Namazı tərk edəni kafir saymayanlar belə demişlər: “İslama girməklə insan üçün İslam hökmü sabit olmuşdur, yəni yəgin olaraq ona müsəlman hökmü verilmişdir. Belə bir insanı ancaq yəgin bir məlumata dayanaraq İslamdan çıxartmaq olar”.
Ubədə ibn Samit (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Kim Allahdan başqa heç bir məbudun olmadığına, Onun Tək olduğuna və heç bir şəriki olmadığına, Muhəmmədin Onun qulu və elçisi olduğuna, İsanın Allahın qulu, elçisi, Məryəmə göndərdiyi kəlməsi və Onun ruhundan olduğuna, Cənnətin haqq, Cəhənnəmin də haqq olduğuna şahidlik etsə, nə əməl etmiş olursa-olsun, Allah onu Cənnətə daxil edər”. (əl-Buxari, 3435).
Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Muazla birlikdə dəvənin tərkində ikən: “Ey Muaz!”- deyə çağırdı. (Muaz): “Buyur, əmrinə müntəzirəm, ey Allahın Elçisi!”- deyə cavab verdi. (Peyğəmbər - salləllahu aleyhi və səlləm) yenə: “Ey Muaz!”- deyə çağırdı. O: “Buyur, əmrinə müntəzirəm, ey Allahın Elçisi!”- deyə cavab verdi. Bu hal üç dəfə təkrar olduqdan sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Allahdan başqa həqiqi məbudun olmadığına və Muhəmmədin Allahın elçisi olduğuna sidq ürəkdən şəhadət verən elə bir kəs yoxdur ki, Allah ona Cəhənnəm odunu haram etməsin”. (Muaz) dedi: “Ey Allahın Elçisi! Bunu insanlara xəbər verimmi ki, sevinsinlər?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Belə olduğu təqdirdə (buna) arxayın olacaqlar”. Muaz (Allah ondan razı olsun) günaha batacağından qorxub ölümündən qabaq bu haqda (insanlara) xəbər verdi”. (əl-Buxari, 128).
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, mən (Peyğəmbərdən - salləllahu aleyhi və səlləm): “Ey Allahın Elçisi! Qiyamət günü sənin şəfaətin sayəsində ən böyük səadətə çatan adam kim olacaq?”– deyə soruşdum. Allah Elçisi (salləllahu aleyhi və səlləm) dedi: “Ey Əbu Hureyra! Mən sənin hədis öyrənməyə olan hərisliyini görüb düşünürdüm ki, səndən əvvəl heç kəs bu hədis barəsində məndən soruşmayacaq. Qiyamət günü mənim şəfaətim sayəsində ən böyük səadətə çatanlar, səmimi-qəlblə “lə iləhə illəllah”– deyən kimsələr olacaq”. (əl-Buxari, 99).
Auf ibn Məlik (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: “Rəbbimin dərgahından bir mələk yanıma gəlib ümmətimin yarısını Cənnətə salmaq və ya şəfaət etmək seçimi arasında mənə ixtiyar verdi. Mən də şəfaəti seçdim. Bu şəfaət Allaha heç bir şeyi şərik qoşmadan ölənlərə aiddir”. (ət-Tirmizi, 2441, 2628. əl-Albani səhih olduğunu bildirmişdir).
İbn Muheyriz belə rəvayət edir: “Bənu Kinəndən əl-Muxdaci adlanan bir adam, Şamda Əbu Muhəmməd adlanan birinin “Şübhəsiz vitr vacibdir” dediyini eşitdi. əl-Muxdaci dedi: “Ubadə ibn Samitin (Allah ondan razı olsun) yanına gedib bunu ona xəbər verdim. Ubadə (Allah ondan razı olsun) dedi: “Əbu Muhəmməd yalan dedi. Mən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini eşitmişəm: “Allah beş vaxt namazı qullarına vacib etdi. Hər kim bu namazları qılarsa və onların haqqını dəyərsiz edərək zay etməzsə, Allah onu Cənnətə salacağını vəd etmişdir. Kim bunları yerinə yetirməzsə, onun üçün Allah qatında hər hansı bir vəd yoxdur. İstərsə ona əzab verər, istərsə onu Cənnətə daxil edər”. (Əbu Davud, 1420, 1422; ən-Nəsai, 461; əd-Dərimi “Sunən” 1577; əd-Dərimi “Musnəd” 1268; Malik, 268, 400; Əhməd, 22745, 22693, 23069. əl-Albani və Şueyb əl-Arnavut səhih olduğunu bildirmişdir).
Muaz ibn Cəbəl (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Allahdan başqa haqq ilahın olmadığına, mənim də Onun Elçisi olduğuna qəlbən, tam yəqinliklə şəhadət edərək ölən elə bir kimsə yoxdur ki, Allah onu bağışlamasın”. (İbn Məcə, 3796. əl-Albani həsən səhih olduğunu söyləmişdir).
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: “Səmimi qəlbdən “lə iləhə illəllah” deyən elə bir qul yoxdur ki, böyük günahlardan çəkindiyi müddətdə göyün qapıları onun üçün açılmasın və o kəlmə Ərşə çatmasın”. (ət-Tirmizi, 3590. əl-Albani hədisin həsən olduğunu bildirmişdir).
Muaz ibn Cəbəl (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Kimin son kəlməsi “lə iləhə illəllah” olarsa, Cənnətə girər”. (Əbu Davud, 3116. əl-Albani səhih olduğunu bildirmişdir).
Osman (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: “Hər kim Allahdan başqa haqq ilahın olmadığını bildiyi halda ölərsə, Cənnətə girər”. (Muslim, 136).
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: “Kim ömründə bir gün belə “lə iləhə illəllah” deyərsə, bundan öncə nə etməsinə baxmayaraq ona fayda verər”. (əl-Bəzzar, 8292. əl-Albani “Sahihul-Cəmius-Sağir”də (№ 6434) və “Silsilətul-Əhədisis-Sahiha”da (№ 1932) səhih olduğunu bildirmişdir).
Usamə ibn Zeyd (Allah ondan razı olsun) demişdir: “Bir dəfə Allah Elçisi (salləllahu aleyhi və səlləm) bizi Cuheynədəki Huraqatın üstünə göndərdi. Biz səhərə yaxın düşmənə hücum etdik və onları məğlubiyyətə uğratdıq. (Orada) mən ənsardan olan bir (mücahidlə) kafirlərdən birini haqladıq. Biz onun başının üstünü aldıqda o: “Lə iləhə illəllah!”- dedi. (Bunu eşidəndə) ənsardan olan qardaşım ona dəymədi. Mən isə nizəmlə onu vurub öldürdüm. Biz Mədinəyə gəldikdə hadisəni Peyğəmbərə (salləllahu aleyhi və səlləm) danışdılar. Peyğəmbər (salləllahu aleyhi və səlləm) mənə dedi: “Ey Usamə! O: “Lə ilahə illəllah” deyəndən sonra sən onu öldürdün?!” Dedim: “Ey Allahın Elçisi! O, (canını) qurtarmaq üçün belə etdi”. (Mən dedim: “Ey Allahın Elçisi! O bunu silahdan qorxduğuna görə dedi”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu dedi: “Məgər sən onun qəlbini yardın ki, biləsən o bunu (ürəkdən) deyib, yoxsa yox?”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “O: “Lə ilahə illəllah” deyəndən sonra sən onu öldürdün?!” Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu sözü mənə o qədər təkrar etdi ki, nəhayət, mən (öz-özümə): “Kaş mən bu gündən öncə İslamı qəbul etmiş olmayaydım”- deyə təmənna etdim”. (Muslim, 278, 287).
Abdullah ibn Amr ibn əl-As (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: “Ümmətimdən olan bir kişi Qiyamət günü məxluqatın qarşısına çağırılacaq və ona doxsan doqquz ədəd kitab göstəriləcək. Hər bir kitabın ölçüsü gözün gördüyü son məsafəyə qədər olacaq. Sonra Uca Allah buyuracaq: “Bunlardan birini inkar edə bilərsənmi?” O: “Xeyr, ey Rəbbim!”- deyə cavab verəcək. Allah buyuracaq: “(Əməlləri) yazan gözətçi mələklərim sənə zülm ediblərmi? Bu qədər kitabın qabağında sənin savabın ola bilərmi?” O, qorxu içində: “Xeyr!”- deyə cavab verəcək. Allah buyuracaq: “Əksinə, dərgahımızda sənin üçün savab vardır. Odur ki, bu gün sənə zülm edilməyəcək”. Bu vaxt onun qarşısına içində “əşhədu əl-lə iləhə illəllah və ənnə Muhəmmədən abduhu və rəsuluhu” yazılmış bir kağız parçası qoyulacaq. O deyəcək: “Ey Rəbbim! Bu qədər kitabın qabağında bu kağız parçası nə fayda verə bilər?” Allah buyuracaq: “Sənə zülm olunmayacaq!” Sonra kitablar tərəzinin bir gözünə, kağız parçası isə digər gözünə qoyulacaq və bu kağız parçasının ağırlığından o kitablar havaya qalxacaq”. (ət-Tirmizi, 2639. əl-Albani hədisi səhih olduğunu bildirmişdir).
Digər rəvayətdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Mən dördüncü dəfə qayıdıb həmin həmd-sənalarla Allaha təriflər deyəcəyəm və Onun qarşısında səcdəyə qapanacağam. Onda mənə deyiləcək: “Ey Muhəmməd! Başını qaldır, danış, sənə qulaq asılacaq, istə, sənə istədiyin veriləcək, havadarlıq et, havadarlığın qəbul olunacaq.” Mən deyəcəyəm: “Ey Rəbbim! Mənə izn ver: “Lə ilahə illəllah!”– deyən kimsələrə (şəfaətçi) olum.” Allah buyuracaq: “Mənim izzətimə, əzəmətimə, böyüklüyümə və ululuğuma and olsun ki, Mən: “Lə ilahə illəllah!”– deyən kəsləri oddan çıxardacağam”. (əl-Buxari, 7510).
Mahmud ibn Rabi əl-Ənsari (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) əshabəsi və Bədr döyüşünün ənsardan olan iştirakçısı İtban ibn Malik Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: “Ya Rəsulallah! Mənim gözlərim zəifləyib. Özüm də qövmümə namaz qıldırıram. Yağış yağdığı zaman mənimlə onların arasında olan vadini su basır deyə, məscidlərinə gedib onlara namaz qıldıra bilmirəm. Ya Rəsulullah! Mən istəyirəm ki, sən bizim evə gəlib orada namaz qılasan, mən də həmin yeri namazgah edim.” Peyğəmbər (salləllahu aleyhi və səlləm) ona: “Allahın izni ilə, mən (bunu) edərəm!”- dedi. İtban (Allah ondan razı olsun) dedi: “Ertəsi gün səhər tezdən Peyğəmbər (salləllahu aleyhi və səlləm) Əbu Bəkrlə birlikdə bizə gəldilər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) evə girməyə izn istədi, mən də ona izn verdim. Evə girdikdə oturmadan dərhal soruşdu: “Evin harasında namaz qılım?” İtban (Allah ondan razı olsun) dedi: “Mən ona evimdə bir yer göstərdim. Peyğəmbər (salləllahu aleyhi və səlləm) orada durub “Allahu Əkbər”- dedi (və namaz qılmağa başladı). Biz də onun arxasında cərgəyə durduq. O, iki rükət namaz qıldı və salam verib (namazı bitirdi)”. İtban (Allah ondan razı olsun) dedi: “Biz Peyğəmbəri (salləllahu aleyhi və səlləm) bir qədər yubatdıq ki, onun üçün hazırladığımız xəzirəni (yemək növü) yeyə bilsin. Bu yerin əhalisindən bir çoxları (Peyğəmbərin (salləllahu aleyhi və səlləm) gəlişindən xəbər tutan kimi) gəlib evə doluşdular. Onlardan biri soruşdu: “Malik ibn Duxşun haradadır?” Oradakılardan biri dedi: “O, münafiqdir, Allahı və Onun Elçisini sevmir”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Belə demə! Məgər sən bilmirsən ki, o, Allahın Üzünü diləyərək “Lə ilahə illəllah”- demişdir?” (O adam) dedi: “Allah və Onun Elçisi daha yaxşı bilər!” İtban (Allah ondan razı olsun) dedi: “Biz onun münafiqlərə qarşı (mehriban) mövqedə olduğunu və onlara məsləhət verdiyini görürük.” Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Allah, həqiqətən də, Onun Üzünü diləyərək “Lə ilahə illəllah” deyən kimsəyə, Cəhənnəm odunun toxunmasını haram etmişdir”. (əl-Buxari, 425). “Səhabələr buna sevindikləri kimi heç bir şeyə sevinməmişdilər”. (Əhməd, 16484, 16531, 16598).
Əbu Zərr (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) Bəqi qəbristanlığına tərəf getdi. Mən də onun dalınca getdim. O, arxaya dönüb məni gördükdə dedi: “Ey Əbu Zərr!” Mən dedim: “Canım sənə fəda olsun, (ey Allahın Elçisi!) Buyur əmrinə müntəzirəm!” O dedi: “(Bu dünyada var-dövlətini) çoxaldanlar Qiyamət günü (savabı) azaldanlardır. Yalnız, “buna bu qədər, ona bu qədər xərcləyin” deyənlər müstəsnadır”. Mən dedim: “Allah və Onun Elçisi daha yaxşı bilir”. O: “Ona bu qədər” sözünü üç dəfə təkrar etdi. Sonra qarşımıza Uhud dağı çıxdı. O dedi: “Ey Əbu Zərr!” Mən dedim: “Canım sənə fəda olsun, (ey Allahın Elçisi!) Buyur, əmrinə müntəzirəm!” O dedi: “Uhud dağının Muhəmməd ailəsi üçün qızıl olub bir gecə onların yanında ondan bircə qızıl, yaxud bircə misqal qalması məni sevindirməz”. Sonra qarşımıza bir vadi çıxdı. Allah Elçisi (salləllahu aleyhi və səlləm) qabağa keçdi. Mən onun subaşına çıxmaq istədiyini zənn etdim. Ona görə də bir kənarda oturub onu gözlədim. Onun qayıtmağı gec oldu. Mən onun başına bir iş gəlməsindən qorxdum. Sonra onun səsini eşitdim, sanki kiminləsə pıçıldaşırdı. Mənim yanıma isə tək gəldi. Mən soruşdum: “Ey Allahın Elçisi! Sən kiminlə pıçıldaşırdın?” O soruşdu: “Sən bunu eşitdinmi?” Mən: “Bəli!”- deyə cavab verdim. O dedi: “Bu Cəbrail idi. Gəlmişdi mənə müjdə versin ki, ümmətimdən hər kim Allaha şərik qoşmadığı halda ölsə, Cənnətə daxil olacaq”. Mən dedim: “Zina etsə, oğurluq etsə də belə?” (Cəbrail): “Bəli!”- dedi”. (əl-Buxari “Ədəbul-Mufrad” 803. əl-Albani səhih olduğunu bildirmişdir).
Ənəs ibn Məlik (Allah ondan razı olsun) demışdir: “Allah Elçisi (salləllahu aleyhi və səlləm) bir yerə sübh açıldıqda hücum edərdi. (Ora yaxınlaşıb) qulaq asar, azanı eşitsəydi, hücum etməzdi. Əks təqdirdə isə hücum edərdi. Bir kişinin: “Allahu Əkbər, Allahu Əkbər”- dediyini eşitdi və belə buyurdu: ”O fitrət üzərindədir”. Sonra belə dedikdə: “Əşhədu ənlə iləhə illəllah, əşhədu ənlə iləhə illəllah (Allahdan başqa haqq ilahın olmadığına şəhadət edirəm)”. O, belə buyurdu: “Oddan qurtuldu”. Baxdıqları vaxt onun bir çoban olduğunu gördülər”. (Muslim, 873).
Əbu Hureyra (Allah ondan razı olsun) uzun bir hədisin sonunda Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə buyurduğunu rəvayət edir: “Mən şahidlik edirəm ki, Allahdan başqa həqiqi məbud yoxdur və mən Allahın elçisiyəm! Bu iki (şəhadət kəlməsinə) şəkk etməyərək bunlarla Allaha qovuşan hər bir bəndə mütləq Cənnətə girəcəkdir”. (Muslim, 139).
Ubədə ibn Samit (Allah ondan razı olsun) deyir: “...Mən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini eşitmişəm: “Kim Allahdan başqa həqiqi məbudun olmadığına və Muhəmmədin Onun Elçisi olduğuna şahidlik etsə, Allah Cəhənnəm odunu ona haram edər”. (Muslim, 142).
Əbu Hureyra (Allah ondan razı olsun) demişdir: “(Bir dəfə) biz bir dəstə adamla Peyğəmbərin (salləllahu aleyhi və səlləm) ətrafında oturmuşduq. Əbu Bəkr və Ömər (Allah onlardan razı olsun) də bizimlə idi. Bu vaxt Peyğəmbər (salləllahu aleyhi və səlləm) aramızdan qalxıb getdi və (geri qayıtmaqda) bir qədər ləngidi. Biz onun başına bir iş gələcəyindən qorxub təşvişə düşdük və (dərhal hamımız) ayağa qalxdıq. (Hamıdan) əvvəl mən narahat oldum və qalxıb onu axtarmağa getdim. Nəhayət, ənsardan olan Nəccar oğullarının bostanına gəldim. Bostanın ətrafına hərləndim ki, bəlkə bir qapı tapıb (oraya girim), amma tapa bilmədim. Bir də baxdım ki, çöldəki su quyusundan bostanın içinə bir arx gedir. Mən yerə yatıb (tülkü kimi) sürünərək Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına daxil oldum. Peyğəmbər (salləllahu aleyhi və səlləm): “Əbu Hureyradırmı?”– deyə soruşdu. Dedim: “Bəli, ey Allahın Elçisi!” Soruşdu: “Sənə nə olub?” Dedim: “Sən aramızdan qalxıb getdin və bir qədər ləngidin deyə, başına bir iş gələcəyindən qorxub təşvişə düşdük. Hamıdan əvvəl mən narahat oldum, qalxıb bu bostana gəldim və yerə yatıb tülkü kimi sürünərək bura daxil oldum. Oradakı camaat da arxamca gəlir”. Peyğəmbər (salləllahu aleyhi və səlləm): “Ey Əbu Hureyra!”– deyib başmaqlarını mənə verdi və dedi: “Götür apar bu başmaqlarımı! Bu bostanın çölündə, Allahdan başqa həqiqi məbudun olmadığına şahidlik gətirən və yəqinliklə buna inanan kəsə rast gəlsən, onu Cənnətlə müjdələ”. Mənim ilk rast gəldiyim adam Ömər oldu. O soruşdu: “Bu nə nəleyinlərdir, ey Əbu Hureyra?” Dedim: “Bu, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) nəleyinləridir. Bunları mənə verərək göndərib ki, Allahdan başqa həqiqi məbudun olmadığına şahidlik gətirən və yəqinliklə buna inanan hər kəsi Cənnətlə müjdələyim”. (Bunu eşidəndə) Ömər sinəmə bir zərbə vurdu və mən arxası üstə yerə dəydim. Sonra (mənə): “Geri dön, ey Əbu Hureyra!”– dedi, mən də Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına qayıtdım. Mən az qala ağlayacaqdım. Ömər də arxamca gəlirdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) məndən: “Sənə nə olub, ey Əbu Hureyra?”– deyə soruşdu. Dedim: “Mən Ömərə rast gəldim və sənin mənə tapşırdığını ona xəbər verdim. (Buna rəğmən) o mənim sinəmə bir zərbə vurdu və mən arxası üstə yerə düşdüm. (Sonra mənə): “Geri dön!”– dedi”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) ondan: “Ey Ömər, bunu etməyə səni nə vadar etdi?”– deyə soruşdu. Ömər dedi: “Atam-anam sənə fəda olsun, ey Allahın Elçisi! Doğrudanmı, sən nəleyinlərini Əbu Hureyraya verib göndərmisən ki, Allahdan başqa həqiqi məbudun olmadığına şahidlik gətirən və yəqinliklə buna inanan hər kəsi Cənnətlə müjdələsin?” Peyğəmbər (salləllahu aleyhi və səlləm): “Bəli”- deyə cavab verdi. Ömər dedi: “Belə etmə, (ey Allahın Elçisi)! Düzü, mən insanların buna arxayın olacağından qorxuram. Burax onları, (yaxşı) işlər görməyə çalışsınlar”. Peyğəmbər (salləllahu aleyhi və səlləm): “Yaxşı, qoy çalışsınlar!”- deyə buyurdu”. (Muslim, 147).
Sudə əl-Murriyyə (Allah ondan razı olsun) rəvayət edir ki, bir gün Ömər (Allah ondan razı olsun) Allah Elçisinin (salləllahu aleyhi və səlləm) vəfatından sonra Talhənin (Allah ondan razı olsun) yanından keçərkən onu kədərli görüb dedi: “Nəyə görə kədərlisən? Əmin oğlunun (Əbu Bəkrin) hakimiyyətə gəlməsi səni kədərləndirdi?” Talhə (Allah ondan razı olsun) dedi: “Xeyr, lakin mən Allah Elçisinin (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: “Həqiqətən, mən elə bir kəlmə bilirəm ki, onu ölüm vaxtı deyən elə bir kimsə yoxdur ki, onun əməl dəftəri nurlanmasın, onun bədəni və ruhu buna görə rahatlıq tapmasın”. Amma mən o kəlməni ondan vəfat edənə qədər soruşmadım”. Ömər (Allah ondan razı olsun) dedi: “Mən o kəlməni bilirəm! O, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) əmisinə təklif etdiyi (tövhid kəlməsidir). Əgər Peyğəmbər (salləllahu aleyhi və səlləm) əmisini oddan xilas edə bilən daha yaxşı bir şey bilsəydi, onu əmr edərdi”. (İbn Məcə, 3795, 3927. əl-Albani səhih olduğunu bildirmişdir).
Huzeyfə ibn əl-Yəmən (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: “Paltarın naxışı köhnəlib silindiyi kimi İslam dini də (yer üzərindən) silinib gedəcək, hətta orucun, namazın, həcc və sədəqənin nə olduğu bilinməyəcək. Bir gecədə Allahın U Kitabı qaldırılacaq və yer üzündə ondan bir ayə belə qalmayacaq. Çox yaşlı kişilər və qadınlardan olan insanlar qalacaq və onlar belə deyəcəklər: “Biz atalarımızdan bu “lə iləhə illəllah” kəlməsini eşitmişik və biz də onu söyləyirik”. Huzeyfə ibn Yəmən bu hədisi rəvayət edtikdə orada olan Sila ona dedi: “Namazın, orucun, həccin və sədəqənin nə olduğunu bilmədikləri halda “lə iləhə illəllah” kəlməsi onları (Cəhənnəm əzabindan) qurtara bilərmi?” Huzeyfə Silanın bu sualını cavabsız buraxıb ondan üzünü çevirdi. Sonra Sila bu sualı Huzeyfəyə üç dəfə təkrar etdi. Hər dəfə də Huzeyfə ondan üz çevirirdi. Nəhayət Huzeyfə Silaya tərəf dönüb üç dəfə: “Ey Sila! (Bu kəlmə) onları oddan xilas edəcək!”- dedi”. (İbn Məcə, 4049, 4185. əl-Albani səhih olduğunu bildirmişdir).
Amr ibn Murra əl-Cuhəni (Allah ondan razı olsun) rəvayət edir ki, Qudaa qəbiləsindən olan bir kişi Allah Elçisinin (salləllahu aleyhi və səlləm) yanına gələrək soruşdu: “Ey Allahın Elçisi! De görüm, əgər mən Allahdan başqa həqiqi məbudun olmadığına, sənin Allahın Elçisi olduğuna şəhadət etsəm, beş vaxt namazı qılsam, Ramazan ayını oruc tutub ibadətlə keçirsəm və zəkat versəm (nə əldə edərəm)?” Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: “Kim bu əməllər üzrə ölərsə, o, sidq ürəkdən inananlardan və şəhidlərdəndir”. (İbn Xuzeymə, 2212. əl-Albani “Sahihut-Tərğib vət-Tərhib”də (№ 749) səhih olduğunu bildirmişdir).
Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: “Mən Uca Rəbbimə durmadan şəfaət edəcəyəm, O da şəfaətimi qəbul edəcək. Mən şəfaət etməyə davam edəcəyəm, O da şəfaətimi qəbul edəcək, hətta mən deyəcəyəm: “Ey Rəbbim! Məni “lə iləhə illəllah” deyən kimsələrə şəfaətçi et”. Allah buyuracaq: “Ey Muhəmməd, bu nə sənə, nə də bir kimsəyə məxsus deyildir. Bu Mənə məxsusdur. İzzətimə, Əzəmətimə və Mərhəmətimə and olsun ki, Mən “lə iləhə illəllah” deyən kəsləri odun içində buraxmayacağam”. (İbn Əbu Asim, 685. əl-Albani “Ziləlul-Cənnə”də (№ 828) səhih olduğunu bildirmişdir).
Amr ibn Şueyb atasından, o da Amrın babasından (Abdullah ibn Amrdan) rəvayət edir: “Allah Elçisi (salləllahu aleyhi və səlləm) Təbuk döyüşü olan ili gecə qalxıb namaz qılırdı və səhabələrindən bir dəstə onu qorumağa toplaşdılar. Nəhayət, namazını qurtardıqdan sonra onlara üz tutub buyurdu: “Bu gecə mənə məndən əvvəlki peyğəmbərlərdən heç birinə verilməyən beş xislət verildi. Məndən öncəki peyğəmbərlər yalnız öz qövmünə göndərildiyi halda, mən bütün insanlara göndərildim. (Düşmənin qəlbinə salınan) qorxu ilə mənə yardım edilir, hətta mənimlə onlar arasında bir aylıq məsafə olsa belə qəlbləri qorxu ilə dolar. Mənə qənimətlər halal edildi, halbuki məndən əvvəlkilər qənimətləri götürməyi haram sayardılar, onlar qənimətləri (bir yerə toplayıb) yandırırdılar. Mənim üçün hər yer səcdəgah və təmizləyici edildi. Harda namazın vaxtı girsə, təyəmmüm edib namaz qıla bilərəm. Məndən əvvəlkilər isə bunu etməyi haram görürdülər. Onlar yalnız kilsələrdə və məbədlərdə namaz qılırdılar. Beşincisi, olduğu kimidir. (Qiyamət günü) mənə: “İstə”- deyiləcək. Həqiqətən, hər bir peyğəmbərin istəyi olmuşdur, mən isə istəyimi Qiyamət günü sizin və “lə iləhə illəllah” şəhadət verən kəslər üçün saxlamışam”. (Əhməd, 7068. əl-Albani “Sahihut-Tərğib vət-Tərhib”də (№ 3634) həsən olduğunu bildirmişdir).
Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, Allahın Peyğəmbəri (salləllahu aleyhi və səlləm) demişdir: “Həqiqətən, mən (Qiyamət günü) ayaq üstə ümmətimin sirat körpüsünün üstündən keçməyini gözlədiyim zaman İsa yanıma gəlib deyəcək: “Ey Muhəmməd! Bu peyğəmbərlər sənin yanına gəlib, sənə şikayət edir və Allaha dua edirlər ki”- və ya -“yanına toplanaraq Allaha dua edirlər ki, ümmətlərin halı çox dəhşətli olduğu üçün Allah onları bir-birindən ayırıb istədiyi yerə (Cənnətə və ya Cəhənnəmə) salsın”. Həmin vaxt insanlar tər içində olacaqlar. Möminə gəlincə, bu ona zökəm kimi gələcək. Kafir olan kəsi isə ölüm bürüyəcək”. Allah Elçisi (salləllahu aleyhi və səlləm) deyəcək: “Ey İsa, sənin yanına qayıdanadək gözlə!” Allahın Peyğəmbəri (salləllahu aleyhi və səlləm) gedib Ərşin altında, heç bir seçilmiş mələyə və ya göndərilmiş peyğəmbərə nəsib olmayan məqamda duracaq. Sonra Uca Allah Cəbrayıla belə vəhy edəcək: “Muhəmmədin yanına get və ona de: “Başını qaldır, istə, istədiyin sənə veriləcək, şəfaət et, şəfaətin qəbul ediləcək”. Mən ümmətimə hər doxsan doqquz insandan birinin (Cəhənnəmdən) çıxmasına şəfaət edəcəyəm. Mən Uca Rəbbimə üz tutaraq dayanmadan, Allaha şəfaət edilə bilən hər məqamdan şəfaət edəcəyəm, nəhayət Uca Allah bunu mənə verərək belə buyuracaq: “Ey Muhəmməd! Ümmətindən bir gün olsa belə ixlasla “lə iləhə illəllah” kəlməsinə şəhadət verən və bunun üzərində ölən kəsləri (Cənnətə) daxil et!” (Əhməd, 1276. əl-Albani “Sahihut-Tərğib vət-Tərhib”də (№ 553) səhih olduğunu bildirmişdir).
Osman ibn Əffan (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: “Kim namazın vacib haqq olduğunu bilərsə, Cənnətə daxil olar”. (Əhməd, 423; əl-Beyhəqi “Şuabul-İman” 2551, “Sunənul-Kubra” 1745. əl-Albani “Sahihut-Tərğib vət-Tərhib”də (№ 382) həsən li-ğeyrihi olduğunu bildirmişdir).
Huzeyfə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Qiyamət günü İbrahim deyəcək: “Ya Rəbb!” Uca Rəbb buyuracaq: “Çağırışını eşitdim və qəbul etdim”. İbrahim deyəcək: “Ya Rəbb, övladlarımı yandırdın!” Allah buyuracaq: “Qəlbində zərrə və ya arpa dənəsi qədər imanı olan hər kəsi Cəhənnəmdən çıxarın!” (İbn Hibban, 7378. Şueyb əl-Arnavut isnadını əl-Buxari və Muslimin şərtlərinə əsasən səhih adlandırmışdır. əl-Albani “Sahihut-Tərğib vət-Tərhib”də (№ 3645) səhih olduğunu bildirmişdir).
Miqdad ibn əl-Əsvəd (Allah ondan razı olsun) belə rəvayət etmişdir: “(Bir dəfə) mən Peyğəmbərə (salləllahu aleyhi və səlləm) dedim: “Ey Allahın Elçisi! Söylə görüm, əgər mən (döyüşdə) kafirlərdən biri ilə üz-üzə gəlib onunla vuruşsam, o, qılıncla vurub mənim bir əlimi kəssə, sonra da canını məndən qurtarmaq üçün ağaca qalxıb: “Allaha təslim oluram!”- desə, bu sözü dedikdən sonra mən onu öldürə bilərəmmi, ey Allahın Elçisi?” Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: “Sən onu öldürməməlisən!” Mən dedim: “Ey Allahın Elçisi! O, mənim bir əlimi kəsmiş və bu sözü ancaq əlimi kəsdikdən sonra demişdir. Belə isə mən onu öldürə bilərəmmi?” Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: “Sən onu öldürməməlisən. Çünki əgər sən onu öldürsən, onun halı, sənin onu öldürməmişdən qabaqkı halın kimi olacaq. Sənin halın isə, onun bu sözü deməmişdən əvvəlki halı kimi olacaq”. (Muslim, 95, 274; əl-Buxari, 4019, 6865).
Sunabihi (Allah ona rəhm etsin) demişdir: “Ubadə ibn Samit ölüm ayağında ikən mən onun yanına gəldim və (onun bu halını görüb) ağlamağa başladım. Dedi: “Sakit ol görüm, niyə ağlayırsan? Vallahi, əgər məni şahid tutsalar, sənin lehinə şahidlik edərəm, işdir, mənə şəfaət etmək hüququ versələr, səndən ötrü şəfaətçi olaram və əgər gücüm yetərsə, sənə yardım edərəm. Vallahi, mən Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) eşitdiyim, (məzmunu) xeyirli olan hər bir hədisi sizə danışmışam. Yalnız bir hədisdən başqa. Bu gün mən artıq ölüm ayağında ikən o hədisi sizə danışacağam. Mən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini eşitmişəm: “Kim Allahdan başqa həqiqi məbudun olmadığına və Muhəmmədin Onun Elçisi olduğuna şahidlik etsə, Allah Cəhənnəm odunu ona haram edər”. (Muslim, 142).
Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) uzun bir hədisdə Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: “O gün (Qiyamət günü) kimin Cabbar olan Allaha həqiqətən inandığını görəcəksiniz. Cənnətə girən möminlər saraylarında məskunlaşdıqdan sonra, müsəlman qardaşlarının bir qismini görmədikdə: “Ya Rəbbi! Onlar bizimlə namaz qılır, oruc tutur, bizimlə birlikdə (hər cür yaxşı) işlər görürdülər”- deyəcəklər. Uca Allah: “Gedin qəlbində dinar ağırlığında iman olanları Cəhənnəmdən çıxarın!”- buyuracaq. Allah bu möminlərin vücudlarını Cəhənnəmə haram edir. Möminlər Cəhənnəmdə yanan qardaşlarının yanına gəlirlər. Baxırlar ki, bunların kimisi topuqlarına qədər, kimisi ayaqlarına qədər Cəhənnəm alovuna batmışlar. Onlardan tanıdıqlarını tutub çıxararaq geri qayıdırlar. Uca Allah buyurur: “Gedin qəlbində yarım dinar ağırlığında iman olanları çıxarın!” Cənnətdəki möminlər gəlib tanıdıqlarını çıxarıb qayıdırlar. Uca Allah yenə buyurur: “Gedin qəlbində zərrə qədər imanı olanları çıxarın!” Onlar da gəlib tanıdıqlarını çıxaracaqlar”. Ravi Əbu Səid əl-Xudri deyir: “Mənə inanmırsanız bu ayəni oxuyun: “Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər (qulun gördüyü iş) yaxşı əməl olarsa, (Allah) bunu artırar”. (ən-Nisa, 40). Peyğəmbərlər, mələklər, möminlər şəfaət edirlər. Bundan sonra Cabbar olan Allah: “İndi növbə Mənim şəfaətimədir”- deyir və Cəhənnəmdən bir ovuc çıxarır. Buradan vücudları tamamilə yanmış insanları çıxarır. Sonra bunlar Cənnətin çölündə bir çaya Salınırlar. Bu çaya “Həyat suyu” deyilir. Onlar selin gətirdiyi yığınlar arasında qalan yabanı reyhan toxumları necə sürətlə bitərsə, elə bitəcəklər. Bu yabanı reyhan otlarını bir qaya ilə ağac arasında görmüsünüz. Bu otun günəşə baxan tərəfi yaşıl, kölgəyə baxan tərəfi isə ağdır. Çaya salınan bu kimsələr çıxarılarkən ağlıq və parlaqlıq baxımından sanki mərcan kimi parıldamaqdadırlar. Onların boyunlarına boyunbağılar taxılır. Beləliklə Cənnətə girirlər. Cənnətliklər bunlar haqqında deyirlər: “Bunlar ər-Rahmən olan Uca Allahın azad etdiyi qullarıdır. Bunların etdikləri bir əməl, göndərdikləri bir xeyir olmadan Allah onları Cənnətə qoymuşdur”. Bunlara: “Gördükləriniz və bir o qədəri sizindir”- deyilir”. (əl-Buxari, 6886, 7439).
“Bunların etdikləri bir əməl, göndərdikləri bir xeyir olmadan Allah onları Cənnətə qoymuşdur” sözü bizim üçün yetərlidir. Əgər namazı tərk edən insan kafir olsaydı, Cəhənnəmdə əbədi qalardı və oradan heç vaxt çıxarılmazdı. Buna bənzər hədislər namazı tərk edənin kafir olmasına, onun təkfir olunmasına və Cəhənnəmdə əbədi qalmasına bir maneədir. Başqa böyük günah işləyənlərin günahlarının bağışlanması üçün umulan məğfirət bunlar üçün də umulur. Bu rəyin sahibləri demişlər: “Çünki küfr - tovhidi, peyğəmbərliyi, Axirəti və Peyğəmbərin (salləllahu aleyhi və səlləm) gətirdiyi şeyləri inkar etməkdir. Namazı tərk edən isə Allahın birliyini qəbul edir, Muhəmmədin Allahın Elçisi (salləllahu aleyhi və səlləm) olduğuna şahidlik edir və Allahın ölüləri dirildəcəyinə inanır. İman təsdiqdir, ziddi isə təkzib və yalan saymaqdır, əməli tərk etmək deyildir. Bu halda təsdiq edən, inanan bir kimsə üçün biz onun inkarçı və yalançı hökmünü necə verə bilərik?” Namaz qılmayanların Cəhənnəmdən çıxmaları, şəfaət hədisi kimi dəlillərlə namazı tərk edənin kafir olacağına dəlalət edən hədisləri cəm edəndə, cuhud küfrü (bildikdən sonra inkar etmək küfrü) deyil, kufranun-niəmə (nankorluq küfrü) kimi başa düşmək olur. Əks təqdirdə bu hədisləri cəm etmək mümkün deyil. Necə ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bu hədislərindəki küfr kəlmələrini, nemətə küfr kimi başa düşmüşük. Həmçinin, oxuyun: Namaz qılmayana kafir adı verilən hədisləri necə başa düşməliyik?