Sufilik
Sufiliyin başlanğıcı hicrətin üçüncü əsrinə təsadüf edir. Bəzi fərdlər təklikdə zahidliyi şişirdərək camaatdan ayrılıb çoxlu ibadət edən şəxslər idi. Sonradan isə bu əməllər avam camaat arasında yayılmağa başladı. Sufiliyi aşağıdakı kimi izah edirlər:
Suffə əhlinə nisbət etmək;
Səfa – qəlbin təmizliyi kimi;
əs-Suf – yundan paltar geyinməsinə görə - onlar etiqad edirdilər ki, yun paltar geyinməsi Allaha yaxınlıq əlamətidir, çünki yun paltar geyindikdə insana əziyyət verir. Bu da "özünə əziyyət Allaha yaxınlaşdırır" fikrindən irəli gəlir.
Halbuki Peyğəmbər - sallallahu aleyhi və səlləm - paltarın hansı növünün daha fəzilətli olmasını qeyd etməmişdir. İmkan nəyə çatırsa, o da geyinilməlidir.
Rəvayət edilir ki, Ənəs ibn Malik (Allah ondan razı olsun) demişdir: “(Bir dəfə) üç nəfər Peyğəmbərin - sallallahu aleyhi və səlləm - evinə gəlib onun əhli-əyalından Peyğəmbərin - sallallahu aleyhi və səlləm - ibadəti barəsində soruşdu. Bu haqda onlara xəbər verildikdə, onlar (etdikləri ibadətin) az olduğunu güman edib belə dedilər: “Yəni, biz Peyğəmbər - sallallahu aleyhi və səlləm - kimi ola bilərikmi? Üstəlik Allah onun bütün keçmiş və gələcək xətalarını bağışlamışdır”. Onlardan birisi dedi: “Mən bütün gecələri ibadət edəcəyəm, yatmayacağam.” O birisi dedi: “Mən il boyu oruc tutacağam, (gündüzlər) yemək yeməyəcəyəm.” Üçüncüsü dedi: “Mən qadınlara yaxın durmayacağam, heç vaxt evlənməyəcəyəm.” Peyğəmbər - sallallahu aleyhi və səlləm - (bunu eşidəndən sonra) onların yanına gəlib dedi: “Filan, filan sözləri sizmi demisiniz?! Vallahi ki, aranızda Allahdan ən çox qorxanınız mənəm. Bununla belə mən bəzən oruc tutur, bəzən də tutmuram, gecənin bir vaxtını namaz qılır, digərində isə dincəlirəm və nəhayət, mən qadınlarla evlənirəm. Belə olduğu halda mənim yolumdan çıxan kimsələr məndən deyildirlər” (əl-Buxari, 5063).
Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərə - sallallahu aleyhi və səlləm - yundan bir geyim verdim. O tərlədikdə, yunun iyi çıxdı. Peyğəmbər - sallallahu aleyhi və səlləm - də onu çıxardı. (Əbu Davud, Əhməd). Bu hədis yun paltarın vasitəsilə Allaha yaxınlaşmaq fikrinə rəddir.
Bəzi alimlər demişlər: “Sufiyyə - yəni hikmət, hikmətli olmaq deməkdir. Bu da yunan kəlməsidir”.
Bəziləri də demişlər: “Yəhudilərdə hikmətli olmaq deməkdir”.
Bəziləri isə belə demişlər: “Nəsranilərin ortodoks qolu cavanlarını səfiyyə adlandırırlar”.
Hər bir sufi təriqətinin özünə xas bidəti var. Sufilərin bir çox qolları mövcuddur; qadiriyyə, bəyəniyyə, şərriliyyə, uluviyyə, bərhəniyyə, nurbəxşiyyə, ədrusiyyə, əlməhiyə, idrisiyyə, səlimiyyə, azmiyyə, naqşibandiyyə, ticaniyyə və s.
Onların özləri üçün müqəddəs saydıqları məşhur şəxslər var. Onlardan; Abdul-Qadir Ceylani, Əhməd Rifai, Cuneyd əl-Bağdadi, Əbul-Həsən əş-Şəzili, Cəlaləddin ər-Rumi, Şəms Təbrizi, Muhyiddin əl-Arabi və s.
Hər bir sufi dəstəsi onu quranın adı ilə adlanır. Hər dəstənin öz cəmiyyəti olur. Sonra isə bu miras kimi onun oğluna, oğlundan onun oğluna və beləcə nəsilbənəsil silsilə şəklində keçir. Bu sufi nəslindən olan başçı fasiq bir kimsə də ola bilər. Onun babası bu cəmiyyəti qurduğu üçün onu bu cəmiyyətin başçısı edirlər. Sufilər həmin şəxs vasitəsilə də təbərruk edirlər. Bu yolların çox olmasını sufilərə görə heç bir zərəri yoxdur. Hər bir tayfa yeni bidət etmək həvəsindədir.
Peyğəmbər - sallallahu aleyhi və səlləm - isə bunun əksini demişdir:
“Mən sizə mənim sünnəmə və hidayətdə olan Raşidi xəlifələrin sünnəsinə sarılmağınızı tövsiyə edirəm. Ondan arxa dişlərinizlə möhkəm yapışın. Sonradan uydurulan yeniliklərdən uzaq durun, çünki sonradan uydurulan hər bir şey bir bidət, hər bir bidət isə zəlalətdir”. (Əbu Davud, 4607; ət-Tirmizi 2676, 2891. əl-Albani səhih olduğunu bildirmişdir).
“Kim bizim bu işimizdə (dinimizdə) ondan olmayan bir yenilik edərsə o, rədd olunar”. (əl-Buxari 2499, 2697; Muslim, 1718).
Bu və bir çox digər hədislər yaxşı bidətin olmamasına dəlildir.
Sufiliyin dərəcələri
1. Təhrif olunmuş, İslamdan çıxartmayan və küfr dərəcəsində olmayan bəzi bidətlər,
2. Zındıqlıq və küfrü cəm edən İslamdan çıxaran etiqadlar.
İkinci növ bidətləri bəzən adi insanlardan gizlədərlər. Batiniyyə təriqəti kimi. Onlar etiqad edirlər ki, bu etiqad yalnız özlərindən olan bəzi insanlara çatdırıla bilər.
Küfrə salan sufiliyin bir neçə növü var:
-
Vahdətul-Vucud – Yaradanla yaradılmış arasında bir fərq görməzlər. Allah yaradılmışlarda, yaradılmışlar da Allahdadır. (Bu etiqaddan Allaha sığınırıq);
-
Allah Muhəmməd Peyğəmbərin - sallallahu aleyhi və səlləm - özü idi. (Bu etiqaddan Allaha sığınırıq);
-
Allah Öz övliyalardan istədiyinin bədəninə keçər və həmin övliya Allah olar. (Bu etiqaddan Allaha sığınırıq) və s.
Sufilərin bidətləri bir neçə cürdür
Etqadi bidət - Övliyalar bu aləmi idarə edir, ruzini insanlar arasında paylaşdıran da onlardır. İbadətdə onlara yönəlmək ən üstün ibadətdir. Kim onlara yaxın olar, qəbirlərini təvaf edər, səcdə edər və ya onlara nəzir deyərsə, Allah yanında onlara şəfaətçi olar.
Qəlbi bidət - Ölən sufi şeyxindən qorxmaq, onun qarşısında xuşulu olmaq, ona ümid bəsləmək və s. qəlb əməllərini sufi şeyxinə yönəlməsidir.
Sözlə olan bidət – onlara dua, onların etdikləri bidət zikrlər, onların qəbirlərindən yardım diləmək, onları çağırmaq kimi.
Bədənlə olan bidət – Rağaib bidəti, təriqət başçısının papağı, paltarı önündə diz çökmək, pirlərə getmək və ya mövlud keçirmək kimi.
Mal ilə olan bidət – təriqət başçısı və ya ölən bir sufi şeyxi üçün nəzir vermək kimi.
Sufi başçıları özlərinə salavat deməyi uydurmuşlar. Bunun haqda öz kitablarında geniş şəkildə yazmış və bunun fəzilətli olduğunu qeyd etmişlər.
Həmçinin əcaib səslər çıxaraq zikrlər uydurmuşlar. Bunu sürətli şəkildə edərək özlərini Allaha yaxınlaşmış sayırlar. 21 dəfə sağa tərəf dönərək sürətlə zikr edərlər. Yəni, belə zikrlərin İslamda dəlili və əsası yoxdur və uydurma zikrlərdən sayılır.
Həmçinin rəqs edərək zikr uydurmuşlar.
Səs çıxarmadan rəqs edənlərə misal; naqşidəndiyyə, xofiyyə və s.
Səs çıxararaq zikr edənlərə misal; ticaniyyə və s.
Bu da sözsüz ki, şeytanın bəzədiyi zəlalətlərdir.
Sufilərin Sünnəyə olan mövqeyi.
Bu da iki qismə bölünür.
1. Sünnədən olan bütün dəlilləri qəbul edib oxumaq, lakin onları öz istəklərinə uyğun olaraq təvil etmək üzərində olan sufilər;
Birinci növ sufilər iki qismə ayrılırlar:
-
Dəlil olmadığı halda bidətlərə müxtəlif şəkillər vermişlər. Buna zikrlər, əlavə namazlar, dəstəmazda olan bidətlər və s. aiddir.
-
Hədisləri oxuyub istəklərinə uyğun təvil edənlər. Məsələn, əl-Buxari (Allah ona rəhm etsin) də olan hədisə başqa bir məna verdikləri kimi:
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - sallallahu aleyhi və səlləm - demişdir: “Allah buyurur: “Kim Mənim dostumla düşmənçilik edərsə, Mən ona müharibə elan edərəm. Qulumun Mənə sevimli olan və onun vasitəsilə Mənə yaxınlaşdığı ən gözəl əməl ona vacib buyurduğum əməllərdir. Qulum nafilə ibadətləri yerinə yetirməklə Mənə o qədər yaxınlaşar ki, Mən onu sevərəm. Onu sevdiyim təqdirdə onun eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram. Məndən diləsə, ona dilədiyini verərəm, sığınacaq istəsə, ona sığınacaq verərəm...”. (əl-Buxari, 6021, 6502).
Bu hədisi öz batil istəklərinə uyğun şəkildə yozaraq “vahdətul-vucud” etiqadını irəli sürmüşlər. Yəni, hər bir şeydə Allah var, Allah hər bir şeydədir. Bu da açıq-aydın küfürdür. Allah bizi bu etiqaddan qorusun!
2. Elmin yolunu daha da qısa edən və “kəşf yolu” deyərək hədis kitablarına yönəlməyən sufilər. Onlar hədis kitablarından elm almazlar. Ən azğınları da məhz ikinci növ sufilər sayılır.
Əhli Sünnənin etiqadına isə görə şəriət yalnız Kitab və Sünnəyə əsaslanır.
Sufilik
Sufilərin bidətləri bir neçə cürdür
Sufilərin Sünnəyə olan mövqeyi.