Məhz bunun üçün də Sələflər imana kamil tərif qoymuşlar: “İman günahla azalır, itaətlə çoxalır. İman yetmişdən artıq şöbədən ibarətdir. İmanın ən üstünü “Lə İləhə İlləllah” kəlməsidir. Ən zəifi isə yoldakı maneəni aradan qaldırmaqdır. Amma “Əməlsiz iman yoxdur” qaydasını təfsilatsız gətirmək sələflərdə olmayıb. Çünki, diqqət yetirsək alimlər “İman günahla azalır” dedilər . Demədilər ki, iman - günahla, yəni əməli tərk etməklə yox olur. “Əməlsiz iman yoxdur” qaydasını qeydsiz-şərtsiz götürmək - imanın tərifinə zidd gəlir.

Əhli-Sünnənin alimləri namazdan başqa heç bir əməli tərk etməyin insanı dindən çıxartması barəsində mötəbər ixtilaf etməyib. Bu məsələlərə ən ciddi yanaşanlardan biri Şeyx İbn Baz (Allah ona rəhm etsin) olmuşdur, lakin o da Zəkatı, Orucu, Həcci tərk etməyi dindən çıxardan amil saymamış, böyük günah hesab etmişdir.

Mövzular: