Bidətçilərin qeybətini etmək icazəlidirmi? - Əbu Butayn

English

Bidət əhlinin qeybətini etməyin icazəli olub-olmaması barəsində Şeyx Abdullah Əbu Buteynə (Allah ona rəhm etsin) sual verirlər.

Sual: “əl-Beyhəqinin rəvayət etdiyi “Bidət əhlinin qeybətini etmək icazəlidir”- hədisi bidət əhlinin qeybətini etməyin tamamilə icazəli olmasını bildirirmi? Hansı növ bidət müsəlmanın qeybətini icazəli edir? Həmçinin, “abrını itirmişin qeybəti qadağan deyil” hədisi nə məna verir?”

Əbu Butayn (Allah ona rəhm etsin) belə cavab verir: “Həsəndən rəvayət edilən “Bidət əhlinin qeybətini etmək icazəlidir”- hədisinə gəldikdə, bu məlumatın mənası səhihdir. Belə ki, alimlər bidət əhlinin qeybətini tamamilə icazəli sayır və bura hər bir bidət əhlini aid edirlər, lakin bəzi alimlər deyirlər ki, bu icazə yalnız bidətə dəvət edənlərə aiddir.

Şeyx Təkiyuddin İbn Teymiyyə (Allah ona rəhm etsin) qeybət haqda sözlərinin sonunda buyurur:

“Amma, bəyənilməyən sözlərdən Allah və Onun Elçisinin icazə verdikləri qadağan deyil. Buraya, ədaləti bərqərar etmək üçün deyilən bəyənilməyən sözlər və ya dəyən zərərə görə tələb olunan qisas, ya da ki, bunda dinə və müsəlmanlara fayda olduqda deyilən sözlər daxildir. Birinci hala gəldikdə, bunun məsəli zülmə məruz qalanın “filankəs məni vurub”, “filankəs mənim malmı əlimdən alıb” və ya “filankəs mənim haqqıma girib”- deməsi kimi şikayəti və ya iddiasıdır”.

Həmçinin, İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur:

“Həmçinin buna elm əhlinin hər hansı bir insanın din ilə əlaqəli - əqidəyə və ya fiqhə aid müəyyən səhvinin araşdırılması da aiddir. Beləliklə, əgər bir insan səhvi ədalət və elmlə araşdırar, qəsdi də nəsihət olarsa, Allah onu buna görə mükafatlandıracaq. Xüsusən də əgər qarşı tərəfdə olan insan bidətini yayandırsa, belə olan halda bu məsələni insanlara aydınlaşdırmaq vacib olur. Belə ki, belə bidətçilərin zərərinin qarşısının alınması, oğru və quldurların zərərinin qarşısını almaqdan daha mühümdür”.

Beləliklə, İbn Teymiyyənin (Allah ona rəhm etsin) sözləri istisnasız bütün bidətçilərin qeybətinin icazəli olmasını göstərir. Əvvəl qeyd edilən nəsihət şərti olduqda müstəhəb, bidətinə dəvət edən bidətçilərə münasibətdə isə vacib olur.

İmam ən-Nəvəvi (Allah ona rəhm etsin) “Riyadus-Salihin”də alimlərdən nəql edərək altı halda qeybətin icazəli (halal) olmasını qeyd edir:

“Bunlardan biri - əgər bir tələbə bidətçinin və ya günah əhlinin yanına gedir və ondan dini elm alırsa, bunun onun zərərinə olduğunu görürsənsə, bu halda niyyətin nəsihət etmək olması şərtilə həmin insanların halını ona izah etmək lazımdır”. “Beşinci hal - əgər kimsə açıq şəkildə pozgunluq və ya bidət edrsə...”. (Riyadus-Salihin, 1532-ci hədisin şərhi).

İmam ən-Nəvəvi (Allah ona rəhm etsin) dəlil olaraq bir neçə hədis gətirir. Onların içində isə Aişədən rəvayət edilən hədisdir. Belə ki, bir dəfə bir adam Peyğəmbərin – sallallahu aleyhi və səlləm - yanına daxil olmaq üçün izin istədi. Peyğəmbər – sallallahu aleyhi və səlləm - isə dedi: “Baxmayaraq ki, qövmünün pis oğludur, qoy gəlsin!” (əl-Buxari, 6054). İmam ən-Nəvəvi (Allah ona rəhm etsin) deyir: “əl-Buxari şübhə və şər yayanların qeybətinin icazəli olmasına bu hədisi dəlil sayırdı”. Hafiz İbn Həcər (Allah ona rəhm etsin) bu hədisi şərh edərkən demişdir: “Hər hansı bir şəxsin mənfi xüsusiyyəti haqda bilən və kiminsə onun xarici görününüşünə aldanıb təhlükəyə düşməsindən qorxan hər bir şəxsə, (aldanmaq təhlükəsində olan insana) qarşı səmimi davranması niyyətilə (mənfi xüsusiyyətli) insanın bu zərərli xüsusiyyətləri haqda deməsi vacibdir”.

Həmçinin, İmam Əhməd (Allah ona rəhm etsin) öz zahidliyinə baxmayaraq bidətçiləri adbaad sadalayaraq onlardan çəkindirərdi. Onların arasında bidəti ilə məşhur olmayanlar da olurdu. Məsələn, o Hərisə əl-Muhasibi haqda demişdiir: “Sizdən heç kim onun mülayim və müti olmasına aldanmasın! Həqiqətən o, pis insandır. Bu haqda onu sınayan şəxslərdən başqa heç kim bilmir”. İmam Əhmədin bidətçilər və onlardan çəkindirməsi haqda olan sözləri çoxdur.

“Abrını itirmişin qeybəti qadağan deyil”- hədisinə gəldikdə isə, burada günah olan əməlləri aşkar şəkildə edənlər nəzərdə tutulur. Ona görə əvvəldə İmam ən-Nəvəvinin alimlərdən nəql etdiyi kimi bu şəxs haqda aşkarda etdikləri barəsində danışmaq icazəlidir”.

İmam Abdullah Əbu Butayn – öz vaxtında Nəcd torpağının muftisi (hicri 1194-1282/ miladi 1780-1865).

Allah ona rəhm etsin.

(əd-Durarus-Səniyyə fil-Əcuibə ən-Nəcdiyyə” 7/557-559)