Maturudilik və Duyubəndiyyə təriqəti

English

Maturudilik nədir?

Maturudilik Əbu Mənsur Muhəmməd ibn Muhəmməd əl-Maturudinin adı ilə bağlıdır. O, miladi tarixlə 853-cü ildə Səmərqənddə anadan olmuş, 944-cü ildə (hicri 333) isə vəfat etmişdir. Qeyd etmək lazımdır ki, Əbu Mənsur əl-Maturudi sonradan onun adına çıxılan bidətlərin çoxundan uzaq olmuşdur. Bu bidətlər bəziləri aşağıdakılardır: 

1. Maturudilər dini məsələlərdə ağılı əsas götürürlər. Ayə və hədislərdən öz fikirlərinə uyğun olmayanı təvil (yozma) və təhrif edirlər. Halbuki, Allahın kəlamı və Onun Rəsulunun (salləllahu aleyhi və səlləm) sözləri olan yerdə ağıla istinad etmək olmaz. Əhli-Sünnəyə görə dəlillərə tabe olmaq əsas götürülür. Ağıl isə vəhyi başa düşmək üçün bir vasitədir.

2. Onlara görə tövhid yalnız Rububiyyət tövhidindən ibarətdir. Onlara görə “Lə iləhə illəllah” kəlməsi “Lə qadira aləl-ixtira illəllah” – "Allahdan başqa yaratmağa qadir olan yoxdur” mənasını ifadə edir. Umumiyyətlə, Maturudilər Allahın ad və sifətləri məsələsində cəhmiyyələrdən təsirlənmişlər. Onlar Allahın yalnız bu səkkiz sifətini təsdiq edirlər: Həyat, Elm, Qüdrət, İradə, Eşitmək, Görmək, Kəlam və Yaratmaq. 

3. Onlar əməli imandan görmürlər. İmanın yalnız qəlbdə təsdiq etməkdən və dildə söyləməkdən ibarət olduğunu deyirlər. Onlar iman məsələsində murciələrdən təsirlənmişlər.

4. Onlar özünə heç bir rəsul gəlməyən bir adamın ağılı ilə Allahı bilib tanımasını və iman etməsini vacib görürlər. İman etmədikdə isə bu insanın Cəhənnəmlik olmasını etiqad edirlər. Bu fikri maturudilər mötəzilələrdən götürmüşlər. Halbuki, Uca Allah buyurur: "Biz peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik!" (əl-İsra, 15).

5. Onlara görə Uca Allahın səkkiz sifəti var. Çünki, bu sifətlər ağıl ilə dərk edilə bilir. Halbuki, Allahın sifətləri səkkiz sayı ilə məhdudlaşmır. Maturudilər Quran və Sünnədə olan Uca Allahın sifətlərindən bəzilərini təvil, bəzilərini isə təfvid etmişlər. Təfvid - bir şeyin mənasını, həqiqətini bilməyərək Allaha yönəltməkdir. İbn Teymiyyəyə (Allah ona rəhm etsin) görə təfvid təvildən daha təhlükəlidir. Maturudilər Uca Allahın digər sifətlərini isbat edənlərə isə muşəbbihə, yəni Allahı məxluqa oxşadanlar damğasını vururlar.

6. Onlar səhih mərtəbəsində olan "əhəd" xəbəri (Sünnədə bircə yolla rəvayət olunan hədisi) etiqadda hüccət qəbul etmirlər. Halbuki, bu fikir fəlsəfə, kəlam və məntiq elmindən İslama daxil olmuş çox çirkin bir bidətdir.

7. Onlar övliyalar vasitəsilə Allaha yaxınlaşmağı – təvəssülü icazəli görürlər. Bununla da, şirkə yol açan bidət təvəssül etmiş olurlar.

Bundan başqa onların Əhli-Sünnəyə zidd olan bir sıra bidətləri vardır. Fikirlərinə görə məturudilər əşarilərdən çox az fərqlənirlər.

Maturudilər Allahın adları və sifətləri məsələsində cəhmiyyədən təsirlənmişlər. İman məsələsində isə onlar murciədirlər.

Duyubəndiyyə təriqəti

Duyubəndiyyələr Hindistanda yerləşən Dar əl-Ulum universitetinə nisbət olunan bir tayfadır. Bu universitet Duyubənd adlı yerdə yerləşir. Oradan elm almış kəslər özlərini Duyubəndi adlandırırlar. Dar əl-Ulum dərin fəlsəfi köklərə malik olan bir universitetdir.

Dar əl-Ulum universiteti 1857-ci ildə Hindistanda olan alimlər tərəfindən təsis edilmişdir. Bu universitet məzunlarının ən məşhurları bunlardır: Muhəmməd Qasim, Rəşid Əhməd Kənkuhi, Huseyn Əhməd əl-Mədəni, Muhəmməd Ənvərşah əl-Kəşmiri, Əbul-Həsən Mədəni, Həbibur-Rahmən əl-Əzami və başqaları. 

Duyubəndiyyə etiqadı və üsulları

Etiqad məsələlərində onlar Əbul-Mənsur əl-Maturudinin etiqadı üzərindədirlər. Fiqh məsələsində isə özlərini Əbu Hənifə məzhəbinə nisbət edirlər. Onlar təriqətcə bir-birindən çox fərqlənirlər. Onlar naqşibəndiyyə, cəştiyyə, qadiriyyə, səhrudiyyə və digər sufi təriqətlərini özləri üçün yol olaraq seçmişlər. Onların Duyubənd universitetinin aşağıdakı bir neçə qaydaları var:

  1. İslam təlimlərinin və onun şüarlarının qorunması;
  2. İslamın yayılmasına xidmət etmək və onun parçalanmasına çalışan qüvvələrə qarşı çıxmaq;
  3. İslam mədəniyyətinin yayılması və ingilis işğalçılarına qarşı müharibə etmək;
  4. Ərəb dilini öyrənmək və buna böyük əhəmiyyət vermək;
  5. Ağıl ilə qəlbi, elmlə ruhaniliyi bir yerdə cəm etmək.

(əl-Movsuəl-Muyəssəra fil-Ədyən vəl-Məzəhib, 1/308).

Qeyd etmək lazımdır ki, bu qaydalar onların öz təriqətlərini qorumaq üçün istifadə edilirdi. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) demişdir: "Mənim ümmətim yetmiş üç firqəyə bölünəcək. Onlardan yetmiş ikisi cəhənnəmdə, biri isə cənnətdədir". Səhabələr: "Onlar kimdir?" - deyə soruşduqda, o: "Onlar mənim və mənim səhabələrimin yoluna tabe olanlardır". (Əhməd, 4/102; Əbu Davud, 2/503; ət-Tirmizi, 3/367; İbn Məcə, 2/479).

Hansısa bir adamın özünü "xilas olmuş firqə"yə nisbət etməsi, onun xilas olması və Əhli Sünnədən sayılması üçün yetərli deyildir. 

Etiqadlarına görə onlar özlərini Maturudilərə nisbət edirlər. Maturudilərin həm haqq sözləri, həm də batil sözləri var. Maturudiyyə kimi firqələrin haqqa yaxın olması, sünnəyə yaxın olması ilə bilinir. Onlardan bəziləri böyük məsələlərdə sünnəyə müxalif olmuşlar. Həmçinin, onlar özlərindən daha azğın firqəni rədd etdiklərinə görə tərifəlayiq olsalar da, onlarda olan batil fikirlər mövcud olaraq qalır. Məsələ bəzi fikirlərin haqq üzərində, digərinin batil üzərində olmasında deyil. Məsələ bütün fikirlərin haqqın üzərində olmasındadır.