Bidət əhlini dəvət etdikdə davranış necə olmalıdır - Birinci hissə

English

Bidət insanı zəlalətə və parçalanmaya aparır. Bidətin çox təhlükəli olduğunu bilmək lazımdır. Bunun səbəbilə bidətin nə olduğunu, onun qisimlərini, ümmətə təhlükəsi və bidətə dəvətin necə olmasını bilmək lazımdır. Bu, birbaşa böyük alimlərin, sünnəni gözəl şəkildə bilənlərin işidir. Bu məsələdə səhlənkar davranmaq olmaz. Elmi olmayanın bidət əhlini dəvət etməsi icazəli deyil. Bidət əhlini dəvət edən insan Əhli Sünnənin üsul qaydalarını və hansı məsələlərdən uzaq durmağı bilməlidir.

Bidət dindən olmayan sonradan ixtira edilərək şəriətə daxil edilmiş və onun vasitəsilə Allaha ibadət edilməsi qəsd edilən bir yoldur. Şər olan bidət yalnız dində olan məsələlərə aiddir. Bidətin şər olması cəhətdən biri-birindən fərqlənən dərəcələri var. Qısa şəkildə bidətin bir neçə forması var:

  1. Etiqad bidəti - Peyğəmbərin (sallallahu aleyhi və səlləm) gətirdiyinin əksinə etiqad etməkdir. Məsələn, xavariclərin müsəlmanlardan günah edənlərin təkfir edilməsi bidəti kimi, Allaha cism verənlərin və müşəbbihənin - Allahı məxluqlara bənzətmək bidəti kimi.
  2. Əməli bidət – fiqhi (zahiri) məsələlərdə olan bidət. Məsələn, Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) qılmadığı bir namazın qılınması kimi.
  3. Sözdə olan bidət – Uca Allahın Kitabı və Onun Elçisinin (sallallahu aleyhi və səlləm) sünnəsində gələn şeylərin dəyişdirilməsi bidəti. Bura bidət əhlinin - rafizi, əşari, mötəzilə və s. Quran və Sünnədə olan sözlərin dəyişdirilməsi kimi sözləri aiddir.  

Bunlar hamısı hədislərdə qeyd olunan “Firqatun-Nəciyə” (Nicat Tapan Firqə), “Taifətul-Mənsura” (Kömək Olunmuş Tayfa) – yəni Əhli Sünnə val-Camaanın etiqadına, mənhəcinə və dedikləri sözlərə müxalifdir.

Allah Elçisi (sallallahu aleyhi və səlləm) bundan sizi çəkindirib: “Kim bizim bu işimizdə ondan olmayan bir şeyi sonradan ona əlavə edərsə, (bu şey) rədd olunar”. (əl-Buxari, 2499, 2697; Muslim, 3242, 4589).

Bəzi alimlər bidəti iki qismə ayırmışlar:

  1. Sözlərdə və etiqadlarda olan bidət;
  2. Feillərdə və ibadətlərdə olan bidət.

Bidətin öz sahibini yönəltmə etibarı ilə də bidət iki qismə bölünür:

  1. Küfr olan, edilməsi ilə küfrə səbəb olub təkfir edilən bidət;
  2. Küfr olmayan, edilməsi ilə küfrə səbəb olmayan və təkfir edilməyən bidət.

Bu məsələdə etdiyi bidətlərə görə müəyyən şəxsə tətbiq edilən hökmlər fərqlənə bilər. Müəyyən bidəti etməsinə baxmayaraq insana bidətçi hökmü verilməyə bilər. Bu da həmin şəxsə hüccətin çatması, şərtlərin olması və manelərin aradan qalxması ilə bağlıdır. Hər bir halda həmin şəxsin halına baxmaq bizə vacibdir.

Bidətin təhlükəsi

Bidət günahlardan daha şiddətlidir. Onun dinə zərəri bir neçə yöndəndir.

1. Bidət qəlbi korlayır;

Bidətin sünnəni sıxışdırması insanların zərərinə olar. Bidətin misalı pis yeməyin bədənə təsiri kimidir. İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “Şəriət və onun əhkamları qəlbin qidasıdır. Qəlblər bidətlə qidalandıqda, həmin qəlblərdə sünnənin fəziləti və ona ehtiram qalmaz. Həmin bidətlər qəlb üçün pis və murdar qidanın mislində olar. Pis qidanın bədənə faydası olmadığı kimi, bidətin də qəlbin qidalanmasına faydası olmaz”. (İqtida əs-Sıratal-Mustəqim, 1/281).

Bidətlər din libası geyindirilmiş əməllərdir. Bidət edənlər bu əməlləri ilə savab qazandıqlarını zənn edirlər. Bunun üzərində insanlar dostluq və düşmənçilik qurur, bidətə görə savab və günahları ayırırlar. Bununla da sünnənin yerinə darlaşdırırlar.

2. Hər bir bidət özünün müqabilində bir sünəni aradan qaldırır. İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “Bu fasiq etiqadlar və pis halların səbəbi şəriətdən və Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) göndərilmiş mənhəcdən kənara çıxmaqdır. Şübhəsiz ki, bidətlər küfrə düşməyin ən böyük yollarındandır. Necə ki Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sünnələri imanın zahir edilməsi və gücləndirilməsidir, çünki iman itaətlərlə artır, asiliklərlə azalır”. (“Məcmuul-Fətava, 10/565). Onun üçün bidətçinin mənhəci Kitab və Sünnəyə qarşı gəlmək və ona etiraz etmək üzərində qurulmuşdur. İbn Teymiyyə (Allah ona rəhm etsin) bunu “Təarud əl-Aql vən-Nəql” (1/149) qeyd etmişdir.

Bidətçi ilə davranış

Əksər hallarda bidətçilər bidətlərini Allaha yaxınlaşmaq üçün çıxaran şəxslərdir. Onlar haqqı axtaran və Allaha yaxınlaşmaq istəyən şəxslərdir. Uca Allah bu haqda buyurur: “Sonra onların ardınca dalbadal el­çilərimizi yolladıq. Sonra Mər­yəm oğlu İsanı gön­dərib ona İncil bəxş etdik. Onun ardınca ge­dənlə­rin qəlblərinə şəf­qət və mərhəmət saldıq. Ra­hibliyi isə on­lar özlərin­dən icad etdilər. Biz bunu onlara vacib buyurmamışdıq. On­lar bu­nu Allahın razılığını qazanmaq üçün etdi­lər, lakin ona la­zı­­mın­ca ria­yət etmədilər. Biz onlar­dan iman gətirənlərin müka­fat­la­rını ver­dik. Onla­rın çoxu isə fasiq­lər­dir” (əl-Hədid, 27). Bu, haqqı istəməkdə bidətçi yolunu azmışdır. Əksər hallarda onlar etdiklərini haqq olaraq görür və bu etiqaddan möhkəm yapışırlar. Ona görə də bidətçi kafir sayılmır. Bidətçi şirk və küfr edənlərdən daha üstün sayılır, lakin bidətin təhlükəsinə baxdıqda, onun İslam ümmətinə vurduğu zərərin kafir və müşriklərin vurduğu zərərdən daha dəhşətli olduğunu görürük. Onlar İslamın içərisindən ümməti batil dəstələrə və firqələrə parçalayırlar. Bu haqda Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) bir çox hədislər rəvayət edilmişdir. Bu hədislərdən:

Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “...Məndən sonra çoxlu ixtilaflar görəcəksiniz. Mən sizə mənim sünnəmə və hidayətdə olan Raşidi xəlifələrin sünnəsinə sarılmağınızı tövsiyə edirəm. Ondan arxa dişlərinizlə möhkəm yapışın. Sonradan uydurulan yeniliklərdən uzaq durun. Həqiqətən də hər bir bidət zəlalətdir”. (İbn Macə, 42. əl-Albani səhih olduğunu bildirmişdir). 

Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Allah hər bir bidət sahibi ilə tövbə arasında pərdə qoyub”. (əl-Beyhəqi “Şuabul-İman” 6846, 9010, 9011. əl-Albani “Silsilətul-Əhədisis-Sahiha”da (1620) səhih olduğunu bildirmişdir).

Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Siz özünüzdən əvvəl­ki­lə­rin yo­lunu tutub qarış-qarış, ərəş-ərəş gedəcəksiniz. Hətta onlar kərtən­kələ yuva­sı­na gir­sələr belə, siz də ora girəcək­siniz” Biz dedik: “Ya Rəsu­lul­lah, yə­hu­diləri və xristianlarımı (qəsd edirsən)?” Dedi: “Başqa kim (ola bilər ki)?!” (əl-Buxari, 3456).

Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “...İsrail övladları yetmiş iki yola ayrılmışdı. Mənim ümmətim yetmiş üç yola ayrlacaq. Bunlardan birindən başqa hamısı Cəhənnəmdə olacaq”. Səhabələr soruşdular: “O hansı millətdir, ey Allahın Elçisi?” Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “Mən və mənim səhabələrimin üzərində olduğu yol”. (ət-Tirmizi, 2641, 2853. əl-Albani həsən olduğunu bildirmişdir).

Bu yetmiş üç firqənin əmələ gəlməsinə səbəb bidətlərdir. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) də onların hamısının Cəhənnəmə düşəcəyini demişdir.

Peyğəmbər (sallallahu aleyhi və səlləm) sünnəsindən uzaq düşüb həddi aşanları gördüyü zaman sərt bir mövqe ortaya qoyar və onlara əzabın olacağı ilə xəbərdar edərdi. Bu da onun mənhəcindən idi.

Cəmiyyətlərin belə bir qaydası var: cəmiyyətin fərdlərinə, onların mallarına, ailələrinə zərər verə biləcək bir şəxs və ya xəstə bir adam olduqda, bu zərərinin onlara toxunmaması üçün həmin adamı təcrid edib kənar tuturlar. Əgər bir insanın cinayətkardırsa, onu təcrid edərək cəmiyyətə zərər vurmamaq üçün həbsxanaya salırlar. Ona görə bidət əhlinin təcrid olunması, ondan salamın kəsilməsi və ondan çəkindirilməsinə etiraz edən səhv edir. Çünki bu da xəstəliyi olan insan qismindədir. Sadəcə bir fərq var ki, həmin xəstə adamın fiziki deyil, mənəvi cəhətdən qəlbinin xəstə olmasıdır. Əgər bir insan xəstəlik daşıyıcısı və ya cinayətkar olduqda, insanların canına zərər vurmamaq üçün onu təcrid edirlərsə, insanların qəlblərini azmaqdan qorumaq daha mühüm məsələ olmalıdır. Bu tədbir İslamın bidət əhlinə qarşı olan tədbiridir. Bidət edən şəxs bu əməldən çəkindirilməli, bu çəkindirmənin xeyri olmasa bu adamın özündən çəkindirilməlidir. Bu təcrid həmin adamın tərbiyə olunması tədbiridir. Bu, bidətçi ilə davranış sayılır. Bunun özü iki yerə bölünür:

  1. Bidətçi ilə belə davranışda məqsəd onun batil yoldan əl çəkməsi, qəlbinin müalicə olunmasıdır.
  2. Onun gətirdiyi bidətin cəmiyyətə yayılmasının qarşısının alınmasıdır.

Xəstə adamların halı bir-birindən fərqli olduğuna görə həkimlər tərəfindən fərqli müalicə təyin olunur. Bidətçinin də diaqnozları və bu diaqnozlara görə müalicəsi müxtəlifdir. Bidətçi ilə davranışın əsas məsələlərindən biri də onun dinə müxalif olmasının dəlillərlə bəyan edilməsidir. İnsan etdiyinin yaxşı bir əməl olmasını zənn etdiyi müddətcə, bu əməli etməyə davam edər. Həmin bidətçiyə dəlil ilə sübut olunmasa, o, bu zəndə olacaq. Necə ki zina etmək üçün Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) izin istəyən bir cavana, zinanın necə çirkin bir əməl olmasını izah etməsi kimi.

Rəvayət edilir ki, Qureyşli bir gənc Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib dedi: “Ey Allahın elçisi izn ver zina edim”. Səhabələr ona yaxınlaşıb sus-sus deyib kənara çəkdilər. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: “Yaxın gəl!” O yaxına gəldikdə Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dedi: “Öz anana rəva edə bilərsənmi?” O dedi: “Allaha and  olsun ki, yox!” O buyurdu: “İnsanlar da öz analarına bunu rəva bilmirlər. Bunu öz qızına rəva bilərsən?” O dedi: “Allaha and olsun ki, yox!” O (salləllahu aleyhi və səlləm) buyurdu: “İnsanlar da bunu öz qızlarına rəva bilməzlər. Bunu öz bacına rəva bilərsən?" O dedi: “Allaha and olsun ki, yox!” O buyurdu: “İnsanlar da bunu öz bacıları üçün rəva bilməzlər. Bunu bibin üçün rəva bilərsən?" O dedi: “Allaha and olsun ki, yox!” “İnsanlar da bunu öz bibiləri üçün rəva bilməzlər. Bunu öz xalan üçün rəva bilərsən?” O dedi: “Allaha and olsun ki, yox!” O buyurdu: “İnsanlar da bunu öz xalaları üçün rəva bilməzlər”. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) əlini onun çiyninə qoyub dedi: “Allahım Onun günahlarını bağışla, qəlbini təmizlə və ismətini qoru. Bu hadisədən sonra o gənc heç vaxt zinaya meyl etmədi”. (Əhməd, 5/256).

Bidətçiyə nəsihət edilməsi, ona şəfqətin göstərilməsilə yanaşı, onun nə qədər böyük azğınlıqda olmasını başa salmaqdır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) və onun səhabələri bu qayda ilə azan insanları tərbiyə etmişlər. Abdullah ibn Abbas (Allah ondan razı olsun) xavariclərlə söhbət etmək üçün onların yanına gedir və onların necə çirkin bir yolda olduqlarını izah edir. Bu da onlara qarşı şəfqətdən, etdiklərinin ümmətə necə böyük bir zərbə vurmaqlarını başa salmaqdan irəli gəlir. Bidətçiyə etdiyi əməlin nə qədər böyük azğınlığa gətirməsini izah etmək önəmlidir. Çünki ola bilər bidət edən insanın yoluna tabe olub daha böyük azğınlıqlar edilsin. Necə ki Peyğəmbər (sallallahu aleyhi və səlləm) qəbirlərə ibadətə aid hədislərdə bunu bildirmişdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) qəbirlərə ibadətin qəbir üzərində ibadətgah tikilməsindən başladığına işarə edərək demişdir: “Allah yəhudilərə və nəsranilərə lənət eləsin! Onlar peyğəmbər­ləri­nin qəbirlərini ibadətgaha çevirmiş­lər”. (əl-Buxari, 417, 435). Peyğəmbər (sallallahu aleyhi və səlləm) əksər hallarda onun yanına gəlib pis bir şey haqda soruşana, o əməlin nə qədər çirkin bir əməl olduğunu izah edərdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) müşriklərə, münafiqlərə, kafirlərə qarşı necə də səbir edirdi. Ona görə də bidətçini də gözəl əxlaqla haqq yola çağırmaq lazımdır. Amma elə bidətlər var ki, onlarla daha sərt şəkildə davranmaq lazımdır.

Bəzi bidət əhlinin ümmətin birliyinə, cəmiyyətə və dinə təhlükəli olan məqamları var ki, belə olanda həmin bidət əhli ilə ciddi şəkildə davranılmalı və ona qarşı sərtlik tətbiq olunmalıdır:

  1. Təkfirə səbəb olan bidətlər edilərsə; Əli ibn Talibin (Alla ondan razı olsun) ona “Allah” deyənləri yandırması kimi.
  2.  Küfrə çatdırmayan bidət, lakin onun təsiri ümmətin birliyinə , əmin-amanlığına və sabitliyinə zərər verəcəksə, belə olan halda onlara qarşı sərtlik tətbiq edilir. Necə ki Əli ibn Əbu Talib xavariclərə qarşı döyüşmüşdür. Əli ibn Əbu Talib (Alla ondan razı olsun) onları təkfir etmədən onlarla vuruşmuşdur.

Ardı var...