"Nəcaşinin dövründə şəriət kamil deyildi, ona görə də o müsəlman sayılırdı" şübhəsi

English

Şübhə ataraq deyirlər ki, Nəcaşinin vaxtında şəriət kamil deyildi, ona görə o xristianlıqla hökm versə də, namaz qılmasa da, yalnız etiqad etməklə müsəlman olmuşdu. İndi isə şəriət kamildir və namaz qılmayan, Allahın hökmü ilə hökm verməyən kafirdir.

Şübhəyə cavab: 

O vaxt bizim indiki kimi şəriət kamil deyildisə də, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) etdiyi təbliğin özü o dövr üçün şəriətin kamil olması sayılırdı, yəni o vaxt üçün kamillik tövhidin iqrarı, təsdiqi idi.

Nəcaşinin (Allah ona rəhm etsin) Allahdan başqasının hökmü ilə hökm verməsi haqda:

Allahın hökmü haqda səhabələrin vaxtından bu günə kimi böyük alimlər danışıb. Səhabələrdən heç kim bu ayənin “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir” (Maidə, 44) Allahın hökmündən başqası ilə hökm etməyi halal saymayana qədər o insanın böyük küfr etməsini – yəni kafir olmasını deməmişlər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu ayəni təfsir edən İbn Abbas (Allah ondan razı olsun) haqda deyib:

Rəvayət edilir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Allahım, ona Kitabı (Quranı) öyrət!” (əl-Buxari, 3756).

Diqqət edin! Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dua etdiyi İbn Abbas (Allah ondan razı olsun) bu ayə haqda nə deyib:

Əli ibn Əbu Talhə (Allah ona rəhm etsin) rəvayət edir ki, İbn Abbas (Allah ondan razı olsun) Maidə surəsinin 44-cü ayəsi haqqında belə buyurdu: “Kim Allahın endirdiyini inkar edərsə, artıq küfr etmiş olur. Kim Allahın endirdiyini iqrar edərsə, lakin onunla hökm verməzsə - zalım və ya fasiq olar”. (ət-Tabəri “Təfsir”, 6/ 166; əl-Albani həsən olduğunu bildirmişdir).

Tavus (Allah ona rəhm etsin) rəvayət edir ki, İbn Abbas (Allah ondan razı olsun) “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir”- ayəsi haqqında belə dedi: “Bu sizin başa düşdüyünüz böyük küfr deyildir”. (İmam Mərvəzi “Təazimu Qadrus-Saləh”, 2/ 522, 574; əl-Albani “Silsilətul-Əhədisis-Sahihə”, 6/ 114).

Digər rəvayətdə buyurur: “Ayədə qəsd olunan küfr, insanı İslamdan çıxarmayan küfrdür”. (İmam Mərvəzi “Təazimu Qadrus-Saləh”, 2/ 522, 575; əl-Albani “Silsilətul-Əhədisis-Sahihə”, 6/ 114).

Başqa bir rəvayətdə isə belə buyurur: “Orada olan küfr Allaha, mələklərinə, kitablarına, Rəsullarına olan küfr kimi deyildir". (Yəni, İslamdan çıxartmayan küfrdür). (İmam Mərvazi “Təazimu Qadrus-Saləh”, 2/ 521, 570. İsnadı səhihdir).

Bunun əksini deyən Peyğəmbərə (salləllahu aleyhi və səlləm) və səhabələrə müxaliflik etmiş olur.

Namaz qılmayanın kafir olub-olmaması haqda səhabələr arasında icma olmayıb. Lakin, onlardan sonra gələn əksər elm əhli vacibliyinə inanaraq namaz qılmayanı kafir görməmişlər. Namaz qılmayanın hökmü haqda buradan oxuyun:

Səhabələr namaz qılmayanın kafir olmasında icma etmişdilərmi?

Dəlillər namaz qılmayanın kafir olmamasına sübutdur

Namaz qılmayana kafir adı verilən hədisləri necə başa düşməliyik?

Alimlərin namaz qılmayan barədə sözləri

Mövzular: