“Hüccəti başa düşmək vacib deyil” şübhəsi

English

Bəziləri Qurani-Kərimdən bu ayələri şübhə olaraq dəlil gətirir və deyirlər ki, Uca Allah hüccəti başa düşmədikləri halda onları kafir saymışdır. Yəni, dəlili başa düşmək şərt deyil.

Uca Allah buyurur: “Yoxsa elə hesab edirsən ki, onların əksəriyyəti eşidəcək və ya anlayacaq? Onlar heyvan kimidirlər, hətta, haqq yoldan onlardan daha çox uzaqlaşmışlar” (əl-Furqan, 44).

Ey iman gətirənlər! Sizdən əvvəl Kitab verilənlərdən dininizi ələ salıb oyun-oyuncaq hesab edənləri və kafirləri özünüzə dost tutmayın. Əgər möminsinizsə, Allahdan qorxun. Siz namaza çağırdığınız zaman onlar onu məsxərəyə qoyub oyun-oyuncaq sayarlar. Bu ona görədir ki, onlar düşüncəsiz bir camaatdır” (əl-Maidə, 57-58).

Onlara Tövrata əməl etmək tapşırıldıqdan sonra ona əməl etməyənlər belində çoxlu kitab daşıyan, amma onlardan faydalana bilməyən uzunqulağa bənzəyirlər. Allahın ayələrini yalan sayan adamların nümunəsi necə də pisdir. Allah zalım adamları doğru yola yönəltməz” (əl-Cumuə, 5).

İbn Kəsir (Allah ona rəhm etsin) deyir: “Eşşəyin fəhmi yoxdur. Onların isə fəhmi var, lakin onlar öz ağıllarını xeyrə işlətməyiblər”. Bu dəlillər göstərir ki, onlar başa düşmək istəməyib, üz döndəriblər. Bu, o demək deyil ki, onlar Allahın xitabını düzgün başa düşməyiblər. Uca Allah buyurur:

Onlar dedilər: “Ey Şueyb! Biz sənin dediklərinin çoxunu anlamırıq və səni aramızda zəif görürük. Əgər qəbilən olmasaydı, səni daşqalaq edərdik. Sən bizim üçün heç də böyük bir adam deyilsən”. (Hud, 91).

Bəzi qardaşlarımız bu və bunun kimi ayələri dəlil gətirərək, hüccət qaldırılarkən qarşı tərəfin sənin qəsdini başa büşüb düşməməsinin heç bir mahiyyəti və önəmi olmadığını irəli sürürlər. Çünki, Şueyb (Allahın ona salamı olsun) onlara başa salmağa çalışırdı, onlar isə başa düşmürdülər. Başa düşməməkləri onlara üzür olmadı və onlara bəla gəldi.

Şübhəyə cavab: 

Şeyx əl-Albani (Allah ona rəhm etsin) belə buyurur: “Fikirləşin, belə bir şey ola bilərmi ki, Allah bir xalqa peyğəmbər göndərsin və onun xalqı da onu başa düşməsin. Əgər belə bir şey olsaydı, onda elçilərin göndərilməyinin bir hikməti qalmazdı. Allahın peyğəmbərləri öz qövmlərinin içərisindən seçməsi, peyğəmbərlərin öz qövmlərinin dilində danışması onların başa düşməsi üçün deyildimi?!

İbn əl-Useymin (Allah ona rəhm etsin) belə buyurur: “Bu onların yalandan gətirdikləri iddialar idi. Nəcə ki, bəzi insanlar başa düşmək istəmədiklərində belə ifadələr işlədirlər; “Bu mən başa düşən şey deyil”. Əslində onlar peyğəmbərlərin haqq olduğunu bilirdilər”.

Birincisi, əvvəla, bu ayələrin təfsirlərinə baxdığımız zaman heç bir təfsir kitabı şəhadət gətirdikdən sonra cahilliyinə görə şirkə və küfrə düşən kimsəni “təkfir etmək üçün onun haqqı başa düşüb-düşməməsi önəmli deyil” mənasını daşıyan təfsir verməmişlər. Müsəlman üçün “Fəhmul-Huccənin” yəni, hüccətin başa düşməsinin şərt olmamasını deməmişlər. Bu minvalla son üç əsrə qədər bu ayələri müsəlman üçün hüccətin başa düşməsinin şərt olmamasına heç kimsə dəlil gətirməyib.

İkincisi, Uca Allah hüccəti başa düşmədikləri halda onları kafir sayması həqiqətdir. Bir qövm nəyə nisbət olunursa, elə də adlandırılır. Hətta müşriklərin içərisində dəli, kar və kor da olsa bizə görə onlar kafir sayılırlar. Axirət hökmləri isə Allaha aiddir.

Alimlər müamilə baxımından müsəlmanı kafirdən ayırmaq üçün “hüccətin qaldırılması” maneəsini kafirlər üçün deyil müsəlmanlar üçün qoymuşlar. Bunun üçün də bu qaydanın üstündən xətt çəkmək istəyənlərin kafirlərə aid olan ayələri dəlil gətirmələri düzgün deyil. Bu qayda icma ilə kafirlərin bilməyənlərinə tətbiq olunmur. Yəni, heç bir alim deməyib ki, hüccəti başa düşmədiyinə görə sən inəyə ibadət edənə kafir və ya müşrik deyə bilməzsən.

Ayələri niyə belə bir üslubda yazılmasının və ifadə olunmaslnın hikmətinə gəldikdə isə İmam Şovkani (Allah ona rəhm etsin) “Yoxsa elə hesab edirsən ki, onların əksəriyyəti eşidəcək və ya anlayacaq? Onlar heyvan kimidirlər, hətta, haqq yoldan onlardan daha çox uzaqlaşmışlar” (əl-Furqan, 44) təfsirində buyurur: “Müşriklər faydalanmaq, mənfəət əldə etmək baxımından yalnız heyvan kimidirlər. Bu, o demək deyil ki, onlar dərk etmirdilər. Onlar dərk edirdilər, lakin dərk etdikdən sonra üz döndərirdilər, əməl etmədikləri üçün onlar kar, kor və heyvan kimidirlər”. ("Fəthul-Qadir" 5/ 280).

Mövzular: