Səhabələr namaz qılmayanın kafir olmasında icma etmişdilərmi?

English

Abdullah ibn Şəqiq əl-Uqeyli (Allah ona rəhm etsin) adlı tabiin belə deyir: “Səhabələr hər hansısa bir əməlin tərkini namaz müstəsna olmaqla küfr saymazdılar”. (ət-Tirmizi 2622, 2831. Şeyx əl-Albani səhih məvquf olduğunu bildirmişdir).

Bu əsər isə bir neçə tərəfdən ziddiyətlidir:

1) Əgər bu icma səhih olsaydı, səhabələrdən sonra gələn alimlərin bu icmadan çıxmasına nə gərək var idi? Həmçinin, bu məsələ icma olsaydı, onlardan sonra gələnlər bu qədər ixtilaf etməzdilər. Səhabələrin icması hüccətdir. Əksinə, səhabələr arasında namazın tərkinin küfr olmasında icma olmayıb.

İmam İbn Munzir (Allah ona rəhm etsin) namazı tərk edənin küfrlə ittiham edilməsi məsələsində deyir: “Mən bu məsələdə heç bir icma tapmadım” (“əl-İcma” 148).

İmam əş-Şovkani (Allah ona rəhm etsin) deyir: “Əgər insan namazın fərz olmasını inkar etmədən namaz qılmağı tənbəllikdən tərk edərsə - necə ki, bu bir çox insanların halıdır – bu barədə ixtilaf vardır” (“Neylul-Əvtar” 1/ 369).

Muhəmməd ibn Abdul-Vahhab (Allah ona rəhm etsin) “Bir nəfər hansı günahdan ötrü təkfir edilir və hansı günahdan ötrü onunla savaşılır” deyə soruşan bir kimsəyə verdiyi cavabında belə demişdir: “İslamın rüknləri beşdir. Bunların ilki olanı şəhadət kəlməsidir. Sonra digər rüknlər gəlir. Bu rüknləri bir kimsə iqrar etdiyi halda tənbəllik səbəbi ilə tərk edərsə, biz onunla o rüknü tərk etdiyindən ötrü savaşsaq da, onu öldürsək də, əsla təkfir etmərik. Fərz olmasını inkar etmədən, tənbəllik səbəbi ilə bir rüknü tərk edənin küfründə alimlər ixtilaf etmişlər. Bütün alimlərin küfründə icma etdikləri şeyi biz də təkfir edərik. O, da şəhadət kəliməsidir” (“əd-Durərus-Səniyyə” 1/ 70).

Bilindiyi kimi İmam Malik (Allah ona rəhm etsin) fərz olamsını inkar etmədən namazı tənbəllikdən tərk edən kimsənin kafir olmaması rəyində olmuşdur. Necə ola bilər ki, Mədinənin dahi şeyxi, görkəmli alim, tabiinləri görən bir kimsə bu məsələdə səhabələrin icması olduğunu bilsin və ona zidd getsin? Bu əsla mümkün deyildir. Hafiz İbn Abdul-Bərr (Allah ona rəhm etsin) namazı tərk etməyin kiçik küfr olduğunu deyən alimlərin sözlərini qeyd edərək deyir: “Kim ki, namazın tərkini bu hədislərin zahirinə əsaslanaraq böyük küfr görürsə, onda - müsəlmanla döyüşəni, oğurluq edəni, içki içəni, özünü atasından başqasına nisbət edəni də böyük küfrdə ittiham etməlidir. Çünki Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) səhih olaraq rəvayət edilir: “Müsəlmanla döyüşmək küfrdür”. Həmçinin, “Atadan imtina etmək küfrdür”, “Məndən sonra bir-birilərinizin boyunlarını vuran kafirlər olmayın” və s. hədislərə alimlər əsaslanaraq bu günah sahibi olan müsəlmanları İslam dairəsindən çıxarmamışlar”. Bunları edən isə fasiqdir. Namazı tərk etmək barəsində olan hədisləri də bu cür başa düşmək doğru olardı” (“ət-Təmhid” 4/ 236).

2) Abdullah ibn Şəqiq (Allah ona rəhm etsin) bu əsəri səhabələrdən rəvayət edib. Bu tabiin çox az səhabə görmüşdür, odur ki, onun gətirdiyi bu kəlmə icmaya dəlalət edə bilməz.

Həmçinin, məşhur Hənbəli alimlərindən olan İbn Qudamə (Allah ona rəhm etsin) namazın tərkinin küfr olub-olmaması məsələsini araşdırarkən bu əsəri orada qeyd etmişdir. Baxmayaraq ki, İmam Əhmədin (Allah ona rəhm etsin) bir rəyinə görə namazı tərk edən kafirdir, lakin İbn Qudamə (Allah ona rəhm etsin) namazın tərkini kiçik küfrə aid etmişdir. Əksinə, elə icmanı namazı tərk edənin kafir olmaması üçün gətirmişdir. O, deyir: “Bu ona görədir ki, namazı tərk edən cəza olaraq öldürülür, lakin İslam dairəsindən çıxarılmır. Buna da müsəlmanların İcması dəlildir”. (“əl-Muğni” 2/444).

3) Bu ləfz ilə gələn rəvayət zəif rəvayətdir. Səhih rəvayət budur ki, Abdullah ibn Şəqiq (Allah ona rəhm etsin) deyir: “Biz belə görərdik”, yəni tabiinlər. Məlumdur ki, bəzi səhabələr namazdan başqa əməllərin də tərkini küfr görərdilər. Bu da onu göstərir ki, Abdullah ibn Şəqiqin (Allah ona rəhm etsin) əsəri zəifdir, çünki əsərdə tək namaz qeyd olunub. Abdullah ibn Şəqiqin (Allah ona rəhm etsin) əsərində deyilən küfr sözünün kiçik küfr olmasına heç bir maneə yoxdur. Yəni, əsərdə gələn küfr sözü İslamdan çıxartmayan küfrdür. Abdullah ibn Şəqiq (Allah ona rəhm etsin) deyəndə ki, “Səhabələr əməllərin içərsində yalnız namazın tərkini küfr sayardılar” - qəsd olunan küfr İslamdan çıxardan küfr deyil və bu yuxarıda qeyd etdiklərimizdən ddə aydındır. Çünki alimlər Peyğəmbərin (sallallahu aleyhi və səlləm) “Müsəlmanı söymək fasiqlik, öldürmək isə küfrdür” bu sözünü kiçik küfrə aid ediblər. Deməli bu əsərdə keçən küfr sözü də İslamdan çıxartmayan küfr olmağa layiqdir. Yəni, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sözü kiçik küfrə aid olunursa, bu niyə olunmasın?

İbn Batta (Allah ona rəhm etsin) deyir: “Namazı tərk edənlə mürtəd kimi rəftar olunmur. Bunda da bütün müsəlmanların icması vardır. Həqiqətən, hansısa bir zamanda namazı tərk edəni qüsl edib, cənazə namazını qılıb və müsəlmanların qəbristanlığında dəfn edilməməsi bizə məlum deyil. Ondan miras alınması qadağan edilsin, belə bir kimsəni zövcəsindən ayırsınlar, baxmayaraq ki, namazı tərk edənlər çox idi. Əgər belə bir kimsə kafir olsaydı, bütün bu sadalananlar onun üzərinə tətbiq edilərdi”. (“əl-Muğni” 2/446). Bu rəvayətlə Şeyx Suleyman ibn Abdullah ibn Muhəmməd ibn Abdul-Vahhab (Allah ona rəhm etsin) da razılaşmışdır. (“Haşiyətul-Muğni” 1/95-96).

İbrahim ibn Sad əz-Zuhri, İbn Şihabdan (tabiin olub) namazı tərk edən bir kimsə barəsində soruşur. O: “Əgər o, namazı başqa bir dini qəbul etməkdən ötrü tərk edirsə, onu öldürmək lazımdır. Əgər başqa bir səbəbə görədirsə, o fasiqdir və fasiqliyinə görə onu cəzalandırmaq və ya həbs etmək lazımdır”. (Xəlləl “əl-Cəmi” 2/546). Bu, namazın tərkinin küfr olması barədə varid olan hədisləri sələflərin böyük küfr kimi başa düşməməsinə dəlildir.

4) Namazı tənbəllikdən qılmamaq Əhli-Sünnə alimləri arasında ixtilaflıdır. Hafiz İbn Rəcəb (Allah ona rəhm etsin) deyir: “Quran və Sünnədə küfr barəsində danışılan məsələlər vardır ki, alimlər bu küfrün böyük yoxsa kiçik olmasında ixtilaf etmişlər. Bura həmçinin namazın tərki barəsində olan hədislər aiddir”. (“Şərh Səhih Muslim” 1/149). Əksər alimlər belə bir kimsənin küfrünün böyük küfr olmadığı rəyindədirlər.

İmam Əhməd (Allah ona rəhm etsin) deyir: “İnsan - İslam dairəsindən böyük şirk etmədikcə və Allahın fərz etdiyini inkar etmədikcə çıxmaz. O ki, qaldı tənbəllik səbəbilə vaciblərdən birini tərk edənə, onun halı Allahdan asılıdır. İstəsə onu bağışlayar, istəsə də cəzalandırar”. (“Tabaqatul-Hənəbilə” 1/ 343).

Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “Əgər bu dörd ərkandan birini tərk edərsə, onun təkfiri haqqında alimlərdə ixtilaf baş verib. Bunlar Əhməd ibn Hənbəldən olan rəylərdir.

“Əgər bu dörd ərkandan birini tərk edərsə, onun təkfiri haqqında alimlərdə ixtilaf baş verib. Bunlar Əhməd ibn Hənbəldən olan rəylərdir:

1. Bu dördündən hər hansı birini tərk edən kafirdir, hətta həcci də. Bu söz İmam Əməddən olan bir rəydir. Əbu Bəkr də bu rəydə olub.

2. Vacibliyinə inanarsa, bu dördündən heç birini tərk edən təkfir olunmur. Bu əksər fəqihlərin məşhur rəyidir. Bunlar Əbu Hənifə, Malik, Şafii və Əhməddən olan rəvayətlərdədir. İbn Batta İmama Əhməddən gələn bu rəyi daha üstün görüb.

3. Yalnız namazı tərk edən təkfir olunur. Bu Əhməddən gələn üçüncü rəvayətdir. Əksər sələflərin, Malikilərdən, Şafiilərdən və Əhmədin əshabından olanlardan bir tayfanın rəyidir.

4. Namaz və Zəkatı tərk edərsə, kafir olur.

5. Əgər namazı və zəkatı tərk edərsə və rəhbər ona görə vuruşarsa, təkfir olunur”. (“Məcmuul-Fətava” 7/ 611).

İmam Əhmədin (Allah ona rəhm etsin) “namazı tərk edənin kafir olmadığı rəyi” ən məşhur olanıdır. İbn Batta, Əbu Yəalə, İbn Həmid, İbn Qudamə (Allah onlara rəhm etsin) və s. (“Məcmuul-Fətava” 7/ 369).

Həmçinin, məşhur Hənbəli məzhəbinin alimi olan İmam əl-Mardavi “İmam Əhmədin (Allah ona rəhm etsin) məzhəbində olan mübahisəli məsələlərə ən doğru rəy” kitabında deyir: “Bizim məzhəbdə ən doğru rəy namazı tərk edənin kafir olmadığı rəyidir”. (“əl-İnsaf” 1/ 402).

Hənbəli alimi olan İbn Həmid “Usulud-Din” kitabında deyir: “Namaz iman üçün şərt deyildir. O, namazın tərkini böyük küfr görməzdi”. (İbn Teymiyyə “Məcmuul-Fətava” 7/ 369).

İbn Qudəmə (Allah ona rəhm etsin) rəvayət edir: “Vəllən evə gəldiyi zaman kəsilmiş qoyun əti görür və deyir: “Bunu kim kəsib?” (Evdəkilər) dedilər: “Sənin qulluqçun”. Mən dedim: “Vallahi, mənim qulluqçum namaz qılmır axı?” Qadınlar dedilər: “Biz ona kəsərkən Allahın adını zikr etməyi söylədik”. Mən bu barədə İbn Məsuddan (Allah ondan razı olsun) soruşdum. O dedi: “Yeyə bilərsən”. (“əl-Muğni” 2/ 442). Hətta biz razılaşsaq ki, səhabələr namazın tərkini küfr görərdilər. Buradan belə bir sual doğur: Hansı namazın tərkini küfr görərdilər? 1) Kim səbəb olmadan bir namazın vaxtını təkr edərsə kafirdir. İbn Bazz (Allah ona rəhm etsin) bu rəydə olub. 2) Bu küfr - ömründə bir dəfə də namaz qılmayana aiddir. 3) Səhabələrin icması başının üzərində qılıncın parlamasını gördüyü halda yenə də inadkarlıq edərək namazı qılmaqdan imtina edən kimsəyə aiddir. İbn Teymiyyə, Şeyx əl-Albani və əksər alimlər (Allah onlara rəhm etsin) bu rəydə olublar. İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: “Əgər bir kimsə buna görə öldürüləcəyini bildiyi halda namaz qılmamağı üstün görərsə, belə bir kimsə batinən bunu vacib görənlərdən sayılmaz. Belə bir kimsə müsəlmanların icmasıyla kafirdir. Necə ki, buna səhabələrdən gələn xəbərlər və səhih hədislər dəlildir”. (“Məcmuul-Fətava” 22/ 48).

5) Abdullah ibn Şəqiq səhih yolla rəvayət edir: “Peyğəmbərin (sallallahu aleyhi və səlləm) səhabələri Quranın satışını və uşaqları öyrətməyə görə pul götürməyi qəti olaraq qadağan edərdilər”. (Səid ibn Mənsur, 2/ 350). Nə üçün digər rəvayət kimi namazın tərkini küfr görən alimlər Quranın satışını və pul qarşılığında öyrətməyi qadağan edərək səhabələrin icmasını gətirmirlər? Əksinə, onlar Quranın ticarətini etməyi belə icazəli görürlər. Ona görə də heç kəs bu məsələdə icma olduğunu söyləməmişdir, əksini isə söyləmişlər. Bəlkə də Abdullah ibn Şəqiq (Allah ona rəhm etsin) bu əsərdə kiçik küfrü, yəni dindən çıxarmayan küfrü qəsd edirdi? Doğrusunu Allah bilir!